Gerçəkliyə romantik baxış

Azərbaycan təsviri sənətinin müstəqilliyimizi əhatə edən inkişaf mərhələsinin  yeni adlarla zənginləşməsi danılmazdır. Bu yaradıcıların mövzu, üslub və ifadə axtarışlarında həm illərlə formalaşan bədii ənənələri qorumağa çalışanlar da var, az qala kanon şəklini almış müxtəlif bədii cərəyanlara fərqli-özünəməxsus münasibət göstərənlər də… Tanınmış fırça ustası Namidar Əliyev onların arasında ənənəyə sadiqliyi ilə seçilir...
Rəssamın bir qərinəni əhatə edən yaradıcılığı ilə tanışlıq göstərir ki, onun bir rəngkar kimi sərgilədiyi bu sadiqlik heç də olub-keçənlərin «soyuq-quru” təkrarı olmayıb, daha etibarlı hesab etdiyi realist-gerçəkçi bədii bünövrənin üzərində özünəməxsusluğu danılmaz olan  estetik keyfiyyətlər nümayiş etdirməkdən ibarətdir.
Gerçəkliyə romantik baxış
İlk baxışda çoxlarına adi hesab oluna biləcək bu yanaşma, əslində, onu yaşamağa hazırlaşanlardan görünənlərə daha diqqətli münasibət tələb edir. Belə ki, əsl, daha dəqiq desək, obyektə-motivə yaradıcı yanaşma yalnız o zaman baş tutur ki, rəssam görünənlərdə bu vaxta kimi başqalarının görə və yaxud duya bilmədiyi gözəllik qaynaqlarını üzə çıxara və onlara estetik tutum verə bilir. Namidar Əliyevin yaradıcılığı məhz bu cürdür...
Onun bədii irsində janr məhdudiyyəti o qədər ciddi duyulmasa da, daha çox sərgilərdə çəkdiyi mənzərə və natürmortlarla iştirak etdiyi danılmazdır. Bu janrlar ənənəvi olaraq süjetli tablo və portretlə müqayisədə „ikinci-üçüncü dərəcəli” hesab olunsalar da, onların yaradılma estetikasına bələd olanlar üçün həmin janrlar tam ciddi hesab olunur. Başqa sözlə desək, mənzərə və natürmortla da uğur qazanmaq, yaradıcı “mən”ini təsdiqləmək olar. Necə ki, vaxtilə bunu dahi Səttar Bəhlulzadə etmişdi...
Bu mənada Namidar Əliyevin rəngkarlıq sənəti məkanında o qədər də iddialı olmadığını vurğulamaqla yanaşı, bu vaxta qədər gerçəkləşdirdiyi hiss və duyğularının qarşılığında onun axtarışlarında səmimi və özünəməxsus olduğunu deyə bilərik. Qənaətimizcə, hər bir yaradıcının özünəməxsusluğu – sənətkar „mən”inin təsdiqi məhz bu cür səmimilikdən qaynaqlanır və təsdiqlənir...
Abşeronda dünyaya göz açan, əvvəlcə Bakıdakı məşhur “Əzimzadə məktəbi”ndə, sonra isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda ixtisas təhsili alan Namidar Əliyevin əsərlərinin mövzusu bilavasitə doğma yerlərlə bağlıdır. Abşeron təbiəti və memarlığı, onun təbii nemətləri rəssamın mənzərə və natürmortlarının əsas motivləri, məna-məzmun daşıyıcılarıdır. Onların hər birində gerçəkliyə müəllifin fərdi və fərqli bədii münasibəti hiss olunur. Əgər dəyişkən Abşeron təbiətini əks etdirən mənzərələrində bu münasibət yurda sevgi hissinə bələnmiş tutumdadırsa, çoxlarına sərt görünən bu torpağın yetişdirdiyi nemətlərin əks olunduğu natürmortlarında əşyalara bədii yanaşmasında isə görünənlərdən müəllifin qürur hissi keçirdiyi duyulmaqdadır...
Rəssamın mənzərələrində ovqat daşıyıcılığı önə çəkilmişdir, desək, yanılmarıq. Əslində, elə mənzərə janrının mahiyyəti bunu tələb edir. Etiraf edək ki, hər çəkilən mənzərədə arzulanan ovqat, əhval-ruhiyyə ifadəsini görmək olmur. Bu o vaxt baş verir ki, rəssam məkanın zahiri oxşarlığını əldə etməyə çalışır. Lakin o, buna nə qədər nail olsa da, görünənlərdə tamaşaçını duyğulandıra biləcək estetik çalarlar üzə çıxara bilmədiyindən, təsvirə alınan motivə bu cür yanaşma  fotoaparat obyektivinin görə biləcəyi işdən artıq olmur.  Çünki, obyektə münasibətdə obrazlı dillə desək, səmimilikdən qaynaqlanan müəllif qəlbinin döyüntüləri hiss olunmur...
 Namidar Əliyev isə ölçüsündən asılı olmayaraq müxtəlif motivli mənzərələrində ovqatyaradıcı olmağa çalışmış və demək olar ki, əksər hallarda öz məqsədinə nail olmuşdur. Bunu onun „Qayıqlar”, “Bilgəhdə küçə”, „Ləpəli gün”, “Bağ evləri”, „Balaxanı məscidi”, “Qürub çağı”, „Qədim körpü”, “Şirvanşahlar sarayı” və s. əsərləri də təsdiqləyir.
 Gerçəkliyə romantik baxış
