Ömər Eldarov

Öz zəngin daxili aləmi olan görkəmli heykəltəraş Ömər Eldarov unudulmaz obrazlar yaratmış dahi şəxsiyyətdir.
Bu üslubun yaranmasının ilkin işartıları XIX əsrin sonlarında özünü göstərdi. Memarlar daş və ağacdan imtina edərək şüşə, dəmir-beton konstruksiyalardan istifadə sayəsində irihəcmli tikililər yaratmağa nail oldular. İradə və zəriflik, improvizasiya və kamillik, dərinlik və duymaq bacarığı Ömər Eldarov yaradıcılığını müşayiət edən başlıca səciyyəvi xüsusiyyətlərdir. Onun yaradıcılığının ölkəmizin bədii mühitinə təsirini qiymətləndirməmək olmaz: heykəltəraşın əsərlərində daxili məzmunla formanın harmoniyası insanı qeyri-ixtiyari düşünməyə sövq edir.
Ömər Eldarovun yaratdığı heykəllər öz dinamikliyi ilə daim diqqəti cəlb edir. Onun xarakterinə xas olan cəsurluq, nikbinlik və mənəvi məsuliyyət sənətkarın yaradıcılığında, xüsusən obrazların bədii ifadəsində təcəssüm olunur.
Ömər Heydərpvun yaratdığı tunc heykəl
Ö.Eldarov şairə Natəvan şəxsiyyətinə bir neçə dəfə müraciət etmişdir. Zəngin geyinmiş, ampir üslubunda olan kresloda oturmuş zadəgan qadının tunc heykəli harmoniyanın və incə zövqün ən yüksək təzahürünün nümunəsi kimi bu gün də paytaxtımızın mərkəzi meydanını bəzəyir.
İnsanların həyatındakı romantikaya və dinamikaya meyil, qəhrəmanların daxili vəziyyəti, onların qəhrəmanlıq mübarizəsindən doğan duyğuları — bütün bunlar müəllif düşüncəsinin dərinliyini, onun humanist istiqamətini xarakterizə edən cəhətlərdir.
Ustad lirik və vətənpərvərlik ruhunda olan obrazların bədii həllində etik prinsipləri önə çəkir. Bu, Hüseyn Cavidə həsr olunmuş heykəltəraşlıq ansamblında qabarıq hiss olunur. Cavidin pyeslərinin ideyasını ön plana çəkən Ö.Eldarov heykəldə dramaturqun əyilməz ruhunu təcəssüm etmişdir. Heykəltəraş şairi yüksək mənəvi, yaradıcı düşüncələrə daldığı anda təsvir etmişdir. Əsərin memarlıq-kompozisiya həlli bu güclü, mürəkkəb və yaradıcı ehtiraslı şəxsiyyətin obrazını açmağa yönəlmişdir.
Lirik, qəhrəmanlıq mövzusu onun bütün yaradıcılığını müşayiət edir. Portretlər, büstlər, heykəllər — hər birinin psixoloji təsiri çox güclüdür.
Ömər Eldarov böyük rəssam Səttar Bəhlulzadənin portretinə də fəlsəfi-romantik yanaşmışdır. Bu obraz dahinin yaradıcı ruhunun təcəssümüdür. Heykəltəraş xüsusi qayğı və məhəbbətlə rəssamın portretinə müraciət etmiş, onu iki dəfə ağacdan yonmuş və tuncda həkk etdirmişdir. Bakının Əmircan qəsəbəsində qoyulan S.Bəhlulzadənin qəbirüstü heykəlində məkan, kompozisiya, dinamika, obraz bir-birini çox gözəl tamamlayır.
Sənətkarın xüsusi təsir bağışladığı əsərlərindən biri də “Zamanın dörd rəngi”dir. Müəllif burada son dərəcə fəlsəfi və etik problemləri həll edir. O, müxtəlif çalarlı dörd qoz ağacını fərqli yaşda olan qadınlara müvafiq pozada yonmuşdur. Qızın, gənc, yaşlı və qoca qadının hərəkətləri ilin fəsillərinə uyğundur. Fiqurları nəzərdən keçirdikdə plastikanın gözəlliyi, həyat fəlsəfəsi onun məkanla vəhdəti təəssüratlarımızı daha da zənginləşdirir.
Yaratdığı heykəllər və abidələr nəinki ölkəmizdə, hətta dünyanın bir çox muzeylərində layiqli yer tutmaqdadır. Onun ilk işlərindən — diplom qorelyefindən tutmuş axırıncı heykəlinə qədər bir parlaq, sabit yaradıcılıq xətti var. Belə ki, bu əsərlər yaşadılmış aləmin gözəlliyini romantik tutumda görməkdir, gözəlliyi xeyirxahlıq və məhəbbətdə axtarmaqdır, etik keyfiyyətlərə üstünlük verməkdir. Ustadın heykəltəraşlıq irsi bütöv bir orqanizmin hissəsidir ki, bunun adı bənzərsiz Ömər Eldarov yaradıcılığıdır.


Müəllif:Kəmalə Cəfərzadə
Mənbə: Təsviri İncəsənət 9 Ümumtəhsil məktəblərinin 9 cu sinfi üçün Təsviri İncəsənət fənni üzrə Dərslik

0 şərh