İncəsənət - Keçmişdə və indi

İber rəssamlarının sərgisi, məyusluq doğuracağı ehtimal olunmasına baxmayaraq, əgər onlar müntəzəm surətdə təşkil edilsə, incəsənətimiz üçün son dərəcə mühüm qaydaya çevrilə bilər. Doğrudan da, mənə elə gəlir ki, gənclərin əsərlərini məzmunca dolğunlaşdıran kamil rəssamların sənətini nəzərə almasaq, indiki sərgi istedad və üslub sarıdan yoxsuldur. Lakin məhz elə ilk məhsulun azlığı yeni əsərlərin ekspozisiyalarının sistematik olaraq yeniləşməsini zəruri edir. Son zamanlara qədər “cəfəng” təsviri incəsənətin qisməti qapanmış dairədə yaradıcılıq axtarışları idi. Cəmiyyətdə tanınmamış yalqız rəssamların qarşısını ənənəvi incəsənət massivi kəsmişdi. Bugünkü sərgi onları birləşdirdi, artıq onlar öz işlərində uğur qazanacaqlarına böyük əminlik hiss edə bilərlər; bununla yanaşı onlardan hər biri bu bütünlüyün müqabilində öz baxışları ilə başqalarının təsəvvürünə, anlayışına müqavimət göstərir, ona görə də onlar öz incəsənətlərində ümumi yer tutacaqlarından şiddətli qorxu hiss edirlər və rəssamlıq təsərrüfatındakı alətlərini təkmilləşdirməyə can atırlar. O ki qaldı publikaya, vaxt keçdikcə o, yeni incəsənət fenomeninə uyğunlaşa biləcək və bunun sayəsində yaradıcılığın bulunduğu vəziyyətin dramatikliyini anlayacaq.
Əlbəttə ki, bu, dərhal baş verməyəcək. Vəziyyət o qədər mürəkkəb və ziddiyyətlidir ki, insanların bunu dərhal tamamilə anlamasını tələb etmək ədalətsizlik olardı. Vəziyyətə aydınlıq gətirmək üçün, ziddiyyətli mülahizələrə əl atmalıyam. Deməliyəm ki, əsl müasir incəsənət, əslində incəsənət deyil; əgər biz bu gün əsl incəsənət yaradıb ondan zövq almaq istəyiriksə, məhz bu etirafdan çıxış etməliyik. Bu, çətin anlaşılan fikir kimi görünə bilər, buna görə də riyaziyyatçılar demişkən, onu açmağa çalışaq. İlk olaraq ondan başlayaq ki, hər bir dövr öz dünyagörüşünə adekvat olan incəsənətə malikdir və deməli, hər bir incəsənət öz dövrü üçün müasirdir, çünki o, az ya çox dərəcədə öz dövründən əvvəlki incəsənətin varisidir. Belə vəziyyət tarixin hər bir növbəti mərhələsi üçün ilk əvvəl ona görə əlverişli idi ki, ənənəvi incəsənət yeni nəsil rəssamlara nə etmək lazım olduğunu tamamilə aydın göstərirdi. Məsələn, yeni yaranan incəsənətə əvvəlki bədii üslubların hansısa üzə çıxarılmamış və reallaşdırılmamış tərəflərini işləmək təklif olunurdu. Bu istiqamətdə görülən iş ənənəvi incəsənətin tam mənada qorunub saxlanmasına bərabər idi. Başqa sözlə desək, söhbət ənənənin danılmaz gücünün təsiri altında incəsənətdə baş verən dəyişiklik və təkamüldən gedir. Yeni və müasir incəsənətin məramı tamamilə aydın idi və o, keçmiş incəsənət formalarıyla asanca canlı əlaqəyə girə bilirdi. Bunlar xoşbəxt zamanlar idi, çünki yeni incəsənətin prinsipləri heç bir şübhə doğurmurdu; həm də, belə zamanlarda bütün incəsənət müasir hesab olunurdu. Məsələn, otuz il əvvəl elə görünürdü ki, Manenin yaradıcılığı dolğundur, amma o, birinci olaraq öz sənətinə Velaskesin rəssamlıq xüsusiyyətlərindən qatdıqda, onun öz rəssamlığı kəskin müasir şəkil aldı.
