Qədim Hind mədəniyyəti

Başqa Şərq ölkələri kimi Hindistanda da mədəniyyətin müxtəlif sahələri inkişaf etmişdi. Burada ədəbiyyat, incəsənət, memarlıq, təbiət elmləri sahəsində bəzi nailiyyətlər qazanılmaqla yanaşı, müxtəlif dini ehkamlar və təsəvvürlər də mövcud idi. Hindistanda əhali qədim dövrlərdə bitkilərə, aya, günəşə və çaya sitayiş edirdi. Hind-İran birliyi dövründə hindlilərin iranlılarla oxşar dini anlayışları olmuşdur. Belə ki, həm hind, həm də irandilli etnik birləşmələri oda,suya, əcdadlara, eyniadlı ilahi qüvvələrə inam bəsləyirdilər.Hindlilərin ilkin dini təsəvvürləri Riqvedada öz əksini tapmışdı.
Burada qədim hind panteonunun başında hindlilərin yerin və göyün allahı hesab etdikləri İndra dayanırdı. Eyni zamanda, ilkin dini təsəvvürlərdə od və ev himayədarı Aqni, günəş allahı Surya da təmsil olunurdu. E.ə. I minilliyin axırlarında Brahma, Vişna və Şiva allahlarına ibadət genişlənir. Allahların əksəriyyəti hətta qədim hind allahı Krişna da Vişnanın özünü onun yeni təcəssümü kimi göstərmişdi. Bu hind Allahı haqqında yayılan əfsanələrdə Krişnanın uşaqlıq və gənclik illəri öz əksini tapmışdır. Həmin əfsanələrdə, o həm də məhəbbət aşiqi, özünə qarşı sevgi hissləri təlqin edən allah təcəssümü kimi də ifadə olunur. «Mahabharata» dastanında isə Krişna hərbi bacarıq və qabiliyyətə malik cəsur bir döyüşçü kimi təsvir olunur.
qədim hind məbədi
Qədim Hind panteonunda təmsil olunan yüzlərlə allahlar insanlar kimi həyat sürürdülər.Qədim Hindlilər axirət dünyasına da inam bəsləyirdilər.Hindlilərin dini təsəvvürlərinə görə ölülər allahı hesab olunan Yama mərhumları qəbul edir, sağlıqlarındakı fəaliyyətlərinə görə onlara təyinat verirdi. (Cənnət yaxud cəhənnəm). Getdikcə axirət-dünyasına dair təsəvvürlər dəyişdi və hindlilər insanların həmişəyaşarlığını qəbul etdilər. Yəni,guya, insan öləndən sonra ruh yaşayır və başqa görkəmdə yenidən yaranır.
Yuxarıda qeyd etdiyimiz ilkin dini təsəvvürlər Hindistanda sonralar yaranmış digər dini cərəyanların ehkamlarına da öz təsirini göstərmişdir. Xüsusən də brahmanizmin formalaşmasında qədim dini təsəvvürlərin əhəmiyyətli rolu olmuşdur. Bu din öz təlimində cəmiyyətin müəyyən dərəcələrə (varna) bölünməsini əsas götürürdü.
Qədim Hindistanda silk (varna) brahman, kşatri, vayşya və şudra olmuşdur. Cəmiyyətdə sosial bərabərsizliyin inkişafı, ali və zadəgan təbəqələrinin qüvvətlənməsi, əsarət altına düşən əhalinin sayının çoxalması varna (silk) ictimai sistemini möhkəmləndirirdi. Bir sözlə,cəmiyyət üzvlərinin sosial bölgü ilə fərqləndirilməsi brahmanizm təliminin əsasını təşkil edirdi.
E.ə. I minilliyin ortalarında brahmanizmlə bərabər bəzi dini təlimlər də meydana çıxmışdı. Lakin bu dinlərin ehkamları yeni yaranan dövlətlərin təlabat və mənafelərinə uyğun gəlmədiyi üçün,müxtəlif dini təsəvvürlərlə qarşıdurma şəraitində buddizm yaranmağa başladı.
