Sosial beyinə doğru

Son illər oxuduğum yaddaqalan kitablardan biri Dieter F. Braus-un “Beyinə bir baxış” (“EinBlick ins Gehirn”) əsəridir. Dili elmi-populyar ədəbiyyata yaxın olduğuna görə kitab çox rahat oxunur. Əhatə etdiyi mövzuların kifayət qədər zəngin və əhəmiyyətli olduğunu düşündüyüm üçün kitabdan seçdiyim hissələrin tərcüməsini oxucularla bölüşmək qərarına gəldim. ( Orxan Zamanlı )
Sosial beyinə doğru
İnsan beyninin mikroarxitekturasına oxşar ən qədim beyin Platynereis dumerilii növündə aşkar edilib. Hətta bəzi onurğalıların sinir sistemi bətndaxili inkişafın ilk mərhələlərində bu növün sinir sisteminə oxşar struktura malikdir. Müəyyən oksitosin və dopamin reseptorları 450 milyon ildən bəri öz “orijinal” formasında ali sinir sisteminə malik bütün canlılarda, o cümlədən də insanda rast gəlinir.
Belə çıxır ki, bizim sinir sistemimiz 400-500 milyon illik təkamül yolu keçərək bugünkü vəziyyətini alıb. Bu yolda baş verən dəyişikliklər, təxminən, 7-12 min illik addımlarla baş verərək bu gün bizim “sosial beyin” olaraq tərif etdiyimiz formaya çatıb. İnsan da eynən P. dumerilii kimi təsadüflər, sürprizlər, təhlükələrlə dolu ətraf mühitlə mütəmadi kontaktdadır. Lakin ondan fərqli olaraq homo sapiens çoxdan başa düşüb ki, bizim növ üçün bu təhlükələrlə baş etməyin yeganə yolu qrup – cəmiyyət şəklində yaşamaqdır. Bu proses biz hələ körpə ikən anaya (və ya onu əvəz edən başqa əhəmiyyətli bir şəxsə) qarşı olan etibarlı bağdan başlayaraq, müxtəlif ünsiyyət, digər fərdlərlə qarşılıqlı əlaqə təcrübəsi, rituallar, miflər, sosial emosiyalar və həmçinin təcrid edilmə (medalın digər üzü) mexanizmləri vasitəsilə cəmiyyəti bir-birinə bağlayır.
Sosial beynin əsas hərəkətverici prinsiplərindən biri də budur: kim qrupdan (kütlədən) fərqlənsə, seçilsə, onun yaşama şansları kəskin azalır. Kütlə psixologiyası, ictimai qınaq, konform davranış və ya konform geyim tərzi bu prinsipin təzahürləridir. Kim kütlədən atılmaq riski ilə üzləşmək istəmirsə, kütlə ilə maksimal konform olmalıdır. Tibbə qarşılıqlı sosial əlaqənin, iştirakın önəmli bir sağlamlıq faktoru olması və əksinə izolyasiya – təcridolunmanın müxtəlif xəstəliklərə gətirib çıxarması da məlumdur.
Ontogenez (orqanizmin yumurta hüceyrəsinin mayalandığı andan başlayaraq ölənədək keçirdiyi dövr)
Beynin bətndaxili inkişafı isə yumurtahüceyrə ilə spermatozoidin görüşməsindən, təxminən, 3 həftə sonra başlayır. 40 gün sonra boruşəkilli bir sinir toxuması – neural tube – yaranır ki, bu da sonradan beynin bildiyimiz son şəklinə qədər inkişafına başlanğıc verir. Maraqlıdır ki, hələ insan doğulmazdan əvvəl beyində proqramlaşdırılmış hüceyrə ölümünə start verilir. Təxminən, 200 milyard neyroblastın (sonradan neyronlara başlanğıc verəcək) yarısını bu prosesdə itiririk. Bu vacib “özünütəmizləmə” prosesində normal gedişatın hər hansı səbəbdən pozulması müəyyən xəstəliklərə, məsələn, bir çox beyin xərçənglərinin və ya uşaqlarda anadangəlmə epileptik sindromların yaranmasına gətirib çıxara bilir.

