Nanə qurusunun hazırlanması

Ərzaqlar
Nanə yarpaqları (nə qədər bol olsa bir o qədər yaxşıdır, çünki quruduqda yarpaqlar büzüşür)

Hazırlanması
  • Əgər nanəni öz bağçanızdan yığırsınızsa, kökündən çıxartmayın, əksinə kökdən 1/3 aralı kəsin. Bu həmin kökdən yenidən nanə bitməsinə imkan verəcək. Kəsdiyiniz nanələri əlinizdə silkələyin. Beləcə, yarpaqlar arasında gizlənən həşaratlardan nanələri təmizləyəcəksiniz.
Nanə qurusunun hazırlanması
  • Bağçanızdan yığdığınız və ya marketdən aldığınız nanələri torpaq, qum və cücülərdən təmizləmək üçün dərin qabda soyuq su altında yaxşıca yuyun. Ta ki, qabdakı su tərtəmiz görsənənə kimi.
  • Yuduqdan sonra əlinizdə silkələyin, bir neçə saat kağız dəsmal və ya məhrəba üzərində otaq temperaturunda qurudun.
  • Suyu tam çəkilib quruduqdan sonra, nanə yarpaqlarını saplaqlarından ayırın. Saplağı dik tutun və yarpaqları aşağı dartın. Saplağın bərk hissəsində olan yarpaqları qopardın. Zərif saplaq hissələri qalsa da olar. Ayırdığınız bərk saplaqları ya ata bilərsiniz, ya da ayrıca qurudub, çay dəmləyərkən istifadə edə bilərsiniz.
  • Yarpaqları bircə qat halında kağız dəsmal və ya məhraba üzərinə düzün, otaq temperaturunda 3-5 gün qurudun, ta ki tam quru və xırçıldayan hala düşənə qədər. Qətiyyən birbaşa günəş altına qoymayın –  belə olduğu halda yarpaqlar qurumamış qaralacaqlar.
  • Qurumuş nanə yarpaqlarını şüşə qaba yığın. Qabı günəş vuran yerə qoymayın. Yarpaqları ovuq-ovuq edib şüşə qaba yiğa bilərsiniz və ya olduğu kimi saxlaya bilərsiniz. Qeyd edim ki, yarpaqları bütöv halda saxlasanız daha uzun müddət öz ətrini saxlayacaq. Hazırladığınız yeməyə tökməzdən əvvəl yarpaqları ovuclarınızda ovuşduraraq əzə bilərsiniz.
 
Mənbə: azcookbook.com
 

0 şərh