İsanın obrazları – LGBT, marixuana, kommunizm

Təsviri sənətdə İsa Məsih qədər obrazı yaradılan ikinci peyğəmbər çətin tapılsın. Avropa rəssamlığında İsanın doğuluşundan tutmuş son günlərinədək həyatının müxtəlif epziodlarını əks etdirən onlarla tablo çəkilib. Bir qayda olaraq, həmin rəsmlərin əsasını körpə İsanın anası müqəddəs Məryəmlə təsviri, Məcdəlli Məryəm və həvarilərlə bağlı əhavalatlardakı konkret vəziyyətlər, həmçinin, İsanın əzablarının dərinliyini, ağrısının gücünü göstərmək, İudanın xəyanəti, xaçdaşıma, çarmıxa çəkilmək, dirilmə və s. motivlər təşkil edir. Bu əsərlərdə fiziki, real dünyadan çox, ruhanilik, ilahilik, müqəddəslik əsasdır.
Yazımda isə İsaya ənənəvi münasibətdən yox, rəssamlıqda və kinoda onun obrazına, həyat hekayəsinə qeyri-ənənəvi yanaşmadan bəhs edən bəzi əsərlərdən danışacam.Alman rəssamı Hans Holbeynin “Tabutdakı ölü İsa Məsih” (The Body of the Dead Christ in the Tomb 1521-22) tablosunda İsanın meyiti son dərəcə realist boyalarla təsvir edilib. Adıçəkilən tabloya kimi, ölmüş İsa sakit və əzəmətli, vücudu təmiz təsvir olunur, bədəni ideallaşdırılır və ilahiləşdirilirdi. Misal üçün, Rafaelin, Dirk Bautsun eyni adlı əsərlərində İsa işıqlı, nur simalı, sanki yuxudaymış kimi görünürsə, Holbeyn İsanı ilahiləşdirmədən meyitini vahiməli, qorxunc çəkib və adi insanlarla eyniləşdirib: bədənində qançırları, yaraları, döyülmə izlərini, çürümə əlamətlərini nəzərə çarpdırır, gözləri isə yarıaçıq və ölgündür. Əsər Dostoyevskinin “İdiot” romanında da xatırlanır. Yazıçı ilk dəfə əsəri Bazeldə görmüş və sarsılmışdı. Romanın bir epizodunda Roqojinlə Mışkinin arasında tablo ilə bağlı söhbət baş verir. Roqojin əsəri, onu seyr etməyi sevdiyini deyir. Bundan dəhşətə gələn Mışkin isə bu rəsmin inamı öldürə biləcəyi qənaətindədir.
İsanın obrazları
XVII əsr rəssamlıq sənətinin islahatçısı, barokko cərəyanının ustalarından italyan Karavacco da yaradıcılığında dini kanonları pozur, müqəddəsləri ölümlü insanlarla əvəz edir, obrazları mükəmməllikdən arındıraraq realizmə yaxınlaşdırır.
Karavacconun şedevrlərindən sayılan “İsanın dəfni” (The Entombment of Christ (1603)) əsəri buna görə kilsə tərəfindən rədd edilmişdi. Fonda heç bir peyzaj, arxitektura elementləri yoxdur, ancaq ön plan vurğulanır və İsa sanki bizim reallığa daxil olacaq kimi görünür. İsaya yeni naturalist yanaşmanı qəbul etməyən dindarlar əsəri kobud, hörmətsizlik kimi dəyərləndirdi.
Yeri gəlmişkən, Karavacconun dini motivli işlərindən Mel Gibson “İsanın əzabları” dramında istifadə edib, xüsusən, personajların simalarını və işıq-kölgə texnikasını.
Modernist təsviri sənətdə də (bura impressionizm, postimpressionizm, kubizm, dadaizm, abstraktsionizm və s. daxildir) İsa Məsihin obrazına maraqlı yanaşmalar olub.
