Təbiətə vurğun qəlbin rənglər dünyası

Ötən əsrin ikinci yarısında Azərbaycan təsviri sənətində ideya-sənətkarlıq baxımından yeni meyillər ortaya çıxır, istedadlı rəssamlar yetişirdi. Onlardan biri də tanınmış peyzaj ustası, ölkəmizin təbiətinə vurğun olan Xalq rəssamı Xalidə Səfərova idi.
Xalidə Ələkbər qızı Səfərova 25 avqust 1926-cı ildə Gəncə şəhərində anadan olub. Erkən çağlardan rəsm çəkməyə maraq göstərir. Orta məktəbi bitirəndən sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olur. Daha sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsində təhsil alır.
Xalidə Səfərova
Tələbəlik illəri müharibə dövrünə təsadüf etdiyi üçün Xalidə Səfərova ilk diplom işini “Cəbhədən gələn məktub” mövzusuna həsr edir. İkinci diplom işi isə Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasına çəkilən illüstrasiyalar olur.  Araşdırmalarda qeyd edilir ki, Xalidə Səfərovanın diplom müdafiəsində SSRİ Xalq artisti Bülbül də iştirak edib. Görkəmli sənətkar gənc rəssamın əl işini yüksək qiymətləndirib. Hər iki əsər SSRİ Rəssamlıq Akademiyasının sərgisində, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun yubileyində, daha sonra 1956-cı ildə Praqa və Paris şəhərlərində keçirilən kinofestivallar çərçivəsində sərgilənib.
Xalidə Səfərova yaradıcılığında əsasən peyzaj və natürmort janrlarına üstünlük verib. Müəllifin “Payız gülü”, “Zinya çiçəyi”, “Bahar çiçəkləri”, “Monmartr gülləri”, “Gülabdan”, “Qızılgül”, “Çöl çiçəkləri”, “Eyvanda”, “Xrizantemlər”, “Yasəmənlər”, “Zanbaqlar”, “Nərgizlər”, “Nar çiçəyi” əsərlərini buna misal göstərmək olar.
Məhsuldar işləyən X.Səfərova ömür-gün yoldaşı rəssam Mahmud Tağıyev ilə 1947-ci ildə Bakıda keçirilən ilk birgə sərgisinə 70-ə yaxın rəngkarlıq və qrafika, 150-dən artıq etüd, peyzaj və natürmortla qatılır. “Qapıçı”, “Balet artisti Leyla Vəkilova”, “Maral Rəhmanzadə” və s. portret əsərləri müəllifin yüksək sənət duyumunu göstərən nümunələrdir.
1960-cı illərdə idman mövzusuna müraciət edən rəssam futbol oyunları, velosipedçi yürüşü, avarçəkmə təsvirlərindən ibarət çoxfiqurlu kompozisiyalar ərsəyə gətirir. Bu mövzuda “Gimnastlar”, “Estafet”, “Velosipedçi”, “Futbolçular”, “Çövkən” əsərləri rəng çalarlarından ustalıqla istifadə, ideyanın maraqlı təqdimatı ilə diqqəti çəkir.
Xalidə Səfərova əsəri
Azərbaycan təbiətinə ülvi tellərlə bağlanan rəssam tez-tez rayon və kəndlərə səfərlər edir. O, təbiətin füsunkar baxışlarını izləyərək bir çox natürmort və peyzajlar yaradır. Ərsəyə gətirdiyi “Qızılgül dəstəsi”, “Qızılgüllər və sərv ağacı”, “Yağışdan sonra”, “Çinarlar”, “Alma yığan qız” rəsmlərində kənd həyatını böyük sənətkarlıqla təsvir edir. Fırça ustasının əsərlərində Azərbaycanın bir çox rayonlarının təbiəti öz əksini tapıb. “Dumanlı səhər”, “Çəmənlikdə bahar”, “Payız günəşi”, “Pambıq gül açanda” və s. əsərlər bu baxımdan maraq doğurur. Sənətkarın məişət mövzusunda ərsəyə gətirdiyi “Uçun, göyərçinlər” adlı tablosu,  “Mənim diyarım” triptixi onun uğurlu əsərlərindən hesab olunur.
X.Səfərova 1985-ci ildə Fransaya səfər edir. Sena çayının mənzərələrini, düzənlikləri kətana köçürür. Daha sonra rəssam “Provansda payız”, “Arl kafesi”, “Marsel limanı”, “Martinq sahili” və s. əsərlər yaradır. Rəssamın Fransa silsiləsindən “Paris Notr-Dam kilsəsi”, “Bənövşəyi gecə”, “Site” tabloları da maraq doğurur. Həmin səfər zamanı çəkdiyi əsərlərinin bir çoxu Fransanın Azərbaycandakı səfirliyinin sərgisində nümayiş etdirilib.
X.Səfərovanın 1947-ci ildə (M.Tağıyev ilə birgə), 1980, 1984 və 2002-ci illərdə Bakıda, 1988-ci ildə Moskvada (M.Tağıyev ilə birgə) fərdi sərgiləri keçirilib. Müxtəlif illərdə əsərləri Rusiya, Türkiyə, Rumıniya, Macarıstan, Polşa, Əlcəzair, İsrail və başqa ölkələrdə sərgilənib, ABŞ, Almaniya, Rusiya, Türkiyə və Çexiyada şəxsi kolleksiyalarda saxlanılır.
Görkəmli sənətkarın əməyi yüksək qiymətləndirilib. O, 1989-cu ildə “Xalq rəssamı” fəxri adına layiq görülüb. Təsviri sənət salnaməmizdə dərin iz qoyan rəssam 23 dekabr 2005-ci ildə, 79 yaşında Bakıda vəfat edib.

 
Müəllif: S.FƏRƏCOV

0 şərh