Uşaqlar haqqında

Qucağında uşaq tutmuş bir qadın söylədi:
“Uşaqlardan danış bizə”.
Əl-Mustafa dedi:
“Sizin uşaqlar – sizin uşaqlarınız deyil. Onlar Həyatın özünün özünə qarşı həsrətinin oğul və qızlarıdırlar. Onlar sizin vasitənizlə gəlirlər, lakin sizdən gəlmirlər. Sizinlə olmaqlarına baxmayaraq, sizə məxsus deyillər.

Siz onlara öz məhəbbətinizi verə bilərsiniz, amma öz fikirlərinizi yox. Zira, onların öz fikirləri var. Siz onların bədənlərinə sığınacaq verə bilərsiniz, amma ruhlarına yox. Zira, onların ruhları sabahkı gündə sığınacaq tapmışdır, siz ora heç xəyalınızda belə gedə bilməzsiniz.

Siz onlar kimi olmağa can ata bilərsiniz, lakin onları özünüzə oxşatmağa çalışmamalısınız. Axı, həyat geriyə axmır və dünəndə ləngimir.



Siz bir yaysınız ki, uşaqlarınız canlı oxlar təki sizdən irəliyə atılmışlar.
Nişançı sonsuzluq yolunda nişanını görür və O sizi Öz qüdrəti ilə elə gərir ki, oxlar sürətlə və uzağa uça bilsinlər.

Qoy, sizin, Nişançı əlinə tabeliyiniz xoşbəxtlik gətirsin. Zira, O uçan oxu sevdiyi kimi, tərpənməz yayı da sevir”.



Xəlil Cübran «Peyğəmbər» əsəri 

0 şərh