Afrikanın relyefi

Afrikanı relyefinə görə iki hissəyə ayırmaq olar. Şimali və Qərbi Afrikada denudasion və akkumulyativ mənşəli düzənliklər, Cənubi və Şərqi Afrikada isə dağlıq ərazilər üstündür.

Şimali və Qәrbi Afrikada ərazinin düzənlik olmasının səbəbi buranın Afrika– Ərəbistan platforması üzərində yerləşməsidir.

parts of Africa continentRelyefin formalaşmasında yalnız tektonik quruluş deyil, həm də ekzogen amillər böyük rol oynayır. Afrikanın bu hissəsinin 9 milyon km2-ə qədərini dünyanın ən böyük səhrası olan Böyük Səhra tutur. Bu səhra üçün güclü küləklər və fiziki aşınma səciyyəvidir.

Səhrada eol relyef formaları üstünlük təşkil edir. Buradakı qum dyunlarının hündürlüyü 300 m-ə çatır. Әhaqqar, Tibesti vә Darfur massivlәrindәki “şahid dağlar”ın hündürlüyü 2000–3000 m-dir. Qədim zamanlardan bu səhradan Qərbi və Şərqi Afrikanı birləşdirən ticarət yolları keçmişdir. Hazırda bu ərazilər zəif məskunlaşmışdır. Yaşayış məskənləri yalnız vahələrdədir. Vahələr əkinçilik və heyvandarlıq üçün əlverişli şəraitə malikdir. Şimali və Qərbi Afrikanın relyefinin formalaşmasında ekzogen amil kimi çayların rolu zəifdir. Lakin Nil, Niger, Seneqal kimi iri çaylar nәhәng çay dәrәlәri, allüvial düzənliklər və deltalar yaratmışdır. Böyük Səhranın şimal-qərbində – Aralıq dənizi sahilində Afrikada yeganə cavan dağ olan Atlas dağları yerləşir. Onun ən yüksək nöqtəsi Tubkal zirvəsidir (4165 m). Bu dağlar Alp- Himalay qurşağının ən qərb hissəsidir. Atlas dağlarının relyefinin cavan, süxurlarının elastik olmasını buradakı antiklinal və sinklinallar əks etdirir.

 

Afrika platformasının ən böyük əyilmə zonası Konqo çökəkliyidir. Bura hər tərəfdən yüksəkliklərlə əhatə olunmuşdur. Yağış suları çökəkliyin mərkəzi hissəsi ilə axaraq materikdə ən nəhəng çay sistemi olan Konqo çayını yaradır. Çökəkliyin daxili hissəsində yerləşən pilləli qırılıb-düşmələrdə xeyli sayda şəlalə və astanalar vardır.

Cәnubi və Şәrqi Afrikanın mütləq hündürlüyü yüksəkdir. Burada Afrikanın ən yüksək nöqtəsi olan vulkanik mənşəli Kilimancaro zirvəsi (5895 m) yerləşir.

Şərqi Afrika seysmik fəallığın yüksəkliyi ilə fərqlənir. Buradan Şərqi Afrika sınma zonası keçir. Bu zona orta okean sıra dağlarının mərkəzi ox zonasına oxşayır. Burada litosfer tavaları aralanır, onların arasında məsafə artır. Lakin onlar okeanda deyil, quruda yerləşir. Bu zonanın mərkəzi hissəsi qraben, hər iki tərəfi isə simmetrik yerləşən horstlardır. Buradakı nəhəng horstlardan biri Ruvenzori horstudur.

  • Horst – qırılmanın mərkəzi hissəsinin qalxması nəticəsində yaranan qabarıq formadır. Horstlar rift dərələrinin kənarları boyunca simmetrik yerləşir.
  • Qraben – İki tektonik qırılmanın arasındakı hissəsinin enməsi nəticəsində formalaşmış mənfi strukturdur. Qrabenin mərkəzi enmə hissəsi həm də rift dәrәlәri adlanır. Yüz və min kilometrlər uzanan rift dərələri rift zonalarını əmələ gətirir.

Şərqi Afrika sınma zolağı Qırmızı dənizdən başlayaraq cənub istiqamətdə 3000 km uzanır. Horstlar arasında yerləşən qrabenlərdə ensiz, uzun və dərin göllər yerləşir.

Materikin cənub kənarında parçalanma nəticəsində möcüzəli forma almış qədim Əjdaha dağları, ondan qərbə doğru isə qədim Kap dağları yerləşir. Qədim dağlarda yerləşən çaylar uzun müddət ərzində süxurları yuyaraq enli çay dərəsi yaradır.

Afrikanın cənubunda mütləq hündürlüyü yüksək olan hamar platolar geniş yer tutur. Bunlardan biri də daha çox səhra adı ilə tanınan Kalaharidir. Kalaharinin sahəsi 2,5 mln. km2-dir. Burada zəncirvarı şəkildə yerləşmiş dyunlar üstünlük təşkil edir. Bu, dünyada ən nəhəng qum toplanmış ərazidir. CAR, Namibiya və Botsvana kimi ölkələrin ərazisində yerləşir.

Mənbə: Coğrafiya – 9. Ümumtəhsil məktəbləri üçün dərslik.
Müəlliflər: Elbrus Əlizadə, Nərminə Seyfullayeva, İrkən Aktoprak, Yelena Şabanova

0 şərh