Hamımız bir az Kristoferik

Roman yazmaq çətindir. Eyni anda bir neçə məsələni nəzarətdə saxlamaq… Bəzi yazarların qeyd etdiyi kimi, roman yazmaq avtomobil sürməyə bənzəyir. Amma sən asfalt yolda deyil, təxəyyülün gizlin yollarında şütüyürsən, sirli şifrələri açmağa çalışırsan. Əgər roman bir uşağın dilindəndirsə və o uşaq da sindromludursa, onda bu işin əziyyəti iki qat artıq olur.

Dünya ədəbiyyatında uşaq dilindən qələmə alınmış bir çox maraqlı roman nümunələri var. Məsələn, Li Harper (“Bülbülü öldürmək”), Elis Siboldun (“Sevimli sümüklər”) və s.

Bu dəfə oxuduğum və məni heyrətləndirən roman Mark Hednin “Gecə vaxtı itin müəmmalı ölümü” əsəri oldu. Mark Hedn ingilis yazıçısıdır, 2003-cü ildə bu əsərinə görə Uitbred mükafatını qazanıb. Əsər 15 yaşlı asperger sindromlu Kristofer Bunun həyatından bəhs edir.

Hedn bu romanla sanki ədəbiyyatda hələ qaranlıq və yad qalmış əraziləri kəşf edir. Əsərin maraqlı tərəfi məhz belə sindromlu uşaqlara xas olan riyazi, quru, məntiqli dillə yazılışıdır. Müəllif heç bir əlavə rəng qatmır. Hər şeyi olduğu kimi təsvir edir. Kristofer qonşuluqdakı yaba ilə öldürülmüş itin qatilini axtarır. Bu işə o qədər cidd-cəhdlə girişir ki, özünü əsl detektiv kimi aparmağa başlayır. Təsadüfi deyil ki, onun sevimli yazıçısı Artur Konan Doyl və onun “Baskervillərin iti” əsəridir. Lakin Kristofer heç kimi tam sona qədər sevə bilmir.

Məsələn o, Doylu yaxşı yazıçı hesab etsə də, onun spiritizmə meylini, həvəsini tənqid edir. Onun bu axtarışları fonunda biz Kristoferin həyatı ilə tanış oluruq. Uşağın xüsusi məktəbə getdiyini, anasının öldüyünü, qəribə hərəkətləri olduğunu bilirik. Məlum olur ki, o, heç vaxt heç kimə ona toxunmağa icazə vermir, o, nəvazişi agressiya ilə qarşılayır. Yaxud onun sarı və qəhvəyi təamlar yeməməsi onu narahat edir. Kristofer atası və Tobi adlı siçovulu ilə yaşayır. Riyaziyyatı çox sevir, bu işdə çox qabiliyyətlidir.

Kristofer rutin həyatını səliqəli dillə təsvir edir, həvəslə elmi faktlarla bölüşür. Kitabın maraqlı tərəflərindən biri məhz bu cəhətidir. O, qətiyyən zarafat anlamır, insanların emosiyalarını müəlliminin ona çəkmiş olduğu smayliklərə görə müəyyən edir. Əgər qarşısındakı adam bu emosiyalara uyğun mimika etmirsə, onda Kristofer çaşqınlıq içərisində qalır.

Romanda Kristoferin timsalında “xüsusi”, sindromlu, əqli və inkişaf geriliyi uşaqları olan ailələrin qarşılaşdığı bir sıra çətinliklər qabardılıb. Kristofer axtarış prosesində qismən kiçik uğurlar əldə edir, anasının vəfat etmədiyini, Londonda yaşadığını öyrənir. Anasının məktubları sayəsində məlum olur ki, Kristofer ictimai yerlərdəki qeyri -dekvat hərəkətləri ilə onu utandırır. Ananın öz övladından utanması, bezməsi, qaçması, əlbəttə ki, faciədir. Lakin o, səhvini anlayır, Kristoferi sevir, onun üçün çox darıxdığını deyir. Burda incə detallarla ailə daxili ziddiyyətli münasibətlərin təsviri var. “Xüsusi” uşağından sosial basqı altında qaçmaq, böyük şəhərdə gizlənmək ananın da hələ özünü tam dərk etməməsinin göstəricisidir.

Kristoferin bəzən adam çox olan yerlərdə, rəqəmlərin, reklam şitlərinin bərq vurduğu yerlərdə divara qısılıb qulaqlarını tutaraq inildəməsi informasiya selinin beyninin həmin anda qəbul etməməsidir. Müasir dövrdə bu necə də aktualdır. Bəzən hamımız üzərimizə yağan bu informasiya yağışından məhz Kristofer kimi çətir tuta bilərik. Lakin cəmiyyətdə ”qəribə adam” damğasından çəkinirik. Kristoferi isə bu narahat etmir. Onun fərqi də bundadır. Bir tərəfdən baxdıqda, yeniyetmə həyatı ömrün həmişə daha çətin vaxtları olur. Valideynlər, yaşıdların, oxuduğun məktəb tərəfindən anlaşılmamazlıqlar ən çox bu dövrə təsadüf edir. Kristoferin həyatı da məhz bu cür ssenari ilə gedir. Bəzən onun da həyatı adi yeniyetmənin rutin həyatından fərqlənmir. Lakin Kristoferin timsalında o həmişə qarşılıqsız sevgi içərisindədir. Onun valideynlərinin də faciəsi bundadır. Heç vaxt Kristoferdən təşəkkür eşitməyəcəklər. Onu böyüdən, sevən valideynləri olmasına baxmayaraq, Kristoferin ən şirin yuxusu onun kosmosda tək qalmasıdır. O, özünü burda tam xoşbəxt hiss edir.

Ətrafımızda olan xüsusi uşaqlara daha diqqətli davranmaq baxımından kitab fikrimcə, həm böyüklər, həm də uşaqlar üçün faydalıdır. Diqqətlə baxsaq, bizim də Kristofer kimi qəribə xüsusiyyətlərimiz var. Amma biz onu belə asanlıqla nə etiraf, nə də qəbul edirik. Əsər pozitiv sonluqla bitir. Lakin Kristofer “Londona təkbaşına getdim, kitab yazdım”,- deyə hər şeyə nail olacağını bildirsə də, əsərdən sonra insanda ağır təəssüratlar qalır. Gündən-günə qəddarlaşan, dekorasiyalarını tez-tez dəyişən çağdaş texniki dünyada Kristofer kimi insanları yalnız 6-7 emosiyaya ayıran yeniyetmə nə dərəcədə uğurlu olacaq? Bilmirəm. Buna cavab vermək çətindir.

Gəlin qırmızı çalarları sindromlu uşaqlara verək… onlar da dünyanı boyasınlar. Dünya belə daha gözəl və rəngarəng olmazmı?

P.S. Əsər 2018-ci ildə “Parlaq imzalar” nəşriyyatı tərəfindən Svetlana Turanın tərcüməsində çap olunub.

Günel Eminli

0 şərh