Yeni əsər kəşf etməli

Mənə elə gəlir ki, əksər kayzençilər eyni zamanda da möhtəşəm kitab qurdlarıdı. Olmama ehtimalı çox azdı, çünki kitabların içində üzməyi sevməyən, hər kitabı bitirdiyində səbəbsiz xoşbəxtlik yaşamayan, oxuduğu əsərə görə bəzən günlərcə susqun ola bilməyən kayzençi məncə az ola. Əlbəttə Kayzendə hər gün kiçik topiklərlə yeni məlumat qazanırıqsa, yeni kitabla yeni bir dünya kəşf etmiş oluruq.

Amma sizdə də yəqin eyni hal olur, insan hamının bildiyi, hamının oxumuş olduğu, haqqında yüzlərcə insanın fikir söylədiyi əsərlərdənsə təsadüfən ya kitab mağazasında gəzinərkən, ya internetdə tapdığı kitabları daha çox sevir. Yalnız sənə məxsusmuş kimi, şablonlardan uzaqlaşmış kimi hiss edir insan özünü. Əlbəttə klassikləri, dünyaca məşhur əsərləri oxumaq vacibdi, fəqət eyni kitablara bağlı qalmaq da doğru deyil məncə. Sırf o məşhur kitablara hədsiz önəm verildiyindən kitab mağazası rəflərində kəşf edilməyən yüzlərlə kitab var.

Əminəm ki, hər birinizin oxumuş olduğu elə bir əsər var. Bəlkə bir-birimizlə paylaşaq həmin əsərləri?  Mən oxuduğum, lakin çox da tanınmayan və sizlərin də oxumanızı istədiyim bəzi kitabları yazmaq niyyətindəyəm və ümidvaram ki, siz də şərhlərdə mənə öz oxuma tövsiyələrinizi verəcəksiniz (əsas da bir-iki user var onlar).

1. Nikos Kazancakis — Zorba.

Həyat eşqi aşılayan bir kitab. Oxuduqdan sonra insanın psixikasında dərin iz buraxmağı bacarır və dəyişmək arzusuyla alışıb yanırsan. Gündəlik həyatda nə qədər mənasız şeylərə vaxt xərclədiyini, əsl həyatın bu olmadığını əminliklə görürsən. Azərbaycanca tərcümə edilməyib deyəsən bu kitab, türkcə tərcüməsi çox gözəl idi.

2. İvan Qonçarov — Adi əhvalat

Həqiqətən də çox möhtəşəm ad seçimidi, tam mətnə uyğun. Amma səbəbini bilmirəm (bəlkə də yeniyetməlik çağımda oxumuşdum deyə) bu əsər məni olduqca təsiri altına aldı.

3. Viktor Hüqo — Edam məhkumunun son günü

Nə Səfillər, Nə Paris Notr-Dam kilsəsi nə də digərləri. Təkcə bu kiçik əsəri oxumaqla Hüqonu sevmək mümkündür. Hətta oxuduqdan sonra mənə nədənsə elə gəldi ki, bu əsər Kamyunun «Yad»ına da təsirsiz ötüşməyib.
 4. Fyodor Dostoyevski — Bəyaz gecələr Qısa ama kitabı yerə qoyduqdan sonra nə hiss keçirəcəyimi bilmədiyim, dəqqiqələrcə hadisə haqda düşünüb doğru qərar verməyə çalışdığım əsər idi.

5. Və sizə ümümən Per Lagerkvistin və Henrix Böllün əsərlərinə dalmağı məsləhət görərdim.

4 şərh

pascal
Qalib olmağı ağlına qoyan və ciddi cəhdlə çalışan istifadəçi. :)
Əla. Təqdir olunacaq çalışmalara, fəallığa, maraq və məna daşıyan məqalələrə həmişə yüksək qiymət vermişəm. Bu da onlar sırasındadır. +
Belə də davam edin. 

Mən də kitab xəstələrindənəm. Elə kitab olub ki, onu oxuyanın dilindən maraqsız olduğun eşitmişəm, amma yenə oxumuşam. Çünki bir kitabın maraqlı, diqqət çəkiciliyi, bestseller olması mənimçün önəm daşımıyıb. Çalışmışam ki, kitabı oxuduqdan sonra bu qərara özüm gəlim. Elman Ağaoğlunun belə bir sözü var:
Kitab maraqsız olsa da onu diqqətlə oxu, xeyir görərsən — maraqsız kitab səndə maraqlı fikirlərin oyanmasına səbəb olar.

Eləcə də kitabsevər insanların məsləhətilə də oxuduğum kitablar olub. 
Gülnar
Mən + verdim bu topikə. Sadə və orijinal. Kitab oxuyub fikirləri paylaşmaq təklifi bir dəfə də olmuşdu saytda. Belə yazıların olmasını dəstəkləyirəm. Bəlkə mən də yazdım:)
name
Hərdən az, hərdən çox hər gün ağlımı kitabla böyütməyə çalışıram, amma OOK (oxumalı olduğum kitablar) sıyahısı heç vaxt azalmır, ele hey artır. Həyatımın 3 dəqiqəsini alan bu sevimli və orijinal topik də yenə siyahını dartıb uzatdı.:) Oxuduğum bestseller və klassiklərdən olmayan kitablar hər nə qədər yaddaş depolarıma yaxşı bir şeylər qarışdırmış olsalar belə, tövsiyyə edəcək qədər sevdiyim biri yoxdur hələ ki.:)
_BUMERANQ_
Yalnız sənə məxsusmuş kimi hiss edirsən...- mən də belə düşünürəm. :)

Heminqueyin «Qoca və dənizi»i kiçik həcmli olsa da özündə o qədər böyük ümid, mübarizə əzmi daşıyır ki, heç bir irihəcmli romanda Qocadakı əzmi görməmişdim. "İnsan övladı məğlubiyyət üçün yaranmayıb. İnsanı məhv etmək olar, lakin məğlub etmək olmaz."

«Mən necə idiot oldum?» - Martin Pajın  böyük kütləni axmaq hesab edən və yaşamağın yeganə yolunu axmaq olmaqda görən qəhrəmanı Antunın fikirləri də çox maraqlı gəlmişdi. Əsəri oxuduqca özümdə də bir Antuan görürdüm hərdən. «Axmaqlığın kökləri şeylərin özündə deyil, onlara münasibətdədir.»

Bir də əsəri doğru zamanda oxumağın, əhvalın təsiri böyükdü. Yayda oxuduğum «Bəlkə də bu həqiqiətdi...» (Mark Levi) çox xoş təsir eləmişdi, məsələn. Və bitirəndən sonra dedim ki, bu əsər tam da qızlar üçündü. İki-üç rəfiqəmə də məsləhət görmüşdüm onlar da bəyənmişdilər. (demək ki yanılmamışam) Əsər daha çox romantik olsa da, psixoloji məqamlar da çox gözəl qeyd olunmuşdu. «Super marketdən çıxarkən hər hansı bir dilənçiyə pul vermək o qədər də önəmli bir şey deyil. Bu o vaxt önəmlidir ki, sən özündə az olan şeyi və səmimi qəlbdən verirsən.»

Və  son zamanlar bu seminarla tanıdığım möhtəşəm insanın- Ahmet Şerif İzgörenin iki kitabı. Kitab deyə bilmirəm əslində, bu müəlliflə üz-üzə söhbətdən də o tərəfədi. «Avcunuzdakı kelebek»"Şu hortumlu dünyada fil yalnız bir hayvandır". Bütün şəxsi inkişaf kitablarını kölgədə qoydu.