Naum Qabo

XX əsrdə müasir təsviri sənətin inkişaf tarixində öz sənəti ilə dərin iz qoymuş və heykəltəraşlığın fəlsəfi fikrini müəyyən edən görkəmli rəssamlardan biri də Naum Qabodur.
O, konstruktivizmin və kinetik sənətin əsasını qoyanlardan biridir. Çox zaman onun əsərlərinin elm ilə əlaqəli olduğunu deyirlər. Belə ki, Qabonun heykəlləri həmişə elmi və riyazi görünüşə malikdir. Qabonu təbiətin yaratdığı təbii formaların gözəlliyi və harmoniyası maraqlandırırdı. Naum Qabo rəssamlıq deyil, mühəndislik təhsili almışdı. Münhen Universitetində təbabəti, təbiət elmlərini və mühəndislik sənətini öyrənmişdi.
Naum Pevzner (əsl soyadı) kubizmin təsiri altında rəssam olacağına qərar verir və yaratdığı konstruktivist heykəllərinə “Qabo” təxəllüsü ilə imza atır. O, hələ uşaq ikən özünü rəssam qardaşı Antuan Pevznerdən fərqləndirmək üçün soyadını dəyişmişdi. Naum Qabo memarlığı
Qabo müxtəlif üsul və materiallardan istifadə edirdi: polad, neylon ip, məftil, güzgü, bürünc, alüminium və s. O, qapalı və “möhkəm” deyil, şəffaf və “yüngül” formalara, ətraf mühitlə aktiv qarşılıqlı təsirdə olan oyuq və boşluqlara üstünlük verirdi. Onun yoğun kəndirdən və məftildən düzəldilmiş yeni fəza konstruksiyalarında büküklər küncləri əvəz edir. Qabonun bütün heykəlləri həndəsi formaya malikdir. Hətta insan fiqurunun təsvirində burun, dodaq, ağızı təsvir edən daxili hörmələr və arakəsmələr görünür. Onlar eyni zamanda konstruksiyanın vacib elementləri hesab olunur.
Naum Qabo incəsənətin öz dəyəri və funksiyası olduğunu iddia edirdi. Onun fikrincə, həndəsi prinsiplər heykəlin təməli hesab olunur. Bu prinsipə əsasən, fiqurun fəzadakı həcmi onun kütləsi ilə deyil, bu həcmi təsvir edən xətlərlə müəyyən edilir.
Sənətkarın bilavasitə xidməti heykəlləri simli və spiralvarı tökmə üsulunun kəşfindən, formaların qeyri-adi materialdan olması və şəffaflıq effektindən ibarətdir.
Naum Qabo üçün həcmin kütləsi deyil, onun tamamilə əksi olan boşluq plastik vasitə idi. Aydın forma, müasir materiallar, ciddi həndəsiliyin müntəzəmliyi və təbiətdən ilham alan mühəndis xəyallarının dəqiq hesablamaları tamamilə yeni estetikanın bədii ifadə vasitələri idi. Çox zaman memarlığa uyğunlaşdırılmış “Qüllə”, “Monument” və yaxud “Quyu” kimi adlar daşıyan bu əsərlərdə Qabonun konseptual xəyalları ifadə edilir. Əgər onları monumental ölçüdə yaratmaq üçün texniki imkanlar olsaydı, bu cür fəza konstruksiyaları XX yüzilliyin məbədləri sayıla bilərdi.
Sülh, əmin-amanlıq və harmoniya ideyalarının incəsənət vasitəsilə dünyamıza daxil olmasında heykəltəraş Naum Qabonun xidməti misilsizdir. O, dünya incəsənəti avanqardının liderlərindən biri kimi incəsənət tarixində əbədi olaraq qalacaq.


Müəllif:Kəmalə Cəfərzadə
Mənbə: Təsviri İncəsənət 9 Ümumtəhsil məktəblərinin 9 cu sinfi üçün Təsviri İncəsənət fənni üzrə Dərslik

0 şərh