Əmilən oksigen və digital perspektivlər

Bu yaxınlarda Joe Roganın Elon Muskla son müsahibəsinə qulaq asdım. Dəhşətli perspektivlərdən danışırdılar. Azərbaycan ictimai fikrində heç kimi narahat etməyən bu mövzular haqqında mən də danışmaq qərarına gəldim. 5G-si oksigen əmən, akademiki koronavirusa şeir yazan cəmiyyətə nəsə başa salmaq çox çətin məsələdir, amma biz bunu qaloçka üçün də olsa edirik ki, gec olanda, “biz vaxtında xəbərdarlıq etmişdik” deyə bilək.
Əvvəla onu deyim ki, informasiya əlçatanlığının mənfi təsirlərini biz bəlkə heç zaman bu qədər ciddi hiss etməmişdik. Vəziyyət o qədər pisləşib ki, hətta BBC kimi ciddi media da “Deksametazon: Koronavirusa qarşı ilk dərman” manşetli məqaləni yaymağı özünə icazə verir. Qlobal hype dövründə soyuqqanlı qalmaq, küyə qoşulmamaq çox böyük lüksdur.
Əmilən oksigen və digital perspektivlər
Amma gəlin əvvəl Bill Gates, Elon Musk və bizi gözləyən gələcəkdən danışaq.
Gates 2014-cü ildə Microsoftun rəhbərliyindən gedəndən sonra əsasən iqlim dəyişikliyi, su problemi ilə məşğul olmağa, tibb sahəsinə investisiya qoymağa başladı. Əlbəttə, beş manat artıq pulu olan kimi balkon artıran adam üçün milyardlara sahib olan insanın niyə xeyriyyəçiliyə pul xərcləməsi qaranlıq qalır. O heç cür anlaya bilmir ki, 78 milyard dollar sərvətə sahib olan insan üçün pul tamam başqa anlam kəsb edir. Pulunun hansısa, hətta ən cüzi hissəsindən imtinaya hazır olmayanlar üçün, bunu edə bilənlər sadəcə pis, qorxulu insanlardır. Gates haqqında yaranan şayiələrin də səbəbi budur – ümumi mənada xeyriyyəçiliyə dözümsüzlük.
Bu arada biologiya və tibb sahəsində tədqiqatlar aparan alimlər yaxşı bilir ki, bu sahələrə bütün dünya üzrə ən çox pul ayıran donorlardan biri məhz Bill və Melinda Gateslərin fondlarıdır.
Əsasən üçüncü dünya ölkələrində dövlətin həyata keçirmədiyi peyvənd proqramlarını öz boynuna götürən Gatesi hamını çipləmək istəməkdə ittiham etmək avamlığın, axmağlığın üst həddidir.
Peyvənd peyvənddir. Peyvəndləmə yolu ilə kiməsə çip yeritmək mümkün deyil. İnsanları çipləmək istəyən əslində tamamilə başqa adamdır.
Elon Muskın Neuralink layihəsi barədə bir neçə ay əvvəl ətraflı yazmışdım. Son müsahibəsində Musk heç də son günlərdə danışılan çoxistifadəli Dragon raket-daşıyıcısı, Mars missiyası barədə deyil, məhz Neuralinkin perspektivləri və süni intellektin yaxın 20 ildə nələrə qadir olacağı barədə danışdı.
Xatırladım ki, Neuralink – kobud desək, xüsusi çip olaraq da adlandıra biləcəyimiz cihazın insan beyninə quraşdırılması ilə – beyin impulslarını rəqəmsal formata salmağı nəzərdə tutur. Musk, bunun hətta bu gün də real olduğunu bildirir. Yaxın 5-10 ildə isə hər şey gözlənildiyi tempdə gedərsə, ümumiyyətlə iki insan arasında qeyri-verbal informasiya mübadiləsi tam real bir şey ola bilər. Yəni nitqə ehtiyac olmadan iki insan bir-biri ilə danışa biləcək.
Amma bu hələ harasıdır?

Yaxın 20 ildə beynin tam rəqəmsal interfeysinin yaradılması mexanizminin ortaya çıxacağı gözlənilir. Bu nə deməkdir?
Təsəvvür edin ki, sizin şəxsiyyətinizin tamamilə identik digital surəti çıxarılır. Sizin bütün yaddaşınız, emosiyalarınız, bilik və bacarıqlarınız hamısı bir proqram şəklində bir cihaza yerləşdirilir. Siz də bu rəqəmsal klonunuzla ünsiyyətdə ola bilirsiniz. Əslində bu prosses hansısa mənada indi də var. Sosial şəbəkələrdəki hesablarımız müəyyən mənada bizim rəqəmsal klonlarımızdır. Biz eyni zamanda həm real, həm də virtual məkanda mövcuduq. İndiki vəziyyətin prinsipial fərqi ondadır ki, bizim virtual kimliyimiz bizim iştirakımız olmadan idarə olunmur. Ölmüş insanların Facebook profilləri qohumların müdaxiləsi olmasa, fəaliyyətsiz qalır. Amma gələcəkdə belə olmayacaq. Süni intellekt və Neuralinkin açdığı imkanlar nəticəsində insanın tam identik rəqəmsal klonu avtonom şəkildə öz həyatını davam etdirəcək. Hətta fiziki baxımdan öldükdən sonra da rəqəmsal həyat davam edəcək.
 
