El sənəti – el şöhrəti

Baş Qafqaz silsiləsinin cənub ətəklərində yerləşən Şəkinin əsrarəngiz təbiəti və təbii xammal mənbələri ilə zənginliyi burada sənətkarlığın müxtəlif sahələrinin inkişaf etməsini şərtləndirmişdir. Elə bu zənginlik Azərbaycanın dilbər guşələrindən olan Şəkidə lap əski dövrlərdən çoxsaylı sənət növlərinin, o cümlədən silahsazlıq, misgərlik, zərgərlik, dulusçuluq, şəbəkəçilik,  təkəlduz, ipəkçilik və onun kəlağayı kimi növlərinin yaranmasına və inkişafına şərait yaratmışdır. Zamanın axarında yerli sənətkarlar tərəfindən bu özünəməxsus el sənəti növlərinin, sözün əsl mənasında, el şöhrətinə çevrilməsi və dünyanın müxtəlif guşələrinə yayılması da burada ərsəyə gətirilən məmulatların yüksək bədii-estetik dəyərə malik olduğunu təsdiqləyir. Buradakı müxtəlif sənətkarlıq sahələrinin ibtidaidən aliyə doğru baş tutan təşəkkülü tədricən  onların hər birinin Azərbaycanın başqa bölgələrindən fərqli kompozisiya biçiminə, naxış örtüyünə və rənglərinə görə seçilməsinə və "Şəki məktəbi” kimi tanınmasını şərtləndirmişdir...
El sənəti – el şöhrəti
Tarixi keçmişə və zəngin bədii ənənələrə malik olan Şəkidə sovet dönəmində və müstəqillik illərində də qazanılmış şöhrətin itirilməməsinə yönəli çoxsaylı işlər görülmüşdür. Zamanında burada dekorativ-tətbiqi sənət sahəsində çalışan Əşrəf Rəsulov, Şöyüb Məmmədov Möhtərəm Ağahüseynzadə və b. yaratdıqlarının sorağı Azərbaycandan çox-çox uzaqlara yayıldığından dövlət rəsmiləri onların SSRİ Rəssamlar İttifaqı sıralarına qəbul olunmaları və Şəkidə bu yaradıcı qurumun 12 nəfərdən ibarət yerli bölməsinin yaradılması (1974) həyata keçirilmişdi. O vaxtdan başlayaraq Şəkidə yaşayıb-yaradan sənətkarların yaradıcılığı ən müxtəlif sərgilərin bəzəyinə çevrilmişdir. Bəs müstəqillik illərində mədəni tədbirlərin bir-birini əvəzlədiyi və respublikanın ən çox ziyarət olunan guşələrindən birinə çevrilən Şəkidə bu gün vəziyyət necədir?
Şəhərdəki «Sənətkarlar evi”ndə, eləcə də fərdi emalatxanalarda fəaliyyət göstərən yaradıcılarla tanışlığın qarşılığında, demək olar ki, burada keçmişimizi yaşatmağa səy göstərən hər kəsə imkan dairəsində qayğı göstərilməkdədir. Tərcüməyə heç bir ehtiyacı olmayan sənətkarlıq nümunələrinin bu gün qədimlərdə olduğu kimi, yenə də Şəkinin „tanınma nişanı” funksiyasını daşıması, əlbəttə ki, təkcə şəkililər üçün yox, başqa bölgələrdə yaşayan hər birimiz üçün qürurvericidir. Bu mənada Rəhman Kamiloğlunun ərsəyə gətirdiyi xovlu tikmələrin adını xüsusi qeyd etmək istərdik.
