XIX əsrin II yarısında Rusiya mədəniyyəti

XIX əsrin ikinci yarısında Rusiya mədəniyyəti iki istiqamətdə inkişaf etmişdir. Qərb həyat tərzin qəbul edərək materializm və ateizm tərəfdarına çevrilən adamlar birinci istiqaməti təmsil edirlər. İkinci bir istiqamət rus milli mədəniyyətinin çiçəklənməsidir. Milli mədəniyyətin təmsilçiləri olan yazıçılar, şairlər, rəssamlar, bəstəkarlar, alimlər Qərbi Avropanın mədəniyyət təcrübəsindən istifadə edərək rus milli mədəniyyətinin ənənələrinə əsaslanan əsərlər yaratmağa çalışırdı. Onların yaradıcılığında dini məsələlər əhəmiyyətli yer tutmuşdur. Pravoslav dini ənənəsinə əsaslanaraq onlar insan həyatı və əxlaqının mahiyyətinə dair fikirlərini ifadə edirdi.
Rusiya hökumətinin məqsədyönlü fəaliyyəti nəticəsində XIX əsrin ikinci yarısında Rusiyada savadlı adamların sayı artmışdır. Ölkənin ibtidai məktəblərində 4 mln. uşaq oxuyurdu, kilsə-məhəllə məktəblərinin şəbəkəsi genişlənmişdir. Ümumən, ölkə əhalisinin təhsil vəziyyəti 1860-cı illə müqayisədə əsrin sonunda dörd dəfə artaraq 6 faizdən 21 faizə yüksəlmişdir. Əlbəttə, bu kifayət olmasa da, tərəqqi nəzərə çarpırdı. Orta təhsil şəbəkəsinin miqyası genişlənmişdir. Kişi və qadın gimnaziyaları, realnı məktəblər kimi orta təhsil sistemində təhsil alan şagirdlər 1860-1890-cı illər arasında altı dəfə artmışdır. Ali təhsil sahəsində mövcud olan yeddi — Moskva, Peterburq, Kiyev, Kazan, Yuryev, Varşava, Xarkovdakı universititetlərə 1865-ci ildə Odessa və 1888-ci ildə Tomskda açılan universitetlər qoşulmuşdur. Texniki təhsil sürətlə inkişaf edirdi. Moskvada Ali texniki məktəb, Riqa, Kiyev,Varşavada Politexnik institutları, Xarkov və Tomskda Texnologiya institutları, Peterburqda Elektrotexnika İnstitutu açılmışdır. Moskvada Ali qadın kursları fəaliyyətə başlamışdır. Rusiya ali məktəblərindəki tələbələrin sayı təqribən 10 dəfə artmışdır.
Rus alimləri elmin bütün sahələrində yaratdıqları əsərlərlə dünya elminə mühüm töhfə vermişdir. 1851-ci ildə böyük tarixçi alim Sergey Mixayloviç Solovyovun (1820-1879) «Ən qədim zamanlardan bəri Rusiya tarixi» («Истории России с древнейших времен») əsərinin birinci cildi nəşr olundu. Bu böyük əsər 29 cilddən ibarət olub dəfələrlə təkrar çap edilmişdir.
 
Akademik Vasili Osipoviç Klyuçevski (1841-1911) çoxcildlik «Rusiya tarixinin kursu» («Курс русской истории») fundamental əsərini hazırlamışdır. Bundan başqa, dahi alim təhkimçilik hüququ, Boyar duması, silklərin, maliyyənin tarixinə dair tədqiqatların müəllifidir. Rusiya tarixçiləri arasında V.O.Klyuçuvski birinci olaraq övliyaların həyatına diqqət yetirmişdir. O buna Rusiya tarixinin öyrənilməsi üçün vacib mənbə kimi baxırdı. Rusiya tarixinə dair N.İ.Kostomarov, K.N.Bestujev-Ryumin, S.F.Platonov maraqlı əsərlər yaratmışdır.
Nikolay İvanoviç Kareyev (1850-1931) ümumdünya tarixini tədqiq etmişdir. Fransa tarixinin araşdırılması, Qərbi Avropanın yeni tarixi üzrə kurs ona xüsusi şöhrət gətirmişdir. Rus tarix elmi ümumdünya tarixi üzrə M.V.Ni-kolsk, V.İ.Geryı, P.Q.Vinoqradov, V.Q.Vasilyevsk kimi böyük tədqiqatçı alimlər yetişdirmişdir.
