Qadın, gözəllik və təsviri sənət

İnsan zəkası, ruhu, məhəbbəti XX əsr və XXI yüzilliyin əvvəllərində də gözəl planetimizin həyatında baş verən çaxnaşmalara, müharibələrə, soyqırımlara, saysız-hesabsız siyasi hadisələrə baxmayaraq, mədəniyyət, mənəviyyat, elm, maarif, incəsənət, ədəbiyyat və başqa humanitar sahələrdə böyük xarüqələr yaratmışdır.

Əsrlər boyu xeyirlə-şər qüvvələri arasında gedən mübarizələr texniki tərəqqi dövrümüzdə dəhşətli hal alıb. Şeytan cildinə girmiş məkrli adamlar ulu Tanrımızın insanlara bəxş etdiyi gözəllikləri, saf duyğuları, ləyaqəti, ali, kamil insan ruhunu, tolerantlıq, dostluq hisslərini yırtıcı, dağıdıcı psixologiyası ilə məhv etməyə çalışırlar. Milyonlarla insanların eli, obası, yurdu viran qalır. Bu fəlakətdən baş götürüb qaçan insanlar qaçqın, köçkün vəziyyətinə düşürlər.İnsanların taleyinə biganəlik, multikultural dəyərlərin unutdurulması, ikili standart siyasəti günün bəlasına çevrilib.  multikulturalizm

Belə bir dövrdə möhtərəm Prezident İlham Əliyevin fərmanı ilə 2016-cı ilin respublikamızda “Multikulturalizm ili” elan edilməsi şər qüvvələri öz mənfur əməllərindən çəkinməyə, dünyada haqq, ədalət, hüquq bərabərliyi, sülh, əmin-amanlıq, dostluq olmasına bir çağırışdır.Bəşəri və milli dəyərlərimizi yaşatmaq üçün böyük işlər görən, nəcib xidmətləri ilə dünya şöhrəti qazanan hörmətli Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xeyirxah fəaliyyəti Azərbaycan xalqının ürəyinin böyüklüyünü, mənəvi saflığını, gözəlliyini bütün dünyaya sevdirmişdir.

Ruhu, əqidəsi, mənəviyyatı alicənablıq hissilə yoğrulan xalqımız əsrlər boyu bütün millətlərə eyni gözlə baxmışdır. Ziyalılarımız dünya sivilizasiyasına, onu qurub-yaradanlara hüsn-rəğbət bəsləmiş, bəşəri dəyərləri öz elmi, bədii əsərlərində, çıxışlarında əks etdirmişlər. Bax, budur bizim amalımız, əqidəmiz, multikultural baxışlarımız!

Bu məqalə də bu məqsədlə yazılmış, dünya mədəniyyətinin parlaq bir sahəsi olan təsviri sənətin yaranması tarixinə qısa nəzər salınmış, bütün gözəlliklərin fövqündə olan qadın ülviyyətinin tərənnümünə, qadın incəsənət xadimlərinə həsr olunmuşdur.

Qadın, gözəllik və təsviri sənət. Bu üç sözdəki bağlılıq həmişə bir-birini tamamlamışdır. Bu üç sözün məzmunu gözəl harmoniya yaradaraq bəşər sivilizasiyasının əsasını qoymuşdur.Qadın bütün gözəlliklərin ən alisidir. Təbiətin əsrarəngiz gözəlliyi qarşısında səcdəyə duran insan qadın gözəlliyi önündə böyük Füzuli sayağı“Heyrət, ey büt, surətin gördükdə lal eylər məni,Surəti-halım görən surət xəyal eylər məni”— deyərək, məftunluq, eşq, məhəbbət zirvəsinə qalxmışdır. Qadın gözəlliyi insanı mənən, ruhən yaşayıb-yaratmağa həvəsləndirir, onun fəaliyyət imkanlarını artırır.