Bəs Musk bunu niyə edir? Nə üçün insanı hətta robota da yox, bir kompüter proqramına çevirmək istəyirlər?
Əslində, bəzi mətləblər geniş oxucu kütləsi üçün deyil. AzLogos geniş kütlələrin oxuduğu populyar bir media olsaydı, bəlkə də bu yazı yazılmazdı, amma sivilizasiyamızın inkişafının başqa yolu da yoxdur. Süni intellekt bu gün o qədər aktual və eyni zamanda realdır ki, bundan qaçış imkansızdır. Ona maksimal dərəcədə inteqrasiya etməsək, məhv olacağıq. Lazımsız, hər cəhətdən geridəqalmış bioloji orqanizmin total rəqəmsal sistemdə yeri yoxdur. Muskın etmək istədiyi də insanı maksimal dərəcədə bu sistemin bir parçasına çevirməkdir.
Əslində, bu günün pəncərəsindən qaranlıq və buna görə də qorxulu görünən bu perspektivlər, eyni zamanda bir çox problemi də həll edir.
Biz artıq bilirik ki, Günəşin ömrü əbədi deyil. Diametri 20 kilometrdənçox da böyük olmayan asteroidin yerə çırpılması isə kifayətdir ki, planetdə bütün həyatı məhv olsun. Hələ bunun epidemiyası, təbii fəlakəti, nüvə müharibəsi var. Ona görə də Yerdən mümkün qədər tez və uzağa qaçmağın mümkün variantları haqda düşünülməlidir.
Bu problemlərin tədqiqinə də, təbii olaraq yeddi nəsil içərişəhərli, iki institut bitirib taksi sürən və dünyanın bütün sirlərindən hali olub, özü bu işlərə qarışmaq istəməyən Məmmədəli kişi yox, Musk kimi adamlar yatırım edir.
Allahın mükəmməl olaraq yaratdığı insan, bu halı ilə nəinki başqa qalaktikalara, heç öz doğmaca ulduz sisteminin sərhədlərinə qədər də səyahət etmək üçün yararlı deyil. Rəqəmsal insan üçün isə belə bir problem yoxdur. Onu elektrik siqnalı olaraq istənilən yerə işıq sürəti ilə göndərmək mümkündür.
Bu yolla qocalıq problemi də aradan qalxır. Siz istənilən vaxt, istənilən yaş dövrünüzə qayıda bilirsiniz. Sevdiyiniz insanlarla yaşadığınız hissləri yenidən yaşayırsınız. Sevdiyiniz yeməkdən aldığınız həzzi yenidən hiss edirsiniz.
Nəhayət bu yolla ölüm problemi də tamam başqa məna qazanır. Yəni nəzəri olaraqrəqəmsal ölümsüzlük reallığa çevrilir. Əsas məsələ odur ki, yerləşdiyiniz cihazın enerjisi bitməsin və yaddaş kartı xarab olmasın. Əslində, bu da artıq problem deyil, çünki bu gün bütün məlumatlar qlobal buludda saxlanılır. Odur ki, enerji və yaddaş limiti də müəyyən zaman sonra problem olmayacaq.
Yeganə ciddi problem isə odur ki, süni intellekt bir gün bizi sistemdən kənara atmaq, söndürmək istəsə nə olacaq? Bunun qarşısını kim alacaq?
Buna dair əsasən iki baxış var. Hərariçilər düşünür ki, süni intellekt istiqamətində işləri limitləmək, onlara nəzarəti maksimum gücləndirmək lazımdır. Bunun üçün isə qlobal əməkdaşlıq olmalıdır. Beynəlxalq qanunlar və tənzimləyici mexanizmlərlə bu prosesi sıx nəzarətdə saxlamaq mümkündür.
Musk və Zukkerberg kimi şəxslər isə bu yolun effektiv olmadığını və əvvəl-axır iflasa uğrayacağını düşünür.
Zukkerberg bu baxımdan süni intellektin vahid bir sistem olmaması arzusundadır. Yəni süni intellekt bir mərkəzə bağlı olmamalı, müxtəlif sahələrdə limitli imkanlara malik olan süni zəka sistemləri yaradılmalıdır. Tutaq ki, sosial şəbəkələri idarə edən süni zəka modulunun məsələn, səhiyyə sistemini idarə edən analoqu ilə heç bir əlaqəsi olmamalıdır və s. Bu yolla da sistemin hər şeyə inhisarçı nəzarətinin qarşısı alınacaq.
Musk isə düşünür ki, internetə çıxışı olan süni intellekti məhdudlaşdırmaq mümkün olmayacaq. Ona görə də insan özü maksimal dərəcədə süni zəkanın bir hissəsinə çevrilməlidir ki, bu sistemdə sağ qalma şansı əldə etsin. Yəni əgər insanın rəqəmsal nüsxəsi ilə süni zəka eyni qlobal buludda yerləşirsə, deməli süni zəka insanı tamamilə sistemdən kənar etmək üçün əvvəl gərək buludu sıradan çıxarsın. Bu zaman isə, onun özü də məhv olacaq.
Muskın sistemində süni zəka ilə rəqəmsal insan arasında sərhəd itir. Onlar bir yerdən sonra vahid, rəqəmsal orqanizm şəklində mövcud olurlar. Süni zəka insanlaşır, insan isə rəqəmsallaşır. Belə bir simbioz bir-birini istisna deyil, əksinə bir-biriniz tamamlayır.

Amma bu, tamamilə başqa bir reallıq, başqa dünyadır.
 
 
 
 
Müəllif: Hacı Hacıyev
Mənbə: azlogos.eu

Oxşar məqalələr

0 şərh