Milli mədəniyyətə maraq bu dövrdə filologiya elminin fəal inkişafina səbəb olmuşdur. A.A.Şaxmatov, A.A.Potebnya kimi alimlər rus dili üzrə qiymətli tədqiqatlar aparmışdır. Böyük tədqiqatçı Vladimir İvanoviç Dal (18011872) demək olar ki, 50 il ərzində «Canlı velikorus dilinin izahlı lüğəti»n («Толкового словаря живого великорусского языка») yaratmışdır. 1863-1866-cı illərdə işıq üzü görən lüğət 200 min sözü əhatə edən dörd cilddən ibarətdir. Qədim rus ədəbiyyatı və xalq folkloruna diqqət xeyli artmışdır. F.İ.Buslayev, İ.İ.Sreznevski, N.S.Tixonravov qədim rus ədəbiyyatının ictimai şüurda öz yerini alması üçün böyük işlərə imza atmışdı. Folklorçu Aleksandr Nikolayeviç Afanasyev (1826-1871) «Rus xalq nağılları»nı («Народные русские сказки») toplayaraq çap etdirmişdir.
XIX əsrin ikinci yarısı Rusiya elmində təbiətşünaslıq elminin parlaması ilə diqqəti cəlb edir. Çoxlu rus alimi dünya elminin qabaqcıl nümayəndələri sırasına daxil olmuşdur.
Görkəmli riyaziyyatçı Pafnuti Lvoviç Çebışev (18211894) riyaziyyat məsələlərini təbiət elmlərinin və texnikanın inkişafı ilə əlaqələndirmək səyi diqqəti cəlb edir. Onun həm də bir mexanik kimi maşınlar və mexanizmlər nəzəriyyəsi sahəsindəki kəşflərinin çox böyük əməli əhəmiyyəti var idi. P.Çebışev istedadlı alimlərin bütöv bir nəslini yetişdirmiş Peterburq riyaziyyatçılar məktəbinin banisi idi. Onlar arasında A.A.Markov, A.M.Lyapunov, V.A.Steklov kimi alimlər var idi. Məhz P.Çebışevin təşəbbüsü ilə ilk riyaziyyatçı qadın Sofya Vasilyevna Kovalevskaya (1850-1891) Peterburq akademiyasının müxbir üzvü olmuş, onun elmi və müəllimlik fəaliyyəti Rusiyanı şöhrətləndirmişdir. İsveçin Stokholm Universitetinin professoru olan S.Kovalev-skayanın əsərləri dünya miqyasında şöhrət qazanmışdır.
Pafnuti Lvoviç Çebışev
XIX əsrin ikinci yarısında rus alimləri fizika və texnika sahəsində mühüm tədqiqatlara imza atmışdır. Görkəmli fizik Aleksandr Qriqoryeviç Stoletov (1839-1896) maqnitizm və fotoelektrik hadisələrini öyrənmək sahəsində araşdırmalar aparmışdır. Moskva fiziklər məktəbinin banisi olan A.Stoletov bacarıqlı pedaqoq kimi çoxlu istedadlı şagird tərbiyə etmişdir.
Hərbi mühəndis Pavel Nikolayeviç Yabloçkov (1847-1894) və eletrotexnik Aleksandr Nikolayeviç Lodıgin (1847-1923) elektrik lampasını kəşf etdilər, bu da işıqlandırma texnikasında çevrilişə, elektrik enerjisinin ötürülməsinə, onun saxlanmasına və bölüşdürülməsinə səbəb oldu. Bir çox xarici ölkədə tətbiq edilən elektrik işığı sistemi «rus işığı» («русский свет») adını almışdır. Elektrotexnik Mixail Osipoviç Dolivo-Dobrovolski (1862-1919) üçfazalı cərəyan sistemin kəşf edərək elektrik enerjisin xətlərlə uzaq məsafələrə verilməsi problemin həll etmişdir.
Aleksandr Stepanoviç Popov (1854-1905) elektrik hadisələrini, elektromaqnitizmi öyrənməklə məşğul olmuş, 1895-ci ildə radioteleqrafı ixtira etmişdir. Professor A.Popov öz aparatını xeyli yaxşılaşdıraraq onu dənizdə üzən gəmilər arasında əlaqə üçün tətbiq etməyə başladı. Rus hərbi donanmasının zabiti Aleksandr Fyodoroviç Mojayski (1825-1890) 1881-ci ildə dünyada birinci təyyarəni yarada bilmişdir. O sonralar təyyarəqayırma işinin əsasını təşkil edən ideyalar irəli sürmüşdür.
