Milli tikmə sənəti

Azərbaycan ailələrinin çoxunda ulu nənələrdən yadigar qalan zərif tikmələrə rast gəlmək mümkündür. Bir zamanlar çox dəyərli sayılan bu nümunələr nəsildən-nəsilə keçərək günümüzədək gəlib çıxıb.

Dekorativ-tətbiqi incəsənətin bir növü olan bədii tikmələrin tarixi çox qədimdir. Azərbaycan tikmə sənətinin təsvir vasitəsi olduqca zəngin və rəngarəngdir. Buraya müxtəlif növ sap, parça, muncuq, pilək və digər bədii materiallar daxildir.

Tikmə sənətində ən çox rəngli ipək saplardan istifadə olunur. Vaxtilə qızıl və gümüş tellərdən, ağac qabığı və fil sümüyündən hazırlanmış lövhəciklərdən, metal piləklərdən hətta qiymətli daş-qaşdan da geniş istifadə edilirdi.


Tikmə elə bir sənət növü idi ki, onunla həm sadə camaat, həm də zəngin təbəqəyə məxsus insanlar məşğul olurdu. XIX əsrdə yaşamış Azərbaycan şairəsi Xan qızı Natəvan gözəl şeirlərlə yanaşı, zərif tikmələrin də müəllifidir.

IX-XI əsr ərəb müəlliflərinin və klassik şairlərin əsərlərində də Azərbaycan tikmələri barədə məlumat verilir. Orta əsr bədii tikmə sənətinin mərkəzləri arasında Təbriz, Ərdəbil, Gəncə, Şamaxı və başqa şəhərlərin adı çəkilir. XVI əsrdə Səfəvi şahları bunun üçün xüsusi karxanalar yaratmışdılar. 

Azərbaycan bədii tikmələrində ən çox qızılgül, nərgiz, qərənfil, lalə, zanbaq, nar, heyva, alça çiçəkləri, sünbül, müxtəlif formalı yarpaqlar, bülbül, tovuz quşu, göyərçin, tutu quşu, şanapipik, sərçə, qırqovul, bildirçin, kəklik və digər motivlərə yer verilirdi.


XVIII-XIX əsrlərdə tikmə sənəti əvvəlki mövqeyini yavaş- yavaş itirir, güləbətin, pilək, zərənduz və digər tikmə növləri tədricən aradan çıxmağa başlayır. Buna baxmayaraq təkəlduz tikmə ənənələri davam edirdi.

Təkəlduz orta əsrlərdə Şəkidə geniş yayılmışdı və bu bu tikmə növündə naxışlar “gəzmə” və ya “doldurma” üsulu ilə salınırdı. Təkəlduzçular əsasən yerli və ya xaricdə istehsal olunan qırmızı, qara və tünd göy rəngli məxmər və mahuddan istifadə edirdilər. 

Bu gün də Azərbaycanda bədii tikmə məktəbi qorunub saxlanılır. Sənətkarların əl işləri beynəlxalq sərgilərin və muzeylərin ekspozisiyalarını bəzəyir.

azertag.az

0 şərh