Cәnubi Amerikanın iqlimi

Cənubi Amerika coğrafi mövqeyinə görə çoxlu istilik ala bilir. Materik üzərində müxtəlif enliklərdə ekvatorial, tropik, subtropik və mülayim hava kütlələri formalaşır. İqlimə meridional istiqamətdə uzanan And dağları böyük təsir göstərir.

Materik ərazisinə yağıntıların düşməsində Atlantik okeanının rolu böyükdür. Atlantik okeanında Cənubi Amerika sahilləri boyunca isti Braziliya cərəyanı keçir.

Ekvatorial iqlim qurşağı Amazon ovalığının böyük bir hissəsini əhatə edir. Burada orta illik temperatur +24° +26°C-dir. Yağıntının miqdarı 1500 mm-dən 3000 mm-ə qədər dəyişir.

Yağıntılar ilboyu bərabər düşür, bu ərazilər insanların yaşayışı və təsərrüfat fəaliyyəti üçün əlverişsizdir, çünki yağıntıların bolluğu səthin bataqlıqlaşmasına səbəb olmuşdur.

Ekvatorial iqlim qurşağından şimal və cənubda subekvatorial iqlim qurşağı yerləşir. Bu qurşaq yayda rütubətli ekvatorial hava kütlələrinin, qışda isə quru tropik hava kütlələrinin təsiri altında olur. Fəsli dəyişkənlik rütubət azalmasına görə müəyyən edilir. İllik yağıntı 1000 mm-dən 2000 mm-ə qədər dəyişir.

Tropik iqlim qurşağı cənub subekvatorial qurşaqdan cənubda yerləşir. O, Braziliya yaylasının cənub-şərq rayonlarını, La-Plata ovalığının şimalını və Sakit okean sahillərini əhatə edir. Qurşağın qərb hissəsində iqlim quru, mərkəzi hissəsində dəyişkən rütubətli, şərqdə isə rütubətlidir.

Cənubi Amerikada 30–40° cənub enlikləri arasında subtropik iqlim qurşağı, materikin cənubunda mülayim iqlim qurşağı yerləşir. Şərqdə, Atlantik okeanı sahillərində iqlimin formalaşmasına soyuq Folklend cərəyanı təsir göstərir. Bura ilboyu yağıntı az düşür (100–250 мм). Mülayim qurşağın Sakit okean sahillərinə isə yağıntı çox düşür (800–2000 мм). Onları okeandan yerli küləklər gətirir. Cənubdan, Antarktidadan materikə soyuq hava kütləsi daxil olur. And dağlarının yüksəkliklərində iqlim yaşayış və təsərrüfatın inkişafı üçün əlverişsizdir.

Cenubi Amerikanın iqlimi

Cənubi Amerikanın qərbində dünyanın ən quraq Atakama sәhrası yerləşir. O, Çilidə Sakit okeanın sahilindədir. Son 100 ildə bu səhrada cəmi 5 dəfə leysan yağış yağmışdır. Atakamanın yaranmasının səbəbi Cənubi Amerikanın qərb sahilləri boyunca hərəkət edən soyuq Peru cərəyanıdır. Sərin, ağır hava hündürə qalxa bilmir, ona görə də bulud yaranmır və səhraya yağış düşmür. Lakin bura dünyanın ən dumanlı yerlərindən biridir. Hava kütlələri And dağlarının yamacı boyunca yuxarı qalxdıqca hava soyuyur, sıx duman yaranır.

Mənbə: Coğrafiya – 9. Ümumtəhsil məktəbləri üçün dərslik.
Müəlliflər: Elbrus Əlizadə, Nərminə Seyfullayeva, İrkən Aktoprak, Yelena Şabanova

0 şərh