Aleksandr Stepanoviç Popov
XIX əsrin II yarısında böyük rus kimyaçı alimi Dmitri İvanoviç Mende-leyevin (1834-1907) yaradıcı fəaliyyəti çiçəklənmişdir. D.Mendeleyev 1869-cu ildə kimyəvi elementlərin dövrü qanununu kəşf etmişdir. Qanun kimya tarixində ilk dəfə olaraq yeni elementlərin mövcud olduğunu irəlicədən söyləmək və onların atom çəkisini müəyyən etmək imkanı verdi. D.İ.Mendeleyevin «Kimyanın əsasları» («Основы химии») kitabı bütün Avropa dillərinə tərcümə edilmiş və dəfələrlə nəşr olunmuşdur.
Bəhs edilən dövrdə biologiya elmi və təbabət böyük uğur qazanmışdır. Rus fiziologiya məktəbinin banisi İvan Mixayloviç Seçenov (1829-1905) beyin və mərkəzi əsəb sistemi fəaliyyətini yeni şəkildə öyrənərək psixi hadisələrin, hissi ifadələrin fizioloji izahını irəli sürmüşdür. Onun «Beyin refleksləri» əsəri elmdə əsl çevriliş olmuşdur. İ.Seçenov Nobel mükafatına layiq görülmüş birinci rus alimi idi. Nobel mükafatına layiq görülmüş başqa bir rus alimi İlya İliç Meçnikov (1845-1916) olmuşdur. Onun işləyib hazırladığı immunitet nəzəriyyəsi müxtəlif yoluxucu xəstəliklərin qarşısının alinması probleminin öyrənilməsi üçün çox böyük dünya əhəmiyyətinə malik olmuşdur.

Bitkilərin fiziologiyası sahəsindəki tədqiqatlar məktəbinin banisi Kliment Arkadyeviç Timiryazev (1843-1920) idi. Onun işığın təsiri ilə yaşıl bitkilərin havadan karbon qazını udması prosesini kəşf etməsi təbiət elmini çox zənginləşdirmişdir. İstedadlı vətənpərvər alimin «Bitkilərin həyatı» («Жизнь растений») kitabı müxtəlif dillərdə təkrar-təkrar çap edilmişdir.
Dahi rus alimi Vasili Vasilyeviç Dokuçayev (1846-1903) yeni torpaqşünaslıq elmi yaratmışdır. Şagirdlərlə birlikdə Mərkəzi Rusiyanın torpaqlarını dərindən öyrənən alim yeni torpaqşünaslıq elminin inkişafına kömək etmişdir. Onun «Rusiya qaratorpağı» («Русский чернозем») əsəri dünyada torpağı öyrənən klassik elmi əsərlər sırasına daxildir.
Vasili Vasilyeviç Dokuçayev
Coğrafiya elminin inkişafı ilk növbədə akademik Pyotr Petroviç Semyonav-Tyan-Şanskinin (1827-1914) adı ilə bağlıdır. Coğrafiyaçı, nəbatatçı və ento-moloq alim Tyan-Şan dağlarına, Xəzər ətrafı əraziyə, Türküstana bir sıra səyahətlər etmişdir. Onun kəşfləri Orta və Mərkəzi Asiyanın böyük bir ərazisinin elmi surətdə tədqiq etməyin başlanğıcı olmuşdur. Böyük alimin təşəbbüsü ilə «Rusiya. Vətənimizin mükəmməl coğrafi təsviri» («Россия. Полное географическое описание нашего Отечества») adlı çoxcildli mükəmməl bir əsər meydana çıxmışdır. Rusiya imperator coğrafi cəmiyyətinin rəhbəri kimi Pyotr Petroviç Semyonov-Tyan-Şanski dünyanın müxtəlif guşələrinə böyük ekspedisiyalar təşkil etmişdir. Görkəmli alim və səyyah Nikolay Mixailoviç Prjevalski (1839-1888) Mərkəzi Asiyaya beş dəfə səyahət etmiş, Monqolustanı, Şimalı Çini keşmiş, Qobi səhrasını, Tyan-Şan dağlarını, Qərbi Çini, Mərkəzi Asiyanın başqa ərazilərini tədqiq etmişdir. Prjevalskinin tədqiqatları sayəsində avropalılar əvvəllər məlum olmayan Mərkəzi Asiya və Tibetlə tanış oldular.
Onun fəaliyyəti sahəsində yeni bitki və heyvan növləri, o cümlədən vəhşi Prjevalski atları və Tibet ayısı aşkar edilmişdir.
