Niyə bu gün Azərbaycanda Üzeyir Hacıbəyovlar doğulmur?

Deyəsən, bu gün Almaniyada da Bethovenlər doğulmur, Rusiyada da daha Dostoyevskilər yoxdur, Çində də Konfutsilər ancaq bardaş qurub oturmuş köhnə heykəllərdir, Amerikada da Çaplinlərə rast gəlinmir. Əlbəttə ki, biz burada anaların doğduğu bioloji fərdlərdən deyil, mədəniyyətlərin doğduğu dahi şəxsiyyətlərdən danışırıq, baxmayaraq ki, hər ikisi ağrı çəkərək doğur.
Görünür, “dahilər zamanın övladlarıdır” fikri ilə razılaşmalı olacağıq; bəzi şeylər təkrarolunmazdır!
Qərb mədəniyyətinin ontoloji qısırlığa yuvarlandığını özünə dərd edən və “islamın önündə diz çökməliydik” deyən Nitsşe 1889-cu ildə yazdığı “Bütlərin Alaqaranlığı” kitabında qədim yəhudi peyğəmbərləri kimi fəryad edir: “Başqa ölkələrdə tez-tez məndən soruşurlar, “Alman filosofları yenə varmı? “Yenə varmı alman şairləri?” Üzüm qızara-qızara, bəli, var, deyirəm, Bismark!”
Üzeyir Hacıbəyov
Altında “Bu gün Almaniyada mədəniyyət varmı?” şübhəsi gizlənmiş bu suallara “Var, Bismark!” cavabı verməklə, əslində, Nitsşe bığlarını çeynəyərək acıqla “Bu gün Almaniyada mədəniyyət yoxdur” deyir.
Dahilərin zamanın övladı olması fikri xeyli mücərrəd bir təsbitdir. Hər ölkənin, hər mədəniyyətin özünə xas zamanı var; İngiltərə ilə Nepalın fərqi bu gün ayrı-ayrı zamanda mövcud olmalarıdır. Şimali Koreya ilə Cənubi Koreya eyni məkanda olsalar da, eyni zamanda deyillər. Miladi təqvimə görə, bütün ölkələr XXI əsrdədir, amma mən sizə bu gün XIV əsrdə yaşayan onlarla ölkə adı çəkə bilərəm.
Zamanın xarakterini həmin zaman kəsiyində mövcud olan mədəniyyətin vəziyyəti müəyyən edir. Dahilər içində doğulduqları zamanın deyil, içində yaşadıqları mədəniyyətin övladlarıdır desək düşüncələrimiz bir az durular. Bir dahinin necə yetişdiyini görmək üçün onun içində böyüdüyü mədəniyyətin xarakterinə baxmaq lazımdır. Pikassonu Əndəlüs doğdu, Paris böyütdü. Yaxud əməvilərin və abbasilərin dövründə islam mədəniyyətdəki vəziyyəti müqayisə edərək əvvəlkilərin yaratdıqlarını sonrakıların yox etdiyini görəcəyik. Renessans dövründə Medici ailəsinin idarə etdiyi Florensiya şəhər-dövlətində təkcə Da Vinçiyə qoyulan sərmayə ilə yerdə qalan bütün İtaliya mədəniyyətinə qoyulan sərmayəni tutuşdursaq gözümüz kəlləmizə çıxar.
“Mədənəyyət nədir” sualına verilən yüzlərlə cavabın içində mənim ən çox üzərində düşündüyüm cavab amerikalı antropoloq Rut Benediktə məxsusdur. Benedikt xanım deyir ki, mədəniyyət böyüdülərək ekranda əks etdirilən fərdi psixologiyadır. Yəni bir fransızın, bir rusun, bir azərbaycanlının psixoloji ölçülərini böyütsək onların təmsil etdiyi mədəniyyətin xarakterini üzə çıxarmış olacağıq. Mədəniyyətimiz düşüncələrimizin davranışlarımızda üzə çıxmasıdır.
