Uşaqlarla kitabxanaya getmək üçün 5 mühüm səbəb

Dünya miqyasında pediatrlar valideynlərə uşaqları üçün kitab oxumağın üstünlüklərini vurğulayırlar. Uşağı ilə birlikdə kitab oxumaqla daha çox vaxt keçirən valideynlər övladları ilə müsbət münasibət formalaşdırır, uşaqların sosial-emosional inkişafına şərait yaratmış olurlar.

Kitab oxumaq hər yerdə mümkündür lakin, bunun üçün yaradılmış xüsusi mühit və şərait daha məhsuldar şəkildə kitab arxasında vaxt keçirməyə səbəb olacaqdır. Kitabxanalar və oxu zalları həm valideyn, həm də uşaqlar üçün tam uyğun bir məkandır. Kitabxanalara ara-sıra baş çəkmək nəinki uşaq hətta bütün ailədə xoş ənənələrin yaranmasına səbəb olacaqdır. Bunun üçün hətta ailə xüsusi bir gün və saatlar da təyin edə bilər- “kitabxana günü”, “qiraət saatı” və s.

Kitabxanaya getmək üçün kiçik olan uşaqlar valideynlər arasında paylaşdırıla bilər – kiçiklər digər valideyn ilə parka, gəzintiyə, bazarlığa gedə bilərlər. Beləcə kiçiklərin mane olmaması üçün böyük uşaq valideynlərindən biri ilə kitabxanaya baş çəkə bilər. Bu maraqlı prosesə nənə-babaları, bibi-xalaları, dayı və əmiləri də cəlb etmək olar. Hətta etibarlı və uşaqlı qonşular ilə həftə növbəsi təşkil edərək uşaqlar hər həftə müxtəlif ailənin valideyni ilə asudələrini kitabxanada keçirə bilərlər.

Uşaqların kitabxanalarda vaxt keçirməsinin faydaları:

Kitablara hörmətin formalaşdırılması
Kitabxanalarda kitablara göstərilən qulluq və qayğı əyani nümunədir. Səliqəli kitablar, nizamlı rəflər uşaqlara vizual təəssürat yaradaracaq və kitablara sevgi oyadacaqdır. Kitabxanaçıların nümunəsində kitaba hörmət formalaşacaqdır.

Ailənin büdcəsinə qənaət
Respublikamızda mövcud olan çoxsaylı kitabxanalar Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində ildən-ilə yenilənməkdədir. Müasir kitabxanalar baxımlılığı ilə nəzəri cəlb edir. Ən yeni və ən son nəşrləri kitabxanalarda tapmaq mümkündür. Bu ailəyə külli miqdarda vəsaiti qənaət etməyə imkan verir, yeni və müxtəlif kitabları oxumaq üçün əlavə xərcə ehtiyac qalmır. Bundan əlavə olaraq, valideyn və uşaqlar ödənişsiz olaraq kitablara baxa, oxuya və özlərinə uyğun olanı seçə bilərlər. Ən sevimli kitabları isə sonralar dükanlardan əldə edib ev kitabxanası yarada bilərlər. Qeyd etmək gərəkdir ki, respublikada fəaliyyət göstərən kitabxanalar bir neçə dildə kitab bazasına malikdir.

Oxumağa alışqanlıq
Oxu zallarından istifadə fikrin yayınmadan bir neçə saat mütaliəyə həsr etməyə imkan verir. Amerika Pediatrlar Asossiasiyasının araşdırmaları göstərir ki, dünyada uşaqların böyük əksəriyyəti 2 saat icazə verilən “ekran vaxtını” qat-qat aşırlar. “Ekran vaxtına” televizor, planşet, kompüter, telefonla keçirilən vaxt aiddir. “Ekran vaxtını” kitabxana saatları ilə sıxışdırmaq üçün mütaliə tam uyğun bir alternativdir. Kitabxana evdən piyada məsafədə olması üstəlik təmiz havada gəzintiyə və uşaqla xoş söhbətə səbəb ola bilər. Bu həmçinin telefondan fəal şəkildə istifadə edən valideyn üçün də “telefonsuz” maraqlı bir fasilədir.

İntizama alışqanlıq
Kitabxanadan 10-15 gün müddətində verilən kitabı vaxtı-vaxtında oxuyub bitirmək və geri qaytarmaq uşaqlarda nizam-intizamı formalaşdırmağa şəraitdir. Həmçinin uşaqlar vaxt məhdudiyyətini asanlıla qavrayacaq və vaxtın idarəedilməsi haqda ibtidai bacarıq əldə edəcəklər.

Məsuliyyətə alışqanlıq
Kitabın qaytarılma tarixini yadda saxlamağı uşağa tapşırmaq lakin valideyn tərəfindən özündə qeyd etmək uşaqda məsuliyyət hissini oyadacaqdır. Uşaqlara kitabların vəziyyətini və səliqəsini həvalə etmək, kitabxanaya götürüldüyü halda qaytarmağı anlatmaq məsuliyyət hissinin aşılanmasına səbəbdir.
 

  Çoxsaylı kitabxanaların ünvanlarını və evinizə ən yaxın olan kitabxana tapmaq üçün ətraflı burada: Kitabxanalar 

vib.az 

0 şərh