Azərbaycan Xalça Muzeyi

Azərbaycan Xalça Muzeyinin nadir toplusu xalqımızın milli mədəniyyətinin zəngin xəzinəsidir. Bu muzeydə qədim xalça və xalq tətbiqi sənəti nümunələri ilə birgə müasir dövr rəssam və xalq sənətkarlarının ən nümunəvi əsərləri də toplanmışdır.
Xalça Muzeyi dünyada, xəzinəsindəki nadir xalçaların dəyərinə və əhəmiyyətinə görə ən böyük xalça kolleksiyası, xalça sənəti üzrə birinci, nüfuzlu, ixtisaslaşmış muzeydir. Onun kolleksiyasına min dörd yüzə yaxın xalça, tikmə, geyim, mis qablar, zərgərlik əşyaları, şüşə, taxta və keçə məmulatları daxildir.
Muzeyin ekspozisiya və fondunda bir-birindən rəng çalarları, çeşniləri və texnoloji toxunma üsulları ilə seçilən xovsuz xalçalarla yanaşı Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz kimi klassik xalça məktəblərinə məxsus olan xalçalar öz kompozisiya və ornament quruluşuna, eləcə də rəng həllinə görə diqqəti cəlb edir.
Xalçaçılıq məktəbləri — xovlu xalçalar
QUBA XALÇAÇILIQ MƏKTƏBİPirəbədil xalçası
Xüsusiyyətləri: ornamentlər bitki motivləri ilə xarakterizə olunur.
Dekor-naxış: əsas elementləri sol-sağ tərəflərdə igidlik və ərlik rəmzi — “qayçı” və “buynuz” təsvirləri, orta sahənin mərkəzində “hindtoyuğu”, onun kənarlarında isə meyvə ağaclarının yarpaqları və səkkizguşəli göl təsvir olunur. Orta sahəsi, adətən, tünd göy, bəzən isə tünd qırmızı olur.
ŞİRVAN XALÇAÇILIQ MƏKTƏBİ
Xüsusiyyətləri: mürəkkəb ornamentlər və çoxlu sayda insan, quş, məişət təsvirləri ilə xarakterizə olunur.
Dekor-naxış: kompozisiyalar ritm üzərində qurulub, isti koloritə malikdir
QARABAĞ XALÇAÇILIQ MƏKTƏBİ
Xüsusiyyətləri: kompozisiya ustalığı, qeyri-adi fantaziya, kolorit əlvanlığı ilə seçilir.
Dekor-naxış: üfüqi simmetriya, ovçuluq süjeti əsaslıq təşkil edirdi. Ov səhnələrinin ancaq atributları, simvolları göstərilmişdi, kompozisiya baxımından heyvan təsvirlərinə çox yer verilirdi.
BAKI XALÇAÇILIQ MƏKTƏBİ
Xüsusiyyətləri: daha yumşaq olması, rənglərin intensivliyi, bədii elementlərin orijinallığı və naxışların incəliyi ilə seçilir.
Dekor-naxış: həndəsi formalı göllər, əyri xətli nəbati elementlər üstünlük təşkil edir. Çıraqlı  xalçası
GƏNCƏ VƏ QAZAX XALÇAÇILIQ MƏKTƏBİ
Xüsusiyyətləri: kontrast rəng çalarları, altıbucaqlı göllər bu xalçaların səciyyəvi cəhətləridir.
Dekor-naxış: müxtəlif həndəsi formalarla, çoxqatlı haşiyələrdəki ornament bolluğu ilə digər xalçalardan fərqlənir.
TƏBRİZ XALÇAÇILIQ MƏKTƏBİ
Xüsusiyyətləri: fon rəngləri dolğun qırmızı, tünd göy və açıq sarı olur.
Dekor-naxış: bitki və məişət motivləri, mürəkkəb orna- mentlər, ortada və künclərdə medalyonlar yerləşir.
Muzeyin kolleksiyasında qiymətli metaldan hazırlanmış zərgərlik məmulatları, zinət əşyaları və silahlar, çini, ağac və daş üzərində oyma ilə işlənmiş əşyalar, bədii tikmə, milli geyimlər, bədii metal məmulatları kimi xalq tətbiqi sənət nümunələri nümayiş etdirilir.



Müəllif: Yeganə Cəlilova, Kəmalə Cəfərzadə, Tale Məlik
Mənbə: Təsviri İncəsənət 5 Ümumtəhsil məktəblərinin 5-ci sinfi üçün Təsviri Sənət fənni üzrə Dərslik

0 şərh