Bahalı kitab evləri və Qaçan oxucu

Kitablar — mənim ən yaxın və ən dəyərli dostlarım, amma kimisinə görə də lazımsız bir yığın kağız parçalarıdır. Dostlarıma qarşı biganəlikdən hər zaman şikayətçi olmuşam. Axı kitab elmin tək açarıdır, biz yalnız onların vasitəsi ilə elmə, təhsilə yiyələnirik. Bu səbəbdən onu oxumaq sadəcə bir həvəs deyil, vərdiş olmalıdır.

Bəs bizdə vərdiş bir kənara,  kitab oxumağa niyə həvəsimiz də yoxdur? Yoxsa kitablara qarşı bizdə fobiya formalaşıb? Kitab oxumağa vaxt tapa bilmirik və ya almağa pul? Bəlkə də kitabxanalarımız yoxdur. Səbəblər müxtəlifdir, ancaq onları aradan qaldırmaq üçün çarə tapmaq gərəklidir.

Əldə etdiyim məlumatlara görə Avropa ölkələrində hər 20 min insana, Ukraynada isə hər 30 min insana 1 kitab evi düşür. Bizdə isə bu göstərici həddindən artıq aşağıdır: 900 min nəfərə bir kitab evi.



Bu göstəricilər müəyyən qədər reallığı gözlər önünə qoyur. Xüsusən qeyd etmək lazımdır ki, bizdə olan kitab evlərinin çoxu məhz paytaxtda yerləşir. Rayonlarda isə demək olar ki, kitab evləri yoxdur. Şəxsən mən rayonda yaşayıram və hansısa kitabı almaq üçün məhz Bakıya səfərimi gözləmək məcburiyyətində oluram. Və təbii ki, mənim kimi bir çox insanlar.

Kitab qiymətlərinin baha olması da səbəblər sırasındadır. Bir az ad-san qazanmış kitab evlərimiz qiymətləri bahalaşdırdığından oxumaq istəyənlər üçün də maneə yaradır. Keçən il bir kitab evimizdə Rəşad Nuri Güntəkinin romanını almaq istədim, qiyməti soruşunca elə götürdüyüm rəfə də geri  qaytardım. Əl atdığım ikinci kitab da birincinin taleyini yaşadı.

Reklamlar...


Mənim kimi, gözü rəflərdə qalanlar üçün yaxşı bir mağaza reklamı edə bilərəm. Bəlkə də kitab sevərlər oranı çox gözəl tanıyır. İçərişəhərdə, Qız qalasının yanında yerləşən köhnə kitab mağazası. Qeyd edim ki, çox maraqlı, çox dəyərli kitablar oradan tapa bilərsiniz. Özü də çox ucuz qiymətlərə. Əmin olun ki, heç olmaya bir dəfə getsəniz, peşman olmayacaqsız.

Reklamlar bitdi, indi keçək kitab fobiyamıza. Bəli, bizdə kitab oxumaq qorxusu var. Necə ki, uşaqkən xortdanlardan qorxurduq, böyüyəndə də kitablardan qorxuruq. Hətta  bu qorxusu olmayanlara çox qəribə baxış tərzimiz yaranıb. Yeni ailə qurmuşam. Bilirsiz də, bu zaman cehiz məsələsi gündəmdə olur. 3 qutu kitab oğlan evində çox maraq doğurmuşdu.

«Başını az xarab elə, gözünü tökmə»


Əlavə olaraq bizdə kitab oxuyan görən kimi ilk sözümüz «başını az xarab elə, gözünü tökmə» olur.  Sanki kitab oxuyan hər kəs kor olacaq düşüncəsi beynimizə yeridilib. Əgər biz norma ilə düzgün şəkildə oxuyuruqsa, bu kimi fəsadlar doğurması mümkün deyil. Məgər kitab oxumayan insanların gözləri çoxmu sağlamdır?!

Düşünürəm ki, bu gün bizlər kitab oxumaqdan qaçırıqsa, bunun əsas günahkarları valideynlərimizdir. Çünki kitab oxumaq vərdişi ilk olaraq ailədə qazanılır. Deyə bilərikmi, neçəmizin ata-anası bizimlə birlikdə əlinə bir kitab alıb oxuyub? Və ya evlərimizdə heç olmaya həftədə 1-2 dəfə kitab saatı elan edilibmi? Geyimlərimizə, gəzməklərimizə ayırdığımız puldan heç kitab üçün xərcləyirikmi? Əlbəttə, bunu edənlər var, amma əminəm ki, çox az. Bəli, bu qeyd etdiyim sualları əslində təsdiq cümləsinə çevirsək, yəqin ki, heç uduzmarıq. Çünki məhz bu problemin çözümü elə öz əlimizdədir.