Yeni doğulmuş körpənin beyni onun bədən çəkisinin 12%-ni təşkil edir və ümumi enerji istifadəsinin 60%-i bu beynin payına düşür. Müqayisə üçün, yetkin şəxslərdə beyin bədən çəkisinin cəmi 2%-ni təşkil və ümumi enerjinin 25%-ə qədərini istifadə edir.
Dad və iybilmə, həmçinin eşitmə kimi hiss orqanları doğuşa qədər, demək olar, tam inkişaf etmiş olur. Bu, o deməkdir ki, körpə, ana bətnində ananın səsini eşidir və onu artıq tanıyır. Bu fakt musiqi terapiyasının işləmə prinsiplərini bir aspektdən izah edir: bəzi pasientlərin arxaik hind, avropa, afrika, avstraliya alətlərinə (didgeridoo, alphorn və s.) qulaq asarkən keçirdikləri təhlükəsizlik, ilkin güvənlik hissini bu alətlərdən gələn səsin körpənin bətndə eşitdiyi səslərlə oxşarlığına bağlayanlar var.
Bütün digər orqan və orqan sistemləri kimi, sinir sistemi də doğuşdan sonra öz inkişafını davam etdirir. Qadınlarda, təxminən, 25, kişilərdə isə 26 yaşında beyin, demək olar, öz inkişafının final mərhələsinə çatır. Bu faktı nəzərə alaraq sürücülük vəsiqəsi və ya bəzi mürəkkəb, məsuliyyətli peşələrin niyə müəyyən minimal yaşla bağlı olmasını daha anlayışla qarşılamaq olar.
Pubertet (həddi-buluğ) dövrünə çatmış yeniyetmələrdə alın payının dopamin sistemində köklü dəyişikliklərin – sinaptik pruning – baş verməsi də onların sadəlövh cəsarətlə atdıqları addımları, daim yenilik axtarışı – sensation seeking – və sosial təcrid arasında dəyişən həyat tərzləri və inadkar davranışlarını izah edir.
Həyatının bu dövrünü keçən insan, sağlam inkişafın tərkib hissəsi olaraq sosial tanınma və bir qrupa aidliyə can atır. Bu məqsədinə çatmayan yeniyetmə – bunun səbəbi diqqət pozuntusu sindromları (ADS, ADHS) ola bilər – xırda kriminal addımlara, qayda pozuntularına, “maço” davranışlara, psixotropların istifadəsinə meyil edə bilər. Onlar bu davranışlarla sanki çatmadıqları “əsl” məqsədlərinin üstünü örtürlər. Qadın fərdlər burada, adətən, kriminallıq yox, depressiya, təşviş, qida qəbulu ilə bağlı pozuntular, özünə xəsarət yetirmə və s. kimi davranış formaları sərgiləyirlər.
Davranışlarımızın altında yatan bioloji səbəbləri bilmək bir çox həyat vəziyyətlərini daha uğurlu həll etməyimizə – hadisələrə daha fərqli baxmağa – imkan verir.

Qıcıq, assosiasiya və reaksiya
Ətraf mühitlə əlaqələrin əsasını təşkil edən hissiyat-sensor hüceyrələrə Platynereis dumerilii də malikdir. O da, insan da qıcıq, assosiasiya və reaksiya prinsipinə eyni dərəcədə hakimdirlər. Amma xoşbəxtlikdən, yüksək differensiasiyalı yaddaş mexanizminə malik olması insanın sinir sistemini daha mürəkkəb şəklə salıb, bu isə öz növbəsində təkamülün növbəti pillələrində inkişaf edəcək frontal – alın payı ilə birlikdə özünürefleksiya və məqsədyönlü davranışa gətirib çıxarıb.
