Mədəniyyətin XX əsrin ikinci yarısında inkişafı

XX əsrin ikinci yarısında bəşəriyyət böyük elmi- texniki inkişafa nail oldu. Atom enerjisinin kəşf edilməsi, kosmosun fəth olunması, yeni texnologiyaların (kompüter, robot, peyk əlaqəsi və s.) meydana gəlməsi mədəniyyətin forma və məzmununda dəyişikliklərə uğraması ilə nəticələndi. Bu dəyişikliklərin müsbət və mənfi nəticələri yarandı.

dünya sivilizasiyasi

Dünya mədəniyyətinin mərkəzi dəyişir.

İkinci Dünya müharibəsindən sonra dünyanın siyasi və sosial-iqtisadi həyatında qlobal dəyişikliklər baş verdi. Soyuq müharibə nəticəsində dünyanın iki qütbə bölünməsi mədəniyyətə də təsir göstərdi.
SSRİ-nin kommunizmi ixracetmə siyasətinə qarşı ABŞ liberal mədəniyyət mübarizəsinə başladı. Bu mübarizənin üsullarından biri ABŞ sənət xadimlərinin dünyada tanıdılması idi. Müharibə illərində böyük zərər görmüş Paris dünyanın incəsənət mərkəzi olma xüsusiyyətini itirmişdi. Artıq bu mərkəz Nyu-York hesab edilirdi. Əslində, bu, ABŞ-ınyeni mədəniyyət siyasətinin tərkib hissəsi idi. Amerika mədəniyyəti ixrac olunur və bütün dünyaya təsir göstərirdi. Oturaq həyata keçidlə başlayan və kənd təsərrüfatının üstün olduğu aqrar cəmiyyəti sənaye çevrilişi nəticəsində sənaye cəmiyyəti əvəz etmişdir. XX əsrin ikinci yarısında isə sürətlə inkişaf edən informasiya və kommunikasiya vasitələri informasiya cəmiyyəti anlayışının yaranmasına səbəb oldu. İnformasiya əsas istehsal amilinə çevrildi. Sənaye cəmiyyətində istifadə edilən insan və maşın gücünü düşüncə və ağıl gücünün əvəz etməsi yeni dövrün xüsusiyyətlərindən biridir. İnformasiya cəmiyyətinin təsir etdiyi sahələrdən biri də mədəniyyətdir.

Müharibədən əvvəl Almaniyadan ABŞ-a köç edən “beyin axını” elmi inkişafa təsir göstərdi. Bu axının təsirləri 60-cı illərə qədər davam etdi. İkinci Dünya müharibəsi illərində ABŞ-da yaradılan kompüter həyatın bütün sahələrinə təsir göstərdi.

Raket texnologiyasının inkişafı nəticəsində 1957-ci ildəilk süni peyk kosmosa SSRİ tərəfindən göndərildi. Beləliklə, beynəlxalq rəqabət kosmos müstəvisinə də keçdi. 1961-ci ildə sovet kosmonavtı Yuri Qaqarin Yer kürəsi ətrafında dövrə edən ilk insan oldu. XX əsrin 80-ci illərindən dünya elminin əsas istiqamətlərindən biri nanotexnologiyalar olmuşdur. Nanotexnologiyaların inkişafını informasiya texnologiyasından sonra üçüncü elmi texniki inqilab hesab edirlər. Nanotexnologiya olduqca kiçikölçülü hissəciklər və bu quruluşlarda baş verən fiziki, kimyəvi və bioloji hadisələri öyrənir. Nanotexnologiyalardan elm və texnikanın müxtəlif sahələrində – tibdə, biotexnologiyalarda, ətraf mühitin mühafizəsində, hərbi sahələrdə və s. istifadə etmək mümkündür.

Siyasi və hərbi əhəmiyyət daşıyan nüvə əvvəlcə hərbi sahədə istifadə edilirdi. Daha sonra ondan elektrik enerjisi istehsalında da istifadə olunmağa başlanıldı. Elm və texnikanın inkişafının müsbət tərəfləri olsa da, nüvə dünya üçün təhlükə də daşıyırdı. Hidrogen atomlarının parçalanması nəticəsində gedən reaksiya qitələrarası raketlərin yaradılmasına səbəb oldu. Biologiyada DNT-nin kimyəvi quruluşu müəyyən edildi. Bütün bunlar elm və texnikada inkişaf etmiş ölkələrlə geridə qalan ölkələr arasında fərqləri daha da artırdı.

