Ellər səni yad eyləyəcək - Aşıq Ağalar

Aşıq Ağalar yüzlərlə şeiri, 4 dastan-rəvayəti və qəlb titrədən avazı ilə yaddaşlara köçüb
Təbiətin oyanan çağında, havadan baharın asılıb qaldığı vədəsində, səhərin gözü açılar-açılmaz qara zurnanın şirin, şaqraq səsi Qəşəd kəndini başına götürdü. Kalvalı Əli kişinin zurnasının səsiydi bu. “Cəngi” havasına oyanan kənd əhli səs gələn səmtə –  Mirzə Bilalın ocağına tərəf axışdı. O Mirzə Bilalın ki, Qəşəddə, cəmi Şirvanda çoxlarının evində, ocağında çalıb-çağırmış, toy-düyününü şadlandırmışdı. O Mirzə Bilalın ki, ilk oğul övladı dünyaya gəlmişdi və çiyin yoldaşı, sənət dostu Kalvalı Əli Kərimovun gözaydınlığı, muştuluğu, əhdi idi bu səhər kəndi başına yığan “Cəngi”.
Aşıq Ağalar
Ad axtarmadılar bu uşağa, zatən adı doğulmamışdan qoyulmuşdu. Aşıq Bilal da, Əli Kərimov da əhd etmişdilər ki, hər ikisi yolunu gözlədikləri övladları oğlan doğularsa, həyatdan nakam getmiş sənət dostları xanəndə Ağaların adını qoysunlar uşaqlara. Beləcə, 1913-cü ilin yazında bir Dədə sənətkarın ocağında sənətə, sənətkara hörmət, məhəbbət, ehtiram, etibar naminə Ağalar adını yaşadan bir oğul da doğuldu.
Böyüdü, sazla, sözlə, havacatla. Əhli-hal arasında hal əhli kimi böyüdü. Nəslinə, şəcərəsinə, irsinə sədaqət və ehtiramla böyüdü. Şirvan aşıq sənətinə və bu sənətin sultanı Aşıq Mirzə Bilalın adına layiq – Aşıq Ağalar kimi yaşadı, yaratdı, tanındı.
Hərçənd, söz Şirvan aşığından düşürsə, Şirvan aşıq mühiti və onun özəllikləri barədə qısaca xatırlatma verək. Şirvan torpağı nağılla, dastanla, bayatı, atalar sözləri, lətifələrlə zəngindir. Bu folklorun ən geniş qolu, məxsusi yeri, çəkisi, özünəməxsus xüsusiyyətləri ilə seçilən Şirvan aşıqlığıdır. Şirvan aşıqlığı zəngin bir məktəbdir. Oxu və çalğı üslubunda xanəndə tərzini qabarıq görüntülərlə əks etdirdiyinə görə, Şirvan mühitinin musiqi repertuarı ənənələri aşıq repertuarından xeyli fərqlənir. Bununla belə, Şirvan aşıqlarının musiqi repertuarında Azərbaycan aşıq sənətinə məxsus olan klassik saz havaları da mühüm yer tutur.
Keçən əsrin əvvəllərindən başlayaraq Şirvan aşıq mühitinin zirvəsində taxt-tac qurmuş Aşıq Bilal ənənəsi mühitin bir çox ustad sənətkarı tərəfindən təbliğ olunmuş, qorunmuş və zənginləşmişdir. Aşıq Bilal öz ədəbi mövqeyinə görə aşıq poeziyasında özünə elə bir mövqe seçib dayanmışdır ki, ondan sonra yetişən Şirvan sənətkarları Dədə Bilalın təsirindən kənarda qala bilməmişlər. Handa ki, bu sənətkar Dədə Bilalın öz ocağında yetişə, öz varisi, öz canı, öz qanı ola...
Beləcə, Aşıq Bilaldan öyüd aldı, dərs aldı Ağalar. Elin ağsaqqalı (gənc yaşından), baş biləni, mirzəsi, şairi, aşığı, nə xoşbəxt ki, onun atasıydı, böyüyüydü. Ruzini el-oba tökürdü başlarından. Məclislərdə yerləri yuxarı başdaydı. Günləri ah-zardan uzaq, toy-düyünlə, çal-çağırla keçirdi. Bəxtəvər idilər, bədnəzərə gəldilər, bəd dillərə düşdülər...
Qara eynəklilər, qara maşınlarda bir gün dayandı doqqazlarında… Millət vəkili, akademik Rafael Hüseynov demişkən: “Haqq aşığını öldürdülər. Haqqın işığını söndürdülər. Günahı o idi ki, aşıqdı. Günahı o idi ki, el-oba onu sevirdi. Günahı o idi ki, bircə kəlmə “gəl” desəydi, camaat ardınca düşərdi...”.
Qara günləri başladı Ağaların. Xoşbəxtliyi kimi təhsili də, aşıqlığı da yarımçıq qaldı. Hər şeylərini aldılar əllərindən, ancaq qürurlarını itirmədilər. “Xalq düşməni”nin oğlanlarının üçü də faşizmə qarşı döyüşdülər. Kişi kimi döyüşdülər. “Düşmən” damğasını, böhtanı, ləkəni sildilər adlarından qanları ilə...