Yalnız bəzi ekstremal hallarda insan beyni – ibtidai canlılarda olduğu kimi – ilkin olaraq qıcıq, assosiasiya və reaksiya modeli ilə çalışır. Məsələn, kimsə səhrada yol gedərkən qumluqda əqrəbə bənzər kölgə görsə, ilk reaksiya kimi diksinib, qorxacaq. Çünki bu qıcıq (əqrəb kölgəsi) beyin qabığına (cortex) çatmamış əvvəlcə talamus, amiqdala, ordan da birbaşa onurğa beyninə ötürülərək reaksiyaya səbəb olacaq. Yalnız bir az sonra beynin görmə qabığı aktivləşərək əslində görünən kölgənin əqrəb yox, məsələn, hər hansı bir kiçik quru çöp olduğunu kodlaşdıracaq və əvvəlki hiperreaksiyanı tormozlayacaq. Bu sadə prinsipin bizim sinir sistemimizdə milyon illər ərzində dəyişmədən qalması onun təkamüldəki müsbət rolu ilə bağlıdır.
Assosiativ öyrənmə və Önyarğı
Bizim social brain-i P. dumerilii sinir sistemindən fərqləndirən digər cəhət assosiativ öyrənmə və yaşlı, daha təcrübəli nəsli imitasiya xüsusiyyətidir. Bu xüsusiyyətin təkamül üçün nə qədər dəyərli olduğunu təsəvvür etmək çətin deyil: kimin uşaq ikən əli bircə dəfə oda dəyibsə, o, bundan nəticə çıxarmaq üçün eyni təcrübəni təkrarlamaq məcburiyyətində deyil. Çünki bu reaksiya sinir sisteminə birdəfəlik həkk olunub.
Bu cür təkamül üstünlükləri ilə yanaşı, imitasiya və assosiasiya ilə öyrənmənin böyük mənfi tərəfləri də var: məsələn, bütün əsrlərin və mədəniyyətlərin problemi olan və önyarğının yaranmasına gətirib çıxaran “düşünmədən, özünürefleksiyasız, tutuquşu tərzi təkrarlama meyli”.
Homo sapiensin daxilində dünyanı, yaşadıqlarımızı, həyatı izahetmə meyli var. Məhz bu subyektiv izahlar uzun müddət ərzində nəsildən-nəslə ötürülərək üst-üstə qalanıb, məsələn, müxtəlif ideologiyalara, dini ekstremizmə və s. gətirib çıxarır.
Bəlkə də hamımızın içində belə bir inam var ki, müxtəlif qruplara (irqi, etnik, siyasi və s.) aid insanlar bir-birindən çox fərqlənirlər. Məsələn, tibçilər arasında – xüsusilə də qərbdə – bir “Morbus sicilianus” konsepti var. Ona əsasən, cənubi avropalılar histrionik şəxsiyyət çalarlarına sahibdirlər və ağrıya yüksək həssaslıq göstərirlər. Belə fərqlərin, həqiqətən, bu qədər qabarıq olub-olmadığını öyrənmək üçün (Terraciano et al., 2005) 49 müxtəlif millətin nümayəndələri və müxtəlif mədəniyyət çevrələri arasında bir elmi tədqiqat aparılıb. Nəticə heç də gözlənildiyi kimi olmayıb: dünya üzrə milli xarakterləri hansısa şəxsiyyət xüsusiyyətlərinə görə bölmək heç cür alınmayıb. Yəni bir berlinlinin bir hamburqludan (tərc. – bakılının naxçıvanlıdan) və ya bir indoneziyalının bir polşalıdan fərqli şəxsiyyət strukturuna malik olmasının heç bir elmi əsası yoxdur.
Əgər daxilimizdə bu tədqiqatın nəticəsinə şübhə və inamsızlıq varsa, bunun səbəbi məhz əvvəl söhbət açdığımız assosiativ öyrənmə modelidir. Məsələn, bir naxçıvanlını hardasa özünü “yekəxana” aparan, və ya bir italyanı hardasa emosional, danışqan görsək, beynimiz bu bir nümunəyə istinadən ümumi qrupa aid nəticələr çıxarır və yaddaşa həkk edir. Növbəti gün heç bir xüsusiyyəti ilə nəzərə çarpmayan naxçıvanlı və ya italyan görsək, beyin bu hadisəni “görməzdən gəlir”, əvvəlki assosiasiyalarla uyğun gəlmədiyi üçün unudur.
Bəs bu cür önyarğıların funksiyası, rolu nədir? Onlar bu “təhlükəli və etibarsız” dünyada həyatımıza struktur və identifikasiya verir. Məsələn, milli identifikasiyanın əsas funksiyalarından biri özümüzün aid olduğumuz qrupu digər qruplardan ayıraraq onu gücləndirməkdir.
