Hərb tariximiz rənglərin işığında

Çoxəsrlik tarixə və zəngin bədii ənənələrə malik olan təsviri sənətimizin mövzu palitrasında hərb tariximizə  həsr olunmuş müxtəlif janrlı əsərlər xüsusi yer tutur. Bunu şərtləndirən başlıca səbəb bu hərb tariximizin kifayət qədər qədim olmasıdır. Elə Albaniya dövlətini idarə edən Mehranilər sülaləsinin nümayəndəsi Cavanşirin naməlum tişə ustası tərəfindən hazırlanmış tunc heykəlində (VII əsr) də hərb tariximizin əski işartıları görünməkdədir. Eldəgizlərin əsgərini əks etdirən plastika nümunəsi də bu qəbildəndir.
IX əsrdə ərəb işğalçılarına qarşı mübarizə aparan məşhur sərkərdəmiz Babəkə həsr olunmuş əski sənət əsərləri bizim dövrə gəlib çatmasa da, sovet dönəmində onun igidliyinin dəfələrlə rəssam və heykəltəraşlarımız tərəfindən tərənnüm olunduğunu qeyd etməliyik. Yeri gəlmişkən deyək ki, İkinci Dünya Savaşı illərində sovet hökumətinin cəmiyyəti faşizmlə mübarizəyə ruhlandırılmasında adları Azərbaycan xalqının qan yaddaşında əbədi yer tutmuş xalq qəhrəmanları Babək, Koroğlu və Cavanşir obrazlarından istifadə olunmuşdur.  Həmin əsərlərin təbliği — insanlara bu cür igid sələflərinin olduğunu xatırladılması, heç şübhəsiz, həm ön, həm də arxa cəbhədə olanlar üçün sonsuz dərəcədə ruhlandırıcı idi. Bu mənada M.Abdullayev, S.Şərifzadə və B.Mirzəzadə tərəfindən yaradılmış «Böyük Babəkin yürüşü” (1941) çoxfiqurlu tablosunun, S.Şərifzadənin „Babək”(1944), T.Tağıyevin “Koroğlu” (1942), K.Xanlarovun „Cavanşir” (1942), S.Bəhlulzadənin “Babək üsyanı” və „Bəzz qalasının müdafiəsi” (1940-1941) rəngkarlıq tabloları ilə yanaşı, heykəltəraş F.Əbdürrəhmanovun Babək, Cavanşir və Koroğlu ilə bağlı relyeflərinin (1943) adını çəkmək olar. Bu obrazlara sonrakı illərdə T.Salahov, T.Məmmədov, A.Qazıyev və b. da bədii münasibət göstərmişlər.
 Hərb tariximiz rənglərin işığında
Əgər hərb tarixi mövzusunun milli təsviri sənətimizdə yer alması tarixinə xronoji ardıcıllıqla nəzər salmalı olsaq, onda bunun bilavasitə ADR-in yaranmasından — ərazilərimizin sərhədlərinin müəyyənləşdirilməsindən və Azərbaycan Ordusunun təşkilindən sonra daha geniş baş tutduğunu deməliyik. Bununla belə qeyd etmək lazımdır ki, uzaq orta əsrlərin bədii mənzərəsində əsas yer tutan miniatür üslublu əsərlər arasında da döyüş, o cümlədən də Şah İsmayıl Xətainin ömür yoluna işıq salan müharibə motivlərinə rast gəlinir.
Bu mənada elm aləminə  qədər də geniş tanış olmayan “Cahanarayi-Şah İsmayıl Səfəvi” adlı salnamədə yer almış 20-yə yaxın illüstrasiyanın adını çəkmək olar. Miniatür üslublu əsərlərin estetikasında bədii şərtilik və stilizənin üstünlük təşkil etməsinə baxmayaraq, bu qrafik rəsmlərdə babalarımızın 500 il əvvəl malik olduqları hərbi geyimi, silahı, döyüş meydanında davranışlarını – qalalara hucumlarını və müdafiə olunmalarını görmək mümkündür. Bir çox hallarda olduğu kimi bu əlyazmasının da rəssamlarının adını dəqiq müəyyənləşdirmək mümkün olmamışdur. Hər halda əlyazmasının 1524-cü ildə tamamlandığını və həmin dövrdə   şah saray kitabxanasında Kəmaləddin Behzad, Ağamirək, Sultan Məhəmməd, Müzəffərəli Məhəmmədi, Şah Məhəmməd və b. tanınmış sənətkarların fəaliyyət göstərdiklərini nəzərə alsaq, bu önəmli əsərin bəzədilməsindən onların kənarda qaldıqlarını təsəvvür etmək sadəcə qeyri-mümkündür. Əlyazmasına daxil edilmiş „Bakı qalası”, “Çaldıran vuruşu”, „Sultan Muradla Şah İsmayılın döyüşü”, “Xan Məhəmməd Ustaclının Əlaüddövlə Zülqədr oğulları ilə vuruşu” və „Qara xanın Sultan Səlim ordusu ilə döyüşü” əsərləri Səfəvi dövrü müharibələrinin Azərbaycan tarixində bədiiləşdirilməsi baxımından duyulası əhəmiyyət kəsb edir.