Şəxsiyyətin etnoqrafik mənşəyini araşdıran insanşünas Ralf Lintonun gəldiyi nəticə budur ki, öz mədəniyyətindən başqasını tanımayanlar öz mədəniyyətlərini də tanıya, dəyərləndirə bilməzlər. Üzeyir Hacıbəyov Azərbaycan mədəniyyətinin hansı dönəmində üzə çıxır? Şərq muğamının Qərb musiqisini tanımağa başladığı bir dönəmdə. Coğrafiya fakültəsinin məzunu olaraq deyə bilərəm ki, cəmiyyətdə olduğu kimi, təbiətdə də nəhəngliyi yaradan tektonik layların toqquşması, üz-üzə gəlməsidir. Görünür, Azərbaycan mədəniyyəti bu gün heç bir başqa mədəniyyətlə canlı ünsiyyətdə deyil, ya da toqquşduğu, qarşılıqlı əlaqədə olduğu mədəniyyət(lər)in özü də o qədər bayağıdır ki, istər-istəməz bu yad bayağılıq bizə də yoluxur.
Daha qorxulusu isə son onilliklərdə mədəni ünsiyyətə girdiyimiz, neoliberal, neosekulyar təməllərə söykənən Qərb mədəniyyətinin Azərbaycan mədəniyyətini aşındırıb yox etməsi təhlükəsidir. Yəni bu gün müşahidə olunan milli-mədəni durğunluq, bəlkə də, mədəniyyətimizdə baş verməkdə olan “beyin ölümü”nün ilk əlamətləridir.
Səhv etmirəmsə, “Sivilizasiya sınanır” əsərində mədəniyyətləri dahi şəxsiyyətlərin yaratdığını iddia edən ingilis tarixçisi Arnold Toynbi Renessansdan sonra yaranmaqda olan sekulyar-liberal Qərb mədəniyyətinin üç əsr ərzində mövcud mədəniyyətlərdən 26-sını yox etdiyini, 9-unu isə inkişaflarının mövcud mərhələsində dondurduğunu yazır. Kimdə belə bir əminlik var ki, müasir Azərbaycan mədəniyyəti üz-üzə gəldiyi sekulyar-liberal Qərb mədəniyyətinin yox etməyə, yaxud inkişafının indiki mərhələsində dondurmağa başladığı növbəti, mədəniyyət deyil?

“Bu gün Azərbaycanda niyə Üzeyir Hacıbəyovlar yetişmir” sualının cavabı da Toynbinin bu əsərində verilib. Bu ingilis kəlləsi iddia və isbat edir ki, mədəniyyəti dahi şəxsiyyətlər yaradır. Əgər belədirsə (buna heç şübhəm yoxdur), yəni mədəniyyəti dahi şəxsiyyətlər yaradırsa, deməli, cəmiyyət əvvəlcə özünün şəxsiyyət problemini həll etməlidir. Bu gün Azərbaycanda mədəniyyət problemindən əvvəl şəxsiyyət probleminə baxmaq lazımdır. Bu gün mövcud mədəni səviyyəmiz şəxsiyyət(lər) yetişdirə bilirmi? Şəxsiyyət yoxdursa, mədəniyyət də olmayacaq. Necə deyərlər, hər din bir peyğəmbərin əsəridir.
Yenə misallara müraciət edək. Amerikalı antropoloq Marqaret Mid Yeni Qiveniyanın eyni irqdən olan Arapeş və Munduqumor qəbilələrində apardığı araşdırmalardan bu nəticəyə gəldi ki, məhdud imkanlara baxmayaraq, rifah içində böyüyən arapeşli uşaqlar böyüdükdə nəzakətli, xeyirxah və zəki insanlar olurlar, onların o biri tayı olan munduqumorlar isə uşaqlarının rifahına fikir vermirlər və bu qəbilənin böyüməkdə olan nəsilləri “bacarana can qurban”lara, “gözdən tük qapanlara” və “tərbiyəli yaltaqlara” çevrilirlər. Bu təcrübənin nəticələri digər xalqlara da aiddir; rifah içində yaşayan xalqların mədəniyyəti də zəngin olur, lümpenproletar mənəviyyata sahib xalqlar isə öz görməmişliklərinin içində boğulurlar.