Qadına məhəbbət – həyata məhəbbətdir. Bu gözəlliyin, bu məhəbbətin məzmunu, mənası, hiss və duyğular mənbəyi bitib-tükənməzdir. O, min illər boyu bəşəriyyəti qurub-yaratmağa sövq etmiş, insan övladını ali məqsədlərə, ulu Tanrının bəxş etdiyi gözəlliklərin qarşısında insan təfəkkürünün yaratdığı möcüzələr aləminə—şeir, sənət, musiqi dünyasına çəkib aparmışdır. Bu aləmin ən ülvi möcüzəsi qadın idi. Onun zövqü, düşüncəsi, əqli, ən nəhayət həyat eşqi, övlad istəyi dünyamızın ən böyük möcüzələrini yaratmışdır. Cəmiyyətin qayda-qanunları, nizamı, səliqə-sahmanı qadınların adı ilə bağlıdır. Təbiətin qoynunda gözəlliklər içində ilk evi də, məişəti də qadın ürəyinin hərarəti, qadın əllərinin səliqəsi yaratmışdır. Nəsil artırmaq, övlad böyüdüb-tərbiyə etmək arzusu, istəyi görünür ilk dəfə qadın ürəyində baş qaldırmışdı.

Bax, bunlara görə də qadına həmişə ülvi varlıq kimi yanaşılmış, hər evin, ocağın başçısı kimi ona hörmət, izzət bəslənilmişdir. Qadının insan cəmiyyətindəki bu rolu, mövqeyi ağıllı zəkalar tərəfindən təqdir olunmuş, şəninə şeirlər yazılmış, mahnılar bəstələnmiş, gözəllikləri qayalara, daşlara həkk edilmişdir. İlk əlyazma kitablarını bəzəyən miniatürlər, ehramların, sarayların, qəsirlərin tavanlarını, sütunlarını, məbədlərin, kilsələrin divarlarını yaraşıqlı edən qadın barelyefləri, daş heykəllər qadınlara bəslənilən məhəbbətin əlaməti idi.

Qadın, onun gözəlliyi, bakirəliyi şumer, türk, Misir, Çin, yapon, hind, babil, yunan, Roma və başqa xalqların mifologiyalarında müqəddəsləşdirilərək, ulu varlıqlara, planetlərə, ulduzlara bənzədilmiş, təsəvvürlərdə onların bədii obrazları canlandırılmışdı. Yunan mifologiyasında Afina Pallada, Femida, Afrodita, Roma mifologiyasında Minerva, Venera gözəllik, məhəbbət, bilik, incəsənət, haqq-ədalət ilahələri sayılmış, onlara sitayiş edilmişdi.

Ötən beş min il ərzində Şərqi Asiya ölkələrində buddizm dininə mənsub olan qədim insanların yaratdıqları klassik incəsənət abidələri: məsələn, Kəşmirdəki Vişnu (e.ə. IX əsr), Hindistandakı ilahə Vacra Tara (e.ə. XI əsr) və onlarca tuncdan tökülmüş belə qadın heykəlləri buna əyani sübutdur. Ev, ailə ocağının, xoşbəxtliyin, ədalətin, xeyirxahlığın rəmzi olan bu müqəddəs ana-qadın heykəlləri əsrlər boyu insanlara yaxşı hisslər, gözəllik, nəciblik duyğuları aşılamış, onları yaxşı əməllərə ruhlandırmışdı.İllər, qərinələr keçdikcə təsviri sənət inkişaf etmiş, rəssamlığın yeni-yeni növləri meydana çıxmışdı. Müxtəlif dövrlərdə yaranmış rəngkarlıq, heykəltəraşlıq, miniatür incilərində gözəl qadın obrazları indinin özündə də diqqəti cəlb edir. Eramızdan hələ on dörd əsr əvvəl Misir məleykəsi Nefertitinin daş heykəlləri, rəsmləri qadın gözəlliyinin bütün dövrlər üçün rəmzinə çevrilmişdi. Assuriya padşahı Semiramida, yunan heykəltəraşı Praksitelin yaratdığı Afrodita heykəli (e.ə. IV əsr) ptolomeylər sülaləsinin sonuncu çariçası Kleopatra gözəllik nümunəsi sayılmış, yaradıcı dühaların, nəqqaşların, rəssamların ilham mənbəyi olmuşdu. Bu gözəl qadınların obrazlarını sənətin gücü ilə əbədiləşdirən qədim rəssamlar, heykəltəraşlar bununla qadın zərifliyini, qadın müdrikliyini tərənnüm etmişlər.

