Kitab oxumaq niyə vacibdir?

Son dövrlərdə bir çox hadisələr bizə neqativ təsir edir – xüsusən də, stres və səhv qərarlar. Bir neçə il əvvəl nələrisə dəyişsəydik, bu gün bəlkə də daha xoşbəxt olardıq. Xoşbəxtlikdən sağlamlığımızı və rifahımızı qorumaq və yaxşılaşdırmaq üçün mistik iksir və ya milyon dollarlıq məhsul lazım deyil. Sağlam olmaq üçün reseptimiz əlimizin altındadır — sadəcə bir kitab.
Kitab oxumaq niyə vacibdir?
Yel Universitetinin tədqiqatçıları tərəfindən 2016-cı ildə edilən bir araşdırma gündə yalnız 30 dəqiqə kitab oxuyan insanların ümumiyyətlə oxumayanlardan orta hesabla iki il daha çox yaşadıqlarını müəyyən etdi. Başqa bir hesabatda həftədə üç saatdan çox oxuduğunu bildirən oxucuların 2001-2012-ci illərdə ölmək ehtimalının yalnız qəzet və jurnal oxuyanlarla müqayisədə 23% daha az olduğu ortaya çıxdı. Əlbəttə ki, oxumaq sizi ölümsüz etməyəcək, ancaq elmi cəhətdən sübut edilmişdir ki, oxumağın qazandırdığı bilik və beyin inkişafı qocalıq xəstəlikləri ilə mübarizədə kömək edir.
Təəssüf ki, dünya əhalisinin 17%-i savadsızlığa görə bu üstünlüklərdən istifadə edə bilmir. Kitab və jurnallardan əlavə, bu əhali küçə lövhələrini, menyuları və ya tibbi təlimatları da oxuya bilmir. Nəticədə, onların yoxsulluq içində qalma ehtimalı daha da çoxalır və onlar  sağlamlıqla bağlı məlumatlardan xəbərsiz olurlar.
Savadsızlıq insanları həyatının hər bir mərhələsində geridə qoyur. Onlar uşaq ikən məktəbdə müvəffəqiyyət qazana bilmirlər. Yetkinlik yaşına çatdıqda isə iş bazarından kənarda qalırlar. Valideyn olduqları zaman övladlarının təhsilinə dəstək verə bilmirlər. Əslində oxumağın əhəmiyyəti ölçülməzdir və həyatın bütün sahələrinə sirayət edir.

Kitab oxumağın faydaları
Uşaqlar oxumağı kiçik yaşlarından öyrənməlidir, çünki bu, beyin inkişafı üçün vacibdir. Yəni müəyyən biliklər əldə edildikdən sonra oxumaq dayanmamalıdır. Oxumaq yaşından, iqtisadi vəziyyətindən və maraqlarından asılı olmayaraq hər kəsin edə biləcəyi maraqlı fəaliyyətlərdən biridir. Buna görə də oxumağın gündəlik həyatımıza necə təsir etdiyini bilmək çox vacibdir.

Oxu beynimizi sağlam saxlayır
Hər hansı bir əzələ kimi, beyin də sağlam və güclü qalması üçün məşq etdirilməlidir. Oxumağı beyin üçün ağırlıq qaldırma kimi düşünün. Əslində tez-tez beyin məşqi etmək yaşlıların zehni geriliyini 32% azaldır. Alzheimer xəstəliyi və demensiyadan əziyyət çəkənlər üçün mütəmadi oxu faydalı ola bilər.
Bundan əlavə, oxucular hafizələrini inkişaf etdirə və daha güclü analitik bacarıqlar əldə edə bilərlər. Kitabı başa düşmək üçün oxucular müxtəlif obrazları, süjet xəttini xatırlamaqla yanaşı, baş verənləri analiz etməli və proqnozlaşdırmalı olurlar. Müəmmalı cinayət haqqında düşünün. Bundan sonra baş verəcəklər barədə proqnoz vermək insan təbiətinə xasdır və bu proqnozları vermək üçün analitik bacarıqlardan istifadə edirik. Oxumaqla zehninizi canlandırdığınız zaman diqqətinizi və konsentrasiyanızı da inkişaf etdirə bilərsiniz.

Özünüzü kəşf etməyə kömək edir
Hər yaxşı kitab oxucu üçün yeni düşüncələr açır. Kitab oxuyarkən hansısa formada o kitabdakı hadisələri, duyğuları, təcrübələri və personajları özünüzlə əlaqələndirməyə çalışırsınız.
Bu nəinki kitaba qarışmağınızı təmin edir, həm də həyatınızda hələ baş verməmiş vəziyyətləri necə hiss edəcəyinizi və onlara necə reaksiya verəcəyinizi də dərk etdirir. Bəyənmə və bəyənməməyin ölçülərini genişləndirməyə kömək edir.
Beləliklə, oxuduğunuz hər bir səhifə ilə “özünüzün” yeni bir hissəsini kəşf etmək şansınız ola bilər!

