Gürcüstansayağı toyuq resepti

Satsivi ilə (qoz pastası ilə) toyuq – bu resept gürcü mətbəxinə aiddir, çox məşhur, dadlı və bir qədər də bahalıdır! Bu cür üsulla toyuğu dadan bir də başqa toyuq yeməyi istəmir.

Ərzaqlar:
Toyuq – 1 ədəd (iri)
Qoz ləpəsi – 500 qr.
Sarımsaq – 7 diş
Çox kəskin acika – 3 x.q.
Satsivi (qoz pastası) üçün ədviyyat qarışığı – 2 ç.q. (marketlərdə paket şəklində satılır)
Duz – zövqə görə.


Hazırlanması:
Əvvəlcə toyuq dilimlənir, sobada qızılı rəng olmaması şərti ilə bişirilir. Sonra ən əsas məsələ olan sous hazırlanır: Hər şeydən öncə yeməyin “ürəyi” sayılan qoz ləpəsini düzgün seçmək lazımdır, onlar tünd qəhvəyi deyil, açıq rəngdə olmalıdır. Qoz ləpələrinin qabığı təmizlənir, blenderdə püre halına salınır. Fikir vermək lazımdır ki, qoz püresinin içində azacıq da olsa iri qırıntılar qalmasın, pasta halında olsun.

İndi qozlu yağı hazırlayaq: Bunun üçün 3 x.q. qoz püresi götürürük, üzərinə 1 ç.q. acika, 6-7 diş sarımsaq əlavə edirik, onları ətçəkəndən keçiririk. Sonra kütləni tənzifin arasında sıxıb, yağını çıxarırıq. Sıxılmış qozlu kütləni isə yenidən digər qabdakı qozun üzərinə boşaldırıq.

Qozlu qarışığın üzərinə 1 l. qaynar su tökürük: bunu yavaş-yavaş, kütləni qarışdıra-qarışdıra əlavə edirik. Nəticədə, bizim qatıq qatılığında bir sousumuz alınacaq. Onun da üzərinə ədviyyatları əlavə edirik, qarışdırırıq.

Sonuncu mərhələ — toyuq tikələrini bu sousun içinə yerləşdirirsiniz. Nə qədər iştahaçıcı, nə qədər dadlı görünsə də, onu yemək üçün azı 4-5 saat gözləməli olacaqsız. Axı bu, soyuq yemək sayılır.

Satsivili toyuğu süfrəyə verən zaman üzərinə bayaq hazırladığımız qozlu yağı gəzdirib, xırdalanmış göyərtilər də səpmək lazımdır. Nuş olsun!

sufrem.az
 

0 şərh