Mid xanımın bu araşdırması şəxsiyyətin yetişməsində rifahın önəmini ortaya qoyur. Vələmyesir mühitdə şəxsiyyətlər ancaq genetik təsadüf nəticəsində üzə çıxa bilər ki, o vaxta da ya xan ölər, ya eşşək.
Sosial antropologiyaya psixoanalitik təcrübələri tətbiq edən ingilis alimi Ceffri Qorer rus xalqının həmişə avtoritar bir liderə boyun əymək ehtiyacının səbəbini rusların öz uşaqlarını balaca vaxtı yeri gəldi-gəlmədi təpəqarama etməsi, kötəkləməsi ilə əlaqələndirir. Boş-boşuna döyüldükdən sonra uşaqların əzizlənməsi, incidilmiş qəlblərinin ovudulması üçün onlara kiçik hədiyyələrin verilməsi ruslarda uşaq vaxtından cəza və mükafat arasında bir bağ olduğu düşüncəsini yaradır. Və bu düşüncə zamanla bütün rus xalqının, həmçinin rus ziyalılarının milli şüuruna çevrilir. (Cəzaya qədərki dikbaş və cəzadan sonrakı əl quzusu Dostoyevskini xatırlayaq.) Ruslar milli gücə çevirdikləri bu milli əzikliklərini tarix boyu onlara döyüş meydanında məğlub olan mədəniyyətlərə də tətbiq ediblər.
Keçən əsrin 80-ci illərinə qədər ingilislər də mühafizəkar puritan əxlaqından gələn tərbiyələndirmə üsulu olaraq uşaqların kötəklənməsini qanunla təsdiqləyirdilər. Amma nə üçün rusları itaətkar edən kötəkləmə ingilisləri üsyankar edir? Çünki dəmşalaq babası balaca Qorkini axmaqlıq etməzdən əvvəl döyürdi. Necə ki, böyüyəndə daha yaxşı ötsünlər deyə körpə vaxtı saka quşlarının gözlərini oyurlar. Dikkensi isə əyyaş atası o, axmaqlıq etdikdən sonra əzişdirirdi.
Ədaləti qabaqlayan cəza insanı (cəmiyyəti) əxlaqsızlaşdırır, şəxsiyyət problemi yaradır. Dostoyevskinin, Qorkinin tipik rus qəhrəmanları müti və qəddardırlar. Qəddarlıqları mütiliklərinin qisası kimi üzə çıxır. Balaca Dikkensdə isə cəza suçdan sonrakı ədalətin icrasıdır, suça görə verilən ədalətli cəza ingilisdə ədalətsiz cəzaya qarşı dirənmək əxlaqını formalaşdırır. Rus uşaqlığından bəri suçdan əvvəl cəzalandırıldığı və buna görə əzizləndiyi, mükafatlandırıldığı üçün “cinayət və cəza” axtarışı onda vərdişə çevrilir. Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkündür. Raskolnikov cəza axtarırdı, milli instinkti ona dinclik vermirdi. Sələmçi qarı olmasaydı da o, başqa bir bəhanə tapıb cinayət törədəcəkdi. Tanrının lənəti və mərhəməti rusun həyatına günahla birlikdə daxil olur. Rus həyata “cinayət və cəza” ilə bağlanır. Günaha batmaqla rus öz varlığını təsdiqləyir.
Bütün bu nümunələrdə biz çalışdıq ki, şəxsiyyətin yetişməsində mədəniyyətin necə bir rol oynadığını diqqətə çatdıraq.
