Qədim ərəb mədəniyyəti

VI-VII əsrlərdə Ərəbistan yarımadası ərazisində təqribən dörd milyon oturaq, üç milyon köçəri ərəb yaşamışdır. Lap qədimdən onlar iki böyük etnik qrupa bölünmüşlər: erkən orta əsrlərdə himyərilər adlandırılan cənublular və yarımadanın qalan hissələrində yaşayan b.e.ə. VII əsrdən ərəb adlandırılan köçərilər.
Hər iki etnik qrup sami-hami dilləri ailəsinə daxil olan eyniköklü dillərdə danışmalarına baxmayaraq, bir-birini çətinliklə başa düşür və buna görə də özlərini müxtəlif xalqlar hesab edirdilər.Onların həyat tərzində öz əksini tapmış fərq isə cənub və şimal ərəbləri arasındakı təzadı daha da dərinləşdirirdi. Onu da deməliyik ki, cahilliyyə (nadan­lıq) adlandırılan islama qədərki dövr ərəblərinin həyat və niəişəti haqqında əsas mənbə kimi qiymətləndirilən qədim ərəb poeziyası nümunələrində də Ərəbistan sakinlərinin özlərini ərəb adlandırmasına dair elə bir məlumat yoxdur. Ətraf qonşularının "ərəb" adlandırdıqlan Ərəbistan sakinləri bir xalq kimi yalnız VII əsrin I yarısında islam bayrağı altında birləşə bilmişdir.
Onu da qeyd edək ki, "ərəb" sözü əvvəllər etnik mənsubiyyəti bildirməmiş, yalnız «quraqlıq, xam torpaq» və onun sakinlərinə işarə kimi işlənmişdir. Sonralar bu sözün məna dairəsi genişlənmiş, "ərəb","Ərəbistan", "ərəb dili" terminləri meydana çıxmış və nəhayət "ərəb" sözü böyük bir xalqın adının ifadəçisinə çevrilmişdir.
Dilimizin, dinimizin, mədəniyyətimizin formalaşmasında müəyyən təsiri olmuş ərəb mədəniyyəti Azərbaycan alimlərini həmişə maraqlandırmışdır.
ərəb rəsm numunəsi
Ərəb mədəniyyətinin formalaşması əsasən VII əsrə təsadüf edir.Bu dövr tarixdə islam dininin meydana çıxdığı və ərəb istilaları nəticəsində Xilafət kimi böyük dövlətin yaranması ilə xarakterizə olunur. Xilafətə daxil olan xalqların mədəniyyətində ümumi formaların bərqərar olmasına həm dövlət, siyasət, həm də din, bəzi
yerlərdə isə dil birliyi geniş imkan yaratdı. Ərəb mədəniyyətinin inkişafmda islamı qəbul etsələr də, milli müstəqilliklərini saxlayaraq, sonradan dövlət müstəqilliyini də qazanmış xalqların-Orta Asiyanın, İranın və Qafqaz xalqlarının da mühüm rolu olmuşdur.
Ərəblər ərəb mədəniyyətini islam dini, ərəb dili və bədəvi poeziyası ənənələri ilə daha da inkişaf etdirdilər.
VII əsrin sonundan VIII əsrin ortalarına qədər Əməvilərin paytaxtı Dəməşqlə bərabər Ərəbistanda Məkkə, Mədinə, İraq ərazisində Kufə və Bəsrə şəhərləri ərəb mədəniyyət mərkəzləri olmuşdur. 750-ci ildə Abbasilər xilafətinin yaranması ilə ərəb mədəniyyəti mərkəzi Suriyadan İraqa-Bağdad şəhərinə keçmişdir. Bu şəhərdə üç əsr müsəlman Şərqi mədəniyyətinin görkəmli nümayəndələri bir-birini əvəzləyərək fəaliyyət göstərmişlər.
Ərəb mədəniyyətinin daha da tərəqqi etdiyi dövr IX-X əsrlərdir. Belə ki, bu dövrdə bir çox elmlər, o cümlədən, fəlsəfə,təbabət, fizika, riyaziyyat, astronomiya, coğrafiya, tarix və s. Inkişaf etmişdir. Yaradılan gözəl abidələr maddi mədəniyyət xəzinəsini daha da zənginləşdirirdi.