 
Görkəmli səyyah və tədqiqatçı alim Nikolay Nikolayeviç Mikluxo-Maklay (1846-1888) 1870-1883-cü illərdə Sakit okean adalarında yaşayan xalqları öyrənmək məqsədilə bu adalara səyahət etmişdir. O, on beş ay ərzində Yeni Qvineyanın şimal-şərq sahilində papuaslar arasında yaşamışdır. Rus alimi yerli xalqın adət və məişətin öyrənərkən onlarla mehriban davranaraq yerli əhalinin hörmət və məhəbbətini qazanışdır. Sonra tədqıqatçı alim Mikroneziya və Melaneziya xalqlarının adət və ənənələrini öyrənməklə məşğul olmuşdur. N.Mikluxo-Maklayın apardığı tədqiqatlar bu gün də öz elmi əhəmiyyətini itirməmişdir. Onun tədqiq etdiyi Sakit okean sahili Maklay sahili adlandırılmışdır.
XIX əsrin II yarısında Rusiyada bədii mədəniyyət yüksəliş dövrünə daxil olmuşdur. Mədəni yaradıcılıqda əsas yeri xalq və xristian həqiqəti axtarışı tuturdu. Rus ədəbiyyatı realizm prinsipinə əsaslanaraq insan və cəmiyyət həyatının çox mühüm məsələlərinə cavab verməyə çalışırdı. Hər bir yazıçı, xüsusilə rus və dünya ədəbiyyatının nəhəng klassikləri F.M.Dostoyevski, İ.S.Turgenev, L.N.Tolstoy, A.P.Çexov yaratdıqları əsərlərdə insan həyatı və həyacanlarını, sevincini, ən mühüm ictimai problemləri özlərinə məxsus təsvir etməyə cəhd göstərmişdir. Rus yazıçılarının XIX əsrin II yarısında yaratdığı əsərlər insan varlığının gizli tərəflərinə nüfuz etməklə bu gün də milyonlar üçün xüsusi əhəmiyyət kəsb etməkdədir. Rus yazıçılarının dünya ədəbiyyatının şah əsərləri olan bədii əsərləri obrazların parlaqlığı, dilin bütün sərvətində istifadə etmək bacarığı nöqteyi-nəzərindən rus və dünya ədəbiyyatının ən dəyərli nümunələridir. Dahi rus yazıçısı və mütəfəkkiri F.M.Dostoyevski (1821-1881) yaradıcılğında insan psixikasının mürəkkəb qanunları, insanın incə ruhi həyacanları, alçaldılan və təhqir edilənlərin daxili aləmi geniş təsvir edilmişdir. Onun «Cinayət və cəza» («Преступление и наказание»), «İdiot», «Şeytanlar» («Бесы»), «Karamazov qardaşları» («Братья Карамазовы») kimi əsərlərində müəllif yaşayışın əsas sirrini — «insanın sirrini» dərk etməyə səy göstərmişdir. İnsanın daxili aləminə nüfuz edən F.Dostoyevski həyatın mənası problemlərin, azadlıq və mədəniyyət, inam və inamsızlıq, xeyir və şər, ağıl və əxlaq üzərində fikirlərini bədii sözlə ifadə etmişdir. Onun bütün yaradıcılığı dini-fəlsəfi axtarışla müşayiət olunmuşdur. F.Dostoyevskinin dünyagörüşü pravoslav etiqadına əsaslanmaqla inanırdı ki, rus xalqın yalnız Tanrı adına birləşmək xilas edə bilər.
Lev Nikolayeviç Tolstoy (1828-1910) hələ sağlığında dünya şöhrətli yazi-çı və mütəfəkkirə çevrilərək Rusiya, Qərbi Avropa, Hindistan, Yaponiya və başqa ölkələrdə çoxsaylı oxucu kütləsinə malik olmuşdur. Onun «Hərb və sülh» («Война и мир»), «Dirilmə» («Воскресение»), «Anna Karenina» əsərləri dünya ədəbiyyatı tarixində dərin bir ustalıqla Rusiya həyatını bütün mürəkkəbliyi və ziddiyyətlərlə əks etdirə bilmiş, insanın daxili aləminin bütün zənginliyini, onun həqiqət və ədalət tapmaq yolundakı əzablı axtarışlarını açıb göstərə bilmişdir.
İvan Sergeyeviç Turgenev (1818-1883) doğma orta Rusiya təbiətinin tərənnümcüsü, Rusiya kəndinin və gündəlik həyatının həssas və dərin müşahidəçisi olmuşdur. Rus dilini gözəl bilən dahi yazıçı vətən ədəbiyyatında yeni janrın — mənsur şeirin əsasını qoymuşdur. Onun «Atalar və oğullar» («Отцы и дети»), «Ərəfə» («Накануне»), «Tüstü» («Дым») romanlarında müəllif nəsillərin arasındakı ziddiyyətlərin mahiyyətinə müdaxilə edərək, nihilistlər və xalqçıların obrazlarını təsvir etmişdir.