Pol Qogenin “Sarı İsa” (The Yellow Christ, 1889) rəsmində çarmıxaçəkilmə epizodu maraq doğurur. Hadisənin baş verdiyi məkan Fransa, zaman isə 19-cu əsrdir. Çarmıxa çəkilmiş İsanın yanında sakit, təmkinli kəndlilər heç nə olmamış kimi dayanıblar. Uzaq fonda isə gündəlik iş-gücləri ilə məşğul olan digər kəndlilər gözə dəyir. Sarı rəngin üstünlüyü sevincə, rahatlığa işarədir. Sənətşünasların fikrincə, görünür, rəssam yaşadığı dövrün mahiyyətini – laqeydliyi, unutqanlığı belə bir ziddiyyətli təsvirdə verib.
Alman rəssamı, eskpressionist “degenrativ sənətin” (Hitler Almaniyasında meydana gəlmiş “Degenerativ sənət” anlayışı modernist cərəyanları rədd edir, sənətdəki yenilikləri təhlükəli sayırdı) nümayəndəsi sayılan Maks Bekmanın “İsa və zinakarlıq başında tutulan qadın” (“Christ and the Woman Taken in Adultery” 1917) əsəri ilə məşhur İncil motivini və İsanı karikaturalaşdırıb. Süjet tanış olmasa, mərkəzi personajın məhz İsa olması bilinməzdi. Müəllifin yozumundakı İsa kosadır və iblisanə təəssürat yaradır.
Belarus və fransız rəssamı Mark Şaqal “Bəyaz Çarmıx” (White Crucifixion, 1938) tablosunda İsanın yəhudi kimliyinə işarə edir və bunun üçün rəssam onun başına tikanlı çələng yox, iudaizmdə xüsusi ibadət baş geyimi sayılan tales qoyur. Əsər yəhudi xalqının əzablarının təcəssümüdür. Çünki rəsmin çəkildiyi il Almaniyada Üçüncü Reyx tərəfindən yəhudilərə qarşı talan başladıldı və qətllər törədildi. Hadisə “Büllur gecə və yaxud Sındırılmış şüşələr gecəsi” adı ilə tarixə düşüb. “Bəyaz Çarmıx” Roma papası Fransiskin sevdiyi əsərdir…İsanın obrazları
Kino sənətində də İsanın şəxsiyyətinə maraqlı, müxtəlif yanaşmalar edilib. Rejissorların İncil mətnləri və İsanın obraz ilə sərbəst davranmaları ayrı-ayrı vaxtlarda dindarların kəskin tənqidlərilə qarşılanıb.
Ən qalmaqllı filmlərdən biri Martin Skorsezenin yunan yazıçısı Nikos Kazandzakisin romanı əsasında ekranlaşdırdığı “İsa Məsihin son tamahı” (The Last Temptation of Christ, 1988) dramıdır. Kazandzakisin 1955-ci ildə yayımlanmış “Son tamah” romanının da taleyi qalmaqallı olub və Skorseze mümkün qədər əsərin ruhunu saxlamağa çalışıb. Süjet İncillə ziddiyyət təşkil edir: İsanın romalıların hakimiyyətinə qarşı çıxanlar üçün çarmıx hazırlaması, onun aşiq olduğu Məcdəlli Məryəmin müştərilərlə intim münasibətlərini müşahidəsi, İudanın tam müsbət obrazı, çarmıxa çəkiləndən sonra zühur edib Məcdəlli Məryəmlə evlənməsi, sevişməsi, ata olması və s.
Hərçənd, rejissor əsas vurğunu bir qədər başqa mətləbə yönəltməyə çalışıb. Seçilmiş olduğunu anlayan İsa qorxaq, skeptik göstərilib, o, tərəddüd içindədir, çünki sevgi və müharibə, peyğəmərlik və adi həyat seçimləri arasında vurnuxur. Monoloqundakı bu parça onun xarakterinin açılmasında açar rolunu oynayır:
“Mən yalançı və riyakaram. Hər şeydən qorxuram. Qadın görəndə onu arzulasam da Tanrı naminə ondan imtina edirəm. Mən oğurluq etmirəm, qan tökmürəm, ona görə yox ki, şirniklənmirəm, ona görə ki, qorxuram. Sənə, bütün dünyaya, Tanrıya qarşı üsyan etmək istəyirəm. Amma qorxuram. Bilmək istəyirsən, anam və atam kimdir? Bilmək istəyirsən, mənim Tanrım kimdir? Qorxu”.
