Din və mədəniyyət

Sizin əvvəlki siniflərdən dinlər və onların mədəniyyətlərdə öz əksini tapan mərasimləri barədə məlumatınız var. Bilirsiniz ki, dinlərin ortaq və oxşar cəhətləri vardır. Dini dəyərlər əxlaqımızda və mədəniyyətimizdə öz izini qoyur. Bütün dinlərin ortaq cəhəti insanları əxlaqlı və dürüst olmağa səsləməkdir. Bu cəhətlər mədəniyyətlərin formalaşmasında və mədəniyyətlərarası münasibətlərin yaranmasında mühüm rol oynamışdır.Din mədəniyyətlərə təsir edərək memarlıq üslubundan tutmuş, bədii ədəbi nümunələrədək hər bir sahədə özünü göstərir. Dünyanın bütün ölkələrində insanları əxlaqa dəvət edən kitablar, müxtəlif bədii incəsənət nümunələri, əsərlər, filmlər və s. dini dəyərlərə əsaslanır. Əlhambra sarayıAzərbaycan memarlığının incilərindən biri də Möminə xatun türbəsidir. Memar Əcəmi Naxçıvani tərəfindən inşa edilən bu memarlıq abidəsinin üzərinə Qurani-Kərimdən ayələr həkk olunmuşdur.Qədim islam dövlətləri ilə yanaşı, hətta Avropa dövlətlərində də islam mədəniyyətinin nümunələri vardır. Məsələn, İspaniyanın Qranada şəhərində yerləşən Əlhambra sarayı islam mədəniyyətinin ən məşhur tikililərindən biridir.
Orta əsrlərdə Avropada rəssamlıq öz inkişafında xristian dininin elementlərini əks etdirirdi. Bu dövrün rəssamları çarmıxa çəkilmiş İsa peyğəmbər, Madonna* və başqalarını təsvir edərkən dini köklərə əsaslanan məqamları nəzərə alırdılar.
Dünyanın hər yerində həm islam, həm xristian, həm də digər dinlərin xüsusiyyətlərini özündə əksetdirən mədəniyyət nümunələri vardır.Mendi mərasimində bəzənmiş əllərHindistanda keçirilən Mendi mərasimi Hind mədəniyyətinin tərkib hissəsidir. Yəqin ki, siz hind filmlərinə baxmısınız. Burada hind xalqının özünəməxsus adət-ənənələrini də görmüsünüz. Ən çox musiqi və rəqslərlə əhatə olunan bu ənənələrin özünəməxsus dini kökləri vardır.
Təkcə Hindistan deyil, digər ölkələrlə də maraqlansanız, görərsiniz ki, bu ölkələrin adət-ənənələri və mədəniyyətləri, əslində, sitayiş etdikləri dinlərdən təsirlənərək inkişaf etmişdir.
Bütün dinlər insanları əxlaqlı olmağa dəvət edir. Əxlaqi dəyərlərə Qurani-Kərimdə də çox yer verilmişdir. Burada insanlar gözəl əxlaqa, yüksək ədəbə dəvət edilir. Müqəddəs kitabda elmə, təhsilə əhəmiyyət verilmiş və ağılla hərəkət edərək elmi həqiqətlərə çatmağın yolu göstərilmişdir.
Azərbaycanda din dövlətdən ayrıdır. Buna baxmayaraq dini-mənəvi dəyərlər xalqın mənəviyyatı və mədəniyyəti ilə sıx bağlılıq təşkil edir. Əsasən ibadətdə islam dininə üstünlük verən ölkəmizdə islami dəyərlər əxlaqlı, namuslu, xeyirxah olmaq, qeybət və pis vərdişlərdən uzaq olmaq insanların mədəniyyətinin formalaşmasına öz təsirini göstərmişdir. Ulu öndər Heydər Əliyev milli-mənəvi və islami dini dəyərləri Azərbaycan xalqının sərvəti hesab edirdi.

Müəllif: Nüşabə Məmmədova, Könül Mahmudova, Sevil Bəhrəmova
Mənbə: Həyat Bilgisi 7 Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün Həyat Bilgisi fənni üzrə Dərslik

0 şərh