İvan Sergeyeviç Turgenev
Anton Pavloviç Çexovun (1860-1904) yaradıcılığında müəllif ziyalıların ideya vurnuxmasını bədii sözə tökmüşdür. Müəllif ilk vaxtlarda qisa yumorist nağıllarla məşhurlaşmışdır. Hətta bu nağıllar üçün o Antoşa Çexonte təxəllüsünü belə seçmişdir. Düzdür, bu nağıllarda yazıçı müasirlərinin dəqiq obrazını, qəhrəmanının ürəkdən ciddi axtarışını bədii yaradıcılıq vasitəsilə oxucuya təqdim etmişdir. A.P.Çexovun «Vanya əmi» («Дядя Ваня»), «Albalı bağı» («Вишневый сад»), «Qağayı» («Чайка»), «Üç bacı» («Три сестры») pyesləri yüz ildən çoxdur ki, dünya teatr səhnəsindən düşmür.
Anton Pavloviç Çexov
Rus poeziyası istedadlı şairlərin yaradıcılığı sayəsində yüksəlişini davam etdirmişdir. Onların ən görkəmli nümayəndələrindən biri Nikolay Aleksandroviç Nekrasov (1821-1878) idi. Onun «Rus qadınları» («Русские женшины»), «Şaxta» («Мороз»), «Qırmızı burun» («Красный нос») və b. şeir və poemalarında vətəndaşlıq poetik yaradıcılığın əsas prinsip tərənnüm edilmişdir. N.A.Nekrasovun başçılıq etdiyi «Sovremennik» jurnalında bu mövqeyi müdafiə edirdi. Onun yaradıcılığı, xüsusilə, demokratik ziyalılar içərisində geniş yayımışdır. Sadə xalq da N.Nekrasovun şerlərini çox sevmişdir ki, onların çoxu xalq mahnıları olmuşdur.
Başqa bir istiqamət lirikanın təmsilçisi Fyodor İvanoviç Tyutçevə (18031873) məxsusdur. F.İ.Tyutçevin lirik şeirləri insan təəssüratının aşkarlanmasında psixoloji gerçəkliyi təşvir etdiyi üçün oxucuları mütəəssir edirdi. F.İ.Tyutçev mütəfəkkir şair, filosof şair olaraq Rusiyanın taleyi, özünəməxsusluğu haqqında düşüncələrini poeziyada əks etdirmişdir.
XIX əsrin ikinci yarısında rus təsviri incəsənəti çiçəklənmişdir. Rus incəsənətində əsas istiqamət realizm olmuşdur. Rəssam-marinist İvan İvanoviç Ayvazovskinin (1817-1900) əsas yaradıcılıq mövzusu dənizlə bağlıdır. «Qara dəniz», «Doqquzuncu zal» tabloları müəllifin dəniz tutqusunun bədii təsviridir. Rəssam-batalist Vasili Vasiliyeviç Vereşşagin (1842-1904) yaradıcılığında tarixi-müharibə janrı əsas yer tutaraq müharibələrin qəhrəmanlıq və faciəsini, amansızlıq və vəhşiliyin əks etdirmişdir. Onun «Apofeoz voynı» tablosu tarixi müharibə janrının ən parlaq nümunəsidir.

1870-ci ildə Peterburqda bir qrup rəssam «Səyyar bədii sərgi şirkəti» («Товарищество передвижных художественных выставок») təşkil edərək Rusiyanın incəsənət həyatının mərkəzinə çevrildilər. Şirkət iştirakçıları öz sərgilərini Rusiyanın müxtəlif şəhərlərində təşkil etdiyi üçün onlara səyyar rəssamlar deyilirdi. Realist istiqaməti təmsil edən səyyar rəssamlatr bədii yaradıcılıqda həyata, ətraf mühitə, insana xalqın mədəniyyətindən qaynaqlanan münasibəti bədii şəkildə təsvir etməyə çalışırdılar. Onlar belə hesab edirdilər ki, hər bir yaradıcılıq tablosu tamaşaçıda yüksək əxlaqi keyfiyyət olan xoşniyyət, məhəbbət, həqiqətə və Vətənə xidmət hissi tərbiyə etməlidir. Səyyar rəssamlar rus və dünya incəsənətinə misilsiz parlaq tablolar bəxş etmişdir. Aleksey Kondrateviç Savrasov (1830-1879) 1871-ci ildə təşkil etdiyi sərgidə «Zağcalar uçub gəldi» («Грачи прилетели») tablosunda rus realist peyzajının əsasını qoymuşdur. Bu istiqamətdə yaradıcılıqla məşğul olan rəssamlar İvan İvanoviç Şişkin «Şam ağacı meşəsində səhər» («Утро в сосновом лесу»), «Çovdar» («Рожь»), İsaak İliç Levitan «Mart», «Göl. Rus» («Озеро. Русь»), Vasili Dmitriyeviç Polenov «Moskvalı dalandar» («Московский дворник») tab-lolarında realist təbiət səhnələrinə geniş yer vermişdir.
