Balıq bişirərkən nələrə diqqət etməli?

— Bəzi balıq növlərinin xoşagəlməz qoxusunu yox etmək üçün onun içini təmizləmək, yumaq, sonra üzərinə 2-3 dəfnə yarpağı və doğranmış soğan töküb bir neçə saat saxlamaq lazımdır.

— Balığın donunu böyük ləyəndə duz qatılmış soyuq suda (1 l suya 1 çay qaşığı duz) açırlar. Suyu bir neçə dəfə dəyişmək lazımdır. Balıq filesinin donunu isə havada açsanız yaxşıdır.

— Dəniz balığını bişirərkən onu 2-3 sm qalınlığında tikələrə doğrayın, minalanmış qazana, yaxud balaca çuqun qazana qoyun və üstünə soyuq su tökün (su balığı örtməlidir). Sonra kök, soğan, dəfnə yarpağı, döyülməmiş istiot əlavə edin və 20-30 dəqiqə vam odda bişirin. Əgər bundan çox bişirsəniz, balıq dadsız olur. Balığı vam odda bişirirlər ki, balıq tikələri dağılmasın.

— Əgər bişmə üçün balıq başları istifadə edilirsə, qəlsəmələri çıxartmaq lazımdır, əks halda bulyon acı və bulanıq olacaq.

— Balıq azca dağ olmuş yağda qızardılır, tikələr bir-birindən bir az aralı qoyulur ki, isti dəyməyən yerlərdən balığın şirəsi çıxmasın və balıq quru olmasın.

— Balığı qızardanda dağılmasın deyə, onu duzlayandan sonra, 10-15 dəqiqə masada saxlayın ki, duz balığın içinə hopsun.

— Əgər balığı 20-30 dəqiqə süddə saxlayıb (yaxud üstünə xama çəksəniz) günəbaxan yağında qızartsanız, balıq daha dadlı olar.



— Qızardılmış balığı yenidən qızdırdıqda tamını tamam itirir.

— Çəngəllər, nimçələr, tavalar balıq iyi verməsin deyə soyuq suda yuyur, sonra limon qabığı, sirkə, ya da çay qalığı ilə sürtür, qab yuyan vasitələrdən biri ilə yuyurlar.

— Balıq qoxusu az olsun deyə, qızartmaqdan əvvəl 2-3 saatlığa sirkədə isladılmış əsgiyə bükülür və ya üzərinə limon şirəsi çilənir.

— Bütün balıq konservlərini açanda, onları dərhal şüşə və ya saxsı qaba qoyun. Hətta soyuducuda konservləri öz qablarında saxlamayın, zəhərlənə bilərsiniz.

evdarliq.az

0 şərh