Hicran düşdü aralığa Ziyadxan Əliyev

Yaşasaydı bu il 70 yaşı tamam olacaqdı, amma 8 il əvvəl bu «günahlı dünya”ya əlvida dedi. İşıqlı əməlləri ilə qazandığı axirəti nə qədər özünə rahatlıq gətirsə də, yoxluğu ilə onu tanıyan dostlarına, əsərlərinə rəğbət bəsləyən sənət xiridarlarına əbədi „hicran”ın acısını yaşatdı. Aralığa düşən bu “hicran”ın işığında onun sənət dünyası ilə tanışlığımız doğrudan da onun bənzərsiz yaradıcı təfəkkürə malik olduğunu və elə bu səbəbdən də xatırlanmalı olduğunu sərgilədi. Bununla belə etiraf edək ki, istedadlı fırça ustasının yaradıcılığına indiki müraciətimizin kökündə rəssamın ömür-gün yoldaşı Xalidə Hicranın onun barəsində hazırladığı „Sənətin sənətkarı” kitabının işıq üzü görməsi durur. Söhbət heç bir fəxri ad daşıyıcısı olmasa da, çoxşaxəli və özünəməxsus  yaradıcılığı ilə Azərbaycan incəsənətində özünəməxsus iz qoymuş Hicran Şəmil oğlu Seyidovdan (1950-2012) gedir...
Dünyanın bir çox sərgi salonlarında əcnəbi sənətsevərləri heyrətləndirməyi bacaran Hicran Seyidov ən müxtəlif tutumlu əsərlərində dahi həmyerliləri Əcəmi Naxçıvani təxəyyülünün və Bəhruz bəy Kəngərli fırçasının qüdrətinin layiqli davamçısı olduğunu nümayiş etdirmişdir.  Onun Azərbaycanla yanaşı, ən müxtəlif ölkələrdəki obyektlərin  interyer və eksteryerlərində gerçəkləşdirdiyi monumental-dekorativ sənət nümunələrinin daşıdığı estetikada yüksək sənətkarlığın mövcudluğundandır ki, onlar yaradıcısının adını əbədiyyətə və zamansızlığa qovuşdurmuş kimi qəbul olunurlar. Bunu Hicran Seyidovun Fransa, İtaliya, Sinqapur, İngiltərə, İspaniya, Hindistan, Meksika, Latın Amerikası və Birləşmiş Ərəb Əmirliyinin yeddi əmirliyində, eləcə də bir çox digər ölkələrdə icra etdiyi əsərlər təsdiqləyir.
Rəssamın sənətin ayrı-ayrı sahələrində ərsəyə gətirdiyi müxtəlif mövzulu və janrlı əsərlərinin yerli və çox nüfuzlu beynəlxalq  sərgilərdə çoxsaylı medal, diplom və mükafatlara layiq görülməsi də onun yaradıcılıq axtarışlarında müşahidə olunan orijinallığa və özünəməxsusluğa verilən yüksək dəyərin göstəricisidir...
Onun sənətə gəlişinin duyulası gözlənilməzliklərlə zəngin olmasına əmin olmaq üçün onun ömür yoluna  nəzər salmağa ehtiyac duyuruq. Hər şey onun peşə qazanmaq arzusu ilə Ordubaddan Sumqayıta üz tutmasından sonra başlanmışdır. Öncə oradakı peşə məktəbində təsviri sənətlə əlaqəli olan peşəyə yiyələnmiş və bir müddət şəhərdəki Sintetik-kauçuk zavodunun nəzdindəki rəssamlıq emalatxanasında çalışmışdır. Ruhunda gəzdirdiyi zəngin yaradıcı potensialı burada reallaşdıra bilməyəcəyinə onda yaranan əminlikdən sonra, o, paytaxta — Bakıya yollanmışdır. Həmin vaxtlarda hansı qüvvəsə gecə-gündüz rənglərlə “nəfəs” alan gənci teatr sahəsinə meyilləndirmiş və o, C.Cabbarlı adına „Azərbaycanfilm” kinostudiyasının nəzdindəki… aktyorluq kursuna (!!!) qəbul olunmuşdur. Amma Hicran çox tezliklə onu “mavi arzu”larına yetirə biləcək ünvanı səhv saldığına inanmış və rənglər aləminə qayıtmağa qərar vermişdir. İndikindən fərqli olaraq sovet dönəmində rəssamlıq məktəbində ilkin təhsil almadan ali məktəbə — Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olmağın mümkünsüzlüyü qarşılığında Hicran, onu gözləyən çətin imtahan sınaqlarından şərəflə çıxmış və 1977-ci ildə tələbə adını qazanmışdır. O, institutda Azərbaycanın bir çox tanınmış sənətkarlarından — Toğrul Nərimanbəyov (rəngkarlıq), Pavel Kuzmenko (kompozsiya), Oktay Şıxəliyev (monumental sənət), Lətif Kərimov (ornament), Zahid Hüseynov (keramika) və akademik Kərim Kərimovdan (incəsənət tarixi) sənətin sirlərini öyrənmişdir.