İlk baxışda zəngin tikmə ənənəsi olan Şəkidə bu sahədə yeni söz deməyin mümkünsüzlüyünü düşündüyümüz halda, on il əvvəl gənc Rəhman yaratdığı özünəməxsus dekorativ-tətbiqi sənət nümunələri  ilə yeniliyə imza atmağa nail olmuşdur. Xüsusi ixtisas təhsili almamasına baxmayaraq, fitri istedadı sayəsində hər bir yeni tikmə nümunəsində duyulası icra sənətkarlığı və professionalıq nümayiş etdirən Rəhman Kamiloğlunun əl işləri Azərbaycan dekorativ-tətbiqi sənətini zənginləşdirən bədii dəyər daşıyıcısı kimi qəbul olunur. Bu vaxta qədər yaratdığı 30-dan çox tikmənin ölçüsündən asılı olaraq hər birinə dörd aydan səkkiz aya qədər vaxt sərf edən sənətkarın bədii irsi kifayət qədər rəngarəngdir. Yaradıcılığında janr məhdudiyyətinə rast gəlinməməsi ilk növbədə onun maraq dairəsinin genişliyi ilə bağlıdır. Bununla belə müəllifin mənzərə janrına xüsusi rəğbəti duyulmaqdadır. Onun “Qədim yaşayış evləri”, „Aşağı Karvansara”, “Qədim Şəki”, „Milli qablar”, “Şəkidə küçə”, „Şəki Xan sarayı”, “Yerli sənətkarlıq nümunələri” və s. əsərlərində rəng çalarlarının bir-birinə tapınmasından yaranan ahəngdarlıqda tikmə ustasının yüksək sənətkarlığı duyulmaqdadır. Müəllifin „Milli qablar”, “Muğam”və Qarabağa qayıdış” kimi tikmələrində isə janrı məna-məzmun baxımından zənginləşdirmək istəyi duyulmaqdadır...
Otuz ilə qədər bir  müddətdə Azərbaycan Rəssamlar İttifaqının Şəki şöbəsinə rəhbərlik edən Tahir Həmidli də həmkarları arasında yeniliyə meylli yaradıcı kimi tanınır. Qənaətimizcə, onun rəngkarların işlətdiyi ənənəvi kətanı adi çay daşının səthi ilə əvəzləməsinin kökündə bu bərk materialın təsviri sənətdən daha çox dekorativ-tətbiqi sənəti yaxınlığı dura bilərdi. Bu da əslində, Şəki bədii sənətkarlığını səciyyələndirən estetikanı daşla əlaqləndirməklə, iki – rəngkarlıq və dekorativ-tətbiqi sənət kimi sahələri bir araya gətirmək cəhdi idi. Həmin çoxsaylı uğurlu nümunələrlə tanışlığın qarşılığında deyə bilərik ki, Tahir Həmidlinin rəngkarlıq texnikasına gətirdiyi bu yenilik beynəlxalq  miqyasda çox maraqla qarşılanıb. Rəssamın əsasən Azərbaycan, xüsusilə də Şəki memarlığını əks etdirən əsərləri bir çox məşhurların kolleksiyasını bəzəməsi də bunu təsdiqləyir. Bu yerdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2011-ci ildə baş tutan Şəki səfərinin sonunda həmin əsərlərdən birinin ona hədiyyə olunduğunu dilə gətirməyə ehtiyac duyduq. Sənət xiridarlarının Tahir Həmidliyə yönəli söylədikləri „Daşlarla danışan rəssam” deyimində onun soyuq daş parçasına, sözün əsl mənasında, “can” vermək bacarığını vurğulamaq istəyi duyur. Doğrudan da, onun müxtəlif çalarlı daşların fakturasını çəkdiyi mənzərələrin koloriti ilə ustalıqla əlaqələndirməsində onun bənzərsiz olduğunu deyə bilərik. Bu gün Şəkiyə ayaq basan və Tahir Həmidlinin emalatxanasını ziyarət edən əcnəbi turistlərin ordan əliboş çıxmamalarının kökündə heç şübhəsiz, onun təsvirli daşları unikal ərməğan nümunəsinə çevirə bilməsi durur...