Velaskesin rəsmləri
İndi vəziyyət başqadır. Əgər kimsə iber rəssamlarının sərgi zalından keçərək “Deyə bilmərəm ki, bütün bunlar əhəmiyyətsizdir, amma burda incəsənət də yoxdur” desə, mən tərəddüd etmədən belə cavab verərdim: “Siz haqlısınız, bütün bunlar heçlikdən azca yuxarıda dayanır. Hər halda, bu, incəsənət deyil. Amma deyin, bu sərgidən çox şey gözləmək olardımı? Təsəvvür edin ki, iyirmi beş yaşınız var və əlinizdə bir düjün fırça tutmusunuz, — siz onları necə işlədərdiniz?”. Tutaq ki, həmsöhbətim ağıllı insandır; belə olduqda, o, yəqin ki, mənə iki variantda cavab verərdi: keçmiş bədii üslubun imitasiyası haqqında söhbət edər, bu da mənə imkan verərdi ki, müasir üslubların əslində mövcud olmadığını deyim, yaxud yaddaşında olan hansısa rəsmin adını çəkib, onu çoxtərəfli ənənəvi incəsənət aləmində ona qədər öyrənilməmiş yeni bir sahəni öyrənən nümunə kimi göstərərdi. Əgər o, bunların heç birini etməsə, onda ənənə özü özünü tükədib və incəsənət başqa bir forma axtarmalıdır, deyənlərlə razılaşmaq lazım gələrdi. Hələlik onların incəsənəti yoxdur, onlar yalnız bunu yaratmaq məqsədində olduqlarını elan edirlər. Mən deyəndə ki, əsl incəsənət ənənəvi olmamağa can atır, məhz bunu nəzərdə tuturdum, çünki bu gün müasir və tammiqyaslı bədii hadisə hesab edilməyə iddialı olan incəsənət, əslində yalnız keçmiş incəsənəti təkrarlayan tam antibədiilikdir.
Deyə bilərlər ki, əgər bizdə əsl müasir incəsənət yoxdursa da, bizim estetik zövqümüzü təmin edən keçmiş incəsənət var. Bununla razılaşmaq çətindir. Əgər keçmiş incəsənətə bağlı olan müasir incəsənət yoxdursa, ondan necə zövq almaq olar? Keçmiş dövrlərin təsviri incəsənətinə canlı marağın olması həmişə yeni üsluba borcludur: elə bu incəsənətdən törəmiş üslub ona yeni məna verirdi, Mane-Velaskes timsalında olduğu kimi. Başqa sözlə, keçmiş dövrün incəsənəti yalnız müasir incəsənət kimi nə dərəcədə qəbul olunursa, bir o qədər də incəsənət kimi yaşayır, yəni o nə qədər məhsuldar və yenilikçidirsə, o qədər də ömrü olur. Sadəcə, keçmişdə qalan incəsənət isə daha bizə heç bir təsir buraxmır, ən azı estetik baxımdan; əksinə, o bizdə “arxeoloji” xüsusiyyətlər emosiyası doğurur. Ədalət naminə deyək ki, belə emosiyalar da böyük zövq verə bilər, amma əlbəttə ki, bu, estetik zövqün yerini doldurmayacaq. Keçmişin incəsənətinə “incəsənətdir” yox, “incəsənət olub” demək lazımdır.
Aydındır ki, müasir gənclərin ənənəvi incəsənətə marağının olmamasının səbəbini əsassız etinasızlıqda axtarmaq lazımdır. Əgər ənənənin davamçısı kimi baxa biləcəyimiz incəsənət mövcud deyilsə, onda indiki incəsənətin damarlarında bizim üçün keçmiş incəsənəti cazibədar edib canlandıran qan axmır. Keçmiş incəsənət özünə qapanaraq zəifləmiş, məzmunsuzlaşmış, ölgünləşmiş incəsənətə çevrilib. Velaskes də həmçinin “arxeoloji” möcüzəyə cevrilib. Əhvalının bir vəziyyətini digərindən fərqləndirə bilən ağıllı insanın özünün Velaskesə olan əsaslı vurğunluğunu əsl estetik zövqdən fərqləndirə biləcəyinə dərin şübhəm var. Kleopatranı təsəvvür etməyə çalışın və onun cazibədar, başdan çıxaran, amma dumanlı obrazı şüurunuzun arxa planında canlanacaq; lakin bu “məhəbbət” çətin ki, müasir qadına olan məhəbbətinizi əvəz edə bilsin. Bizim keçmişlə əlaqəmiz zahirən bizi indi ilə birləşdirən nəsnəyə oxşayır; əslində isə keçmişlə münasibətlər — xəyali və tutqundur, deməli, onda olan heç bir şey həqiqi deyil: nə məhəbbət, nə nifrət, nə zövq, nə kədər.
