Piknik üçün 3 orijinal qəlyanaltı

Əgər siz ailəniz və ya dostlarınızla təbiət qoynunda istirahət etməyə gedirsinizsə, bu zaman yaxınlarınızın ac qalmaması üçün ocaqda əsas yemək bişərkən siz piknik üçün bir neçə qəlyanaltı hazırlaya bilərsiniz. Biz sizə bunun üçün bir neçə orijinal və sadə qəlyanaltı resepti təklif edirik.

Badımcan kürüsü
Qabaqcadan hazırlanmış acılı badımcan kürüsü piknik üçün çox gözəl qəlyanaltı olacaq. Onu sadəcə çörək dilimlərinin üzərinə çəkməklə də yemək olar.

İnqrediyentlər:
300 q badımcan,
200 q pomidor,
2 diş sarımsaq,
göyərti dəstəsi,
2 xörək qaşığı zeytun yağı,
zövqə görə duz və istiot.

Badımcan kürüsünün hazırlanması:
Badımcanınları yuyun və sonra bir neçə yerdən çəngəl ilə deşin. Onları bitki yağı çəkilmiş tavaya düzün və 180°С dərəcə qızdırılmış sobada təxminən 10 dəqiqə bişirin. Sonra digər tərəfini çevirib yenə 8-10 dəqiqə bişirin.
Badımcanları sobadan çıxarın, soyuduqdan sonra qabığını təmizləyin, meyvə ətini çıxardıb çəngəl ilə əzin.
Pomidorları 2 dəqiqə ərzində qaynar suda saxlayın ki, qabığı rahat soyulsun. Sonra onları da təmizləyib xırda-xırda doğrayın. Sarımsağı əzin, göyərtiləri isə xırdalayın.

Bütün inqrediyentləri birləşdirin, üzərinə duz, istiot və zeytun yağı əlavə edib qarışdırın.

İçi doldurulmuş şampinyonlar
Bu maraqlı qəlyanaltının hazırlanması üçün orta ölçülü göbələklər pendir ilə doldurulur və sobada bişirilir.

İnqrediyentlər:
500 q şampinyon,
50 q pendir,
2 diş sarımsaq,
2 xörək qaşığı zeytun yağı,
şüyüd,
50 q zeytun,
zövqə görə duz və istiot.

İçi doldurulmuş şampinyonların hazırlanması:
Şampinyonları yuyun, alt hissələrini ayırıb xırdalayın və zeytun yağında qızardın.
Pendiri sürtkəcin xırda gözündən keçirin, sarımsağı əzin, şüyüdü isə xırdalayın.
Qızardılmış göbələkləri, pendiri, sarımsağı və şüyüdü birləşdirin, üzərinə duz, istiot və zeytun yağı əlavə edib yaxşıca qarışdırın.
Göbələklərin üst hissəsini yağ çəkilmiş tavaya düzün. Hər göbələyin içinə bir az alınmış qarışıqdan qoyun. Lakin diqqət edin ki, o həddən artıq çox olmasın, çünki bişirmə zamanı pendir əriyib göbələklərin kənarlarından axacaq.

İçi doldurulmuş şampinyonların üzərindəki pendir qızaranadək təxminən 30 dəqiqə ərzində 180°С qızdırılmış sobada bişirin.
Sobadan göbələkləri çıxarın və isti-isti hər göbələyin üzərinə bir zeytunun yarısını yerləşdirin.

Lavaş arası tərəvəzlər ilə kolbasa və pendir
Piknik üçün belə qəlyanaltı heç bir hazırlıq prosesi tələb etmir, çünki çox güman ki, onun hazırlığı üçün bütün lazımlı inqrediyentləri siz onsuzda təmiz havaya götürəcəksiniz. Onları sadəcə bir yerə yığıb və gözəl süfrə hazırlamaq lazımdır.

İnqrediyentlər:
lavaş,
200 q hisə verilmiş kolbasa,
100 q pendir,
50 q mayonez,
200 q pomidor,
200 q bolqar istiotu,
100 q kələm,
göyərti,
zövqə görə duz və istiot.

Hazırlıq prosesi:
Tərəvəzləri təmizləyib kiçik kub və ya uzunsov formada doğrayın. Kolbasanı nazik dilimlərə doğrayın, pendiri isə sürtkəcin xırda gözündən keçirin.
Lavaşa mayonez çəkin, üzərinə tərəvəzləri, kolbasanı və pendiri düzün, duz və istiot vurduqdan sonra isə büküb birazca qızdırın.

0 şərh