El sənəti – el şöhrəti
Şəbəkə sənətinin bütün zamanlarda Şəkinin „tanınma nişanı”na çevrilməsi danılmazdır. Şəki Xan sarayının gözəlliyini birəbeş artıran şəbəkələr həm sovet, həm də müstəqillik dövründə müxtəlif sənətkarlar tərəfindən uğurla  davam etdirilmişdir. Heç şübhəsiz, bu məsələdə Şəkidə daha çox “Şəbəkəçilər” ayaması ilə tanınan Rəsulovlar ailəsinin duyulası rolu olmuşdur. XX əsrin ikinci yarısında fəaliyyət göstərən rəhmətlik Əşrəf Rəsulov, sonra sənət estafetini oğlu Tofiqə ötürmüşdür. Bu yaradıcı-mənəvi yükü uzun müddət şərəflə daşıyan sənətkar XXI yüzillikdə şəbəkənin sirlərini oğlanları İlqar və Vüqara öyrətməklə, bu sahənin estetikasının yaşamasına imkan vermişdir. İlqar Rəsulzadənin bu il Bakıda təşkil olunan fərdi sərgisinin uğuru da göstərdi ki, estafet etibarlı əllərdədir. Bu gün Rəsulovlar sənətinin sorağının Vatikandan, Ukraynadan, Gürcüstanda yerləşən katolik kilsələrdən, Vatikanın Qafqaz üzrə nümayəndəliyindən, „Şəkixanovların ev muzeyi“nin, Gəncə „Şah Abbas məscidi“nin, „Bərdə türbə“sinin bərpasından, Yevlax və Tərtər şəhərlərində „Heydər Əliyev Muzeyi“nin tərtibatından gəlməsi də ilk növbədə onların yaradıcılıqlarına olan inamın göstəricisidir. „Şəki Xan Sarayı“nın nəsillikçə bərpaçı rəssamları olan Rəsulovların müxtəlif-gözlənilməz formalı və funksiyalı əl işləri 50 dən çox ölkə, 120-yə yaxın şəhərdə şəxsi kolleksiyalarda və muzey fondlarında saxlanılır...
Şəbəkə sənətinin bir çoxlarının düşündüyü kimi yeniliyə meylli olmamasını Şəkili sənətkarlar çoxdan sübut ediblər. Müasir dövrdə bu ənənəni Hüseyn Hacımustafazadə uğurla davam etməkdədir. Onun bir qərinəni əhatə edən yaradıcılığında ən müxtəlif formalı şəbəkələrə rast gəlmək mümkündür. Qənaətimizcə, sənətkarın milli musiqi alətlərimizə verdiyi şəbəkəli görkəm, yəqin ki, əsl bədii tapıntı hesab olunmağa layiqdir. Hüseyn Hacımustafazadə etiraf edir ki,  bu ideya onda Azərbaycan muğam ifaçılığının, həmçinin tar ifaçılığı sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsindən sonra yaranıb. Əsas məqsədi də muğam ifaçılığında istifadə olunan qədim milli musiqi alətlərimizi – tar, kamança və qavalı şəbəkə üsulu ilə hazırlamaqla, Azərbaycan şəbəkə sənətinin zənginləşməsinə və onun bədii-texniki imkanlarının daha geniş imkanlara malik olmasını sərgiləmək olub.  
El sənəti – el şöhrəti
Qeyd etmək lazımdır ki, onların hər biri gərgin axtarışların nəticəsində ərsəyə gətirilmişdir. Özünün dediyinə görə  təkcə şəbəkə-tarın hazırlanmasına üç aya yaxın vaxt sərf edib. Ustanın sözlərinə görə, tarın hazırlanması kamançaya nisbətən daha çətin və mürəkkəb olub. Kamançanın hazırlanmasında yalnız kürəşəkilli şəbəkədən istifadə edilib. Şəbəkə-tar isə kürə, düz lövhə və ellips formalı şəbəkələrdən, həmçinin şəbəkənin „Cəfəri” formasına oxşar yeni bir üslubdan istifadə edilməklə hazırlanıb. Tarın çanaq hissəsinin quraşdırılmasına 500-dən çox detal və rəngli şüşə işlənib. Bu hissələr yapışqan və mismardan istifadə olunmadan, ustanın özünün ixtira etdiyi üsulla bir-birinə birləşdirilib. Tara üz çəkilməsində, pərdələrin yığılmasında, simlərin salınmasında Hüseyn ustaya peşəkar tar ustası Mahir Vələdov kömək edib. Ustanın dediyinə görə, indiyədək dünyanın heç bir ölkəsində şəbəkəli tar hazırlanmayıb. Əlavə edək ki, onun hazırladığı kürəşəkilli və narşəkilli şəbəkə-formaların həsəd doğurucu bədii-texniki tutumunda onların müəllifinin zəngin təxəyyülə malik olduğu qabarıq duyulmaqdadır. Bu isə Şəkidə qədim ənənələrə malik olan el sənətinin gələcəyinə ümidlə baxmağa əsas verir...
 
 
Mənbə: artkaspi.az

0 şərh