Xalq məişət əşyaları — forma və dekor

Gündəlik məişətdə, əməkdə insana yardım edən və bayramların bəzəyi sayılan xalq sənəti nümunələri — qab-qacaqlarla yaxından tanış olaq.
Necə istifadə edildiyindən, formasından asılı olmayaraq, onların üzərindəki naxışlar xeyirxahlıq və səadət rəmzləri sayılardı.
Gildən hazırlanan kasa və güvəcin üzərindəki naxışlar təbiət kasaobrazlarını tərənnüm edir. Ancaq onların təsvir üslubu fərqlidir: kasanın dekoru simmetrik və rəngli, güvəcin dekoru isə həndəsi və birrənglidir.
Onların hər birinin özünəməxsus hazırlanma şəraiti, emaletmə üsulu olduğu üçün əşya üzərindəki bədii obrazlar da müxtəlif alətlərlə işlənir: gil əl ilə yoğrulub yapılır, ağac iskənə ilə oyulur, mis zərb və kəsici alətlə döyülür və cızılır, bürünc isə əridilərək qəlib formaya tökülür.
Həm naxışlar, həm də forma məişət əşyasının bəzəyi sayıla bilər. Əşyaların formasına diqqət yetir.
Məğrur siluetli bürünc dolça üzərində tovuz quşu təsviri, dimdiyə oxşayan boğaz — forma və obrazın vəhdətinə əsl nümunədir. Quş obrazı sanki qabda olan bərəkətin sayıq keşikçisidir.
Sini ilə sərpuş süfrəyə gələrsə, deməli, ailədə əlamətdar hadisə baş verib. Elimizin şah xörəyi — plov bu qabda sürfəyə gələrdi. Mis məcməyi qapağının forması döyüşçü dəbilqəsini xatırlatsa da, üzərindəki dekor əmin-amanlıq, bərəkət elementləri ilə bəzənib.


Müəllif: Yeganə Cəlilova, Kəmalə Cəfərzadə, Tale Məlik
Mənbə: Təsviri İncəsənət 5 Ümumtəhsil məktəblərinin 5-ci sinfi üçün Təsviri Sənət fənni üzrə Dərslik
 

0 şərh