Qədim Çin mədəniyyəti

 Qədim  Çin  mədəniyyəti  müxtəlif  istiqamətlərdə  inkişaf etmişdi. Bu ölkədə fəlsəfə, riyaziyyat, astronomiya və tibb  elmləri sahəsində  müvəffəqiyyətlər  qazanılmışdı.  Astronomiya  elminə xüsusi diqqət  yetirilir, Çin padşahları təqvim  düzəltmək,  günün və ayın tutulacağı vaxtı müəyyənləşdirmək üçün xüsusi  komissiyalar təşkil edirlərdi.  Onlar maqnit  sahəsinin mövcudluğuna və  maqnit əqrəbinin xüsusiyyətlərinə də bələd  idilər. Eyni zamanda barıtı ixtira edib fişəng üçün  istifadə edirdilər.
     E.ə. VI-III əsrlərdə fəlsəfi fikrin sonrakı inkişafinda mühüm rol oynamış  konfusiçilik,   moizm,   legizm,   daosizm  məktəblərinin formalaşdığı dövrdə Çində  fəlsəfə meydana çıxmışdır. Qədim Çin fəlsəfəsi  daha  çox  etnik-siyasi  xarakterə  malik  olmuş,  onda qneseoloji  və  ontoloji  məsələlərin tədqiqinə  az yer verilmişdir.Filosoflar dövlət işlərində təmsil olunmuş, Si padşahlığında fəlsəfə akademiyası yaradılmışdı.
     İdarəçilik  prinsipləri haqqında ilk təlimin banisi  Konfusinin fəlsəfi   görüşlərinə  dair məlumatlar  onun  şagirdləri  tərəfindən «Lunyuy»,  («Söhbətlər  və  mühakimələr»)  traktatında  öz  əksini tapmışdır.   Çinlilərin   göylərin   ilahi  gücünə  ənənəvi   etiqadı Konfusinin  nəzəriyyəsində  də  əsaslandırılırdı.  Baş  allah  Göy çinlilərdə əsas  qüvvə  və yer üzündəki  bütün nemətlərin mənbəyi hesab  olunurdu.  Kahin və  məmurlar  Çin  dövlətini  «Göyaltı imperatorluğu»  adlandırırdılar.  Çinlilərin  təsəvvürünə  görə  Çin dövləti Göy allahı tərəfindən idarə olunurdu. Onlar Göy allahı üçün künbəz şəkilli məbədlər tikir və kümbəzləri göy rəngli çini və ya saxsı kirəmitlə örtürdülər.
     Çinlilərdə  əcdadlara sitayiş  də inkişaf etmişdi. Qədim Çində adlı-sanlı adamların dəfn mərasimində  bəzən insan qurbanları da verilirdi   (bu  qurbanlıq insanlar  mərhumla  bərabər  diri  dəfn olunurdular.)
     Qədim Çində fəlsəfi fikrin inkişafina «inyan» naturalist fəlsəfi məktəbi də əhəmiyyətli təsir göstərmişdir. Bu təsir zəif qadın qüvvəsi «in» və güclü kişi qüvvəsi «yan» arasındakı qarşılıqlı əlaqə haqqında qədim  baxışlarla bağlı olmuşdur.  Sonradan bu ideyalar ilkin beş ünsürün-metal, ağac, su, od və torpağın qarşılıqlı çevrilməsi təlimi ilə birləşərək əzəli  «si» (buxar, efır) ilk ünsürü ilə nəticələnərək bütün fəlsəfi  məktəblər tərəfindən mənimsənildi. E.ə. III əsrdə isə moistlər materialist idrak nəzəriyyəsini inkişaf etdirdilər.
     Böyük  Çin materialist filosofu Van Çunun  (I əsr)  fikrincə,dünyanın əsası əbədi mövcud olan «yuan si» maddi  substansiyasıdır;yüngül hissəciklər («yan si») — göyü və kosmosu, qatı hissəciklər («in si») — torpağı və göy cisimlərini yaradır. Onların qarşılıqlı  təsiri isə bütün mövcudatı meydana çixarır. Çində buddizm fəlsəfəsi Çin fəlsəfi ideyasının ünsürlərini mənimsəməklə inkişaf etmiş,  buddizmdə bəzi cərəyan və təriqətlərin yaranmasına səbəb olmuşdur.