Dahi Nizami deyirdi ki,

Bilik öyrənməyi ar bilən hər kəs
Dünyada mərifət qazana bilməz.

İndi biz də həsəd apardığımız inkişafı, tərəqqini qazanmaq istəyir və uzun müddət qorumağı düşünürüksə, bunun tək yolu elmdən, yəni kitablardan keçir. O olmadan gördüyümüz inkişaf sadəcə gözlərimizi qamaşdıran toz parıltılarıdır.

Həmçinin bax: Kitab əvəzinə Facebook

24 şərh

Türkəl
Kitabların qiymətinin yüksək olmasının günahını kimdə görürsünüz?
Medikamentoz
Dövlətin bununla bağlı proqramı var və ondan faydalanmaq olar.
_BUMERANQ_
Əslində oxumağı istəyən üçün heç bir maneə yoxdu, yəni kitabxanaya getmək, ya da hər hansı bir tanışdan kitab alıb oxumaq bu qədərmi çətindi?
 Kitab evləri ilə bağlı məqamla mən də razıyam (qiymətlər baxımından), amma münasib qiymətlərə olan kitab satılan yerlər də var.
Qısacası istəyənə əldə etmək üçün yol çoxdu, istəməyənə də bəhanə çox.

«Başını az xarab elə, gözünü tökmə»- artıq bu ifadəni işlədənlərin sayı elə də çox deyil, məncə.

Belə bir fikir var :"Yeni kitab qazanılmış yeni dostdur, həmin kitabı nə vaxtsa təkrar oxuduqda biz öz dostumuzu yad etmiş oluruq."

P.S: Neçə belə gözəl dostlara...

Türkəl
Bilirsiniz ki kitabxanalar indi ürəkaçan vəziyətdə deyil. Tanışlardan kitab almağa gəlincə, bəyəm həmin tanışlar kitabı küçədən tapır? Onlar da hardansa almalıdırlar da. Həm də müəllifdən çox müəllif, janrdan çox janr var. Adam oxumaq istədiyi kitabları niyə tanışlarının zövqünə uyğun seçməlidir?
_BUMERANQ_
Düzü əvvəllər, vəziyyət daha pis idi, amma nə yalan deyim (elə öz bölgəmizdən götürürəm) bizim kitabxanamızda vəziyyət əvvəlkinə nisbətən indi daha yaxşıdı. İnkişaf var. 
Yaxşı, siz almayın, tanışlarda olmasın, kitabxanaları bəyənməyək, pul verib almağa qıymayaq, bəs onda necə oxuyaq?
Ən azından əlimizdə olnlardan istifadə etməliyik, ya yox. Biz mükəmməliyi gözləsək, gərək elə oturduğumuz yerdə sayaq. Onu özümüz yaratmağa çalışmalıyıq.
Sizi məcbur edən yoxdu ki, məhz tanışların zövqündə olan kitabları oxuyasınız. Sadəcə, bu da kitab əldə etmək üçün başqa bir vasitədir.
 
