Cәnubi Amerikanın relyefi

Cənubi Amerikanın qərbində Sakit okean sahili boyunca dünyanın ən uzun dağ sistemi olan (təqribən 9000 km) And dağları uzanır. Bu dağlar Karib dənizi sahillərindən Cənubi Amerikanın cənub qurtaracağına qədər davam edir. Odlu Torpaq adaları da And dağlarının davamıdır. Sıra dağlar arasında ensiz dağarası çökəkliklər yerləşir. Yalnız 20° c.e dairəsi boyunca sıra dağlar arasında məsafə artır, geniş platolar – Altiplano yaranır.
Altiplano – And dağlarında, Boliviya və Çili sərhədində yerləşən yüksək yayladır. Burada iqlim quraqdır və ağac bitkiləri yoxdur. Altiplano quraqlığa davamlı bitkilərlə örtülmüşdür.

And dağları Sakit okean, Naska və Cənubi Amerika litosfer tavalarının sərhədindədir. Bu dağlar yüksək seysmikliyi, zəlzələlərin tez-tez baş verməsi və vulkanların fəallığı ilə fərqlənir. And Sakit okean “Odlu halqa”sının bir hissəsi olub subduksiya zonasında yerləşir.Subduksiya okean litosfer tavasının materik litosfer tavasının altına batması prosesidir. Belə batma nəticəsində okean tavası tərəfində dərinsulu çökəkliklər – novlar əmələ gəlir. Materik tavası tərəfdə isə qövsvarı adalar və ya cavan dağlar yaranır.

And dağlarının ən yüksək zirvəsi Akonkaquadır (6960 m). Digər zirvələr – Çimboraso və Kotopaxinin də hündürlüyü 6000 m-dən yüksəkdir. Burada dünyanın ən hündür vulkan zirvəsi Llyulyayako yerləşir. Bu zirvələr dağ buzlaqları ilə örtülmüşdür. And dağlarında nəhəng “mis qurşağı” yerləşir. Zəngin mis ehtiyatları burada yerləşən ölkələrin, əsasən də Çili və Perunun iqtisadiyyatında xüsusi rola malikdir.

Cənubi Amerika materikinin şərq hissəsi platformadır və onun üzərində düzənliklər yerləşir. Buranın relyefi ovalıqlar, yastı yayla, plato və yüksəkliklərdən ibarətdir. Amazon, La-Plata və Orinoko kimi nəhəng ovalıqların yaranmasında Cənubi Amerikanın Amazon, Parana və Orinoko çayları böyük rol oynamışdır. Bu alçaq allüvial düzənliklər hamar relyefə malik olub, Atlantik okeanına tərəf meyillidirlər. Orinoko ovalığı dünyanın zəngin neft, təbii qaz ehtiyatlarının mövcud olduğu ərazilərdən biridir.

Braziliya və Qviana yaylaları qədim dağ sistemlərinin qalıqları olub, denudasiyaya məruz qalmışdır. Braziliya yaylası filiz faydalı qazıntıları ilə zəngindir. Braziliya dövlətinin dəmir filizi ixracatçısı kimi dünyanın ilk onluğuna daxil olması da bununla əlaqədardır.

Braziliya və Qviana düzənlikləri üçün uyğun olaraq “Şəkər başları” və tepuilər – “masavarı dağlar” kimi relyef formaları səciyyəvidir. Bu relyef formaları turistlərin diqqətini cəlb edir. La-Plata ovalığından cənuba doğru yerləşən ərazi Pataqoniya adlanır. Pataqoniya yüksəklik və platoların üstünlük təşkil etdiyi regiondur.

Mənbə: Coğrafiya – 9. Ümumtəhsil məktəbləri üçün dərslik.
Müəlliflər: Elbrus Əlizadə, Nərminə Seyfullayeva, İrkən Aktoprak, Yelena Şabanova

 

0 şərh