Boğazından aldığı yara ilə döndü müharibədən Ağalar. Sanki namərd faşist bu boğazın, bu səsin onunçün, el-obası üçün gərəkli olduğunu bilərəkdən qəsd etmişdi ona. Bir müddət məyus oldu. Əlinə saz almağa, oxumağa, aşıb-daşan sənət eşqini hayqırmağa qorxdu. Ancaq qohum-qardaş, dost-tanış, bu soya bələd olan hər kəs oxuması üçün ürək-dirək verdi ona. Oxudu. Məclislərə çıxdı. Boy-buxunu da, şəsti də, məclisdə meydangirliyi də eyzən Bilal idi. Şirin-şirin nağıl, dastan söyləməsi, deyişməsi də bənzəyirdi, səsi də. Ancaq bir az pəsdən, bir az bəm. Yarası imkan vermirdi...
Qara günləri arxada qoyub qalxmağı bacardı Ağalar. Böyük oğul ailəni başına yığdı, dolandırdı. Atası kimi sazı da əlinə alıb çaldı, çağırdı, yazdı, yaratdı...

Görən, neyləmişdim çərxi-fələyə,
Gəlmədi axırım, əzəlim mənim.
Bir kəsin bağına daş atmamışam,
Anadan pak olub əməlim mənim...

Yeddi arxam ilə ucadır adım,
Xəlilli nəslidir əslim, soyadım,
Atam Bilal olub mənim ustadım,
Ağalar, qoy bilsin hər elim mənim.

Beləcə, Aşıq Ağalar artıq 50-ci illərdə böyük sənətkarlar yetişdirən Şirvan aşıq mühitinin gerçək ustadına çevrildi. 300-dən çox şeiri, 4 dastan-rəvayəti və qəlb titrədən avazı ilə yaddaşlara hopdu.
Yaradıcılığını nəzərdən keçirərkən klassik aşıq poeziyasının ənənələrinə sadiq qalan sənətkarın şeirlərinin janr və üslub əlvanlığı diqqət çəkir. Bu baxımdan onun gəraylı və qoşmaları daha səciyyəvidir. Ənənəni saxlayan xalq aşığı bir çox hallarda özü də epitet yaratmaqda söz sənətinə yeniliklər gətirir.

Nə gözəlsən, ay Gülbədən,
Sanki tavuz çəkib gərdən.
Yaxandakı qızılgülnən
Bəzə bu gülşəni, gözəl.

Və ya:

Zənəxdan üstündə, bir qoşa xallı
Zülfü əmbər çilər, dodağı ballı.
Tovuz tamaşalı, sona misallı
Dünya şöhrətinə uyan olmasın.

Aşıq Ağaların ömrünün son çağında, xəstə yatağında yazdığı şeirlər xüsusilə diqqətimi çəkdi. Bu yaşda, bu halda sevgi ilə, məhəbbətlə bağlı gənclik ruhunda yazılmış şeirlər oxucusunu, dinləyicisini təəccübləndirə bilər. Çünki bu şeirlərdə hissiz, həyəcansız bir misra belə yoxdur. İnsan nə qədər ki sağdı, onun eşqi, məhəbbəti, sevgisi yaşayır:

Badə içsən gözəl yarın əlindən
Kim can verər, əcəl gəlsə qəfildən,
Gözəllər gözəli, səni görəndən,
Könlüm cənnət kimi diyara düşdü...

Aşığın yaradıcılıq məkanı geniş olsa da, coşqun ilhamı üçün əsl dayaq nöqtəsi doğma yurdu, doğma torpağıdır.

Bəzənmişdir başdan-başa elləri,
Şuşanın dağları, Gəncə gölləri,
Kürün kənarında, Muğan çölləri,
Ceyranlı düzləri Mildən şirindi.