Yəni önyarğının bir fenomen kimi mövcudluğu problem deyil, problem onu manipulyasiya vasitəsinə çevirəndə meydana çıxır. Və yaxşı ki önyarğılar dəyişdirilməsi mümkün məfhumlardır: əlil arabasında oturan insan nazir (tərc. Almaniyanın hazırkı maliyyə naziri), bir afro-amerikan Amerikanın prezidenti ola bilər və s. Çox əziyyətli, böyük özünürefleksiya və uzun zaman tələb etsə də, assosiativ yaddaşımızda bu cür dəyişikliklər etmək mümkündür.

Dünyagörüşü
Önyarğılar toplandıqca birləşib dünyagörüşünü yaradır. Deyək ki, Platonun qeyri-materiya və ya ruhun ölməzliyi konsepti bu günümüzə qədər, ən azı, Avropa mədəniyyətində hissolunacaq, dərin izlər buraxıb. Əvvəllər bu iddianı nə təsdiq, nə də təkzib etmək olurdu. Bu gün isə psixiatriyanın bu “qeyri-materiya, ölümsüz ruhu” hansısa kimyəvi dərmanlarla müalicə etməsi Platon tərəfdarlarına qeyri-ciddi və məntiqsiz gəlməlidir. Məhz bu ruhi, qeyri-materiya (immaterial) proseslərin bioloji əsaslarının araşdırılması göstərdi ki, ruh və ya psixika beyinlə (yəni materiya ilə) ayrılmaz bir vəhdət təşkil edir, şəxsiyyət və intellekt də beynin dəyişilə bilən funksiyalarıdır.
İbtidai sinfə başlayanda bizə “bir hərəkət etməmiş fikirləş!” deyirlər. Bu dünyagörüşü gündəlik həyat üçün çox praktik bir məsləhət olsa da, empirik olaraq isbatlanmayıb. Belə ki, beyində hansısa bir hərəkətə başlamazdan 2-3 saniyə əvvəl ona uyğun elektrofizioloji aktivliyi ölçmək mümkündür. Soon et al. (2008) elmi araşdırmalarında sübut etdilər ki, hətta hansısa bir mövzu haqda verilən tam şüurlu, individual, azad qərarı kodlaşdıran serebral aktivliyi 10 saniyə əvvəl prefrontal və parietal beyin qabığında radioloji metodlarla müşahidə etmək olar. Bu vaxt ərzində həmin qərar heç bizim şüur qatımıza çatmamış olur – məsələn, araşdırmadakı probandlarda qarşılarındakı düymələrdən hansını növbəti olaraq sıxacaqlarını onların özlərindən daha tez “görmək” mümkün olub.
Gimnaziyada Descartes’ın (Dekart) “cogito ergo sum”u (düşünürəmsə, deməli, varam) gətirilir meydana. Bu, bir az dəyişdirilmiş formada – “cogito ergo est” (mən belə düşünürəm, deməli, belədir) nəinki hansısa səhv önyarğı prototipi ola, hətta XIX və XX əsr kolonializmi, 2008-ci il maliyyə krizisi kimi qlobal böhranlara da yol aça bilər. Əlbəttə, burada Descartes-lıq bir iş yoxdur, sadəcə o, bu gün yaşasaydı, açıq deməli idi ki, onun bu formulu mütləq və əbədi həqiqət deyil. Bu baxımdan dünyagörüşləri klassik memlərdir, yəni əsrlər və mədəniyyətlər boyu yayılmış, insanlığın bir hissəsinin yaddaşına uzunmüddətli həkk olunmuş ideyalardır.
Adətən, hər bir dünyagörüşünə əks bir dünyagörüşü də olur. Məsələn, bir tərəfdə Darwin-in təkamülün əsas hərəkətverici qüvvələrindən biri kimi gördüyü güclülərin seçilib saxlanması və zəiflərin yox olması prinsipi, digər tərəfdə isə Marx və Engels-in sinifsiz, sosial ədalətli cəmiyyət modeli ictimai-siyasi kontekstdə əks dünyagörüşləridir.