Tamamilə aydındır ki, yeni rəssamların yaradıcılığı geniş publikanı maraqlandırmır, ona görə də indiki sərgi bu publikada yox, incəsənətin daim yeniləşməsini istəyən şəxslərdə canlı, həll olunmamış problem təsiri yaradacaq, yəni onlar passiv zövq deyil, narahatçılıq, çəkişmə hiss edəcəklər. Yalnız belə insanları hamı üçün əhəmiyyətli olan incəsənətdən daha çox hərəkətlər, kobud treninqlər, qızğın eksperimentlər maraqlandırır. Gənc rəssamlarımızın öz incəsənətlərində nəsə başqa bir şey gördüyünə inanmıram. Kim hesab edirsə ki, başqa dövrlər üçün impressionizm, Velaskes, Rembrandt, İntibah nə idisə, bizim dövrümüz üçün də kubizm odur, məncə, kobud səhvə yol verir. Kubizm — bütöv bir incəsənəti olmayan dövr tərəfindən təsviri incəsənətin imkanlarını yoxlamaq cəhdindən başqa bir şey deyil. Məhz buna görə bizim dövrə əsl incəsənət əsərlərinin yaranması yox, nəzəriyyə və proqramların yaranması xarakterik xüsusiyyətdir.
Bütün bunların — nəzəriyyələrin, proqramların, kubistlərin eybəcər əsərlərinin yaranması bu gün mümkün olanı maksimum yerinə yetirməkdir. Bütün məqbul mövqelərdən ən yaxşısı bu dövrün təbii qaydalarına boyun əyməkdir. Həm də bu gün bütün dövrlərdə xoşa gələcək əsərlərin yaranmasının mümkünlüyü barədə düşünmək yüksək dərəcədə sadəlövhlükdür. Özümüzü sultan, yepiskop, imperator təsəvvür edərək xəyali olaraq qarşımızda duran imkanlar okeanından ən yaxşı seçim edəcəyimizi düşünmək doğrudan da, əsl uşaqlıqdır. Buna baxmayaraq bu gün də nə az-nə çox “klassik olmaq” arzusunda olan əllaməçilərə rast gəlmək mümkündür. Əgər keçmiş incəsənətin stilistikasını təqlid etmək cəhdindən söhbət getsəydi, bu haqda danışmağa dəyməzdi; lakin, cox güman ki, onlar gələcəkdə klassik olmağa iddialıdırlar, bu isə həddi aşmaqdır. Klassik olmağı arzu etmək Otuzillik müharibəyə yollanmaq istəməkdir.
Bu — ədabazların özlərini klassik pozada göstərmək cəhdlərindən başqa bir şey deyil; nə vaxtsa onlar xəcalət çəkəcəklər, çünki reallıq belə arzuların əleyhinədir. Ümumiyyətlə əsl vəziyyəti, yəni birincisi, müasir incəsənətin yoxluğundan, ikincisi, keçmiş dövrlərin böyük incəsənətinin tarixi fakta çevrilməsindən yaranan dramatik vəziyyəti görməməzliyə vurmaq indi yersizdir.
Mahiyyətcə buna oxşar hadisələr siyasətdə də baş verir. Ənənəvi institutlar iş bacarığını itirib, daha ehtiram və entuziazm doğurmur, eyni zamanda köhnələri sıxışdırıb onları əvəzləməyə hazırlaşan yeni siyasi idarələrin ideal silueti də gözə dəymir.
Bütün bunlar məyusluq, təəssüf doğurur və biz bunlardan heç yerə qaça bilmərik; bununla yanaşı düşdüyümüz vəziyyətin yaxşı cəhəti odur ki, bütün bunlar reallıqdır. Əslində bunun nə olduğunu anlamağa çalışmaq yazıçının böyük missiyasıdır. Başqa təşəbbüslər o zaman tərifəlayiq olur ki, əsas missiyanın həyata keçirilməsinə kömək etsin.
Nə olur olsun, deyirlər ki, bədii keçmiş heç zaman itmir, incəsənət əbədidir. Bəli, belə deyirlər, amma hər necəsə...   
  
II 
 
İncəsənət əsərlərinin əbədi olması fikrini çox tez-tez eşidirik. Əgər bununla yanaşı demək istəsələr ki, onların yaranmasında və onlardan zövq almağın özündə əbədi dəyərə malik ilham da yer alır, buna etiraz etmək olmaz. Amma incəsənət əsərinin köhnəlməsi və əvvəlcə məhz estetik dəyər kimi, sonra maddi reallıq kimi ölməsi faktı ilə də mübahisə etmək olmaz. Məhəbbətdə də buna oxşar şeylər baş verir. Eşq həmişə uzun vədəyə and içməkdən başlayır. Amma zaman xaricinə can atmağın anları keçdikdən sonra, eşqin ilkin fazası zaman axınında yoxa çıxır, əllərini carəsizcə göyə qaldıraraq bu axının içində qəzaya uğrayır, batır və boğulur. Çünki keçmiş belədir: o, qəzaya uğrayıb dərinliyə qərq olmaqdır. Çinlilər ölən haqqında deyirlər ki, “o, çaya gedib”. İndiki zaman — demək olar ki, qalınlığı olmayan səthdir, amma dərinliyi olan — keçmişdir, indinin anlarından qat-qat yığılmış piroq kimi, sonsuz sayda indilərdən təşkil olunmuş keçmiş. Ölmək — “bütün gedənlərlə birləşmək” deməkdir, deyən yunanlar bunu necə də yaxşı hiss edirdilər.