BaRLeLiTa
Rayon yerində bir tək kitabxana olunca ,onunla kifayətlənməy məcburiyyətində qalırıq.Orda isə istədiyin hər bir kitabı tapa bilməzsən,köhnə yazıçıların çoxsunun kitablarını oxuculara təqdim etmirlər,kitablar bərbad vəziyyətdə olduğuna görə,elə kitabxanın içidə ürək açan deyil,binanın üstüylə içi heç də uyğunlaşmır.Kitab mağazaların da dərsliklərdən,testlərdən,məktəbə lazım olan ləvazimatlardan başqa da bir şey tapa bilməzsən, istədiyin kitabı tapmaq  qeyri mümkünləşib.Düzü dəfələrlə sifariş vermişəm,ya çox bahalı olur,bir tək kitab gətirmək sərf etmir,ya heç tapılmırmış bunun kimi nə qədər bəhanələr  gətirilir,amma kitab gətirlmir ki gətirilmir.
Medikamentoz
İnternetdən oxuyun.Böyüdüləcək heç nə yoxdur.
Türkəl
Sizinlə razılaşmıram. Azı iki səbəbə görə:
Birincisi, kompüterdən kitab oxumaq gözlərə ziyandır və çox adama narahatdır.
İkincisi də internetdə kitab tapmaq imkanları da məhduddur. Rus və ingilis dillərində xarici ədəbiyyatı internetden yükləmək böyük problem olmasa da həmin kitabları azərbaycan dilində, və ya elə yerli müəlliflərin kitablarını tapmaq qəliz məsələdir.
Bunlardan əlavə, oxucunun kitabların fiziki formada olmasına üstünlük verməsinin başqa səbəbləri də ola bilər.
Medikamentoz
Kitab oxumaq istəyirsənsə özünəməxsus yolu tap,bəhanəni deyil.
Türkəl
Yoldaş Medikamentoz, mən bəhanə etmirəm. kitab oxuyuram, çünki mərkəzdə yaşayıram və kifayət qədər təminatlıyam, ona görə də kitab əldə etmək mənim üçün asandır. Əgər başqalarının bununla bağlı problemləri varsa və bunu müzakirəyə qoyublarsa, «bəhanə etmə» deyərək onları qınamaq lazım deyil. kitablar doğrudan da bahadır və hətta nəşriyyatçıların özləri də bunu etiraf edirlər.
Medikamentoz
Mən marağında olduğum hər şeyə çatmışam və belə hesab edirəm ki,marağındasansa çatmaq olar.Gerisi quru söhbətdir.
Türkəl
Bu sənin subyektiv fikrindir və hörmətə layiqdir.
Lakin, mövzudan kənara çıxırsan. Müəllif kitab oxumağa tənbəllik etsəydi, və ya oxumamaq üçün hansısa bəhanə gətirsəydi bu məsələyə heç toxunmazdı! O, ortaya suallar qoyur və həllər axtarır. Burda söhbət məqsədlərə çatmaqdan getmir. Başa düşürsən, əgər əyalətlərdə kifayət qədər kitab evi yoxdursa, və ya kitabın qiyməti bahadırsa bu problemi müzakirə edirlər, «kimsə bütün maraqlarına çatır, bizdə onun kimi çataq, kitabı baha qiymətə alaq» demək olduqca mənasız olar. Bu quru söhbət deyil, problemi üzə çıxartmaqdır.
Uğurlar!
Medikamentoz
Bu müzakirə nəyisə dəyişəcəyini inanırsınızsa Sizə uğurlar,alternativ variant istəyirsinizsə əvvəlcə oxucu kütləsi fəal olmalıdır.Oxucu tələb edərsə oxuma obyektləri də Ona doğru gələcəkdir.Şəhərin mərkəzində obyektlərin çoxluğu heç də göstəriş üçün aktiv deyil.Bu istənilən yer üçün də qəbulolunan haldır.
Shabnam_Ilham
Kitabdan qaçan oxucular ya kitabın baha olmasına görə qaçır, ya da həvəs yoxdu. Bundan əlavə bir şey də var ki, fikir verirəm bəzi insanlar kitaba heç pul vermək istəmirlər. Bir az xəsisliklərinə salırlar. Kimdənsə soruşanda ki, niyə kitab oxumursan? Ya vaxtın olmamasının ya da kitabların baha olmasını səbəb kimi göstərir. Amma hər hansı toya getmək üçün, başqalarından fərqlənmək üçün paltar (hətta bahalı paltar) almağa pulları tapılır nədənsə? Mənim şikayətim kitabın pulu ilə yox, kitab satılan mağazalarının çox olmamasındandır. Həm azdı həm də uzaqdı. Düzü Bakıda qalıram, amma yenə də kitab almaq üçün şəhərin mərkəzinə getməli oluram. O da yalnız boş vaxtım olanda gedə bilirəm. 
Bir də maraqlısı budu ki, dərs kitablarına pul verəndə valideynlər heç bir söz demir, əksinə əlavə bir kitab alanda başlıyırlar ki, o boyda pulu gör nəyə verib, onun yerinə başqa bir şey almaq olardı və s. 
Ən zəhləm gedən ifadə isə- Tutaq ki, məktəbi, uniersiteti bitirən və yeni işə düzəlmiş birinə sual verəndə ki, niyə kitab oxumursuz? Dərhal cavab verirlər ki, indi kitab oxuyan yaşımdı? Daha 11 il məktəbdə bir də universitetdə oxudum bəsdi dəə… Maraqlıdı kitab oxumağın da yaşı var??? :/
P.S. Maraqlı yazı üçün təşəkkürlər :) 
Shah_Shahriyar
Herkese salamlar. Evvelce deyim ki, menim ucun kitab almaq o qeder de problem deyil. Istediyim bezi kitablari azerbaycan dilinde tapa bilmesem de oxumaga bir sey tapiram. Gelek sizin movzuya, oxumaq istediyim kitabin qiymeti ne olursa olsun men onu elde edirem. Hemin deqiqe olmasa da sonra hemin kitabi tapa bilirem. p.s. onsuzda Bakida kitablar baresinde «kimse alar mene qalmaz» meselesi problem deyil. Bir nece ay o, kitab vitrinde oz sahibini gozleyir.
Bundan elave kim ne deyir oz dushuncesidi. Bezileri elde kitab gorende «Professor» deyir bezileri «axirda sen alim olacaqsan» deyir. Esas odur ki, fikirin kitab oxumaq olsun ondan sonra hec bir problem olmur. Onsuzda kitabdan aldigin zovq sene bes edecek.
Yazi ucun teshekkurler. Geceniz xeyire.      
Medikamentoz
Qısa və gözəl.Təbriklər Şəhriyar.
girl_moon

