Alberto Cakometti

İsveçrəli heykəltəraş, rəng ustası və qrafik rəssam Alberto Cakometti XX əsr təsviri sənətinin ən böyük nümayəndələrindən sayılır. O öz yaradıcılığında kubizm və sürrealizmin təsirini hiss edirdi. Müəllif öz heykəllərinin əksəriyyətini böyük fransız heykəltəraşı Rodenin yaradıcılığının təsiri altında yaratmışdır.
Cakomettinin ilkin işləri realist tərzdə işlənilib, lakin sonralar o, ku- bizmin təsiri altına düşür, Afrika incəsənəti, Okeaniyanın arxaik plastikası, qədim Amerika incəsənəti ilə maraqlanır. Çox fərqli istiqamətlərdə fəaliyyət göstərən rəssamlar — Pikasso və Matiss rəngkarlıq və heykəltəraşlıq əsərlərində bu sayaq motivlərdən istifadə ediblər. “I addımlayan insan”, 1961-ci il.
Bir qədər sonra Cakometti öz heykəllərində kubizm elementlərini röyalarla dolu xəyal və qəzəblə cəmləşdirir. Sürrealizm dövrünün heykəllərində formalar mücərrədliyə yaxınlaşaraq sadələşir. Ətraf aləm, onun qaydaları və məcburən qəbul etdirilən şərtiliklərlə barışmayan Cakometti bu hisləri doğuran emosiyaları özününküləşdirərək tam çəkisiz heykəltəraşlıq kompozisiyaları yaradırdı. Bunlar üçölçülü reallıqdan daha çox, kölgə idi.
Onların məxsusiliyini daha çox vurğulamaqdan ötrü sənətkar bir sıra əsərlərini qəfəsə — vizual olaraq onun şedevrlərinin məhkum olduğu və əbədi dincəldiyi kiçik məkanda təcrid edən zərif karkas konstruksiyaların içinə salırdı.
Ölümün dəhşətli tənhalığını əks etdirən Cakomettinin “Əl” əsəri heykəltəraşın müharibə zamanı öz gözləri ilə gördüyü qoparılmış insan əlinin əsasında düzəldilib. Bu əsər istənilən adamı sarsılmağa məcbur edə bilər.
II Dünya müharibəsi illərində Cenevrədə yaşamış Cakometti müharibədən sonra heykəltəraşlıqda, portret rəngkarlığında və qrafikada yeni tərzdə işləməyə başlayır.
Alberto Cakometti öz heykəltəraşlıq təsvirlərinin xüsusi, unikal və tanınan tipini — uzadılmış, kövrək, səthi döyünən, öz ətrafındakı məkanı ovsunlayan fiqur tiplərini formalaşdırmışdı. Cakometti təsviri sənətin ənənəvi növlərinin qavranılmasını tamamilə dəyişdi, metal və təmiz səthin emal üsullarını qarışdırdı. Heykəltəraşın təsviri sənətdə etdiyi inqilab — heykəllərin təməlinin dəyişdirilməsi hesab olunur. O, həcmi sadələşdirdi, fiqurları tamamilə incəltdi, seyrək konstruksiyalar tətbiq etdi.
İsveçrənin pul əsginasları üzərində rəssam, şair və bəstəkarların portretlərini görmək olar. Öz istedadı ilə bütün dünyada məşhur olan, İsveçrənin dahi sənətkarlarından biri Alberto Cakomettinin portreti 100 nominallı İsveçrə frankının üzərində təsvir olunmuşdur.
Sürixdə Alberto Cakometti Fondu yaradılmışdır. Burada əsas hissəsini fondun təqdim etdiyi, Cakomettinin 60 işindən ibarət kiçik sərgi sənətkarın ilkin avtoportretindən başlayaraq ən son (həyata keçirilməmiş) layihəsinədək — Nyu-Yorkda Çeyz Manhetten Bankı qarşısındakı meydan üçün heykəltəraşlıq kompozisiyasınadək onun bütün yaradıcılıq mərhələləri əks olunur.


Müəllif:Kəmalə Cəfərzadə
Mənbə: Təsviri İncəsənət 9 Ümumtəhsil məktəblərinin 9 cu sinfi üçün Təsviri İncəsənət fənni üzrə Dərslik

0 şərh