Stresi azaldır
Stres həyatın qaçılmaz bir hissəsidir və təəssüf ki, həddindən artıq olması ömrümüzü qısalda bilər. Oxumaq bununla mübarizə aparmağa kömək edir. Tədqiqatçılar mütaliənin stresi təxminən 68% azalda biləcəyini müəyyən ediblər. Oxumaq psixi sağlamlığı da gücləndirir. Mənəvi əhəmiyyətli mətnlər (dini, meditativ və s.) qan təzyiqini aşağı salır, özünüinkişafla bağlı kitablar əhval-ruhiyyə pozuntusu olan şəxslərə kömək edir. Ümumiyyətlə, oxumaq sakitləşdirici bir mexanizmdir və oxucuda rahatlıq və əmin-amanlıq hissi yaradır.

Empatiya bacarığını artırır
“Kitabqurdu olanlar introvert olurlar” stereotipinin əksinə olaraq, oxumaq sizi ünsiyyətcil edə bilər. Hər kitab fərqli şəraitdə yaşayan unikal personajlar yaradır. Hekayələri oxuyaraq başqalarını daha yaxşı başa düşməyi və empatik olmağı öyrənirik. Eləcə də, nə qədər çox oxusaq, insanlar üçün maraqlı həmsöhbət ola bilərik, çünki öz fikrimizi ifadəli çatdırmağı və fikirlərimizi əsaslandırmağı öyrənmiş oluruq.
Kitab oxumaq niyə vacibdir?
Bizi daha ağıllı edir
Daha da ağıllı olmaq istəyirsiniz? Oxuyun. Geniş janrları və ya tipik maraq sahəmizin xaricindəki mövzuları oxuyaraq birbaşa öyrənmədiyimiz mövzular haqqında hərtərəfli məlumat əldə edə bilərik. Bəli, qeyri-bədii (akademik, şəxsi inkişaf və s.) kitablar yeni məlumatlar öyrənmək üçün əladır, ancaq bədii kitablar da bizə yeni biliklər verə bilər. Kitablar bizə başqa insanların fikirlərinə, davranışlarına fərqli prizmalardan baxmağa və ya özümüzün yeni fikirlər irəli sürməyimiz üçün ilham verə bilərlər.

Söz ehtiyatımızı artırır
Oxumaq söz ehtiyatımızı təbii olaraq genişləndirir, çünki oxuduqca naməlum sözlərin mənasını kontekst vasitəsilə başa düşürük və bu sözlər bir neçə dəfə kitabda qarşımıza çıxırsa, hafizəmizdə möhkəmlənmiş olur.

Yazı bacarıqlarımızı inkişaf etdirir
Yazı bacarığı həm təhsildə, həm də işdə uğur qazanmaq üçün çox vacibdir. Son illərdə, xüsusən də prestijli qurumlara müraciətlər zamanı esse və digər yazı növlərinə üstünlük verilir. Peşəkar həyata gəldikdə, tərcümeyi-hallar və motivasiya məktubları işə qəbulun əsasını təşkil edir. Bunların hər biri keyfiyyətli yazı tələb edir, çünki məzmun yaxşı deyilsə və ya səhvlər varsa, avtomatik olaraq bizim haqqımızdakı düşüncəyə mənfi təsir edəcək və çox güman ki, əks-əlaqə almayacağıq. Yazı bizim güclü “geyimimiz” deyilsə, yazı bacarıqlarımızı necə inkişaf etdirəcəyimizi bilmək vacibdir.
Oxumaq və yazmaq bir-biri ilə əlaqəlidir. Nə qədər çox oxusaq, yazı bacarıqlarımız bir o qədər yaxşılaşır, çünki oxumaq əslində axıcılığı, yazı üslubunu və cümlə quruluşunu düzgün etməyi inkişaf etdirir.

Uşaqlarımızla keçirdiyimiz vaxtı səmərəli edir
Valideynlər üçün oxu uşaqları ilə səmərəli vaxt keçirmək üçün mükəmməl bir yoldur. Araşdırmalar göstərir ki, valideynləri təhsilə cəlb edildikdə uşaqların motivasiyası və uğuru yaxşılaşır. Uşaq kitablarını yatmadan əvvəl oxumaq və uşaqları gənc yaşlarından öyrənməyə və oxumağa təşviq etmək onların gələcəkdə uğur qazanmasını təmin edir. Həmçinin oxumaqdan və yazmaqdan zövq alan uşaqların güclü intellektə malik olma ehtimalı bu fəaliyyətlərdə iştirak etməyənlərə nisbətən üç qat daha çoxdur.

Oxu pulsuz əyləncə təklif edir
Son olaraq və ən əsası oxumaq əyləncəlidir. Gözlərimizi zilləyərək telefona və ya televiziya verlişlərinə uzun müddət vaxt ayırmaq əvəzinə, yeni bir kitabın səhifəsindəki sətirləri oxuyaq. İnstaqramda olan mükəmməl bir şəkilə həsəd aparmaq əvəzinə özümüzü sevdiyimiz kitabın və personajlarının sehrli ölkəsinə aparaq. Beyin hüceyrələrimizi zədələmək əvəzinə oxumaqla bu hüceyrələrdən bəzilərini bərpa edək.
 
Bizə maraqlı olan mövzularda kitab oxusaq, oxu bizim üçün daha əyləncəli və xoş olar. Xoş mütaliələr!

 

Hazırladı: TİPİM-in əməkdaşı Aynur Rəhimova
 

0 şərh