Həmin dövrdə kəskin tənqdilərlə üzləşən rejissora qarşı etiraz aksiyaları keçirilib, radikal xristianlar bəzi kinoteatrlardan filmin surətini oğurlayıblar. Bir neçə xristian təşkilatı filmin istehsalçısı Universal kompaniyasından neqativləri almağa cəhd göstərib. Onlarda qəzəb doğuran məqamlardan biri mənfi rollar ifaçısı kimi tanınan Uillem Defonun İsa Məsihin rolunu oynaması idi.
İngilis bəstəkarı Endryü Uebberin eyni adlı rok-operası əsasında çəkilən, kanadalı rejissor Norman Jevisonun “İsa Məsih super ulduzdur” (Jesus Christ Superstar, 1973) müziklində İncil hekayələri kəskin dəyişilməsə də, peyğəmbər rok ifaçısı qismində görünür və süjetə müasir elementlər daxil edilir. Əsgərlər İsa Məsihi Qolqofada avtomatla müşayiət edir, İuda tankların hücumuna məruz qalır. İsanın dollar əskinası asılmış lövhəni dağıtması səhnəsi ilə rejissor onun mübarizəsini Amerika imperializminə qarşı qoyur.
Paolo Pazolininin İsanın bioqrafiyasını əks etdirən “Matfeyin İncili” (The Gospel According to St. Matthew, 1964) filmində peyğmbər solçu, eyni zamanda bir qədər aqressiv, mizantrop və üsyankardır. Ateist olmasına rəğmən Pazolininin dini mövzuda çəkməsi çoxları üçün gözlənilməz idi. Hələ 1963-cü ildə onun “Qoyun pendiri” qısametrajlı filmi böyük qalmaqala səbəb olmuş və təhqiramiz, əxlaqsız məzmununa görə rejissor həbs olunmuşdu.
Hadisə, film çəkilişlərinin getdiyi məkanda baş verir. İsa ilə birgə çarmıxa çəkiləcək, ikinci oğru rolunu oynayan kasıb aktyor öz yeməyini ailəsinə verir və bütün günü aclıq hissindən əziyyət çəkir. Nəhayət, təsadüfən ona qoyun pendiri və çörək qismət olur. Aktyoru süfrə başında tutan çəkiliş qrupu onu məsxərəyə qoyaraq, qabağına yemək ataraq hamısını yeməyə məcbur edirlər. Və aktyor rolunu ifa edərkən, çarmıxaçəkilmə səhnəsindəcə canını tapşırır. Pazolini bununla da zahirən xristian dəyərlərinə əməl edən, mahiyytcə isə riyakar olan cəmiyyəti ifşa edir.
Həmin dönəmdə Roma Papası XIII İoann kilsənin müasirlərin bədii yaradıcılığına yeni münasibət göstərməsinin vacibliyini qeyd etmiş, onları birgə dialoqa, əməkdaşlığa çağırmışdı. Çağırışa qoşulan Pazolini hətta Assizi monastrında keçirilən bir seminarda iştirakçı olmuşdu. “Matfeyin İncili” ideyası da burada yaranmışdı. “Ateist olduğunuz halda niyə bu filmi çəkmisiniz” sualına o, belə cavab vermişdi: “Ola bilsin ki, mən inanclı deyiləm, amma dinə-imana xiffət duyan kafirəm”.
O, İsanı tarixdə olduğu kimi göstərmir, özünün dediyi kimi “bu, iki min il sonrakı İsanın həyatıdır”.
İsa haqda çəkilən öncəki filmlərdən fərqli olaraq, “Matfeyin İncil”i neorealist estetikada çəklib. Bütün dialoqlar İncilə birbaşa istinad edir, çünki rejissor hesab edirdi ki, təsvir heç vaxt mətnin poetik yüksəkliyinə nail ola bilməz.