Ulu kökümüzün ruhundan qaynaqlanan müdriklərimizin ideyalarının, xalqlar dostluğunun və şəxsiyyətin ən yüksək insanlıq meyarının böyük carçısı Nizami Gəncəvi “İqbalnamə” poemasında bütün insanların bərabər olmasını arzulayır (səh. 483), yeddi alimlə söhbətində insanın elm, bilik öyrənməsini (səh. 493) vacib sayırdı. İrqi, milli, dini ayrı-seçkiliyi pisləyir, “Yeddi gözəl” poemasında 7 iqlim ölkəsindən olan türk, rum, məqrib, hind, slavyan, çin, Xərəzm qadınlarının mənəviyyatını, gözəlliyini ülviləşdirirdi. Dahi Nizami dühasının yaratdığı “Xəmsə”də ilahi sevgi hissilə təsvir edilən məhəbbət rəmzi Leylinin, ağıllı, müdrik, adil hökmdar Nüşabənin, alicənab Məhinbanunun, sədaqət timsalı Şirinin, qoçaq Fitnənin və bu kimi qadın obrazları dünya ədəbiyyatında gözəllik, nəciblik, vəfa, sədaqət, ülvilik rəmzinə çevrilmişdir. Bütün bu obrazlar, Azərbaycan və Şərq rəssamlarının çəkdikləri miniatürlər milli mədəniyyətimizin dünya təsviri sənətinin parlaq səhifələrini təşkil etmişdir.

İnsanın, xüsusilə qadının gözəlliyini, mənəvi, psixoloji varlığını, əzəmətini, hiss və həyəcanlarını, ruhunu bütün dramatizmi ilə ifadə etmək yunan, italyan və sonralar bütün Avropa rəssamlığının ənənəsinə çevrilmişdir. Bu cəhətdən XV əsrin axırları — XVI əsrin əvvəllərində intibah dövrünün ən yüksək mərhələyə çatdığı bir vaxtda görkəmli italyan rəssamı Leonardo da Vinçinin (1452-1519) yaratdığı “Cokonda” (“Mona Liza”), “Madonna gül ilə”, Rafaello Santinin (1483-1520) “Məryəm, körpə İsa və Yuhənnə”, “Qranduka”, “Cuavanna Araqona”, Sandra Bottiçelinin (1444-1510) “Bahar”, “Üç pəri”, “Veneranın təvəllüdü”, Titsianın (1477-1576) “Tövbə edən Maqdalena”, Qvido Reninin (1575-1642) “Şəfqətli qadın” və başqa rəngkarlıq əsərləri diqqəti cəlb edir.

Məşhur ispan rəssamı El Qrekonun (1541-1614) “Müqəddəs ailə”, Flamand rəssamı Piter Paul Rubensin (1577-1640) “Kamertiska”, Holland rəssamı Rembrantın (1606-1669) “Danaya”, “Qoca qadın”, “Versaliya”, “Müqəddəs ana”, XVIII əsrin görkəmli fırça ustası Fransisko Qoyyanın (1746-1828) “İspaniyalı aktrisa Antoniya Seretanın portreti”, məşhur ingilis rəssamı Tomas Gensboronun (1727-1788), “Məşhur aktrisa Sara Siddonsun portreti”, XIX əsrin görkəmli rus rəssamı Karl Bryullovun (1757-1825) “Y.P.Samoylovanın portreti”, “Atlı qadın”, “Türk qadını”, “Baxçasaray fəvvarəsi” və sair yüzlərlə rəngkarlıq əsərləri təsviri sənətin şedevrləridir.Yer üzündə bütün istək, arzu, məhəbbət qadının varlığı ilə üzə çıxır. Həyatın da, incəsənətin də gücü məhz bundadır. Qadın və onun gözəlliyi ilham mənbəyi, yaradıcılıq eşqi olduğu üçün dünya mədəniyyəti, incəsənəti yüksək səviyyəyə çatmışdır. Bu gün Avropanın, Amerikanın muzeylərinə, şəkil qalereyalarına baxanda nə qədər gözəl qadın surətlərinə rast gəlirik. Bu əsərlərdəki qadınların simasında nəciblik və gözəllik estetik zövqümüzü cilalayır, qadınlığa, onun bəşər sivilizasiyasındakı böyük roluna məhəbbətimizi artırır.

