Balqabaq şirniyyatı necə hazırlanır

Türkiyə mətbəxinə 17-ci əsrdə daxil olmuş, ana vətəni Amerika olan bir bostan bitkisindən bəhs edəcəyik bu gün: Zoluşka nağılında faytona çevrilən, müxtəlif ölkələrdə cadugərlər bayramının simvolu olan, yarımkürə şəkilli və narıncı rəngli balqabaqdan.
Qızıl payızın bəxş etdiyi bu məhsul qədim dövrlərdən bəri müalicəvi əhəmiyyətə malikdir: bədəndən lazımsız mayeni çıxarır, sinir sistemini stimullaşdırır, mədə xorası, qastrit və yoğun bağırsağın iltihabını çəkir və s. Balqabağın tumları qurda qarşı əla vasitə, artıq çəkidən qurtulmaq istəyənlərə fayda və dəri üçün bərpaedici xüsusiyyətə malikdir.
Balqabaq şirniyyatı necə hazırlanır
İnsan orqanizmi üçün çox xeyirli olan balqabaq bir çox xalqın mətbəxinə daxil olub. Türkiyədə də olduqca geniş yayılan, Anadolu iqlim şəraitinə uyğunlaşan və sürətlə şaxələnən balqabağın meyvəmi, yoxsa tərəvəzmi olduğu mübahisələri hələ davam etsə də, bizim üçün əsas odur ki, o həm çiy, həm bişmiş yeyilən, həm də şirəsi içilən bir nemətdir.
Balqabaq ətli yavanlıqdan şorbaya, qutabdan (börek) şirniyyata qədər bir çox yeməklərdə istifadə olunur. Amma Türkiyədə balqabaq daha çox «kabak tatlısı» ilə sevilir və yeyilir.

Balqabaq şirniyyatı (kabab tatlısı) bişirmək üçün bu ləvazimata ehtiyac vardır:

  •  1 kq. qabığı qoyulmuş balqabaq,
  •  500 qr. şəkər tozu,
  •  1 stəkan qoz ləpəsi.
  •  Zövqə və istəyə görə süd qaymağı və ya krem.
  •  Bir neçə ədəd qərənfil.

Balqabaq şirniyyatının hazırlanma qaydası belədir.
Əvvəlcə iki barmaq qalınlığında doğranmış balqabaqı yuyuruq. Sonra onu geniş bir qazana düzür və üzərini örtəcək qədər şəkər tökürük. Qazan böyük deyilsə, balqabaq və şəkəri üst-üstə sıralamaqla da düzə bilərik. Sonda üzərinə qərənfil dənələrini töküb qazanın qapağını örtürük.
Balqabağın sulanıb şəkərin əriməsi üçün onu ən az 4 saat, mümkünsə gecədən səhərə qədər otaq temperaturunda saxlamaq yaxşı olar. Ertəsi gün balqabağı zəif odda təxminən 50-55 dəqiqə bişirmək lazımdır.  
Bişən balqabaq soyuduqdan sonra nimçələrə düzürük. Əgər qaymağı seviriksə, üzərinə bir az qaymaq (ya krem) sürtüb qoz ləpəsi dənələri səpirik. (Yəni bu, olsa da, olar, olmasa da.) Beləliklə, Türkiyə mətbəxinin “kabak tatlısı” şirniyyatı tam hazırdır və süfrəyə gətirə bilərik. Nuş olsun.
 
 
 
Mənbə: trt.net.tr
 

0 şərh