 
Görkəmli rəssam Vasili Qriqoryeviç Perovun (1833-1882) «A.N.Ostrovski» və «F.M.Dostoyevski» portretləri psixololi məziyyət, «Üçlük» («Тройка») əsəri insan əzabına şərik olmaq hisslərinin təsviri ilə fərqlənir. V.Perovun yaradıcılığı xalqa məhəbbət, həyat hadisələrini dərk etmək səyi, incəsənət vasitəsilə bunlar barəsində həqiqəti söyləmək ruhundadır.
Səyyar sərgilər şirkətinin ideya rəhbəri İvan Nikolayeviç Kramskoy (1837-1887) «L.N.Tolstoy», «Nekrasov» portretlərini yaratmaqla bərabər, «İsa səhrada» («Христос в пустыне») tablosunda insan qəlbində xristian həqiqətlərini axtarmağa səy göstərmişdir. İncilin sirrinin dərinliklərinə nüfuz etmiş rəssam Nikolay Nikolayeviç Ge (1831-1894) «Həqiqət nədir?» («Что есть истина?») tablosunda məsələyə cavab axtarır.
Ən böyük rus realist rəssamlarından biri olan İlya Yefimoviç Repin (1844-1930) «Burlaklar Volqada» («Бурлаки на Волге»), «Təbliğatçının həbsi» («Арест пропагандиста»), «Zaporojyelilər» və b. tablolarında xalqın həyatı, tarixi mövzular, xalqın azadlığı uğrunda mübarizə, silsilə portretlər təsvir edilişdir.
Tarixi incəsənət sahəsində ilk cərgədə yer almış Vasili İvanoviç Surikovun (1848-1916) yaradıcılığında Rusiya xalqının tarixi, onun böyük və faciəli keçmişi mərkəzi yer tutmuşdur. Onun «Suvorovun Alp dağlarını aşması» («Переход Суворова через Альпы»), «Strelets edamının səhəri» («Утро стрелецкой казни»), «Boyar qadın Morozova» («Боярыня Морозова») və b. əsərləri rus və dünya tarixi boyakarlığının zirvəsidir.
Viktor Mixayloviç Vasnetsovun (1848-1926) yaradıcılığı rus xalq nağılları, dastanları ilə bağlıdır. Onun «Bahadırlar» («Богатыри») tablosu rus xalqının güc və qüdrətinin simvoludur.

XIX əsrin II yarısında teatr sənətində «Ostrovski mərhələsi» diqqəti cəlb edir. Aleksandr Nikolayeviç Ostrovskinin ( 1823-1886) pyesləri Moskvanın Kiçik teatrının milli repertuarının əsası olmuşdur. 1873-cü ildən 1882-ci ilə kimi doqquz sezon müəllifin Kiçik Teatrın səhnəsində 29 pyesi tamaşaya qoyulmuşdur. A.Ostrovskinin «Tufan» («Гроза») tamaşasının Kiçik teatrın («Малый театр») səhnəsində göstərilməsi rus mədəniyyətində əsl hadisə olmuşdur. Təsadüfi deyil ki, Kiçik teatrı Ostrovski teatrı adlandırırdılar. Bu gün də onun dramaturgiyası teatrın repertuarının əsasını təşkil edir.
Kiçik teatrın səhnəsində öz oyunu ilə tamaşaçıları heyran qoyan, vətənə məhəbbət, zorakılığa qarşı etiraz oyadan böyük aktrisa Mariya Nikolayevna Yermolova (1853-1928) parlamışdır. Ona ən çox Ostrovski, Şiller və Şeksprin yaradıcılığı yaxın idi. Şekspir və Ostrovskinin hər birinin əsərlərindən M.Yer-molova 19 rol oynamışdır.