Əgər incəsənət əsəri, məsələn, rəsm, yalnız kətan üstündə çəkildiyindən korlanmışdırsa, o bəlkə də əbədi qala bilərdi, amma bu zaman əsərin maddi əsasının qaçılmaz itkiyə uğraması faktını nəzərə almaq lazımdır. Ancaq iş ondadır ki, rəsm təkcə çərçivə ilə məhdudlaşmır. Bir az da irəli gedib deyim ki, rəsmin bütün orqanizminin yalnız bir hissəsi kətan üzərində yerləşir. Bu deyilənləri poetik əsərə də tamamilə şamil etmək olar.
Soruşa bilərsiniz, necə ola bilər ki, rəsmin əhəmiyyətli tərkib hissələri ondan kənarda yerləşir? Buna baxmayaraq bu, məhz belədir. Rəsm rəssam tərəfindən dərk edilən hansısa fərziyyələr və şərtiliklərin məcmusu əsasında yaradılır. O, bu rəsmlə əlaqədar daxilində yaranan fərziyyələrin heç də hamısını kətan üzərinə köçürmür. Ciddi desək, yalnız ən fundamental məlumatlar, estetik və kosmik ideyalar, istək və qənaətlər, yəni fərdi rəsm əsərini öz üslubunda möhkəmləndirən nəsnələr şüurun dərinliyindən çıxıb işıq üzü görür. Rəssam öz fırçasının köməyi ilə müasirləri üçün aydın olmayan şeyləri üzə çıxarır. Şüurdakı digər məlumatlar ya boğulur, ya da seçilib ayrılmır.
Siz söhbət edərkən öz həmsöhbətinizə hər şeydən əvvəl ən əsas və prinsipal mühakimələrinizi söyləyirsiniz, çünki bunlarsız söhbətin mənası da olmaz. Başqa sözlə desək, siz həmsöhbətinizə nisbətən yeni və qeyri-adi fikirləri deyirsiniz və güman edirsiniz ki, yerdə qalanları o özü anlayacaq.
Hər bir dövr üçün fərziyyə və təsəvvürlərin fəaliyyət qabiliyyətinin zaman keçdikçə dəyişməsi şübhəsizdir. Həm də bu dəyişikliklər müəyyən tarixi ana uyğun olan üç nəslin yaşam sərhəddində daha qabarıq görünür. Qoca gənci daha anlamır və ya əksinə. Maraqlı odur ki, biri üçün anlaşılmaz olan digəri üçün tamamən anlaşılan olur. Gəncliyin qeyri-azad surətdə, həm də bu barədə düşünməyə ehtiyac belə duymadan yaşaya bilməsi qoca liberal üçün əlçatmaz görünür. Digər tərəfdən liberalizm ideallarından qocanın vəcdə gəlməsi də gənc insan üçün anlaşılmazdır; bu ideallar gənclərin də xoşuna gəlir, amma buna baxmayaraq, onlar gənclərdə ruhi həyəcan yaratmır, məsələn, Pifaqor cədvəli və ya vaksin kimi coşqusuz qəbul edilir. İş ondadır ki, liberal ona görə liberal deyil ki, öz mövcudluğunu əsaslandırmaq naminə liberalizm konsepsiyasından istifadə edir; onun rəqibi olan antiliberal da belədir. Dərin və aydın olan nəsnənin əsaslandırılmağa və dəlillərə ehtiyacı yoxdur. Yalnız şübhəli, yəni ümumi desək, inanmadığımız şeylər əsaslandırılır.
   
   1) Velaskesi böyük kolorit ustası kimi fransız impressionistləri “kəşf” etdilər. Mane yazmışdı: “Sizin mənimlə burda olmadığınıza çox təəssüflənirəm! Velaskes Sizə böyük sevinc bəxş edərdi!...Onun əhatəsində olan müxtəlif məktəblərin rəssamları onunla müqayisədə hoqqabaza oxşayır… O, ustaların ustasıdır” (Manenin A.Fanten-Laturaya məktubundan, avqust 1865-ci il)
   2) Otuzillik müharibə (1618-1648) — iki böyük dövlətin qruplaşması arasında baş vermiş ilk ümumavropa müharibəsi...

Tərcümə: Samir BULUT
Mənbə: medeniyyet.az
 

0 şərh