XVI-XVIII əsrlərdə İrəvan xanlarının iqamətgahı kimi mövcud olan Sərdar sarayının interyerini bəzəyən təsviri sənət nümunələri arasında da o zamanların döyüşçülərinin obrazlarını əyaniləşdirən əsərlər vardır. XX əsrin əvvəllərində ermənilər tərəfindən yerlə-yeksan edilən sarayın həmin rəngkarlıq tabloları Gürcüstana aparıldığından və sonradan Dövlət İncəsənət Muzeyində saxlandığından onların bir qismi bizim günlərə gəlib çıxmışdır. 2019-cu ildə Azərbaycan bərpaçıları tərəfindən həyata qaytarılan həmin bədii irs sonradan Heydər Əliyev Mərkəzində ictimaiyyətə də təqdim olunmuşdur.
Hərb tariximiz rənglərin işığında
Sarayı bəzəyən portretlərin çoxunu (Fətəli şah Qacar, Abbas Mirzə, İrəvan sərdarı Həsən xan İrəvanlı, Rüstəm – Zal və s.) 1850-ci ildə 25 yaşı olmasına baxmayaraq dövrünün məşhur rəssam kimi tanınan Mirzə Qədim çəkmişdir. Yeri gəlmişkən deyək ki, öz dövrü üçün duyulası dərəcədə ciddi bir sifarişin ona həvalə olunması ilk növbədə onun istedadına olan inamın göstəricisi idi.  Hazırda Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanan “Sərkərdə” və „Fətəli şah” əsərləri rəssamın Sərdar sarayı üçün işlədiyi portretlərdəndir. Bu sənət nümunələrinin timsalında Qacarlar dövrünü əhatə edən hərbçi geyimi barəsində müəyyən məlumat almaq mümkündür.  Ədalət naminə demək lazımdır ki. M.Q.İrəvaninin obrazları bütün mənalarda həm Azərbaycan, həm dünya rəssamlığında gördüyümüz bədii şərhlərdən çox fərqlənir.  Bunları həm də milli təsviri sənətimizdə  gerçəkləşməyə başlayan  dəzgah rəssamlığı formalarının və realizm bədii prinsipinin ilk  görüntüləri hesab etmək mümkündür.  Onun ərsəyə gətirdiyi portret-kompozisiyalarda bədii şərh özünəməxsusluğunun qabarıq ifadəsi obrazların real, onlar üçün fon — yerlik rolunu oynayan məkanın şərti-dekorativ biçimdə təqdim olunmasındadır. Bu vaxta qədər  rast gəlinməyən  bu cür ifadənin təsirli olmasına yardımçı olan bədii məziyyət rəssamın obrazların yerə yaxın hissələrini əhatələyən sahənin rəng və naxış örtüyündəki əlvanlığı bütünlükdə qoruyub saxlaması, onu şərti təqdim etməsi, onların çöhrələrinin “qonşuluğundakı”  yaxın sahələrin rəng tutumunu isə „zəiflətməklə”, obrazların çeşidli yaşantılarını tamaşaçı üçün daha cəlbedici  və qabarıq olmasına nail olmasıdır...