Ümumiyyətlə, mədəniyyətin yaranışı və yayılması zorakı prosesdir. Qılıncı, topu, dar ağacları, edam kötükləri olmayan hər hansı bir mədəniyyət günümüzə gəlib çatmayıb. Qədim Şumer mədəniyyətindən tutmuş, müasir Qərb (ABŞ) mədəniyyətinə qədər tarixin hansı dövrünə baxsanız mədəniyyətin əlində qamçı görəcəksiniz. Hər bir mədəni xalq ütülü köynəyi ilə kürəyində qançır olmuş mədəniyyətin şallaq izlərini gizləyir. Heç bir xalq mədəni doğulmur, hər bir mədəni xalq da barbarlığın, kanniballığın, cəhalətin bir addımlığında yaşayır. Hər bir xalqı vəhşiləşməyə, cahilləşməyə qoymayan ardıcıl həyata keçirilən mədəni təcavüzkarlıqdır. Hitlerə cəmi üç il bəs etdi ki, Kantın, Hegelin, Nitsenin xalqını insanları diri-diri sobalarda yandıran millətçi yamyamlara çevirsin.

Üzeyir Hacıbəyovu yetişdirən də gözünü Hindistana, ingilis müstəmləkəçiliyinin cənnətinə dikmiş rus çarının yol boyunca düzülmüş xalqlarla dil tapmaq asan olsun deyə onlara rus dilini və ruslaşdırılmış Qərb mədəniyyətini öyrətmək üçün Qafqazda yürütdüyü mədəni təcavüzkarlıq siyasəti idi. Bu siyasətdən mədəniyyətimizə maariçi bir nəsil miras qaldı. Yaxşı oldu, pis oldu, bu, başqa yazının mövzusudur.
Rusların özləri də Pyotrdan əsrlərlə əvvəl knyaz Vladimirin qamçısı ilə “əhliləşdirilmişdilər”. X əsrdə təktanrılı dinlərdən birini seçmək fikrinə düşən knyaz Vladimir içkini haram buyurduğu üçün islamı deyil, xristianlığı seçdi və əsgərlərinə əmr etdi ki, rus xalqını qamçılayaraq bütpərəstlikdən uzaqlaşdırıb, xristinalığa tapınmağa məcbur etsinlər. Pyotr öz xalqını döyə-döyə finlərdən əkişdirdiyi banyolara soxub çimizdirirdi. Yaxud İbrahim yəhudiləri, Məhəmməd ərəbləri Allahın əmri ilə bir-birilərinə qırdırmasaydı, kral Henrix nədimi Tomas Moru etiraz etdiyi üçün edam etdirib, anqikan kilsəsini Vatikandan ayırmasaydı, Şah İsmayıl, Corc Vaşinqton, Bismark, Atatürk zor gücünə öz ölkələrində mədəni islahatlar aparmasaydılar yəqin ki, vəziyyət indi fərqli şəkildə olardı.
Toynbi “mədəniyyətləri dahi şəxsiyyətlər yaradır” fikrində haqlıdır; o xalqlar ki mədəniyyət pilləkəninin altında yaşayırlar, o xalqlar şəxsiyyət qıtlığından əziyyət çəkənlərdir. Adətən, imperialist hökumətlər əsarətdə saxladıqları xalqları daha rahat idarə etsinlər deyə, ilk növbədə, onların milli kimliklərini şəxsiyyətsizləşdirirlər. Çünki şəxsiyyətləri olmayan xalq heç bir mənəvi, ideoloji gücə sahib deyildir. Şəxsiyyətsiz qalan xalq özü-özlüyündə yalnız təsərrüfat yarada bilər, onu mədəniyyətə çevirmək üçün mütləq şəxsiyyətlərə ehtiyacı var. Ona görə də bütün böyük xalqar özlərini böyük şəxsiyyətlərinə borclu bilir və onların yetişməsi üçün gecə-gündüz mədəniyyətlərini “gübrələyirlər”.
 
 

Müəllif: Aqşin Yenisey
Mənbə: kulis.az
 

0 şərh