XIX əsr – XX əsrin əvvəllərində dünya mədəniyyəti

“Sənaye cəmiyyəti” və mədəniyyət. İqtisadiyyatın əsasını təşkil edən sahələr müxtəlif tarixi dövrlərdə dəyişmişdir. Oturaq həyata keçidlə başlayan və kənd təsərrüfatının üstün olduğu aqrar cəmiyyəti sənaye çevrilişi nəticəsində sənaye cəmiyyəti əvəz etmişdir. Cəmiyyətin sosial-iqtisadi vəziyyətində baş verən bu dəyişiklik mədəniyyətin inkişafına və onun yeni xüsusiyyətlər qazanmasına səbəb olmuşdur. XIX əsrin sonu – XX əsrin əvvəllərində ticarət, nəqliyyat və rabitə vasitələrinin inkişaf etməsi xalqlar arasında mədəni əlaqələrin genişlənməsini sürətləndirdi. Bununla da, mədəniyyətin kütləviləşməsi prosesinin əsası qoyuldu.

Kütləvi mədəniyyətə doğru. Mədəniyyətin kütləviləşməsi XIX əsrin sonlarından başlanmışdı. Bunun sosial-iqtisadi səbəbləri var idi. Belə ki dəmir yolları sayəsində nəqliyyat sahəsində inkişaf baş verdi. Məcburi hərbi xidmət əhalinin müxtəlif təbəqələri arasında sosial baxımdan əlaqələrin genişlənməsinə şərait yaratdı. Təhsil sahəsindəki inkişaf və mətbuatın genişlənməsi də mədəniyyətin kütləviləşməsinə təsir göstərdi. Həmçinin texniki inkişaf (fotoqrafiya, kino və s.) əhalinin daha geniş təbəqələri arasında mədəniyyətin yayılmasına imkan verdi. Foto məlumatötürmənin önəmli vasitələrindən birinə çevrildi. 1895-ci ildə Lümyer qardaşları tərəfindən yaradılan kino 1920-ci illərin sonlarına qədər səssiz formada inkişaf edirdi.

Reallıqdan impressionizmə. XIX əsrdən başlayaraq mədəniyyətin bütün sahələrində abstrakt (mücərrəd) janrlar özünü göstərməyə başladı. Bunun səbəbləri cəmiyyətdə baş verən siyasi, iqtisadi və sosial dəyişikliklər idi.XIX əsrin ortalarında fransız rəssamı Qustav Kurbet mövcud incəsənət anlayışlarına son qoyub gündəlik həyata aid rəsmlər çəkməyə başladı. O, realist sənət cərəyanını yaradanlardan biri idi. Əvvəlcə tənqid olunsa da, bu cərəyan sonralar çox genişləndi.
XIX əsrin ikinci yarısında rəssamlıqda impressionizm hərəkatı yarandı. Bu hərəkatın üzvləri boyanın xüsusi qablarda saxlanmasını təmin edən texniki yenilik nəticəsində açıq havada rəsmlər çəkirdilər. Əsərlərin əsas mövzusuna çevrilən mənzərə rəsmlərində işığın əks olunması təsvir edilirdi.
Holland rəssamı Van Qoq impressionizmin məşhur nümayəndələrindən biri idi.Türk rəssamlığında Qərb tərzi XIX əsrdə hərbi məktəblərdə texniki rəsm dərsləri ilə başlanmışdı.

Memarlıqda yeniliklər. XIX əsrdə sənaye artıq cəmiyyətin bütün sahələrinə: iqtisadiyyata, siyasətə və mədəniyyətə böyük təsir göstərməkdə idi. Burjuaziya cəmiyyətdə hakim rol oynayırdı. Sənaye cəmiyyəti bərqərar olmuşdu. Sənaye səmərəli üsulları və elmi araşdırmaları zəruri etdiyindən ənənəvi sahələr inkişaf edir, yeni elm istiqamətləri yaranırdı. Sənaye çevrilişinin sürətlənməsi mədəniyyətin bütün sahələrinə təsir göstərmişdi. Memarlıqda yeniliklərdən biri dəmir və polad konstruksiyalardan istifadə edilməsi idi. Bu baxımdan Parisdə 1889-cu ildə tikilən Eyfel qülləsi parlaq nümunə hesab edilə bilər. Qüllə Fransa inqilabının yüzilliyi münasibətilə keçirilən sərginin giriş qapısı kimi mühəndis Qustav Eyfel tərəfindən müvəqqəti tikilmişdi. Lakin bu dövrdə inkişaf edən rabitə üçün əlverişli olduğuna görə saxlanılmışdı.
Dəmir, şüşə və beton bu dövrün əsas memarlıq ünsürləri idi. Zamanın xüsusiyyətlərini özündə əks etdirən tikililərdən biri Londonda ucaldılan ilk Dünya Ticarət binasıdır. 1850-ci ildə tikilmiş və “Kristal saray” adlanan bina ənənəvi üslubda deyildi.
XIX əsrdə Osmanlı memarlığında Qərb tərzi geniş yayılmağa başladı. Sultan Əbdülməcidin dövründə tikilən və Avropa saraylarına bənzəyən Dolmabağça sarayı da bu dövr memarlığının ən məşhur nümunəsidir.

