Çovdarlıqda uçurumdan qoruyan | Selincer

Bu gün haqqında yazacağım roman, böyük ümid və gözləntilərlə oxumağa başladığım Cerom Devid Selincerin yeganə romanı "Çovdarlıqda uçurumdan qoruyan" əsəridi. Əsərdən çox maraqlı olmasını gözləməmin əsas səbəbi onun haqqında oxuduğum fikirlər və bir neçə fakt olmuşdu. İndi o faktları qeyd edim, sonra görün mənə haqq verəcəksiniz, ya yox.

 Amerikalı yazıçı Cerom Devid Selincer bu romanı 1951-ci ildə qələmə almış və roman üzərində 9 il işləmişdir. Roman yazıçıya dünya şöhrəti qazandıraraq qısa müddətdə 60 mln. nüsxə ilə satılmışdır.
Roman nəşr edildiyi gündən əksər amerikan gənclərinin sevimli kitabına çevrilmişdir. Əsərin təsirindən intihar edən gənclər belə olub.
Roman vulqar ifadələrinə və bir çox səbələrə görə bir müddət qadağan edilmişdir.
Ən maraqlısı isə odur ki, ABŞ prezidenti Ronald Reyqana sui-qəsd etmiş Con Hinklin sui-qəsddən əvvəl bu romanı oxumuşdur. 
Con Lennonun qatili Mark Çepmenin də üzərindən Devid Selincerin bu romanı tapılmışdır. 

Yuxarıdakı fikirlərdən sonra bu romanı qısa müddətdə əldə edib oxumağa başladım. Əsər dilimizə Tehran Vəliyev tərəfindən tərcümə edilmişdir və əminliklə onu deyə bilərəm ki, «Qanun» nəşriyyatının bu günə qədərki ən yaxşı tərcüməsidi, mənə görə. Ən əsası ona görə ki, romanın tərcüməsi zamanı bədiiliyə diqqət edilib və hərfi tərcümələr yox dərəcəsindədi. Təkcə kitabın üz qabığını bəyənmədim, ona görə də topikdəki şəkili özüm milliləşdirmişəm.

Romanın baş qəhrəmanı 16 yaşlı yeniyetmə Holden Koperfilddir. Müəllif bu obraz vasitəsilə öz dövrünün çatışmamazlıqlarını dilə gətirir və müasir dövrün ümumi qayda və əxlaq normalarını qəbul etmir.

Hər şeydən narazı, demək olar ki, heç nəyi bəyənməyən, sadəcə səmimiliyi və gözəlliyi sevən Holden. İlk baxışda avara təsiri bağışlayır bu obraz, amma onun fikirləri ilə tanış olduqca əslində onun bu avara obrazının altında gizləndiyini görürsən.  Holden bütün mənfilərini bilir, amma düzəltmək istəmir: «Yaman yalançıyam. Ömrümdə mənim kimisinə rast gəlməzsiniz. Təhərsiz yalançı. Məsələn, qəzet köşkünə qəzet-zad almağa gedəndə soruşsalar ki, hara gedirsən, bir də gördün, qayıtdım ki, operaya.»

Əsər boyu məni ən çox maraqlandıran əsas məsələ romanın adı ilə məzmunu arasındakı əlaqə idi. Səbirsizlikə gözlədiyim məna əlaqəsi nəhayət əsərin sonlarında üzə çıxır. O da Holdenin sevimli bacısı Fibinin ona «Axı sən nə olmaq istəyirsən?» sualını verdikdə məlum olur:

Bütün körpə uşaqlar axşamçağı yığışıb intəhasız bir çovdar çölündə qaçdı-tutdu oynayardılar. milyon-milyon körpə uşaq, ətrafda bircə nəfər də, yəni böyükləri deyirəm, yoxdur, tək mənəm. Mən də uca, sərt qayanın lap qırağında dayanmışam. Və mənim işim, bu tayanın kənarındakı uçuruma yaxınlaşan uşaqları tutmaqdır. Axı onlar qaçdı-tutdu oynayanda gözləri ayaqlarının altını görmür, hara qaçdıqlarını veclərinə də almırlar. Ona görə də uçuruma yaxınlaşanları o dəqiqə qaçıb tutaram ki, ora düşməsinlər. Bütün günü ancaq işim bu olur: çovdar düzündə uşaqları yıxılmaqdan qorumaq!
Bilirəm bu da bir cür sarsaqlıqdır, ancaq ürəyimə yatan yeganə bir peşə varsa, o da budur.

Əsər boyu Holden oxucunu güldürür və düşündürür. (evdəkilər mənə dəli kimi baxmağa başlamışdılar hətta)
"Çovdarlıqda uçurumdan qoruyan" haqqında son olaraq onu deyim ki, axıcı roman idi, amma gözlədiyim qədər möhtəşəm deyildi. İntihar etmək istəmədim, məsələn :)
Sadəcə bir yeniyetmə oğlanın həyata özünəməxsus baxışı, vəssalam. Əsərin sonuna qədər nəsə gözlədim, amma elə gözləməklə də qaldım. Amma yenə də peşman deyiləm.