Qadının varlığı, onun gözəlliyi kişiləri xariqələr yaratmağa sövq etdiyi kimi, bu zərif, incə məxluqun özünü də sənət meydanında bacarığını, gücünü göstərməyə həvəsləndirmişdi. Dünya incəsənəti tarixinə göz gəzdirəndə orada nə qədər bacarıqlı, incə zövqlü sənətkar qadının olduğunu görürük.Budur, hələ XVI əsrdə İtaliyada Suzanna Kür adlı bir qadın əlinə fırça götürüb şəkillər çəkirmiş. Onun yurddaşı rəssam Sofonioba Anguisola əfsanəvi mövzularda əsərlər yaradırmış.Venesiya ustalarının varisi Rozalba Korreranın üç əsr bundan əvvəl çəkdiyi avtoportretlər sənətsevərləri valeh edirmiş. Onun “Qışda”, “Naxırçı qız” və başqa əsərlərində qadın geyimləri xüsusi zövqlə təsvir olunmuşdur.

İsveçrənin Xure şəhərində 1741-ci ildə rəssam ailəsində anadan olmuş Anjelika Kauffmanın hələ 10-11 yaşında ikən çəkdiyi şəkillər Yepiskop Nevroninin xoşuna gəldiyi üçün öz portretini çəkməyi bu balaca rəssamdan xahiş etmişdi. Anjelika 13 yaşında atası ilə İtaliyada, Milanda olmuş, bu ölkənin böyük rəssamlarının əsərlərini görüb, onlardan çox şey öyrənmişdir. O, burada Uffitsi rəsm qalereyasının kolleksiyasında saxlanılmaq üçün ilk avtoportretini çəkmişdi. Bu istedadlı qadın dövrünün tanınmış rəssamlarından biri olmuş, 1765-ci ildə Müqəddəs Luki Akademiyasına, üç il sonra isə Fransa Kral Akademiyasına üzv qəbul edilmişdi. Anjelikanın istedadına və yaradıcılığına böyük alman şairi Höte yüksək qiymət vermişdi.

Fransız Elizabet Luiz-Lebren Parisdə dəbdə olan portretçi rəssam kimi tanınmışdı. O, 28 yaşında ikən Kral Akademiyasının üzvi idi.

XVIII əsrin və XIX yüzilliyin əvvəllərində fransız incəsənətində gözə görünən daha bir rəssam qadın Adelaida Labil Hiyar olmuşdu. O, çəkdiyi portretlərində Van Deykin Avropa rəngkarlığına gətirdiyi zadəganlıq, alicənablıq manerası ənənələrini davam etdirmiş, qadın füsunkarlığını, qadın zərifliyini əyani olaraq canlandırmağa çalışmışdı. 1791-ci ildə Fransa Saray Rəssamı Şahzadəsi fəxri adına layiq görülmüşdü.

XIX əsrin 70-ci illərində Fransada impressionizm cərəyanının fəal nümayəndələrindən biri olan Berta Morizo rəngkarlıq sənətində Qoyya ənənələrini yaşadaraq Eduard Manenin şagirdi kimi uğurlar qazanmışdı. O, 1874-cü ildə impressionistlərin sərgisində ilk dəfə “Beşik başında”, “Mütaliə” tabloları, bir sıra portretləri və mənzərə əsəri ilə çıxış etmişdi. O zamanın tənqidi Berta Morizo haqqında yazırdı ki, bu rəssam qadın çox istedadlıdır. Onun rəngli qələmlərlə və akvarellə çəkdiyi işlər incə və gözəldir. Əsas mövzusu qadın portretləri və mənzərələrdən ibarət olan bu əsərlərdə güclü kolorit, rənglərin hormoniyası vardır.