Soyuq müharibənin başa çatması mədəniyyətin müxtəlif sahələrində də məzmun dəyişikliyinə səbəb olmuşdur. Artıq yeni minillikdə milli və bəşəri dəyərlərin ziddiyyətləri deyil, qarşılıqlı əlaqələri ön plana çıxmışdı. Siyasi və iqtisadi inteqrasiya prosesi mədəniyyətə də təsir göstərmişdir.

Ədəbiyyat

İkinci Dünya müharibəsi ədəbiyyata da güclü təsir göstərdi. Bir çox yazıçı və şairlər müharibəni döyüş meydanlarında, əsir düşərgələrində yaşamalı oldular. Bu onların yaradıcılığından da təsirsiz ötüşmədi. XX əsrin məşhur yazıçısı Ernest Heminquey döyüşlərdə yaralanmışdı. Onun yazdığı “Qoca və dəniz” əsəri 1954-cü ildə Nobel mükafatına layıq görüldü. Fransız yazıçısı Albert Kamü isə absurdizm* cərəyanının görkəmli nümayəndələrindən biri kimi tanındı. O, İkinci Dünya müharibəsində faşistlərə qarşı müqavimət hərəkatında iştirak etmişdi. Dövrün ən tanınmış qələm sahiblərindən biri də kolumbiyalı yazıçı Qabriel Qarsia Markes idi.

Onun əsərlərində adi həyatın və reallıqların əksinə sehrli obrazlar və hadisələrdən istifadə edilirdi. XX əsrin ən böyük yazıçılarından biri olan Markes 1982-ci ildə Nobel mükafatına layiq görüldü.

XX əsrin ikinci yarısında türk ədəbiyyatının görkəmli nümayəndələrindən yazıçı Yaşar Kamalın və satiraçı Əziz Nesinin adlarını çəkmək olar. XX əsr türk dünyasının daha bir məşhur yazıçısı isə Çingiz Aytmatov idi. Bu qırğız yazıçısı öz əsərləri ilə türk mədəniyyətinin zənginliyini bütün dünyaya tanıtmışdır. Onun ən məşhur əsərlərindən biri olan “Gün var əsrə bərabər” romanında öz

milli kimliyini qorumağa çalışan insanlar təsvir edilir. Əsər bir insanın manqurtlaşdırılmasından bəhs edir və onun fonunda, əslində, öz kimliyini və ənənələrini qorumağa çalışan xalqın taleyi anladılır. Əsər Sovet İttifaqı dövründə sosial və mədəni problemlərin tənqidi üzərində qurulmuşdur. İctimai həyata məşhur Manqurt obrazını məhz bu roman gətirmişdir.

İncəsənət

XX əsrin ikinci yarısında gənclər mədəniyyət sahəsində daha geniş təmsil olunmağa başladılar. Dövrün ən çox yayılan musiqi janrlarından biri də rok idi. Rok 1950-ci illərdə klassik Qərb musiqisi ilə xalq musiqisinin sintezi nəticəsində yaranmışdır. Bu musiqinin əsasında etiraz fəlsəfəsi dayanır. O, irqçiliyə qarşı afro-amerikalı gənclərin etirazlarıdır.Elvis Presli 1950-ci illərdə bu janrın məşhur nümayəndəsi idi. “Bitlz” qrupu isə dövrün gəncləri üçün kulta çevrilmişdi. Bu qrupu “XX əsrin Motsartı” adlandırırdılar. ABŞ-da afro-amerikalılar əvvəllər caz, sonralar isə rok-n-rol musiqisində böyük rol oynadılar.

XX əsrin ikinci yarısından sonra rəssamlıqda da müəyyən dəyişikliklər baş verdi. Məsələn, ifrat realizm geniş yayıldı. Onun nümayəndələrinin əsas diqqəti əsərlərin məzmununa deyil, rəng və formanı dəqiqliklə təsvir etməyə yönəlirdi. Müharibədən sonra Avropa şəhərlərinin bərpası memarlığın da inkişafına səbəb oldu. Şəhərlərdə əhalinin artması çoxmərtəbəli evlərin inşa edilməsinə təsir göstərdi.

Televiziyanın geniş yayılması ilə radionun önəmi azaldı. Televiziyanın inkişafı mədəniyyət sahələri ilə yanaşı, idmanın da kütləviləşməsinə səbəb oldu. Futbol üzrə dünya çempionatları və Yay olimpiya oyunları bütün dünyada böyük hadisələr kimi dəyərləndirilir. Müasir dövrdə idman bəzən dövlətlər arasında əlaqələrin inkişafına da töhfələr verir. Nəticədə idman kütləvi mədəniyyətin sürətli inkişafına səbəb olmuşdur.

 

0 şərh