Buddizmin banisi, mənşə etibarilə kşatri silkinə mənsub olan Sidharth Qautama (e.ə. 566-486) öz təliminə Şimali Hindistanda başlamışdır.29 yaşmda öz ailəsini tərk edən Quatama, zahid olmus və bəşəriyyətin əzablardan xilas yolunu axtarmışdır. Yeddi ildən sonra o, Budda (nurlanmış) adlandırılmışdır. Budda, (Quatama) öz təlimini
40 il müddətində yaymaqla məşğul olmuş və sözsüz ki, bu fəaliyyətində onun tərəfdarlarının da mühüm rolu olmuşdur. Nəticədə çoxlu sayda rahib icmaları yaranmışdır. Eramızın I əsrində buddizmdə 2 qol: hinayana (xilaskarlığın dar yolu) və mahayana (xilaskarlığın geniş yolu) əmələ gəlmişdir. Onu da qeyd etmək lazımdır ki, bu qonların meydana çıxmasına Hindistanın ayrı-ayrı hissələrində mövcud olan sosial-siyasi şəraitin müxtəlifliyi səbəb olmuşdur.
Buddizmdə əsas yeri dörd müqəddəs həqiqət haqqında təlim tutur:
l. Yaşamaq əzab çəkməkdir.
2. Əzabların səbəbi arzulardır.
3. Əzablardan xilas olmaq üçün arzulardan çəkinmək lazımdır.
4. Arzulardan çəkinməyin çarəsi Buddanın təliminə əməl etməkdir.
Brahmanizmdən fərqli olaraq, buddizm silkləri qəbul etmirdi.Buddizimə görə ictimai və silki vəziyyətindən asılı olmayaraq hər bir kəsin nirvanaya (nicata) çatmaq hüququ vardı.

Eramızın VI-VII əsrlərində Hindistanda şəhərlərin əhəmiyyətinin azalması və feodal pərakəndəliyinin güclənməsi ilə əlaqədar buddizmin tənəzzülü başlayır. XII-XIII əsrlərdə isə o,Asiyanın başqa rayonlarına keçərək, meydana gəldiyi ölkədə mövqeyini itirdi.
Buddizm onu qəbul edən digər ölkələrin mədəniyyətində də öz izini qoymuşdur. Belə ki, buddizmin yayılması incəsənətin bir çox sahələrində-memarlıq, heykəltəraşlıq, rəssamlıq və ədəbiyyatda, elm və sxolastik təhsildə xüsusi sinkretik mədəni komplekslərin-Budda mədəniyyətinin yaranmasına səbəb olmuşdur.
Yuxarıda qeyd etdiyimiz kimi, qədim Hindistanın yüksək inkişaf etmiş mədəniyyəti vardır.
Hindlilər piktoqrafiyaya bələd idilər. Bu ölkədə başlıca əsərlər sanskrit dilində yazılmışdır. Daha doğrusu, «Veda», «Manu qanunlar məcəlləsi» və iki iri həcmli dastan: «Mahabharata» və «Ramayana» bu dildə yazılmışdır. Həmin dastanlarda qəhrəmanların igidliyi,onların səfər və istilaları təsvir olunur.
Hindistanda memarlıq da çox inkişaf etmişdir. Qayalarda yonulmuş məbədlərin, heykəl və digər şəkillərin gü­nümüzə qədər çatmış qalıqları bu fikiri söyləməyə əsas verir.
1526-cı ildə Böyük Moğollar imperiyasının yaradılması ilə Hindistanda memarlığın sürətli inkişafı başlanır. l569-1584-cü illər ərzində Aqrada inşa edilmiş qala, Fatihnur-Sikri qala şəhəri və s. şəhərsalma və fortifikasiya sənətinin gözəl nümunələrindəndir.Mərkəzi künbəzli məqbərənin klassik tipini isə 1565-ci ildə azərbaycanlı memar Mirək Mirzə Qiyas yaratmışdır. Bu Böyük Moğollar sülaləsinin hökmdarı (1530-1539, 1555-1556) Hümayunun şərəfinə Dehlidə inşa olunmuş Humayun məqbərəsidir.
