Gənc xəfiyyələrin sevimli qəhrəmanı Şerlok Holms

Londonun Beyker-strit küçəsindəki evlərdən birinin qapısına xatirə lövhəsi vurulmuşdur. Lövhə buradan keçən bütün insanlara xəbər verir ki, 1881-ci ildən 1903-cü ilə kimi məşhur xəfiyyə Şerlok Holms burada yaşamışdır.

Əslində isə belə bir adam olmamışdır. Şerlok Holms ədəbi qəhrəmandır, surətdir. Bütün dünyada böyüklər və uşaqlar onun macəraları haqqında kitabları təkcə ona görə sevmirlər ki, Şerlok Holms fədakar, cəsur və ədalətlidir. Holmsun ən başlıca üstünlüyü – ağlının itiliyidir.

Onun ağlı ən düyünlü məsələləri və cinayətləri belə açmağa qadirdir. O, çox diqqətlidir. Hər bir əşya öz sahibi haqqında çox şey danışa bilər. Şerlok Holms düzgün mühakimələr yürütməklə dolaşıq işləri açır. O, həqiqətən istedadlı tədqiqatçıdır. Holms elmdən – kimya, psixologiya və təbabətdən silah kimi istifadə edir. Müvəffəqiyyətli axtarış üçün ona çoxlu bilik lazımdır. Odur ki, o, cürbəcür təcrübələr aparır.

Məşhur xəfiyyə Holmsun özünün də əziz və adi vərdişləri vardır. O, musiqini və ədəbiyyatı sevir, skripkada çalır. Onda o qədər cəlbedici insani keyfiyyətlər var ki, bəzi oxucular onun həqiqətən də həyatda yaşamış olduğuna inanırlar.

Şerlok Holmsu dünyaya da tanıdan görkəmli ingilis yazıçısı Artur Konan-Doyldur. Konan-Doyl, həkimliyə təzə başlayanda xəstə gözləyən zaman bekarçılıqdan darıxmamaq üçün xəfiyyə haqqında hekayələr yazmağa başlayır. Məşhur xəfiyyənin prototipi onun müəllimi, Edinburq Universitetinin professoru Cozef Bell olur. Konan-Doyal onun assistenti idi. Konan- Doyl hər gün müəllimini müşahidə edir və Şerlok Holmsun obrazını onun xüsusiyyətlərindən bəhrələnərək yaradır.

O, 40 illik yaradıcılıq dövründə məşhur xəfiyyə haqqında olan dörd roman və çoxsaylı hekayələrdən başqa fantastik və tarixi romanlar yazsa da, ona dünya şöhrətini məhz Şerlok Holms gətirmişdir. Konan-Doyl özü də elə bir az Şerlok Holms idi. Təsadüfi deyildir ki, xüsusi diqqətcilliyə və gözəl təxəyyülə malik olan yazıçıya London polisi, Misir və Çin hökumətləri müraciət edib kömək istəyir, bir sıra cinayətləri açmağı ondan xahiş edirdilər. Yazıçı, Londonun küçələrindən keçəndə, yoldan ötənlər şlyapasını çıxarıb deyirdi: “Salam, mister Şerlok Holms”...

On illər keçir, lakin oxucular indiyədək Konan-Doylun hekayələrinin qəhrəmanından çətin sirləri açmağı, cəsur olmağı və həmişə ədalətin keşiyində durmağa öyrənirlər.
 

0 şərh