Səhər çağlarında sahilə göz qoyan (»Qayıqlar”) rəssamın sakitliyi danılmaz olan məkanın tamaşaçıya lirik duyğular aşılaya biləcək məqamlarını qabartmağa çalışmışdır. Sahilə dəyib qayıdan ləpələrin yaratdığı  bəyazlığın fonunda görüntüyə gətirilən bir-neçə qayığın həsrətini duymaq elə də çətin deyildir. Qızılı qumun üzərindən «boylanan” qayıqların tünd rəngi ilə ləpə bəyazlığının və dəniz maviliyi nə qədər təzad yaratsa da, bütünlükdə, nikbin və ümidverici qəbul olunur. Başqa sözlə desək, az sonra balıqçıların gəlişi qayıqların yaşanan su həsrətinə  son qoya biləcəkdir...
»Qədim körpü” əsəri Xudafərin körpüsünün obrazı kimi düşünülmüşdür. Araz çayının sinəsində «təklənmiş” bu birləşdirici bədii-texniki qurğu»Türkmənçay”dan və «Gülüstan”dan əvvəl bələndiyi qələbəlikdən uzaq olduğundan, bu kimsəsizliyin həsrət hissi yaratdığı birmənalıdır. Odur ki, çay sularının yaratdığı bəyaz köpüklərlə dağların qış mənzərəsi arasında qərarlaşan qədim körpünün tamaşaçıda təzadlı duyğular oyatması da duyulandır...
Abşeron kəndlərini gəzməkdən usanmayan rəssamın bu yaradıcı müşahidələrindən sonra ərsəyə gətirdiyi mənzərələr də cəlbedici və yaddaqalandır. Bu mənada onun „Bilgəhdə küçə” və “Balaxanıda məscid”  əsərləri özünəməxsus estetik tutumuna görə cəlbedicidirlər.
Günəşli havada dar kənd küçələrinin və evlərinin arasından səmaya ucalan məscid minarəsini (»Balaxanıda məscid”) kompozisiyanın dominantına çevirən rəssam, işıq-kölgə təzadını tikililərin arxitektonikasının qabardılmasına yönəltməklə, məkanda yaşanan auranın estetikasını əyaniləşdirə bilmişdir. İsti rənglərin yaratdığı nikbinliyin əsərə və məkana özünəməxsusluq bəxş etməsi də danılmazdır...
 Gerçəkliyə romantik baxış
Onun «Bağ evləri” və „Şirvanşahlar sarayı”  tablolarında isə daha çox tarixiliyin qorunmasına üstünlük verilmişdir. Müasir dövrdə ənənəvi — sadə görkəmini itirməkdə olan bağ evləri Namidar Əliyevin əsərində (“Bağ evləri”) elə əvvəlki kimidir. Ona görə də hələ hündür hasara alınmamış bu tikililər tamaşaçını elə uzaq olmayan  keçmişə qaytarmaq gücündədir. Elə uzaqdan göz qoyulmuş motivin nikbin boyalarla işlənməsi də bu hisslərin daha da gücləndirilməsinə xidmət edir...
Namidar Əliyevin „Şirvanşahlar sarayı”nda  isə  əksinə, obyektə çox yaxından diqqət yetirilmişdir. Əhatəli məkanın yalnız bir hissəsini görüntüyə gətirən rəssam, bu qabarıqlıqda daşlarda yaşanan-hifz olunan qürurverici — tarixə bələnmiş estetikanı əyaniləşdirməyə çalışmışdır. Odur ki, burada kompozisiyaya daxil edilmiş hər bir ayrıntı cəlbedici görünməkdədir...
Azərbaycan təsviri sənətində sovet dönəmindən təşəkkül tapan natürmort janrına da rəssamın  özünəməxsus yanaşması mövcuddur. Zamanında bu sahədə uğurlu əsərlərin yaradılması da, sübut edir ki, natürmortun  milli təsviri sənətimizdə davamlı şəkil almış yeri vardır. Elə Namidar Əliyevin yaratdığı əsərlərin timsalında da buna əmin olmaq mümkündür...
Onun qatıq bankası ilə iki qara çörəyi bir araya gətirdiyi natürmort ilk növbədə atributların azlığı və məkana baxışın səmimiliyi ilə diqqət çəkir. Elə bunun nəticəsidir ki, ağ, qara və qəhvəyi rənglərin işığında təqdim olunan “süfrə” kifayət qədər düşündürücüdür. Belə bir kompozisiyanın tamaşaçıların nostalji hisslərinə toxunacağı, onları uzaq-yaxın keçmişin yaşanan təzadlı günlərinə qaytaracağı birmənalıdır. Onun müxtəlif materiallardan hazırlanmış məişət əşyalarına, maddi-mədəniyyət nümunələrinə və yurdumuzun təbii sərvətlərinə münasibətində də tamaşaçı ilə dialoq qurmaq istəyi güclüdür. Bunu şərtləndirən səbəb rəssamın kompozisiyalara daxil etdiyi hər bir əşyanı mənalandıra bilməsidir...
Təhsilsonrası əvvəlcə Azərbaycan Dövlət İncəsənət Universitetində, hazırda isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olan Namidar Əliyevin müstəqil yaradıcılığına tutduğumuz „bədii güzgü”yə əsasən demək olar ki, onun  zamanın axarında ərsəyə gətirdikləri milli rəssamlığımızın inkişafına töhfə kimi qəbul olunmaqdadır. Qənaətimzcə, bu onun bir yaradıcı kimi ən böyük mənəvi qazancı hesab oluna bilər...
 
Mənbə: artkaspi.az

0 şərh