Hicran Şəmil oğlu Seyidov əsərləri
O, bu məşhur ali təhsil ocağının „Rəssam-konstruktor” şöbəsində kifayət qədər maraqlı keçən beş ili də “əlaçı” təqaüdü almaqla başa vurmuşdur. Təhsilsonrası – 1982-ci ildən təyinatla Azərbaycan Rəssamlar İttifaqı yanındakı Bədii-İstehsalat Kombinatında çalışmağa başlamışdır. Həmin illərdə gənclik həvəsi ilə çalışmasının nəticəsində 1986-cı ildə onu SSRİ Rəssamlar İttifaqına üzv qəbul etmişlər. Bu onu daha da həvəsləndirmiş və yeni-yeni yaradıcılıq axtarışlarına təkan vermişdir. Rəssamın həmin dövrdə yaratdığı monumental-dekorativ sənət nümunələri – şəhərləri və rayon mərkəzlərinin müxtəlif guşələrini, oradakı vağzalları, yaşayış məntəqələrindəki dayanacaqları, müxtəlif funksiyalı binaların interyer və eksteryerlərini bəzəyən rəngkarlıq pannoları və metal üzərindəki döymə nümunələri onun sənətlərin sintezi məsələsini uğurla həll etməsinin, bu sənət əsərlərinin həmin məkanlara duyğulandırıcı-özünəməxsus estetik aura bəxş etməsinin nümayişi olmuşdur…
Hicran Seyidovun monumental və dəzgah rəngkarlığı, təsviri və dekorativ-tətbiqi sənətin müxtəlif növləri, eləcə də karikatura sahəsində yaratdığı əsərləri bizə onun nəhayətsiz yaradıcı potensialını görməyə və dəyərləndirməyə imkan verir.
Çoxşaxəli yaradıcılığı ilə seçilən sənətkarın bədii yaradıcılığını tamamlayan ədəbi irsi- dəyişkən ruhlu şeirləri də onun ən müxtəlif janrlı rəssamlıq əsərlərində nümayiş etdirdiyi ovqatyaradıcı məqamların rəssam-şair təxəyyülündən süzülüb gəldiyinə əminlik yaradır.
Hicran Seyidovun yaradıcılığı kifayət qədər çoxşaxəli olsa da, ən möhtəşəm əsərlərinin monumental-dekorativ sənətlə bağlı olduğunu deməliyik. Belə əsərlərindən biri müxtəlif kənd əməkçilərinin  obrazlarına həsr olunmuşdur.  Dörd kompozisiyada ifadə olunan zəhmət ətrini mexanizatorun, meyvə toplayan, üzüm dərən və tütünləri sapa düzən qızların obrazlarında duymaq mümkündür. Hər biri şamotdan hazırlanmış dörd səthin üzərində qərarlaşan portret-kompozisiyaların bədii həllindəki bədii ümumiləşdrmə və stilizənin lakonik tutumda təqdimatında klassik irs nümunələri ilə səsləşən məqamlar kifayət qədərdir. Bu əmək adamlarını onların məşğul olduqları sahələrin səciyyəvi atributları ilə vəhdətdə təqdim edən müəllifin, inandırıcılıqla yanaşı, bədii tutumun monumentallığını əldə etmək istəyi də qabarıq dyulur…
Hicran Şəmil oğlu Seyidov əsərləri
Hicranın bir  çox pannolarında „soyuq” materialın hifz etdiyi məna-məzmun yükünə müvafiq ovqat daşıyıcısı kimi çıxış etməsini də ilk növbədə onun yaradıcı potensialının nəhayətsizliyinin göstəricisi kimi qəbul etmək olar. Bu mənada “Gənclik”, „Balaca musiqiçilər”, “Şənlik”, „Pambıqçılar”, “Meyvə yığımı”, „Musiqiçilər”, “Muğam”, „Sevgililər”, “Söhbət”, „Bayram”, “Məhsul yığımı”, „Yallı” və s. süjetli pannolarının adını çəkmək olar…
Hicran Seyidovun yaradıcılığında geniş yer tutan divar rəsmlərinin özünəməxsus estetikaya malik olmasını, yəqin ki, onun rəngkarlığın bu sahəsinin bədii-texniki xüsusiyyətlərinə dərindən bələdçiliyi ilə əlaqələndirmək olar. Onun belə əsərləri həm Azərbaycandakı, həm də ölkəmizin hüdudlarından çox-çox uzaqlarda yerləşən müxtəlif funksiyalı tikililərdə mövcuddur. Şərur rayonunda (Naxçıvan MR) inşa olunmuş Şahmat klubunun interyerini bəzəyən “Xəmsə” (Nizami Gəncəvi) adlı divar rəsmlərində Hicran Seyidovun özünəməxsus monumentalçı-rəssam keyfiyyətlərini görmək mümkündür…