Musiqi. 1789-cu il Fransa inqilabı və XIX əsrin əvvəllərindəki milli azadlıq hərəkatları klassik musiqinin görkəmli nümayəndəsi Lüdviq van Bethovenin yaradıcılığına güclü təsir göstərmişdir. O, “Üçüncü simfoniya”sını Avropaya demokratiya gətirdiyinə inandığı üçün əvvəlcə Napoleon Bonaparta həsr etmişdi. Lakin 1804-cü ildə Napoleon özünü imperator elan etdiyinə görə bundan imtina etmişdi. Bethovenin yazdığı “Doqquzuncu simfoniya” müasir dövrdə Avropa İttifaqının himnidir. Romantizm XIX əsrin sonlarına qədər musiqi sahəsində üstünlüyünü saxladı. Rus bəstəkarı Pyotr Çaykovskinin əsərləri müasir dövrdə də öz təsirini davam etdirir. İtalyan bəstəkarı Cüzeppe Verdi İtaliyanın Avstriya işğalına qarşı azadlıq hərəkatına aid bir neçə opera yaratmışdır. Onun adı və əsərləri Avstriya işğalına qarşı İtaliya azadlıq hərəkatının rəmzlərindən birinə çevrilmişdir.

Ədəbiyyat.Bu dövrdə şair və yazıçılar öz əsərlərində ictimai-siyasi problemlərə daha geniş münasibət bildirməyə başladılar. Türk ədəbiyyatına ilk dəfə Qərb mədəniyyəti nümunələrini gətirən İbrahim Şinasi olmuşdur. O, türk dilində qəzetin və teatrın əsasını qoymuşdur. XIX əsr türk düşüncə tarixinin ən böyük siması vətən və hürriyyət şairi Namiq Kamaldır. Onun fikrincə, iftixar dolu zəngin keçmişi olan türk xalqı Qərb sivilizasiyasının nailiyyətlərini mənimsəyib onu digər Asiya xalqlarına yaymalıdır.

Hindistanın mədəniyyət və ictimai xadimi Rabindranat Taqorun əsərləri bədii kamilliyi və fəlsəfi dərinliyi ilə dünyada məşhur idi. Onun “Qora” adlı romanı 1913-cü ildə ədəbiyyat üzrə Nobel mükafatı almışdır. Romanın əsas qəhrəmanı Qora Hindistanın azadlığı və inkişafını bütün təbəqələrin hinduizm dini ətrafında birləşməsində görür. Müəllif burada sosial bərabərsizliyi tənqid edir.

Jül Vernin əsərlərində fantastika üstün idi. Bu dövrdə romantizmi duyğulara daha az yer verən cərəyanlar əvəz etdi. Rus yazıçıları Fyodr Dostoyevski, Anton Çexov və Lev Tolstoy dünya ədəbiyyatına böyük təsir göstərdilər.

Fransız yazıçısı Emil Zolya əsərləri ilə yanaşı, ictimai həyatda ədalətsizliyə qarşı mövqeyi ilə də yadda qalmışdır. O, Fransa ordusunda xidmət edən Dreyfusa yəhudi olduğu üçün göstərilmiş ədalətsiz münasibətə qarşı etiraz səsini yüksəltmişdir.

Elm. İmpressionist rəssamların sənət və real həyat arasındakı münasibətlərə tənqidi yanaşmaları 1850-ci illərdən sonra böyük inkişafın baş verdiyi elmə də təsir göstərdi. Tibb, biologiya və fizikada təcrübə üsulu yeni kəşflərə səbəb oldu. XIX əsrin sonlarında maddə və enerji arasındakı münasibətləri təyin edən kəşflər edildi.

XIX əsr müsəlman dünyasının ən məşhur filosoflarından biri əslən Cənubi Azərbaycandan olan Cəmaləddin Əfqanidir. O, Hindistanda və Əfqanıstanda ingilis müstəmləkəçiliyinə qarşı çıxmış, Qərb imperializmi ilə mübarizə aparmaq üçün müsəlmanların birləşməsi ideyasını irəli sürmüşdür. Əfqaniyə görə, İslam dünyasının tərəqqisi üçün elmin, təhsilin inkişafı və müasirləşməsi əsas şərt idi.

XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində türk dünyasının düşüncə tarixinə ən böyük təsir göstərənlərdən biri Krım tatarı İsmayıl Qaspıralı idi. O, Rusiyadakı türk-müsəlman xalqlarının mədəniyyət və təhsil yolu ilə birləşməsini, bunun qadın hüquqlarına hörmət və dünyəvi təməl üzərində qurulmasını istəyirdi. Qaspıralının düşüncələri Qazan tatarı Yusuf Akçuraya və Azərbaycan türkü Əli bəy Hüseynzadəyə də böyük təsir göstərmişdir.

Alman filosofu Fridrix Nitsşe və başqaları şəxsiyyətin ucaldılmasını təbliğ edən cərəyanın əsasını qoydular. 1870-ci il Fransa–Prussiya müharibəsində könüllü iştirak edən Nitsşenin “Belə buyurdu Zərdüşt” əsəri dünya klassik nümunələri arasında göstərilir. Onun bir çox əsərlərində almanlara mənfi münasibət hiss olunsa da, sonralar Almaniyada nasistlər Nitsşenin fəlsəfəsindən istifadə etmişdilər.

XIX əsrin ikinci yarısında alimlər elektromaqnit dalğaları haqqında tədqiqatlar apardılar. Bu tədqiqatlar nəticəsində rus alimi Aleksandr Popov və italyan alimi Qulyelmo Markoni ayrı-ayrılıqda radionu ixtira etdilər. XIX əsrin sonlarında alman alimi Vilhelm Rentgen gözəgörünməz şüaların mövcud olduğunu sübut etdi. Elektromaqnit dalğalarının bir növü olan bu dalğalar “Rentgen şüaları” adlandırıldı.

XX əsrin əvvəllərində Albert Eynşteyn Ümumi nisbilik nəzəriyyəsini irəli sürdü. O, cisimlərin ölçüləri ilə vaxt uzunluğunun nisbiliyini, məkan və zamanın maddi obyektlərin hərəkətindən asılı olduğunu sübut etdi.
 

0 şərh