Qədim Misir mədəniyyəti

Qədim Misir mədəniyyəti təşəkkül tapmış ən ilkin mədəniyyət mərkəzlərindəndir. Misirin dövlət kimi formalaşması b.e.ə. IV minillikdə başlamışdır. Artıq yeni minilliyin əvvəllərində Nil çayının şimal və cənubunda 40-dan artıq şəhər yaranmağa başlayır. Minilliyin II yarısında iki iri dövlət birliyi: mərkəzi Buto olan Şimali (Aşağı) şahlıq və Cənubi (Yuxarı) şahlıq mövcud olur.
Bir çox əsrlər ərzində Misir dövlətində insanlar müxtəlif allahlara sitayiş etmiş və dini ayinlər icra etmişdir. Misirlilərin dini təsəvvürlərinə görə insan müxtəlif keyfiyyətlərə xasdır və bunlar belə adlandırılır – insan vücudu, - Sax, onun kölgəsi Şunt, adı Ren və s. Bunların içərisində insanın ruhu olan Ka başlıca yer tutur. Məhz Ka ölmüş cəsədə qovuşaraq insanın dirilməsinə kömək edir. Ölümdən sonrakı həyatın başlıca şərti, misirlilərə görə cəsədin saxlanması hesab edilirdi. Bu qayğı mumiya hazırlanması sənətinin təşəkkülü üçün başlıca şərt oldu. Ölümdən sonrakı dövrdə insan bədəninin uzun müddət saxlanması üçün xüsusi sərdabələrin tikilməsi vacib hesab edildi. Misirlilər belə qənaətdə idilər ki, ölməz və incə ruhun yenidən əvvəlki, öz doğma yerinə – bədəninə gəlişi digər nəzərlərdən yayınmaq və qorunmaq üçün piramidalar daha əlverişlidir.

Məşhur piramidalar Qədim Misir mədəniyyətinin möhtəşəm abidələri hesab edilir. B.e.ə. III-II minillikdə piramida və allahlar üçün ehramlar daşdan tikilirdi. Piramidalar firon və tanınmış adamlar üçün tikilir, kasıblar üçün bu ayin yerinə yetirilmirdi.

Piramidaların bir qismi hələ qədim dövrdə dağılıb itmişdir. Ən erkən çağlarda inşa edilən piramida firon Coserin adı ilə bağlı olub, 5 min il bundan qabaqkı dövrə aid edilir. O pilləli olub, aya qalxan pilləkəni xatırladır. Onu İmxotep adlı memar düşünüb hazırlamışdır. Öz ölçüsünə və şöhrətinə görə tanınmış piramidalardan biri Gizədəki firon Xeopsun şərəfinə ucaldılandır. Bu piramida 20 il ərzində yüz minlərlə insan əməyi nəticəsində ərsəyə çatmışdır. Piramidanın daxili ölçüsü hər hansı bir Avropa kilsəsinin yerləşə biləcəyi həcmdə olub, hündürlüyü 146,6 m, sahəsi 55 min.kv.m əhatə edir.

Misirin təsviri və monumental sənəti bütövlukdə bu ölkənin mədəniyyətini əhatə etmiş oldu. Əzəmətli tikinti sayılan Xatşepsutun xeyrat məbədi (Dey əl-Bəhridə) 200 heykəltəraşın sənətkarlığını təzahur etdirirdi. Misirlilər ehram, məbəd və sarayların qarşısında sütunların tikilişinə xüsusi fikir verirdilər. Ra allahının şərəfinə ucaldılan və yuxarı hissəsi mislə örtülmüş yüksək daş sütun belələrindəndir. Belə sütunlar çox vaxt heroqliflərlə də bəzədilirdi.

Qədim Misir mədəniyyətinin digər gözəl və tanınmış, möhtəşəm abidələrindən biri də firon III Amenemxetin heykəli, firon III Senusertin başı, ağa Xunenin heykəlləridir. E.ə. II minillikdə yaradılan «Firon Tutanxamon gənc arvadı ilə bağda» səhnəsi sənətşünasların fikrincə dövrün və ümumiyyətlə, dünya təsviri sənətinin nadir nümunələrindəndir.