X əsrin ortalarında Abbasilər xilafətinin parçalanması və onun ərazisində müstəqil dövlətlərin yaranması ərəb mədəniyyətinin əhatə dairəsini, dünya mədəniyyətinin inkişafmdakı rolunu getdikcə azaldır. Belə ki, hələ VIII əsrdə Xilafətdən ayrılmış müsəlman İspaniyasında ayrıca ərəb-ispan mədəniyyəti, IX əsrin sonlarında xilafətin şəhər əyalətlərində İran mədəniyyəti və intibahı formalaşmağa başlayır. Fars dili getdikcə daha çox öz əhatə dairəsini
genişləndirərək, öncə ədəbiyyat və poeziya sahəsində, sonralar isə digər elm sahələrində də ərəb dilini sıradan çıxarır. Ancaq ərəb dili Quran dili, dini-hüquq və bəzi təbiətşünaslıq elmlərində, fəisəfədə hələ də öz əhəmiyyətini saxlayırdı.

VIII-X əsrlər ərəb mədəniyyətinin dünya mədəniyyəti tarixindəki yerini onu yaradanların dünyanın və insanın elmi-dini və bədii cəhətdən dərk olunması və yeni metodlar kəşf etməsi ilə müəyyənləşirdi. Sonralar ərəb mədəniyyəti nümayəndələrinin təşəbbüsü ilə bu irsin sistemləşdirilməsi və daha ətraflı tədqiqi başlandı. Ərəb mədəniyyətində elmi və bədii ənənələrin inkişafına baxmayaraq, XIII əsrin II yarısında epiqonçuluq geniş yayılmağa başlandı. Bəzi təşəbbüslər göstərilsə də, bu, ümumi mənəvi durğunluğa və bir sıra müsəlman ölkələrində — XIV-XV əsrlərdə İran və Orta Asiyada, XVI əsrdə Osmanlı Türkiyəsində və Avropada ərəb mədəniyyətinin inkişafmm mədəni yüksəlişin sürətindən getdikcə geri qalmasına təsir edə bilmədi.
Ərəb-ispan mədəniyyətinin tərəqqi dövrü X-XV əsrlərdir. Bu mədəniyyətin mərkəzləri Kordova, Sevilya, Malaqa və Qranada şəhərləri idi. Təbiətşünaslıq elmləri sahəsində böyük nailiyyətlər əldə edilmişdi. İbn Rüşdün əsərlərində ərəb fəlsəfəsinin mütərəqqi qolu inkişaf etdirilirdi. Bu dövrdə poeziya və ədəbiyyatda sonralar ərəb mədəniyyətinə daxil edilmiş əvəzsiz nümunələr yaradıldı. Maddi mədəniyyətdə İspaniya Mavritaniya memarlığı və tətbiqi sənəti şöhrət qazandı.İbn Xəldunun ictimai inkişafa dair tarixi-fəlsəfi nəzəriyyəsi ərəb mədəniyyətinin böyük müvəffəqiyyəti idi.
Tarixdən məlumdur ki, XVI əsrdə ərəb ölkələri Osmanlı imperiyasının əyalətlərinə çevrilmişdir. Suriya, İraq və Misir qədim mədəniyyət mərkəzləri kimi müsəlman alimlərinin diqqətini cəlb etsə də, artıq ərəb mədəniyyəti tənəzzülə başlamışdı.
XIX əsrin I yarısından isə Ərəb mədəniyyətinin yeni inkişaf dövrü başlayır. Yeni və ən yeni tarixi dövrdə ərəb ölkələrinin həm iqtisadi və siyasi cəhətdən oyanması, milli azadlıq hərəkatının genişlənməsi, həm də müstəqil ərəb dövlətlərinin yaranması ilə müasir ərəb mədəniyyətinin təşəkkülü başlayır.
Abbasilər xilafəti dövründə Bağdad öz kitabxana və təhsil müəssisələri ilə beyük elm mərkəzinə çevrilmişdi. Sonralar bu sıraya Dəməşq, Hələb, Qahirə, Marağa, Səmərqənd, Qəznə və s. şəhərlər də əlavə olundu.
Hindlilərdən alınmış onluq say sistemi geniş yayılmağa başladı.Ərəb dilində hesaba dair ilk əsərin müəllifi Xarəzmidir. Cəbrin riyazi fənn kimi formalaşmasında Xarəzminin və Ömər Xəyyamın mühüm rolu olmuşdur.
Ptolemey və hind alimlərinin astronomiyaya dair əsərləri tərcümə edilərək öyrənildi və astronomiyanın inkişafi başlandı.Ərəblər göy cisimlərinin koordinatlarını təyin etməyi, istifadə olunan üç koordinat sisteminin birindən digərinə keçidi işlədilər.
Yerin ölçülərini təyin etmək üçün dərəcə ölçməsi isə Xəlifə Məmunun dövründə aparıldı. Biruni, Xarəzmi, ər-Razi və s. mineralogiyaya dair əsərlər yazdılar. Biruninin «Məsudun qanunu»,«Mineralogiya» və İbn Sinanın «Bilik kitabı»nda atmosfer fizikasına və geofizikaya aid elmi müddəalar irəli sürülürdü. Heysəmin «Optika» əsəri isə hətta Qərbi Avropada da şöhrət qazanmışdı.