Romandan seçdiklərim:
– Həyat, həqiqətən də, bir oyundur, oğul. Elə bir oyundur ki, gərək, onun qaydalarına tabe olasan.
– Bəli, ser. Mən də bilirəm. Bilirəm ki, belədir.   Söz tapıblar da. Oyundur. Yox bir… Yenə güclü olan tərəfə düşsən,  bir təhri var, onda, doğrudan da, deyərsən ki, oyundur, mən razı. Bəlkə, o biri, zəif tərəfə düşdün, bəs onda necə olsun? Onda it də getdi, ip də.

Mənə  ən çox təsir edən kitab o kitabdır ki, onu oxuyub qurtarandan sonra  ürəyində  deyəsən  ki, kaş  bunu  yazan  mənim  çox yaxın dostum olaydı, kefim istəyəndə telefonu götürüb ona zəng vura biləydim.

HoldenGədə elə bir adam idi, şayət dənizdə boğulsaydı və sən də bir qayıq götürüb onu sudan çıxarmaq istəsəydin, yenə də yanındakı qayıqçının kim olduğunu soruşub bilməmiş o qayığa qalxmazdı.

Hətta bir dəfə az qalmışdı qısametrajlı filmə də çəkiləm, amma son anda razılıq vermədim. Fikirləşdim ki, əgər mənim qədər kinoya nifrət eləyən bir adam da kinoya çəkilməyə razılıq verərsə, dünyada bundan eybəcər ikiüzlülük olmaz.

Elə şeylər var ki, onlar necə var, elə qalsa, yaxşıdır. Onları da iri bir şüşə vitrinə qoyub birdəfəlik olduğu kimi saxlasaydılar, çox yaxşı olardı. Özüm də bilirəm, bu mümkün olan iş deyil, amma elə bədbəxtçilik də bundadı.

Ancaq hələ də ümidvaram ki, mən öləndə, ağıllı bir adam tapılacaq və mənim cəsədimi götürüb, çaya-zada tullayacaq. Hara  olur-olsun,  yalnız bu andıra  qalmış  qəbiristanlıqdan başqa. Yoxsa,  sənin qarnının üstünə gül-çiçək qoymaq üçün hər bazar tökülüb bura gələcəklər. Cəfəng-cəfəng şeylər danışacaqlar. Öləndən sonra gül-çiçək kimin nəyinə lazımdır? Heç  kimin.

– Alli ölüb, sən elə həmişə belə eləyirsən! Əgər biri ölübsə və onun ruhu indi orada, göylərdədirsə, onu necə sevmək olar?
– Mən də bilirəm ki, ölüb. Elə bilirsən bilmirəm? Nə olsun, mən yenə onu sevirəm! Demək, biri ölübsə, daha onu sevmək lazım deyil, hə? Axı, lənət şeytana, əgər bu ölən sən tanıyan sağlardan min qat yaxşı olubsa, onda necə,  hə?

Belə bir qayda qoyacaqdım: mənim evimdə heç kəs saxta, qəlp işlə məşğul ola bilməz. Kim ki azacıq da olsa riyakarlıq, saxtakarlıq eləməyə başladı, ona dərhal qapını göstərəcəkdim.

Məndən sizə məsləhət, heç kimdən heç kimə heç nə danışmayın.Yoxsa, sonra siz də mənim kimi o, adamlar üçün darıxacaqsınız.



Hazırladı: Axundova Təhminə

4 şərh

ayxansevda
men bunu universitet illərində oxumuşdum çox bəyənmişdim indi eyni təəssüratı yaratdı bu əsər haqda bir başqasının fikri dili də oxunaqlıdıır bezdirmir
Shabnam_Ilham
Romanın tərcüməsi mənə də ləzzət elədi. Holdenin fikirləri elə gözəl tərcümə və təsvir edilmişdi ki, heç bezmirdin oxuyanda. Oğlanın səmimiliyi isə başqa aləmdi. Bəyəndim romanı. Amma məncə bu topikdə romanın adının niyə belə adlanmasının səbəb olduğu hissə yazılmasaydı daha maraqlı olardı :) 
_BUMERANQ_
Axır ki oxudun :)

Düz deyirsən, bir az «xəbərçilik» etmiş kimi olur hələ romanı oxumayanlara.
Shabnam_Ilham
Sənlə bərabər alsaq da təzəlikcə oxuyub bitirə bildim. O vaxt oxuduqdan sonra bu topiki yazdığını demişdin amma oxumamışdım. Bitirəndən sonra birdən yadıma düşdü və oxudum demək olar əsər haqqında eyni düşüncələrdəyik :)