Qədim Misir təsviri sənəti parlaq və təmiz rəngləri ilə fərqlənirdi. Memarlıq tikililəri, sfinkslər, heykəllər, relyeflər xüsusi rənglərlə boyanırdı. Boyalar əsərlərə xüsusi ahəngdarlıq bəxş edirdi.

Qədim Misir sənətkarları – rəssamlar, heykəltəraşlar, memarlar təbiət və həyatı incə şəkildə qavramağa və dərk etməyə qadir idilər. Məhz buna görə Misirdə dekorativ-tətbiqi sənət də yüksək səviyyəyə çatmışdır. Bu sənət sahəsinin əsas aparıcı nümunələri - alebastr, büllur, taxta və fil sümüyündən hazırlanmış istər məişət və zərgərlik abidələridir. Qablar, dolçalar, qızıl qolbaq, sinə boyunbağıları və üzüklər ən bahalı və zəngin daş-qaşla bəzədilirdi.

Bütün bunlarla yanaşı, Qədim Misir təsviri və monumental sənət tarixində bir-neçə kanon özünü göstərmişdir. Bunlardan ən başlıcası insan bədənlərinin səth təsviri, çiyinlərin fırlanması, ayaq və qurşağın obrazlılığıdır. Həndəsi dekorativlik bəzəklərin simmetrik paylanması ilə kompozisiyada ciddi nizam yaradırdı.
Bütün bunlar sübut edir ki, rəssamın ixtiyarı və sərbəstliyi xeyli məhdud idi.Bu qanunauyğunluqlar özünü heykəl nümunələrində də aşkar təzahür etdirir.
Bütün bu kanonlara baxmayaraq Qədim Misir təsviri və monumental sənəti bəşər tarixində yeni bir hadisə idi. Bunun içərisində musiqi, ədəbiyat, yazı və elm də var idi.

Misirin musiqi mədəniyyətinin tarixi dünyada daha qədimdir. Musiqi qədim misirlilərin bütün həyat və məişətini – dini mərasimlərini, kütləvi bayramlarını müşayiət edirdi. Buraya rəqs, pantomima, dramatik səhnə və ədəbi nümunələr daxil idi.

Qədim Misirdə musiqi «xi» - yəni zövq, ləzzət alma mənasında işlədilirdi. Musiqi həm də sirli, tilsimli, magik xüsusiyyətlər kəsb etdiyindən musiqi alətləri tembrə görə deyil, məhz mistik əlamətlərinə görə seçilirdi.

Qədim misirlilər təsərrüfat işlərinin düzgün və fəsillərə uyğun aparılması üçün dəqiq təqvim tərtib etdilər ki, bu da dünya miqyasında ən böyük nailiyyətlərdən biri hesab olunur.
Təqvim səma cisimlərinin hərəkətinə müvafiq tərtib olunaraq ilin başlanmasını ən parlaq ulduz olan Siriusun çıxışı ilə əlaqələndirirdi. Bütün il 365 günü əhatə edən 3 mövsümə və hər mövsüm 4 aya bölünürdü. Misirlilər həm də ilk dəfə ulduz kataloqu, ulduzlu ayın xəritəsini tərtib etmişlər. Su saatının icadı da qədim misirlilərə məxsus idi.

Başlıca və mühüm nailiyyətlər təbabətdə də əldə edilmişdi. Meyidlərin mumiyalaşdırılması sahəsindəki uğurlar insan anatomiyası, daxili orqanların hərtərəfli öyrənilməsi üçün ən başlıca səbəb oldu. Misir təbabətinin ən böyük uğuru, həm də qan dövranı və ürək haqqında nəzəri biliklərin yayılmasındadır. Diş, göz həkimləri kimi dar ixtisaslar formalaşmağa başladı.
Coğrafi xəritələrin tərtibi sahəsində də qədim misirlilərin xüsusi xidməti olmuşdur.

Beləliklə, Qədim Misir tarixində və mədəniyyətdə əldə olunan nailiyyətlər ümumbəşəri xarakter daşıyaraq dünya sivilizasiyasının inkişafına xidmət etmiş oldu.

0 şərh