Hind memarlığının dəyərli nümunələrindən biri də Böyük Moğollar dövrünə aid olan Tac-Mahal abidəsidir ki, Aqra şəhəri yaxınlığında Camna çayının sahilində tikilmişdir. Bu türbəni Moğol hökmdarı Cahan şah arvadı Mümtaz Mahal Banu Bəyimin qəbri üstündə inşa etdirmiş və sonralar özü də həmin türbədə dəfn edilmişdir.Türbəni türk memarı Ustad Məhəmməd İsa əfəndi səmərqəndli Məhəmməd Şərif, istanbullu Xan Rumi ilə birlikdə tikmiş, kitabə və bəzək işlərinin yaradılmasında isə Şiraz, Lahor, Təbriz, Dəməşq, Bağdad və Buxara ustaları iştirak etmişlər. Böyük bağ içərisində salınmış məscid, mehmanxana və s. ibarət olan bu geniş memarlıq ansamblının əsas hissəsi olan Tac-Mahal türbəsi hündürlüyü təqribən 74 metrə çatan beşguşəli möhtəşəm binadan və küncləri hündürlüyü təqribən 45 metrə çatan dörd minarədən ibarətdir. Türbənin divarları cilalanmış ağ mərmərdən tikilmiş, üzəri əqiq, mirvari, sədəf, kəhrəba, zümrüd, yaqut və s. kimi əlvan və qiymətli daşlarla bəzədilmişdir.
İngilis müstəmləkəçiliyi dövründə (XVIII əsr-1947) Hindistanda Avropa mədəniyyətinin təsiri güclənmiş, milli incəsənət tənəzzülə uğramışdır. Bu dövr ərzində köhnə şəhərlər-Kəlkətə, Mədrəs, Bombey genişləndirilmiş, Avropa memarlığı üslublarında yeni tikililər yaradılmışdır.
Hindistanda elmlər də xeyli inkişaf etmişdi. Riyaziyyat ən ali elmlərdən biri hesab olunurdu. Təkçə onu deyək ki, ərəblər "ərəb rəqəmləri" adlandırdıqları rəqəmləri Hindistandan alaraq Avropaya ötürmüşlər.
Hind musiqi mədəniyyəti də qədim ənənələrə malikdir. Belə klassik musiqi nümunələrindən e.ə. II minilliyə aid olan «Samaveda» ovsun nəğmələri məcmuəsini, eramızın I əsrinə aid teatr sənətindən,musiqi və rəqsdən bəhs edən «Natyaşastra» traktatını və s. göstərmək olar.
Azərbaycanla Hindistan arasında müxtəlif istiqamətli əlaqələr bütün dövrlərdə mövcud olmuşdur. İki ölkə arasındakı mədəni əlaqələrin inkişafı bəzən ləngimiş, bəzən bir müddət dayanmış, bəzən də sürətlə davam elmişdir. Lakin bu əlaqələr hər zaman işgüzar və dinc xarakterli olmuşdur.
Azərbaycan-Hindistan mədəni əlaqələri ədəbiyyatda da öz əksini tapmışdır. Tarixi məlumatlara görə Azərbaycan-Hindistan mədəni əlaqələrinin banilərindən biri məşhur Azərbaycan şairi Nizami Gəncəvi olmuşdur. Nizami Hind xalqının həyat və məişətini dərindən öyrənmiş və əsərlərində bu ölkəni «kamil həkimlər ölkəsi» adlandırmışdır. Nizaminin əsərlərində Hindistanın təbiəti, adət-ənənəsi, geyim tərzi, fəlsəfəsi və s. də öz əksini tapmışdır. Onun «Yeddi gözəl» poemasındakı gözəllərdən biri də məhz Hindistandan seçilmişdir. N.Gəncəvi, Xaqani Şirvani farsdilli Hind poeziyasına,xüsusən də böyük Hind şairi Əmir Xosrov Dəhləviyə (1262-1325) güclü təsir göstərmişlər. Dəhləvi Nizaminin təsiri ilə öz «Xəmsəsini yaratmışdır. Bəzi Orta əsr şairləri, o cümlədən Məsihi, Saib Təbrizi və s. müəyyən müddət Hindistanda yaşayıb-yaratmışlar. Bundan əlavə XIII əsrin sonlarında iki min illik tarixə malik Hind ədəbi abidəsi „Pəncə-tantra“ (»Kəlilə və Dimnə") bütünlüklə Azərbaycan dilinə tərcümə edilmişdir. Bu dastandan götürülmüş təmsillər, atalar sözləri əsasında Azərbaycan ədəbiyyatında çoxlu sayda bədii nümunələr meydana çıxmışdır. Respublika Əlyazmaları İnstitutunda saxlanılan «Kəlilə və Dimnə» dastanının iki əlyazmasından biri XVIII əsr rəssam-miniatürçüsü, tərcüməçi muğanlı Əvəz Əli Səfiqulu tərəfindən yazılmışdır.