M.İ.Qlinkanın əsasını qoyduğu rus milli musiqi məktəbi sürətlə inkişaf etmişdir. Rus bəstəkarları xalq mahnılarına əsaslanan rus musiqi yaradıcılığını daha da genişləndirmişdir. Rus musiqisi geniş miqyas alaraq bütün dünyada yayılmışdır. 1860-cı illərin əvvəllərində rus bəstəkarlarının «Qüdrətli dəstə» («Могучая кучка») adını almış yaradıcı birliyi əmələ gəlmişdir. Bu dəstəyə bəstəkarlar M.P.Musorqski, A.P.Borodin, N.A.Rimski-Korsakov, S.A.Küi daxil idi. Bu sənətkarlar üçün xalq mövzusu, xalqın taleyi və əzəmətli mübarizəsi yaradıcılıqlarının mərkəzi mövzuları olmuşdur. A.P.Borodinin «Knyaz İqor», N.A.Rimski-Korsakovun «May gecəsi», M.P.Musorqskinin «Boris Qodunov», «Xovanşina» operaları buna misaldır.
Böyük bəstəkar Pyotr İliç Çaykovskinin (1840-1893) «Yevgeni Onegin» operası, «Sonalar gölü» («Лебединое озеро»), «Yatmış gözəl» («Спящая красавица»), «Şelkunçik» baletləri rus musiqi incəsənətinin zirvəsidir. P.Çaykovski insanların sevinc və iztirablarını, xalqın həyat və məişətini musiqi incəsənəti vasitəsilə tərənnüm etmişdir. P.Çaykovskinin əsərləri dünyanın bütün ölkələrində şöhrət qazanmışdır.
XIX əsrin ikinci yarısı memarlığın inkişafı ilə diqqəti cəlb edir. Əvvəllər memarlar əyanların, çar ailəsindən olanların sifarişlərini yerinə yetirərək dəbdəbəli saraylar, dövlət idarələri üçün monumental binalar, məbədlər inşa edirdilər. Zamanla tələbata uyğun dəmiryol vağzalları, mağazalar, işgüzar ofislər inşa edilməyə başlanmışdır. Yalnız Transsibir dəmiryolu qısa zamanda onlarla dəmiryol vağzalı, yüzlərlə körpü tikməyi nəzərdə tuturdu.
Kapitalizmin tələbatına uyğun olaraq binalar rahat, funksional və yaraşıqlı olmalı idi. Eyni zamanda qısa bir vaxtda və iqtisadi qənaətli tikmək vacib idi. İctimai əhəmiyyət kəsb edən binaların tikintisi sürətlə artmağa başladı.
1893-cü ildə arxitektor A.N.Pomerantsevin Moskvada iri ticarət mərkəzinin — Yuxarı ticarət sırasının (hazırda ГУМ) tikintisini başa çatdırmışdır. O zaman bu bənzəri olmayan nəhəng ticarət binası idi. Binanın dam örtüyü mühəndis V.Q.Şuxov tərəfindən layihələşdirilən nəhəng şüşədən ibarət idi ki, bu da müasirlərini heyran qoymuşdur. Bina Qızıl meydanın ümumi ansamblına uyğun olaraq onun bir hissəsinə çevrilmişdi. Belə ticarət mərkəzləri XIX əsrin ikinci yarısında Rusiyanın bir çox şəhərlərində meydana gəlsə də, həcminə görə Moskvadakından geri qalırdı.

Qızıl meydandakı Yuxarı ticarət sırasının inşasından xeyli əvvəl 1881-ci ildə arxitektor V.O.Şervudun iştirakı ilə geniş Tarix muzeyi binası tikilmişdir. 1883-cü ildə əhali üçün açılan muzey dünyadakı ən iri binalardan biri olmuşdur. V.Şervud, eyni zamanda 1887-ci ildə Plevnının alınması qəhrəmanlarına həsr edilmiş Moskvanın İlinskilər darvazaları önündəki gözətçi abidəsinin müəllifidir. Bu vətən yolunda həlak olmuş qəhərmanların şərəfinə ucaldılmış ən böyük abidə idi. Səkkizqülləli çuqun gözətçi abidəsini pravoslav xaçı tamamlayır.

Heykəltəraş Mixail Osipoviç Mikeşin (1835-1896) 1862-ci ildə Novqorodda «Rusiyanın minilliyi» («Тысячелетие России») abidəsinin müəllifidir. Müəllif 1888-ci ildə isə Kiyevdə Boqdan Xmelnitskinin abidəsini ucaltmışdır.

Rus heykəltəraşı Aleksandr Mixayloviç Opekuşin (1838-1923) tarixiliyi və poetikliyi ilə fərqlənən Moskvada 1880-ci ildə A.S.Puşkinin, 1889-cu ilə Pyatiqorskda M.Y.Lermontovun abidələrini yaratmışdır.