Sənətkar yaşadığı ağır günlərə baxmayaraq, həmişə nikbinliyini qoruyub saxlamış, bir gözü gülüb, bir gözü ağlayaraq xalqına, vətəninə nəğmələr qoşmuş, onu tərənnüm etməkdən nə yorulmuş, nə də doymuşdur. Aşıq dəfələrlə yön tutduğu dağlara, çaylara, çöllərə, düzlərə yeni bir gözlə, yeni bir baxışla yanaşır, gördüyü gözəllikləri ayrı şövqlə tərənnüm edir. Həm də o, şifahi xalq ədəbiyyatına bağlı aşıqdır.

Dağ başında, qar pis olmaz,
Bağban dərən bar pis olmaz,
Könül sevən yar pis olmaz,
Könül ilqar verəndə gəl,
Ürəyimi biləndə gəl.

Bu qoşmada xalq danışıq dilinin ətri, ruhu var. “Dağ başında qar”, “Bağban dərən bar”, “Könül sevən yar” pis olmaz kimi ifadələri el dilindən qoparan aşıq şeirin fikir yükünü zənginləşdirir. Sənətkar bəzən atalar sözü və zərb-məsəlləri ustalıqla dəyişdirir, onlara təzə poetik ruh verir:

Aşıq Ağalar qəzəl janrında da qələmini sınamışdır. Onun qəzəllərində zahirən köhnə şeir üslubu nəzərə çarpsa da, məna və məzmun müasirdir, zamanla səsləşir.

Güldən təzədir əndamının mehri-səfası,
Oldu neçə min aşiq olan hüsnünə qurban.

Yazdı Ağalar şəninə min dürlü qəzəllər,
Ellər səni yad eyləyəcək şadi-xuraman.

Bu misralardakı ifadə tərzi, gözəlin vəsfi danışıq dili qədər sadə, canlı, təbii, eyni zamanda bədii təsvirə malikdir.
Rafael Hüseynov müxtəlif illərdə Azərbaycan Radiosunun “Axşam görüşləri” proqramında Ağalar Mikayılovun həm öz həyat və yaradıcılıq yolu, həm atası Mirzə Bilal, həm də digər saz ustadları haqqında xatirələri lentə alaraq əbədiləşdirmişdir. Eyni zamanda Aşıq Ağaların ömür yolu, yaradıcılığının müxtəlif məziyyətləri professorlar Əzizə Cəfərzadə, Qara Namazov və başqa tədqiqatçıların məqalələrində təhlil edilmişdir.
Ustad sənətkarın şəcərəsi, həyatı, yaradıcılığını daha dərindən araşdırmaq, təhlil etmək, şeirlərinin bir qismini toplayıb çap etdirmək zəhməti isə Şirvanın cəfakeş alimi, professor Seyfəddin Qəniyevin üzərinə düşmüşdür. Onun 2011-ci ildə nəşr etdirdiyi “Şirvanlı Aşıq Ağalar” monoqrafiyası el aşığı haqqında oxuculara müfəssəl bilgi verməklə yanaşı, aşığın şeirlərinin böyük bir qismi, bağladığı dastanlardan biri, eləcə də sənətkar haqqında yazılanlar və xatirələr də dərc olunmuşdur.
Aşıq Ağalar Şamaxı qəzasının Qəşəd kəndində göz açdı atalı-analı dünyasına. Kürdəmirdən – ikinci ocağından 75 yaşında köç etdi əbədi dünyasına. 9 övlad, 32 nəvə, soyunu davam etdirəcək nəticələr və bir də söz xəzinəsini miras qoydu övladlarına, el-obasına...

...Bu nəsildə, şəcərədə Aşıq Ağalarla bahəm rəhmətlik qardaşı Ağasəlim müəllim, yaşı 90-ı ötmüş Şəfi kişi də şeir yazıb, saz çalıb-oxuyublar və bu qardaşların övladlarının hansını dindirsən şeirlə cavab verərlər. Hamısının təbi, səsi, avazı, istedadı, başlıcası isə sənətə, saza-sözə sevgisi, həvəsi var. Həkim, müəllim, ticarətçi, əczaçı, sürücü, neftçi, kitabxanaçı… Müxtəlif peşə sahibi olan bu nəslin toplandığı yer şenlikdi. Və bu şenlikdən saz səsi, tar səsi, aşıq havacatları muğam sədası gəlir. Şeir, söz, sənət havası duyulur. Çünki bu ocaq sənət məbədidir, bu şenlikdə Mirzə Bilalın ruhu gəzir...

Müəllif:Yaqut BAHADURQIZI filologiya üzrə fəlsəfə doktoru
Mənbə: medeniyyet.az

0 şərh