Baş rolu qeyri-peşəkar aktyor, 19 yaşlı tələbə, kommunist Enrike İrasoki oynayır. Deyilənlərə inansaq, hətta Pazolini baş rola rus şairi Yevgeni Yevtuşenkonu dəvət etmək istəyib. Yuxarıda dediyimiz kimi, rejissorun yozumunda İsa solçu, inqilabçı, proletariatın natiqi kimi çıxış edir. İnqilabçıdır. Filmdə inqilabi rus, italyan mahnıları səslənir. Bununla da Pazolini bir növ İsanın şəxsiyyətini öz monopoliyasına almış kilsə ilə mübahisəyə girir. Hər halda 2015-ci ildə Vatikanın L’Osservatore Romano qəzeti filmi İsa haqda ən yaxşı ekran əsəri adlandırıb.
Amerika müəllif kinosunun az tanınan nümayəndələrindən biri Hel Hartli isə “Həyat kitabı” (“The book of life”, 1998) fentezi komediyasında İncil mətnlərini sərbəst yozumlayıb. Müasir dövrdə İsa Məsih kostyumda əlində noutbukla, Məcdəlli Məryəm subkultura mədəniyyətini təmsil edənlərin qiyafətində peyda olur, İblis isə barda pivə içir. İsa 2000-ci ilə keçmədən öncə, bir gün ərzində müəyyənlədirməlidir ki, kompüterləşmədən ağlını itirmiş dünyada Apokalipsis baş versin, ya yox? Ümumilikdə, film antixirsitian intonasiyada işlənib.
İsanın kinoda obrazı ilə son qalmaqallı film Netflix-də bir neçə il əvvəl yayımlanan “İsanın ilk tamahı” (The First Temptation of Christ, 2019) komediyasıdır. Filmin müəllifi bir qrup braziliyalı komikin, rejissorun və ssenaristin 2012-ci ildə yaratdığı Porta dos Fundos Youtube kanalıdır.
Süjetə görə İsa boyfrendi Orlando ilə səhrada 40 gün keçirəndən sonra evinə dönür. Anası Məryəm, atası İosif, həmçinin əmisi saydığı Tanrı İsanın 30 yaşı münasibətilə ziyafət verir. O, ailəsini Orlando ilə tanış edir. Ziyafətdə Tanrı İsaya onun atası olduğunu deyir. İsa otağına qayıdaraq marixuana çəkir, onun gözünə Şiva, Budda və digər müqəddəslər görünür. Sonda məlum olur ki, Orlando İblisdir və İsa onu məhv edir.
Bundan başqa Məryəmin narkoman olması, Tanrının İsaya onun masturbasiya etdiyini deməsi kimi provokativ səhnələr Braziliyada xristian cəmiyyətinin qəzəbinə səbəb olub. LGBT-yə qarşı çıxışları ilə tanınan pastor Marko Felisiano tvitter hesabında kanala qarşı mübarizənin vacibliyini qeyd edib. Özünü “qürurlu homofob” adlandıran Braziliya prezidenti Jair Bolsonaru hadisəyə şərh verməsə də, LGBT tematikasında çəkilən filmlərə dövlətin maliyyə ayrımasının qadağan edilməsi haqda əmr verib.
Filmi təhqiramiz sayan xristian cəmiyyətləri Netflix-dən onu dayandırmağı tələb etmişdilər. Neftlix isə burada həqarətli nəsə olmadığını iddia edir. Orlando rolunun ifaçısı Fabio Porşat cəmiyyətin reaksiyasını homofobiya adladırıb: “Filmdə İsanın gey olması iddia olunmur. Biz eyhamlarla oynayırıq ki, onun yeni dostu var, ola bilsin dostu geydir. Və onlar səhrada 40 gün birgə qalıblar. Hiddətlənməli olan tək tərəf LGBT-dir. Çünki məhz onların personajına İblis deyirik”.
2020-ci ilin yanvarında Braziliya məhkəməsi Netflix-in filmi yığışdırmaq öhdəliyi haqda qərar qəbul edib.
Qeyd edim ki, Porta dos Fundos kanalı sketçlərində eyni zamanda korrupsiya, narkoticarəti satirik şəkildə hədəfə götürür.
 
 
 
Müəllif: Sevda Sultanova
Mənbə: kulis.az

0 şərh