XIX əsrin ikinci yarısında heykəltəraşlıq incəsənətinin inkişafında Mark Matveyeviç Antokolski (1842-1902) xüsusi yerə sahibdir. O Vilno (Vilnüs) şəhərində yoxsul yəhudi ailəsində anadan olmuşdur. 1862-ci ildə Peterburq Bədii Akademiyasına daxil olan M.Antokolski İ.Y.Repinlə yaxınlaşmışdır ki, bu onun yaradıcılığında dərin iz qoymuşdur. 1871-ci ildə heykəltəraşın akademiyada «İoanna Qroznova» əsəri nümayiş etdirildikdən sonra o çox məşhurlaşmışdır. Bir çox ölkələrdə sərgilər təşkil edən müəllif 1878-ci ildə Parisdəki ümumdünya sərgisində qızıl medala layiq görülmüşdür. Dahi sənətkarlıq heykəltəraşlıq kompozisiyaları içərisində «İsa xalq qarşısında» («Иисус перед народом»), «Yaroslav Mudrı», «Salnaməçi Nestor» («Нестор летописец»), «Ölməkdə olan Sokrat» («Умирающий Сократ»), «Spinoza» və b. xüsusi yer tutur.
XIX əsrin sonlarında rus memarlığında modern üslub önə çıxmışdır. Modernist arxitektorlar öz layihələrində ayrı-ayrı xalqların mədəniyyətindən əxz edilmiş müxtəlif memarlıq formalarını bir-biri ilə əvəz edirdilər. Odur ki, Peterburq və Moskvada bir çox qəribə binalar meydana gəlmişdi. Şimal modern üslubunda çalışan arxitektor F.İ.Lidval Peterburqda bir çox gözəl tikintilərə imza atmışdır. Onun xüsusilə Peterburqun Kamennoostrov prospektində inşa etdiyi Lidvaley mədaxil evi insanları heyran etmişdir.
1894-1899-cu illərdə Moskvanın Vozdvijensk küçəsində memar V.M.Ma-zırin «mavritan» üslubunda təmtəraqlı interyeri olan Arsen Morozovun evini tikmişdir.
Tətbiqi sənət sahəsində rus milli üsubunun inkişafında çox iş görmüş rəssam S.V.Malyutin 1890-cı ildə yapon adası Xonsyudakı yapon oyuncağına bənzər yeni ağac kuklası hazırlamaq ideyasını irəli sürmüşdür. S.Malyutin iç-içə qablaşdırılan oyuncağın eskizini hazırladı və beləliklə, bütün dünyada məşhur olan matruyoşka — kəndli qadın paltarında oyuncaq meydana çıxmışdır. S.V.Malyutinin eskizi əsasında birinci rus səkkizyerli matryoşkanı Sergiyev Posaddan olan mahir oyuncaq ustası V.Zvezdoçkin hazırlamışdır.
Rus mədəniyyətinin «qızıl əsri»ni yaradan böyük dahilərlə yanaşı, bu işdə xidməti olan yüzlərlə istedadlı adamı, təşkilatçını, işçini və yaradıcını yaddan çıxarmaq mümkün deyil. Məhz onların əməyi sayəsində rus mədəniyyətinin əsası elmi müəssisələr, ali məktəblər, laboratoriyalar, xəstəxanalar, kitab evləri, teatr, qəzet, jurnallar şəklində müəyyən edilmişdir.
Mədəniyyətin yüksəlişi rus ziyalılarının xalqına xidmət etmək məqsədi sayəsində rus millətinin mənəvi dirçəlişi ilə müşayiət olunurdu. Düzdür, Rusiya əhalisinin böyük əksəriyyəti ölkənin mədəni sərvətlərindən tam istifadə edə bilmirdi. XIX əsrin sonunda Rusiya əhalisinin % hissəsi savadsız olaraq qalırdı.
Sənayenin yüksək sürətinə, iqtisadi inkişafa baxmayaraq, Rusiya «qovub çatan» («догоняющей») ölkə olaraq dünyanın müasirləşmiş prosesinə cəlb olunan dövlətlər içərisində «ikinci eşalona» («второму эшелону») aid edilirdi. Birincisi, ABŞ, Almaniya, İngiltərə, Fransa, İtaliya və Yaponiya kimi ölkələr də sürətlə inkişaf edirdi. İkincisi, Rusiya geri qalmış kənd təsərrüfatı ilə aqrar ölkə olaraq inkişafı ləngidirdi. Üçüncüsü, siyasi sistemin geri qalması, dövlətin zor tətbiq etməsi və bürokratiya əhalinin tam gücü ilə enerji və təşəbbüskarlığını reallaşdırmağa imkan vermirdi.
 
 
 
Müəllif: Tahir Baxşəliyev  
Mənbə: RUSİYA TARİXİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK
 

0 şərh