XIX əsrdə və XX əsrin əvvəllərində qadın rəssamları daha geniş mövzulara müraciət etmişlər. Bu cəhətdən alman rəssam qadını Kete Holvits diqqəti cəlb edir. Onun qara tuşla çəkdiyi avtoportretlərdə zərif qadın sifəti təsvir olunsa da, burada əzab çəkən, öz taleyindən narahat olan qadın obrazı canlanmışdır.

“Gərək güclü hiss edəsən ki, başqaları da səni duya bilsin”. Böyük musiqiçi Paqanininin bu sözləri 1899-cu ildə avtoportretini çəkmiş Anna Qolubkinanın yaradıcılığına epiqraf kimi yazıla bilər.

XX əsrdə müxtəlif millətlərdən olan rəssam, heykəltəraş qadınların sənət uğurları fərəh hissi doğururdu. Rusiyada Zinaida Serebryakova, Natalya Qonçarova, Lyubov Popova, Vera Muxina kimi rəssamlar, heykəltəraşlar böyük yaradıcılıq yolu keçmişlər. Latış Daste Liepa, eston Linda Markus, qazax Gülfayzul İsmayılova, başqırd Adiyə Siddiqova, buzyat Mariya Metelnikova və başqa təsviri sənət ulduzları öz gözəl əsərlərilə şöhrət qazanmışlar.

Azərbaycan qadını da tarix boyu zərif hisslərini ifadə etmək üçün doğma yurdunun laləli düzlərinin min bir rəngli çiçəklərinin ətrini toxuduğu xalçalara köçürmüş, hətta cəhalətin haram buyurduğu rəsm çəkmək işində də öz bacarıq və istedadını sınamış, bədii və gözəl əl işlərini yaratmışdır.

Azərbaycanın rəssam qadınları da öz istedadları, mənəvi saflığı, gözəlliyi ilə tanınmışlar. İlk rəssamlıq təhsili görmüş Qeysər Kaşıyeva (1893-1973), ilk qadın heykəltəraş Zivər Məmmədova, xalq rəssamı Maral Rəhmanzadə, əməkdar incəsənət xadimləri- Vəcihə Səmədova, Elmira Şahtaxtinskaya, Güllü Mustafayeva, Münəvvər Rzayeva, Bədurə Əfqanlı, qrafik Mənzər Ağayeva, Vəfa İbrahim qızı, təsviri sənətin müxtəlif sahələri ilə məşğul olan digər qadınlarımız incəsənətimizə yeni nəfəs gətirən gənclərimiz ailə, övlad, ev, məişət mədəniyyəti, gözəllik mövzuları tərənnüm etmiş, milli mədəniyyətimizin inkişafında böyük rol oynamışlar.

Budur, bizim dünya xalqlarına, onların mədəniyyətlərinə, multikultural, tolerantlıq baxışlarımız! Əlinə qələm, fırça alan, yazıb-yaradan, musiqi bəstələyən, dostluq, azadlıq, tərəqqi sevən ziyalılarımızın amalı! Fəxr edirəm ki, həmin ziyalılardan biri kimi, mədəniyyət tariximizə bəxş etdiyim elmi tədqiqatlarıma, sülhsevər mətbuatımızın səhifələrində müntəzəm çıxışıma görə Azərbaycan Qadınlar Cəmiyyətinin təqdimatı ilə 2006-cı ildə Beynəlxalq Sülh Federasiyası, Dünyada Sülh uğrunda Dinlərarası Beynəlxalq Federasiyasının “Sülh Məramlı səfiri” adına layiq görülmüşəm.

Müəllif : Sabir Gəncəli, tarix elmləri doktoru, yazıçı-publisist
Mənbə: respublica-news.az/

0 şərh