Kitab oxumağın zərərləri

Tarix boyu dünyanın hər yerində, bütün sivil cəmiyyətlərdə kitab oxumaq müqəddəs bir ayin kimi tanınıb, təbliğ edilib.
Zaman-zaman “kitab oxunmur”, “satılmır”, “oxucu sayı kəskin azalıb” şəklində narahatlıqlar eşidirik. Bu qayğılar bəşəriyyəti, az qala, qlobal isinmə, buzlaqların əriməsi, nüvə bombasının atılma ehtimalı qədər narahat edə bilir.
Kitab oxumağın zərərləri
Ötən günlərdə məşhur reper Kanye Vestin açıqlamasını oxudum. Amerikalı repçi ömrü boyu kitab oxumadığını açıqlayıb.
“Alo Yoga” kanalında yayımlanan “Alo Mind Full” adlı podkastda qonaq olan 45 yaşlı repçi ömrü boyu bircə dənə də olsun kitab oxumadığını deyib və əlavə edib ki, uzun mesajların belə yalnız ilk və son cümlələrini oxuyur.
2005-ci ildən bəri mahnı və albomları ilə “Grammy”, “Ən yaxşı rep mahnısı”, “Ən yaxşı Hip-Hop müğənnisi”, “Britt mükafatı” və s. kimi məşhur mükafatlara layiq görülən müğənninin bu açıqlaması bir az qəribə gəlsə də, soyuqqanlı olub kitab oxumağın faydaları və zərərləri haqda balaca bir araşdırma etmək qərarına gəldim.
Əslində, aşağı-yuxarı, demək olar, hamısını bildiyim bu zərərləri bir qədər sistemləşdirərək oxuculara təqdim etmək fikrinə düşdüm.
Məqaləni oxuyandan sonra razılaşıb-razılaşmadığınız nüansları mənimlə bölüşə bilərsiniz.
Kitab oxumağın faydaları məlumdur və həmişə haqqında uzun-uzadı danışılıb deyə, mən sizə sadəcə zərərlərindən bəhs edəcəm.
Kitab oxumaq istəyərkən, nə oxuduğunuza diqqət etməsəniz, oxuduğunuz kitab sizi tamam başqa bir məcraya götürə bilər; dərs oxumalı olan bir uşaq hansısa sevgi romanına, dini, siyasi və ya fəlsəfi romana uyub diqqətini dərslərə verməli olduğu vaxtda tamam başqa istiqamətlərə yönələ bilər.
Həyatda hansısa hədəfiniz yoxdursa, kitab oxumağa başlamaq sizə hesaba qatmadığınız hədəflər yarada bilər; bir fincan çay və ya qəhvə içib, vaxt öldürmək, başınızı qatmaq və ya darıxmaqla başa çıxmaq məqsədilə oxumağa girişdiyiniz maraqlı bir kitab sizə yeni hobbilər qazandıra bilər və ya, hansısa fikir diqqətinizi o qədər cəlb edə bilər ki, xəyallarınızın, arzu və hədəflərinizin istiqaməti tamamilə dəyişər.

Kitab oxumaq insanda yadlaşma hissi yarada bilir.

Kiminsə məsləhət gördüyü kitabı oxumaq olduqca təhlükəlidir. Hansısa axınlara qapıla bilərsiniz, lazımsız siyasi-fəlsəfi cərəyanlara uya, mövcud ətrafınızdan, ailənizdən hətta cəmiyyətdən belə uzaqlaşa, özünüzə yadlaşa bilərsiniz.
Mütəmadi kitab oxumaq asılılıq yaradır; kitabqurdları bəzən hansısa həyati əhəmiyyətli bir problemə xərcləməli olduqları pulla kitab alırlar. Nəticədə həyatınızda yeni problemlər yaranır.
Mövzu nə olur-olsun oxuduğunuz kitab sizə müəllifin baxış bucağını, düşüncə şəklini, yanaşma prizmasını aşılayır. Kitab oxumağa başlayarkən müəyyən mövzularda bəlli bir düşüncəniz yoxdursa, sizin oxuduğunuz kitabın və müəllifin təsirinə düşmək ehtimalınız olduqca yüksəkdir. Bu, nəticədə, kitab oxuyan şəxslərdə düşüncə qıtlığına səbəb olur.
Hər kitab kəsilən bir və ya, bir neçə ağac deməkdir; kitab oxumağa, almağa davam etdikcə, ağac qətliamının iştirkaçısı olursunuz. Yer kürəsində heyvanlar olmadan həyat mümkün ola bilər, amma bəşəriyyəti oksigenlə təmin edən ağaclar olmasa, yer üzündə həyat da mümkün deyil.
Kitab oxumaq şüurun üfüqlərini açır. Siz olduqca bilgili və inkişaf etmiş birinə çevrildikcə, ətrafınızla aranızda uçurumlar yaranır; bəzən kiməsə hansısa mövzuda saatlarla nəsə izah etməyə çalışırsınız, onlarsa sizə gülüb başınızın xarab olduğunu düşünürlər. Bu hal zamanla sizin asosiallaşmağınıza səbəb olacaq.
Kitab oxumağın zərərləri
Oxuduğu dəyərli kitabları yığıb saxlamaq, “birdən geri qaytarmaz” qorxusu ilə oxumaq üçün heç kəsə verməmək bütün kitabqurdlarının ortaq dərdidir. Nəticədə, sizin özünüzdən, problemlərinizdən əlavə, bir də, dərdini çəkməli olduğunuz bir kitabxananız olacaq.
Kitab oxumaq biliyin pis məqsədlər üçün istifadəsinə imkan yarada bilir, şüuraltı mesajlar ötürür, kitab oxuyarkən düzgün poza seçilməyibsə, onurğa problemləri yarana bilir, çox kitab oxumaq görmə funksiyasının zəifləməsinə gətirib çıxardır və s.
Siyahını bacardığım qədər konkretləşdirməyə çalışdım, gördüyünüz kimi, kitab oxumaq təbliğ edildiyi qədər dəyərli bir şey deyil, zərərləri xeyrindən daha çoxdur.
Kitab oxumaq önəmli deyil, əsas olan oxuduğun kitaba əməl etməkdir. Çünki oxuduğu kitaba əməl etməyənlər bilikli insan yox, “kitab yüklü eşşək” olurlar.

Mənbə: Fəridə Zero

0 şərh