ADR-in 23 aylıq mövcudluğu dövründə bu mövzuya müraciətlərin yoxluğu ilk növbədə yerli rəssam kadrlarının çatışmazlığı ilə bağlı olmuşdur. Azərbaycan Parlamentinin 1919-cu ilin 1 sentyabrında yüz azərbaycanlı gəncin hökumət hesabına xarici ölkələrin nüfuzlu təhsil ocaqlarına göndərilən Zeynalabdin Əliyev hələ Bakıda olarkən Azərbaycan milli əsgərinin təsvirini çəkən ilk rəssam olmuşdur. Avropada təhsil almış ilk milli heykəltəraşımız kimi tanınan bu gənc, həm də Cumhuriyyətin ilk dövlət atributlarının yaradılmasında iştirak etmişdir. Müstəqillik dövrünün ilk medallarını yaradan Z.Əliyev həmin vaxt silsilə poçt markalarının eskizlərini işləmişdir. Bu nümunələrin hazırlanması  Azərbaycan Parlamentinin açılışına həsr edilmişdi. 1919-cu ilin 20 oktyabrında buraxılmış ilk poçt markaları dəstini 10 nümunə təşkil edir. Dəyəri 10, 20, 40 və 60 qəpik, 1, 2, 5, 25 və 50 manat olan markaların üzərində müxtəlif təsvirlər vardır. Əlində üçrəngli bayraq tutmuş əsgər, Şirvanşahlar sarayı, Atəşgah və əli oraqlı biçinçinin rəngli qrafik təsvirləri həmin markaların bədii tərtibatını təşkil edir. Bütün markaların üzərində Azərbaycan və fransız dillərində “Azərbaycan Cumhuriyyəti” sözləri yazılmışdır.
 
Müstəqillik tariximizdə müstəsna yeri olan ADR dövrü ikinci dəfə müstəqillik qazanmağımızdan sonra rəssam və heykəltəraşlarımızın diqqət mərkəzində olmuşdur. Tərkibində azərbaycanlıların olduğu Qafqaz İslam Ordusunun Nuru Paşanın rəhbərliyi ilə əzəli Azərbaycan torpaqlarının yağılardan təmizlənməsi neçə-neçə əsərdə bədii tutum almışdır. Belə bir əsəri ADR-in 100 illiyi ərəfəsində gəncəli fırça ustası F.Abdullayev yaratmışdır. Onun yaratdığı tabloda (2015) Nuru Paşanın Gəncədə qarşılanması təsvir olunmuşdur.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının 2013-cü ildə Azərbaycan tarixi mövzusunda keçirdiyi „Əsrlər-nəsillər” müsabiqə-sərgisində Cumhuriyyət mövzusunun geniş yer tutması da yaradıcılarımızın öz tarixlərinə maraq və ehtiramlarının göstəricisi olmuşdur. Heykəltəraş Xanlar Əhmədovun “General Əliağa Şıxlinski” və „General Səməd bəy Mehmandarov”, Arif Qazıyevin “Nuru paşa”, Mübariz Əmiraslanovun „İstiqlal”, Vüqar İmanquliyevin “Mübariz İbrahimov”, Əlisəfa Əsgərovun „Mübariz”, Zakir Əhmədovun “Mənim xalqım” plastik nümunələri, rəngkar Arif Məmmədov „Cuhuriyyət xadimlərinin Gəncədə qarşılanması”, Tofiq Ağababayevin “General Əliağa Şıxlinski”, Altay Hacıyevin „Fətəli xan Xoyski”, Bəxtiyar Yusifovun “Nuru Paşa”tabloları, qrafika rəssamı Arif Hüseynovun „Azərbaycan generalları” silsiləsi və s. nümunələr həmin sərginin yaddaqalan əsərlərindən olmuşlar.
Respublikamızın 71 il tərkibində olmasına baxmayaraq xalqımızın Sovet Ordusu sıralarında vuruşan azərbaycanlıların təsviri sənət ustalarımız tərəfindən sevə-sevə vəsf olunması ilk növbədə həmin insanların göstərdikləri qəhrəmanlıqlarla bağlı idi. Bu mənada heykəltəraş F.Əbdürrəhmanov, C.Qaryağdı, A.Əsgərov, M.Rüstəmov və N.Əliyevin, qrafik O.Sadıqzadə  Həzi Aslanov, İsrafil Məmmədov və Mehdi Hüseynzadəyə həsr etdikləri əsərlərin adını çəkmək olar.
Bakıdakı Hərb Tarixi Muzeyinin ekspozisiyasında da  toxunduğumuz mövzu ilə bağlı uzaq-yaxın keçmişimizi əhatə edən əsərlər (müəllifi Natiq Camal)  nümayiş olunmaqda, bu yöndə keçilən şərəfli yolu təbliğ olunmaqdadır.
İldən-ilə müstəqilliyin imkanlarından faydalanan rəssam və heykəltəraşlarımızın gələcəkdə də bu mövzuya sadiq qalacaqlarına inanmaq istərdik. Belə ki, yaşananların inandırıcı və təsirli formada gələcək nəsillərə çatdırılması üçün sənət əsərləri ən yaxşı vasitədir...

 
Müəllif: Ziyadxan Əliyev
Mənbə: kulis.az
 

0 şərh