Azərbaycan tikmələrində kompoziya

Xalçalarımızı bəzəyən, naxış və simvollara çevrilmiş obrazlar tikmə üsulu ilə parça və geyimləri bəzəyərdi. Xalq tikmələrində təsvir motivləri, kompozisiya quruluşu və istifadə olunan materiallar fərqli olar və naxıştikmə adlanardı.
Tikmə növləri müxtəlifdir: güləbətin, təkəlduz, muncuqtikmə və digərləri. Tikmələrin sirri irsən nəsildən-nəslə ötürülərdi: nənədən anaya, anadan qıza.
Güləbətin üsulunun əsas xüsusiyyəti — birrəngli, qabarıq siluetli naxışların olmasıdır. Tünd-qırmızı, bənövşəyi, yaşıl rəngli parçalar üzərindəki naxışlar qızıl və gümüş saplarla tikilir. “Güləbətin” sözü gülsifət, bəniz, sima kimi səslənir. Bu tikmə üsulu ilə tikilən kompozisiyalarda dalğavari, çarpaz, sınıq xətlərdən istifadə olunur.
Təkəlduz — “tək”, “əl”, “düzmək” sözlərinin birləşməsindən yaranmışdır, mahir Şəki sənətkarlarına məxsusdur. Qara, tünd-qırmızı, göy rəngli parça üzərində rəngarəng ipək saplarla işlənən təkəlduz — kontrastlığı, relyef konturları ilə digər tikmələrdən fərqlənərdi. Simmetrik kompozisiya, bir-birinə sarmaşan bitki və quş təsvirləri təkəlduz üsuluna xas olan əlamətdir.Təkəldüz tikmə üsulu
Muncuqtikmə- Rəngli ipək sap və qaytanlardan (buruqlu sap) əlavə, digər materiallar — tozmuncuq, pilək, mirvari ilə də əşyaların üzərini bəzəyərdilər. Sıra ilə sapa düzülmüş rəngarəng muncuq zərrəcikləri parça üzərində sayrışan ulduzlara bənzəyər, istənilən silueti canlandırardı.
Piləktikmə üsulundadairəvi metal lövhəciklər parçada çəkilmiş naxış üzərinə tikilərək onun formasını təkrarlayır. Nəbati motivlər, müxtəlif quş və heyvan, bəzən isə əfsanəvi məxluq olan əjdaha təsviri piləktikmə naxışlarının əsas motivləridir.

Müəllif: Y.Cəlilova, K.Cəfərzadə, T.Məlik.
Mənbə: Ümumtəhsil məktəblərinin 5-ci sinfi üçün “Təsviri incəsənət” fənni üzrə dərslik.
 

0 şərh