     Çin yazısı  da qədim tarixə malikdir.  Bu,  öncə  çox  sadə, getdikcə  mürəkkəbləşən  Çin  heroqliflərinin   inkişafindan  aydın görünür.
     Qədim Çin yazısında iki minə qədər işarə olmuşdur. Onlar yazı yazmaq üçün  xüsusi firçalar işlətmişlər. E.ə. III-I  əsrlərdə «Erya»,«Fanyan»,  «Dialektlər» lüğətləri  tərtib olunmuşdur.  Syuy  Şenin heroqliflər lüğəti hələ də öz əhəmiyyətini itirməmişdir.
     Dünyanın  ən  qədim  ədəbiyyat  nümunələri  içərisində  Çin ədəbiyyatının  da özünəməxsus  yeri vardır. "Şitszin" ilk Çin ədəbi abidəsidir. E.ə. IV əsrin ortalarında  Çu çarlığı zamanı əsasını xalq yaradıcılığından götürən "Çu şeri" janrı yaranır. Bu janrın  görkəmli nümayəndəsi Tsyuy Yuanın yaradıcılığında zülmə, haqsızlığa nifrət,onlarla mübarizə, xalqa məhəbbət hissləri öz əksini tapmışdır. E.ə. V-III əsrlərdə fəlsəfi və tarixi məzmunlu nəsr əsərləri — «Qo yuy» ("Çarlıqların tarixi"),  "Çuntsyu" («Salnamə»), "Çjuan tszı", «Syun tszı», «Men tszı» və s. traktatlar geniş yayılmışdı.  E.ə. I əsrdə Sım Tsyanın "Şi tszi" («Tarixə aid qeydlər») əsəri xan sülaləsi dövrünün parlaq nümunələrindəndir.
     Çinin ən qədim incəsənət abidələri e.ə. III minilliyə aiddir. E.ə.I minilliyin ortalarında burada  memarlıq və şəhərsalma  təşəkkül tapdı.
     Qədim mədəniyyət abidələri içərisində «Böyük Çin səddinin (uzunluğu 2500 km-ə  qədər) böyük əhəmiyyəti vardır.  Böyük Çin səddinin əsas hissəsi Sin dövləti dövründə  (e.ə. 221-207) tikilmişdir.  O, əvvəlcə gil və torpaq  qarışığından tikilmiş, sonralar divar səddin üzünə kərpic və böyük yastı daşlar çəkməyə  başlamışlar.  Bu  divar Xuanxe  çayını  bir neçə  yerdən kəsərək düzənlik və dağlardan keçir. Böyük Çin səddinin hündürlüyü 10 metrə, qalınlığı 6 metrə  çatır. Divarın bütün uzunluğu boyu bir-birindən müəyyən məsafədə dördbucaqlı möhkəm bürclər və onların altında   qapılar  tikilmişdir.  Bu  sədd  şimaldan  gələn  hunların hücumlarından müdafiə məqsədilə çəkilmişdir.
     Çin musiqi və teatr mədəniyyəti də  qədim köklərə malikdir.Əsasən  bir səsli olub e.ə. VII əsrdə yaradılan, pentatonika üzərində qurulan  Çin  xalq musiqisi  sonralar  7və  12  səsli sistemlərə çevrilmişdir.
     Çin teatrının əsası Xalq  mahnı -  rəqs yaradıcılığı  və sirk janrları  elementlərini  birləşdirən  „bay si“ (»yüz Tamaşa") formaları ilə əlaqədardır.
     Beləliklə, deyilənrləndən aydın olur  ki, digər Şərq dövlətləri kimi   Çinin   də  çox  yüksək  mədəniyyəti   olmuşdur.  Çin mədəniyyətinin bəzi nailiyyətləri qədim  dövrlərdə  başqa ölkələrə -Hindistana,  Ərəbistana  daha  sonralar  Avropaya keçmişdir.

Mənbə Sədaqət Məmmədova Mədəniyyətşünaslıq

0 şərh