Tibb sahəsində də nailiyyətlər əldə edilmişdir. İbn Sinanın -Tibb elminin qanunu" orta əsr Şərq aləmində və Qərbi Avropada uzun illər tibbi praktikaya aid əsas vəsait olmuşdur.
Bütün xalqların ədəbiyyatı kimi ərəb ədəbiyyatı da öz təməlini şifahi xalq yaradıcılığından — götürmüşdür. İslama qədər yaradılmış ərəb ədəbiyyatı nümunələrinin yalnız az bir hissəsi dövrümüzə gəlib çatmışdır. Bunlar da VIII X əsrlərdə yazıya alınmışdır.
Məlumdur ki, cahiliyyə adlanan həmin dövrdə əsas poeziya janrı qəsidə olmuşdur. Bu janrın yeddi əsas nümayəndəsinin — İmrəul- Qeys, Tərəfə ibn əl-Əbd, Naqibə əz-Zubyani, Zuheyr ibn Əbi Sulma, Əntərə ibn Şəddad, Əşa və Ləbid Rabiənin qəsidələrindən ibarət külliyyat dövrün qiymətli ədəbi abidəsidir.
Lukman Ad, Əksəm ibn Seyfiyin, Kuss ibn Səidə, Əmr ibn Gülsüm ət-Təqlibi isə cahiliyyə dövrü nəsrinin baniləri hesab olunur. İslam dininin meydana gəlməsi və çox geniş ərazidə yayılması ərəb ədəbiyyatının daha da inkişafına səbəb oldu. Nəsrin inkişafmda Quranın müəyyən rolu olsa da, ədəbiyyatın əsas janrı poeziya idi.
Lakin bu dövrün poeziyasında qruplaşma meyli nəzərə çarpırdı. Belə ki, yaranan poeziya nümunələrinin çoxu bəzi siyasi və dini qrupların mənafeyini ifadə edirdi. Dövrün ictimai satirasının dəyərli nümunələri isə Azərbaycan şairi Musa Şəhəvatin qələminə məxsus idi.
Tədqiqatçılar Abbasilərin hakimiyyət illərini ədəbiyyatın «qızıl dövrü» adlandırırlar. Çünki bu dövrdə xilafətdə yaranan yeni ictimai-siyasi şərait ədəbiyyatda daha böyük dəyişikliyə səbəb olur. Dövrün tələbinə uyğun olaraq, yaranan ədəbiyyat (əsasən poeziya) ərəbdilli idi. Ancaq bu poeziyanın inkişafinda Azərbaycan şairlərindən İsmayıl ibn Yəssarın, Abbas əl-Əmanın, Musa Şəhəvatın, Əbu Nəsr Mənsur ibn Mümkan Təbrizinin və b. mühüm xidmətləri olmuşdur.
Yaranan poeziya nümunələri musiqi əsərlərində də öz əksini tapırdı. Ərəb musiqisi əsasən ərəb incəsənəti ilə bərabər işğal olunmuş ölkələrin incəsənətinin vəhdəti nəticəsində formalaşmışdır.
İslam dininin qəbul edilməsi, Yaxın və Orta Şərq, Şimali Afrika, cənub-qərbi Avropa ölkələrinin işğalı və Xilafətin yaranması musiqi mədəniyyətinin inkişafinda mühüm rol oynadı. Belə ki, yunan musiqi nəzəriyyəsinin əsasları qəbul edildi, fars və Bizans musiqisinin təsiri altında ərəb musiqisinin səsdüzümü genişləndi, farsların not yazısı,əsas musiqi alətləri ərəbləşdirildi. 7 pərdəli 12 məqama əsaslanan ərəb musiqisi üçün spesifik kolorit, rəngarəng melizmlər, məqamdan yaranan ifa tərzi və zəngin ritm xarakterikdir. Klassik ərəb musiqisi,əsasən vokal musiqisi ilə təmsil olunur.
Orta əsrlərin görkəmli musiqi nəzəriyyəçilərindən sayılan əl-Kindi, İsfəhani, Fərabi, o cümlədən Azərbaycan musiqişünasları Səfiəddin Urməvi və Əbdülqadir Marağayinin əsərlərində Şərq musiqisinə dair mühüm məlumatlar öz əksini tapmışdır. Bu dövrdə İspaniya, Portuqaliya musiqisinə, Avropanın bəzi musiqi alətlərinin formalaşmasına ərəb musiqisinin böyük təsiri olmuşdur.
Mənbə SƏDAQƏT MƏMMƏDOVA
MƏDƏNİYYƏTŞÜNASLIQ

0 şərh