Məsələn, Freud-un psixoanalizi öz yuxu, intuisiya və təhtəlşüura vurğusu ilə Descartes dünyagörüşünün əksidir. Maraqlıdır ki, insanlar öz həyatları üzərində kontrolu itirdikləri anlarda magik-dini düşüncəyə, intuisiya və yuxuyozmalara daha açıq olurlar. Whitson və Galinskinin (2008) tədqiqatları da bunu göstərir: tam sağlam probandlar süni yaradılmış kontrol itkisi vəziyyətində neytral, bir-biri ilə əlaqəsi olmayan informasiya və stimullar arasında illüzor əlaqə “tapırlar”.
Başqa sözlə, stabillik hissi əlindən alınan insanın mistik inanclara meyli artır, frontal beyin qabığının kontrol və nəzarət funksiyası zəifləyir.
Fərqliliklər təkcə dözümlülüyü artırmır, eyni zamanda dəyişikliklər üçün motivasiya və yeni əməkdaşlıqlar formalaşdırır. Buna görə də təsəvvür etmək çətin deyil ki, tamamilə sinifsiz, mütləq bərabər və eynicinsli cəmiyyət daha az uğurlu və produktiv olmağa məhkumdur. Brecht yazırdı: “yalnız ölü balıqlar axınla üzər”.
Sartre bu fikri belə formalaşdırırdı: “İnkişaf narazılığın nəticəsidir”.

Descartes–ın dualizmi – ad acta
Dünya, əsasən də Avropa psixiatriyasında son dövrlərə qədər dualizm dominantlıq edirdi. Bu dualizm psixika (ruh, qeyri-materiya) və beyin (materiya) anlayışlarına bir-birindən ayrı, müstəqil qavramlar kimi yanaşırdı. Nəticə olaraq da ruh və bədən, genlər və ətraf mühit, psixoterapiya və farmakoterapiya və s. kimi anlayışların bir-biri ilə əlaqəsi olmadığı düşünülürdü.
Son bir neçə onilliyin elmi tədqiqatları bu dixotomiyanı əsaslı şəkildə əhəmiyyətsizləşdirir. Sadəcə baş beyin misalı – yəni psixika materiyanın (beynin) funksiyasıdır, materiya isə psixikanın – buna yaxşı misaldır. Hətta genlər və ətraf mühit dualizmi də artıq çoxdan keçmişdə qalıb.
Genlər və ya ətraf mühit dilemmasının həllinə aid Caspi et al. (2002) tərəfindən maraqlı araşdırma aparılıb. Sinir toxumasında Monoaminoksidaza-A (MAO-A) adlı çox vacib bir enzim var ki, adından da göründüyü kimi, onun funksiyası sinaptik boşluqdakı monoaminləri (məs., dopamin, serotonin, noradrenalin) parçalamaqdır. Bu enzimin aktivliyini kodlaşdıran genə polimorfizm xasdır – yəni aktivləşən gen lokusundan asılı olaraq MAO-A ya yüksək, ya da aşağı aktivlik göstərir.
Araşdırmaya əsasən, uşaqlıqda psixoloji və fiziki travmalara məruz qalmış və MAO-A aktivliyi aşağı olan fərdlər sonradan güc tətbiqinə, assosial, insanlararası konfliktlərdə qeyri-funksional davranışlara meyilli olurlar. Eyni genotipə malik olan, yalnız normal uşaqlıq keçirmiş fərdlərdə isə bu cür davranış tiplərinə rast gəlinmir.
Psixika və materiya arasındakı barışmaz dualizm indi öz yerini sinergetikaya və ya bir-biri ilə qarşılıqlı əlaqəyə verir. Bu, o deməkdir ki, təkcə biologiya (materiya) insan davranışını formalaşdırmır, həm də bizim davranışımız, düşüncələrimiz, ətraf mühit və həyat tərzimiz biologiyamızı formalaşdırır.
Bu dəyişikliklərin fonunda psixiatriya elm kimi özünü yenidən tərif etməli və nevrologiya, neyrocərrahiyyə, neyropatologiya və neyroradiologiya kimi kliniki neyroelmlər sırasında öz yerini təyin etməlidir.
 
 
Mənbə: azlogos.eu
 

0 şərh