Şimali Amerikanın daxili suları

Şimali Amerikada çay və göllər materik üzrə qeyri-bərabər yayılmışdır. Materikin daxili suları Sakit, Şimal Buzlu və Atlantik okeanı və daxili axarsız hövzələrə aiddir. Çaylardan ən böyüyü Missisipidir (yerli hindu dilində – “çaylar atası”). Çay İtaska gölündən başlayır, Meksika körfəzinə tökülür. Missisipi ilə onun qolları Missuri və Arkanzas çay sistemi axıtdığı suyun həcminə görə dünyada ilk onluğa daxildir. Missisipi sularını Böyük və Mərkəzi düzənliklərdən, həmçinin Appalaç və Kordilyer dağlarından axan çaylardan yığır. Axdığı ərazilərdə sənaye, kənd təsərrüfatı və məişət əhəmiyyətinə malikdir. Təsərrüfat işlərinə daşqınların mənfi təsiri böyükdür.

Şimali Amerika ərazisində Sakit okean hövzəsinə aid olan dağ çayları qısa və bolsulu olması ilə fərqlənir. Bu çayların dərələrində nəhəng kanyonlar vardır. Kolumbiya və Kolorado çayları dağlıq ərazilərdən axdıqlarına görə hidroenerji ehtiyatları zəngindir. Bu çaylar üzərində tikilən SES-lər böyüklüyünə görə fərqlənir.

Bunlardan Kolumbiya üzərindəki Qrand-Kuli SES-i (ABŞ-da ən böyük SES) xüsusilə fərqlənir.

Şimali Amerikanın şimal-qərbindəki Yukon çayı Asiyadakı Sibir çaylarını xatırladır. Yukon çayı Sakit okeana axır.

Şımal Buzlu okeanı hövzəsinə aid olan çaylar ilin çox hissəsini buzla örtülü olur. Bu hövzənin ən böyük çayı Böyük Kölə gölündən başlayan Makkenzidir. Şimali Amerika çaylarının qidalanma rejimi və səviyyəsi müxtəlifdir.

Göllərinin ümumi sahəsinə görə Şimali Amerika yalnız Avrasiyadan geri qalır. Göllərdən ən böyükləri Böyük Ayı, Böyük Kölə, Vinnipeq və Atabaska tektonik və buzlaq mənşəlidir. Şimali Amerikanın Böyük Gölləri dünyada ən böyuk şirinsulu göllərdir.

Böyük Göllər kompleksinin tərkibinə beş göl daxildir. Bu göllər qrupu Müqəddəs Lavrenti çayı vasitəsilə Atlantik okeanına birləşir.Bu göllər qışda donmur. Onların hər biri özünəməxsus xüsusiyyətə malikdir. Göllərin ABŞ və Kanada iqtisadiyyatında mühüm rolu vardır. Onların sahilləri əhalinin sıx məskunlaşdığı ərazilərdən biridir. Göllər şirin su mənbəyi olmaqla yanaşı, turizm baxımından da əhəmiyyətlidir. Yuxarı Göldən Atlantik okeanına qədər gəmiçilik kanallarının uzunluğu 3900 km-dir.

Mənbə: Coğrafiya – 9. Ümumtəhsil məktəbləri üçün dərslik.
Müəlliflər: Elbrus Əlizadə, Nərminə Seyfullayeva, İrkən Aktoprak, Yelena Şabanova

 

0 şərh