Alqı-satqı müqavilələri

Əmtəələrin (xidmətlərin) alqı-satqısı ölkə daxilində və beynəlxalq kommersiya fəaliyyətində və ən geniş yayılmış təsərrüfat əlaqələri formalarından biridir.
Azərbaycanın kommersantları üçün alqı-satqı müqavilələrinin həyata keçirilməsinin normativ bazası Azərbaycan Respublikası Mülki Məcəlləsidir.
Alqı-satqı müqaviləsinə görə tərəflərdən biri (satıcı) digər tərəfin (alıcının) mülkiyyətinə verməyi, alıcı isə bu əşyanı qəbul edərək onun əvəzinə müəyyən pul məbləğinin (qiymətinin) verilməsini öz öhdəsinə götürür.
Alqı-satqı müqavilələri üzrə əmtəə kimi dövriyyəsi məhdudlaşdırılmayan, yaxud dövriyyədən çıxarılmayan istənilən əşya iştirak edə bilər.
Müqavilə yalnız müqavilə bağlanan anda satıcıya məxsus olan, eləcə də, gələcəkdə satıcı tərəfindən yaradıla və ya əldə oluna biləcək əmtəənin alqı-satqısı üzrə bağlana bilər.
Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatı, istismar təlimatını və i.a.) verməyə borcludur (MM-nin mad. 568).
Alqı-satqı müqaviləsi qəti müəyyənləşdirilmiş müddətədək icra edilmək şərti ilə bağlanmış sayılır. Satıcı müqavilədə müəyyənləşdirilmiş müddət çatanadək və ya müddət keçdikdən sonra həmin müqaviləni yalnız alıcının razılığı ilə icra edə bilər (MM-nin mad. 569).
Satıcının əşyanı vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verilməmişdirsə, onun alıcının ixtiyarına verildiyi məqamda.
Alqı-satqı müqaviləsində satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır (MM-nin mad. 570).
Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olunması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. Yolda olduğu vaxt satılmış əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, alqı-satqı müqaviləsində və ya işgüzar dövriyyə adətlərində ayrı qayda nəzərdə tutulmayıbsa, alqı-satqı müqaviləsinin bağlandığı andan alıcıya keçir. Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alqı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur.
Satıcı alqı-satqı müqaviləsini pozaraq, alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və ya onu ödəməkdən imtina edə bilər. Əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər (MM-nin mad. 578). Əgər satıcı alıcıya alqı-satqı müqaviləsində nəzərdə tutulan miqdardan çox əşya verərsə, alıcı bu barədə satıcıya bildiriş verməlidir. Satıcı alıcının bildirişini aldıqdan sonra ağlabatan müddətdə əşyaların müvafiq hissəsinə dair sərəncam verməzsə, alıcı əgər müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün əşyaları qəbul edə bilər.
Alqı-satqı müqaviləsinə görə satıcı alıcıya tərəflərin razılaşdıqları çeşiddə əşya verməyə borcludur. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı müqaviləyə uyğun gəlməyən çeşiddə verdikdə alıcı onları qəbul etməkdən və ödəməkdən imtina edə bilər, ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.
Əgər satıcı alıcıya alqı-satqı müqaviləsinə uyğun çeşiddə əşyalarla yanaşı çeşid haqqında şərti pozmaqla əşya verərsə, alıcının ixtiyarı var ki, öz seçimi ilə:
- çeşid haqqında şərtə uyğun gələn əşyanı qəbul etsin, qalan əşyalardan isə imtina etsin;
- verilmiş əşyanın hamısından imtina etsin;
- çeşid haqqında şərtə uyğun gəlməyən əşyanın müqavilədə nəzərdə tutulan çeşiddə əşyalarla əvəz olunmasını tələb etsin;
- verilmiş əşyanın hamısını qəbul etsin.
Alqı-satqı müqaviləsinin çeşid haqqında şərtinə uyğun gəlməyən əşya o halda qəbul edilmiş sayılır ki, alıcı onları qəbul etdikdən sonra ağlabatan müddətdə satıcıya öz imtinasını bildirməsin.
Satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.
Əşyanı nümunəyə və ya təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və ya təsvirə uyğun gələn əşya verməyə borcludur.
Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Alqı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsini nəzərdə tutulduğu halda, satıcı müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gələn əşya verməlidir. Əşyanın keyfiyyəti üçün qarantiya onun tərkib hissələrinə (komplektləşdirici məmulata) şamil edilir.
Qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alqı-satqı müqaviləsində əşyanın keyfiyyətinin yoxlanılması nəzərdə tutula bilər. Əşyanın keyfiyyətinin yoxlanılması qaydaları da həmin hüquqi normalarla müəyyənləşdirilir. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587 saylı maddəyə əsasən, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin:
- alış qiymətinin mütənasib azaldılması;
- əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması;
- əşyanın qüsurunun aradan qaldırılması üçün özünün çəkdiyi xərcin əvəzinin ödənilməsi.
Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsur olduqda alıcının ixtiyarı var ki, öz seçimi ilə:
- alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin;
- lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.
Satıcı alıcıya alqı-satqı müqaviləsinin komplektlik haqqında şərtinə uyğun gələn əşya verməyə borcludur.
Əgər alqı-satqı müqaviləsində satıcının alıcıya əşyanın müəyyən toplusunu komplekt şəklində vermək vəzifəsi nəzərdə tutulubsa, öhdəlik komplektdə daxil olan bütün əşyaların verildiyi andan icra edilmiş sayılır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 592 saylı maddəsi komplektləşdiricisiz əşya verilməsinin nəticələri müəyyənləşdirir. Bu halda alıcı satıcıdan öz seçimi ilə aşağıdakıları tələb edə bilər:
- alış qiymətinin mütənasib surətdə azaldılması;
- əşyanın komplektinin ağlabatan müddətdə tamamlanması;
Əgər satıcı əşyanın komplektinin tamamlanması barədə alıcının tələbini ağlabatan müddətdə yerinə yetirməzsə, alıcının ixtiyarı var ki, komplektsiz əşyanın komplektli əşya ilə əvəz olunmasını tələb etsin, yaxud alqı-satqı müqaviləsinin icrasından imtina etsin və ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin.
Əgər taralaşdırılmalı və ya qablaşdırılmalı əşya alıcıya tarasız və ya qabsız verildikdə və ya qeyri münasib tarada və ya qabda verilərsə alıcının ixtiyarı var ki, əgər müqavilədən öhdəliyin mahiyyətindən və ya əşyanın xarakterindən ayrı qayda irəli gəlmirsə, əşyanı taralaşdırmağı və ya qablaşdırmağı və ya qeyri münasib taranı və ya qabı dəyişdirməyi tələb etsin.
Alıcı alqı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və ya qab halında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirildikdə isə müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və ya təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verməlidir (maddə 595).
Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Müqavilə bağlanandan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya Mülki Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir (maddə 398).
Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
Əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və Mülki Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.
Alınan əşyanın qabaqcadan ödənilməsi, nisyə satılmış əşyanın ödənilməsi, əşyanın hissə-hissə ödənilməsi və alqı-satqı müqaviləsinin predmeti olan əşyanın sığortalanması ilə bağlı öhdəliklər Azərbaycan Respublikası Mülki Məcəlləsi tərəfindən tənzimlənir (maddə 599-602).
Alqı-satqı müqaviləsinin ayrı-ayrı növlərinə pərakəndə alqı-satqı müqavilə malların göndərilməsi müqavilələri və başqaları aid edilir. Alqı-satqı müqaviləsinin bu növləri öz xüsusiyyətləri olmaqla, alıcılar və satıcılar arasında qarşılıqlı təsərrüfat münasibətində mühüm rol oynayır.

loading...

0 şərh