Miniatür üslubu ilə Şərq-müsəlman ruhunun ifadəsində daha etibarlı olmasına inanan Hicran Seyidovun Birləşmiş Ərəb Əmirliklərində həyata keçirdiyi bir çox interyer tərtibatlarında belə bədii həllə rast gəlmək mümkündür. Məşhur Şərq poeziyası nümunələrinin və müxtəlif rəvayətlərinin oxunaqlı səhifələrini divarlarda bədiiləşdirən rəssam, üslubun mövzunun nikbin ruhlu təqdimatına imkan verən estetikasından ustalıqla istifadə etməklə, həmin tikililərin interyerlərinin duyğulandırıcı məkana çevrilməsini şərtləndirmişdir…
Təəccüblü olsa da sonradan bənzərsiz monumentalçı-rəssam kimi tanınacaq Hicran Seyidovu sənətsevərlər ilk olaraq çəkdiyi maraqlı karikaturalara görə tanıyıb və seviblər. Müxtəlif mövzulu karikaturaları əvvəlcə — 1979-cu ildə  respublikadakı „Kirpi” jurnalında, sonra isə “İncəsənət”, „Ədəbiyyat və incəsənət” qəzetlərndə, eləcə də məşhur “Krokodil” jurnalı və „Sobesednik” qəzetində çap olunmuş nümunələrində artıq “Hicran” imzasının tanınmasına nail olan rəssam, sonrakı yaradıcılıq mərhələsində də müəllif özünəməxsusluğunu qoruyub saxlaya bilmişdir. Heç şübhəsiz, buna şərtləndirən başlıca səbəb onun aktuallığı ilə seçilən çoxsaylı karikaturalarında duyulası dərəcədə səmimi olması, müraciət etdiyi mövzuları yüksək sənətkarlıqla bədiiləşdirməsi olmuşdur…
Qənaətimizcə, Hicran Seyidovun həyat yoldaşı Xalidə Seyidova ilə birlikdə Azərbaycan tarixini keçmişdən bu günə qədər özündə əks etdirən böyük ölçülü „Mənim Azərbaycanım” adlı qobelen toxumaq qərarına gəlməsi onun yaradıcılığının ən yaddaqalan anlarından sayıla bilər. Uzun zaman bu arzu həyata keçməmiş qalsa da, onlar bu unikal əsəri yaratmaq fikrindən çəkinməyiblər. 1986-ci ildə  onun eskizi tam hazır olsa da, arzunu reallaşdıracaq sifarişçi tapmaq çox çətin olub. Nəhayət, Sumqayıt şəhərindəki Kimya zavodunun rəhbərliyi bu qobeleni   zavodun mədəniyyət sarayının səhnəsində pərdə kimi asılmaq qərarına gəlib. Ümumi sahəsi 150 kvadratmetr, çəkisi 600 kiloqram olan bu unikal dekorativ-tətbiqi sənət nümunəsi 1991-ci ildə tamamlanıb. Onun kompozisiyasında xronoloji ardıcıllıqla Azərbaycanın xalq qəhrəmanları, sərkərdələri, cəngavərləri, möhtəşəm şairləri, sənətkarları, alimləri, bəstəkarları, qobelendə gözəl motivlərlə əlaqəli canlandırılıb. Tarixi memarlıq abidələri, milli atributları, vətənimizin dünəni bu günü, ilmələrlə cəlbedici bədii tutumda toxunmuşdur...
 Hicran Şəmil oğlu Seyidov əsərləri
Sonda deyək ki, bizlərdən nə qədər “uzaq”da olsa da Hicran Seyidov onu tanıyanlar tərəfindən incə qəlbli rəssam, yaradıcı mühəndis-konstruktor, böyük insan və əsil dost kimi xatırlanmaqdadır.  Məhz bu səbəbdən də ruhu başımızın üzərində dolaşan sənətkarı unutmaq olmur. Elə Sizlərə təqdim olunan bu yazı da əslində yaratdıqları ilə hər zaman xatırlanacaq sənətkar barəsində zaman-zaman formalaşan fikirlərin təravətini qoruyub saxlamaq məqsədilə  qələmə alınmışdır...
 
 
Mənbə: artkaspi.az

0 şərh