Landşaft memarlığı? O nədir?

Yəqin ki, bir çoxunuz “Landşaft memarlığı nədir?” sualına cavab verməkdə çətinlik çəkəcək: Necə yəni landşaft? Necə yəni memarlıq? Bəyəm elə də şey olar?
İnkişaf edən texniki elmlər arasında memarlıq (sənət və elmin harmoniyası) özü bir neçə yerə ayrılır. İnteryer, eksteryer (bunu çox vaxt landşaftla səhv salırlar) şəhərsalma və planlama, landşaft – bunların hər biri memarlığın ayrıca qolu olub, eyni zamanda inşanın təbii parçasıdır. (Olmalıdır!)
Landşaft memarlığı
Ədəbiyyatımızda landşaft memarlığı haqqında məlumatlar olduqca azdır. Bu, çox təbiidir. Çünki ölkəmizdə bu ixtisas sahəsi heç bakalavr səviyyəsində də tədris olunmur. (Bunu salınan parklara baxaraq anlamaq çətin deyil). Lakin müasir dünyamızda landşaft memarlığı şəhərsalmanın, şəhər planlanmasının bel sütunu hesab olunur. Landşaft memarlığı olmadan hər hansı bir inşaya başlamaq bəzi ölkələrdə, ümumiyyətlə, mümkün deyil. Bunun ən böyük səbəbi inşa prosesində ekosistemə vurulan zərəri landşaft memarlığı ilə bərpa edə bilməkdir.
Qısaca tarixə nəzər salsaq, deyə bilərik ki, landşaft memarlığı anlayışı ilk dəfə 1863-cü ildə – F.L.Olmsted və C. Vaux ABŞ-da New York Mərkəzi Parkını (Central Park) hazırladığı zaman ön plana çıxıb. O zamandan bəri də landşaft memarlığı digər ətraf mühit mütəxəssisləri (memarlar, mühəndislər və s.) ilə rəqabət aparmağa davam edir. Hal-hazırda isə hansısa memari inşanı landşaft memarlığı olmadan təsəvvür etmək sadəcə mümkün deyil.
Landşaft memarlığı
Landşaft memarlığı – ekoloji, planlama və dizayn qanunlarını sistematik bir inşa üzərində təhlil edən, insan və onun fiziki çevrəsini, təbii və kulturoloji mənbələri qoruma və idarəetmə ilə birlikdə, sənəti, elmi, mühəndisliyi və texnologiyanı özündə cəmləyən bir peşədir.
Çətin gəldi? Əlbəttə çətindir. Çünki ölkəmizdə elə bilirlər ki, landşaft memarlığı, dizaynı bağbanlıqdan (bu sənətə böyük hörmətim var) o tərəfə keçmir. Bunu da, əlbəttə ki, işəyaramaz, “layihənin qiyməti budur, landşaft da üstündə hədiyyə” deyən memarların (!) uydurduğu şəhər əfsanəsi saymaq olar. Xülasə, landşaft memarı olmaq, layihəni hazırlamaq heç də “hədiyyə” ediləcək səviyyənin işi deyil. Bu özü böyük bir sahəni əhatə edən elmdir. Gəlin, birlikdə nəzər salaq, görək, landşaft memarlarının əsas işləri nələrdən ibarətdir?
Açıq hava yaşayış sahələri, uşaq oyun meydançaları və ictimaiyyətə açıq dincəlmə və idman sahələri təşkil etmək;
 
  1. Şəxsi və ya ictimai qurumlara aid bağları, parkları inşa etmək;
  2. Torpağın ətraf mühitə uyğunluğunu qiymətləndirmək;
  3. Ətraf mühitin problemlərini (ekoloji çirklənmə, erroziya və s.) aradan qaldırmaq üçün lazımi işlər aparmaq;
  4. Parklar, oyun meydançaları və istirahət zonaları kimi ictimai və ya özəl sahələrdə peyzaj planlarını həyata keçirmək;
  5. Yaşayış yerlərində yanlış yerləşdirmələri yenidən təşkil etmək üçün işlər aparmaq və bu kontekstdə ekosistemin balansını təmin edə biləcək resursları təhlil və idarə etmək;
  6. İqlimə görə açıq hava ərazilərində dizayn işləri etmək. Bu məqsədlə avtoyolları, piyada yolları, meydanlar, parklar, bağlar, hobbi parkları, meşələr, arboretumlar, dəniz və meşə qurğuları daxil olmaqla, bütün sahələr üzrə xüsusi işlər aparmaq və s.
Landşaft memarlığı
Qısacası, landşaft memarlarının bina xaricindəki bütün sahələri əhatə edən təbiətə aid bütün sferalarla məşğul olduğunu deyə bilərik. Bu sfera yağış sularının faydalandırılmasından tutmuş yeraltı suyun zənginləşdirilməsinə qədər ucsuz-bucaqsız istiqamətləri əhatə edir.
Amma bizim memarların gözündə landşaft memarı sadəcə “bağban”dır. Dəfələrlə həmin memarlar “işlərini” yalvar-yaxarla revizə etdirib. Özü də deyim ki, onların arasında sanballı memarlar da var.
Parklarda, küçələrdə, istirahət etdiyiniz açıq məkanlarda landşaft memarlarının izini görmək istəyirsinizsə, istifadə etdiyiniz məkanın həm funksionallığına, həm də estetikliyinə nəzər yetirin. İkisi arasında kəskin fərq hiss etsəniz, deməli, həmin yeri landşaft memarı yox, hansısa “qızıldiş”, fərsiz memar dizayn edib (Əlbəttə, istisnalar da var). Gələcək yazılarımızda bir çox yanlış dizaynların gətirdiyi problemlərə toxunacaq, onların necə həll olunduğunu izah edəcəyik.

Sonda “kim landşaft memarı ola bilər?” sualına cavab verim:
Landşaft memarlığı sahəsində işləmək istəyən, təbiəti sevən və müşahidə edən, biologiyadan məlumatı olan, geniş maraq dairəsinə, estetik baxışlara, zəngin təxəyyülə və istedada sahib, məkanın (bu, memarlığın ən böyük anlayışlarından biridir) istifadəsi üçün asan həllər tapmağa cəhd edən və digər ixtisaslarla əlaqələrdən istifadə etməyi bacaran insan potensial landşaft memarıdır.
 
 
Müəllif: Sahil Qənbərli
Mənbə: azlogos.eu
 

0 şərh