Mən işimi asanlaşdırmışam, çox vaxt pul ilə almıram)) çünki hər dəfə pulla almaq imkanım olmur, tanışlarımdan ,bir-iki kitab oxuyan qonşularımdan maraqlanıram, gec də olsa kimdənsə tapıb oxuyuram, hərdən kitabxanada da əsəbləşirəm, elə hallar olur ki, deyirlər kitab əldədi, kitaba vaxt qoyulmasına baxmayaraq ,3-4 ay gözləyirsən ki, kitab gəlib çıxsın. Valideynləri günahlandırmaqla isə tam razı deyiləm, məndə kitaba həvəsi uşaqlıqdan atam yaradıb, amma qardaşım üçün də çox çalışdı, onun marağı yox idi.Yeri gəlmişkən ata evindən köçəndə mənim kitablarım hardasa 6-7qutu idi, hamsına da qırmızı lent bağlamışdılar)) Məndə olan kitab  oxumaq həvəsi övladlarımda olmasa da, məcburam hansısa bir əsəri onlarla bərabər oxuyum ,ya da maraqlı olsun deyə birlikdə iki səhifə mən oxuyuram, iki səhifə onlar. Çətin də olsa hər kitabdan bir az nəsə öyrənməkləri məni çox sevindirir.Hiss edirəm ki, yavaş-yavaş hər şey yoluna düşür, artıq həvəsləri də artır.

Təşəkkürlər.

Medikamentoz
Axırı ki,peymanlıda bir başıpapaqlı tapıldı.
Medikamentoz
Kaşki,kitab oxumaq pis bir vərdiş halında olaydı və yoluxucu olaydı.
Nobody
Yaziya gore tesekkurler cox maraqlidi ve teessufki heqiqetdi.Indi ele bir dovrdu ki insanlar kitab oxumaqla lovgalanirlar .Belke bezilerine qeribe gelecek bu sozum ama dogurdan beledi.Bir kitab oxuyan ozunu alim hesab edir ve her defe yerli yersiz kitab oxudugunu ortaliga salir.Ama eslinde kitab oxumaq bizim ucun gundelik yemek yemek ve su icmek kimi adi bir sey cevrilmelidi ve hami da bunu etmelidir.
Philolog_
Çox çox bəyəndim bu yazını.Haqlısız bütün fikirlərinizdə.Kitab oxumamağın bir səbəbi də elə kitabların qiymətidir.Bir az reyting qazanmış kitabların qiyməti 8-12 manat civarında dəyişir.Kitabxanalar desən,nə kitab tapmazsan,nə də insana göstəriləcək xoş üz.Dostlardan alıb oxumaq isə mənə görə xoş deyil.Ən azından insanın şəxsi kitabxanasının olması çox yaxşı şeydir.Məsələ onda deyil ki,filan kitabı oxumuşam deyəsən,məsələ ordadır ki,hər dəfə bir yaş daha artdıqca açıb o kitabı oxuyub,daha fərqli şeylər kəşf edəsən.
Bu arada,mən də İçəri şəhərdəki kitab evinə tez-tez müraciət edirəm.Allah o kitab evinin sahibi olan,«r»hərfini deyə bilməyən,gülərüz,həyat dolu yaşlı əmiyə can saglığı versin! 
2ral
Həmin əminin adı Elman Mustafayevdir.
Philolog_
Məlumata görə çox sağ olun
Diamonds
Belə bir fikir var :"Yeni kitab qazanılmış yeni dostdur, həmin kitabı nə vaxtsa təkrar oxuduqda biz öz dostumuzu yad etmiş oluruq."


Bunu çox bəyəndim=)

Mən Bakıdakı kitabxanalardan birinə üzvəm və çalışıram tez-te kitab alım.Bu aralar kitab oxuya bilməsəmdə kitab oxumağı çox sevirəm.Çox sağ olun.