Görkəmli Azərbaycan alimi, coğrafiyaşünas səyyahı, tarixçi-etnoqrafı, filosofu, ədəbiyyatşünası Hacı zeynalabdin Şirvani (1780-1837) 36 il ərzində Şərq ölkələrini, o cümlədən Hindistanı səyahət etmiş və təəssüratlarını farsca «Riyazüs-səyahə» («Cənnət bağı səyahətləri», I hissə 1821-22, II hissə 1826-27-ci illərdə tamamlanmışdır), «Hədayüqüs-səyahə» («Səyahət bağları» 1826-27), «Büstanüs-səyahə» («Səyahət bağı» 1832) adlı əsərlərdə ifadə etmişdir.
Hacı Zeynalabdin Şirvani Hindistanı səyahət edərkən Pəncabda, Dehqanda və Kəşmirdə olmuş, Dehli, Calalabad. Heydərabad, Allahabad və s. böyük Hind şəhərlərini əsərlərində təsvir etmişdir. O, Hindistanın Hind, Qanq, Braşaputra, Damodar və s. böyük və orta çay hövzələrini tədqiq edib öyrənmiş və özünün təəssüratlarını ümumiləşdirərək qələmə almışdır.
H.Z.Şirvani öz əsərlərində eyni zamanda Hindistanın tarixindən, məişətindən, adət və dinindən də bəhs edir. O, hindlilərin səyyahlara və qonaqlara xüsusi qonaqpərvərlik göstərmələrini, bu əməksevər xalqın musiqi mədəniyyətinin yüksək dərəcədə inkişaf etdiyini qeyd edir.
XIX əsrin görkəmli Azərbaycan filosofu və maarifpərvəri M.F.Axundov öz materialist və demokratik dünyagörüşünü «Hind şahzadəsi Kamalüddövlənin İran şahzadəsi Cəmalüddövləyə üç məktubu» adlı fəlsəfi əsərində daha dolğun surətdə ifadə etmişdir.M.F.Axundov Hindistanla əlaqə saxlayırdı və hind fəlsəfəsi sahəsində tədqiqat aparırdı.
Maraqlı bir tarixi faktı da qeyd etmək lazımdır ki, bu da 1530-39 və 1555-56-cı illərdə Hindistanın padşahı olmuş Nəsirəddin Hümayunun (1508-1556) ikinci dəfə Dehli taxtına çıxması ilə bağlıdır. Nəsrəddin Humayun atasından-Böyük Moğollar sülaləsinin banisi Baburdan irs qalan dövləti genişləndirmək məqsədilə öz qardaşları və qonşularına qarşı mübarizəyə başlamışdı.Onun mübarizə apardığı ən güclü rəqiblərdən biri də Bihar və Benqaliyanın qüdrətli hökmdarı Şerxan olmuşdur. Şerxan sonralar 1545-ci ilə qədər Hindistana şahlıq etmişdir.
Nəsrəddin Humayun 1939-cu ildə məğlubiyyətə uğrayaraq taxtdan salınır. Öz malikələrini tərk etmək məcburiyyətində qalan məğlub şah Qərbi Hindistan və Əfqanıstanı gəzdikdən sonra Azərbaycanın Səfəvilər sülaləsinin ikinci nümayəndəsi I Təhmasib Şahın (1524-1576) yanında qalmağı qərarlaşdırır. 1555-ci ildə yaranan əlverişli vəziyyətdən istifadə edən Humayun I Təhmasib Şahın hərbi köməyi ilə Pəncabda, Dehlidə və Aqrada öz hökmranlığını bərpa edir. Onun qoşun komandiri-sərkərdəsi də azərbaycanlı Bayram xan Baharlı olmuşdur.
Hind mədəniyyətinin özünəməxsus inkişafı ölkəni qədim dünyanın mədəniyyət mərkəzlərindən biri səviyyəsinə yüksəlmişdir.Bu mədəniyyətin Şərqi Asiya ölkələrinə də böyük təsiri olmuşdur.
Mənbə SƏDAQƏT MƏMMƏDOVA
MƏDƏNİYYƏTŞÜNASLIQ

0 şərh