L.A.Uaytın Kulturologinanın inkişafında rolu

Kulturologiyanın müstəqil elm kimi formalaşması XX əsrin ortalarında  başlamışdır. Ondan əvvəl,  insan və insan dünyasını  tədqiq edən və kulturologiyanın  ilkin nailiyyəti olan - antropologiya,  XIX əsrin axırlarında isə sosiumun öyrənilməsi nəticəsində, sosiologiya mövcud olmuşdur. Buna, məkan və zaman daxilində özünəməxsus inkişaf və fəaliyyət qanunauyğunluqları olan, insan mədəniyyətinin bütöv sistemi haqqındakı  təsəvvürlər də yardım etmişdir.

Bir elm kimi, kulturologiyanın banisi haqlı olaraq, amerika antropoloqu Lesli Alvin Uayt hesab edilir. Onun 1949-cu ildə  nəşr olunmuş "Mədəniyyət haqqında elm"  kitabı  mədəniyyət və onun qeyri-adi inqilabi dəyişdirici imkanları haqqında  keyfiyyətcə yeni, daha yüksək  səviyyəli  təsəvvürlərin   yaranmasına səbəb oldu. O, humanitar biliklər sahəsində yeni ənənələrin  formalaşmasına təsir edərək, ictimai elmlərin inkişafına öz zəngin  töhfələrini vermişdir. Uayt  mədəniyyətin, özünəməxsus prinsip və qanunauyğunluqlarının  təsvir  olunduğu fenomenlər  ardıcıllığından ibarət olması haqqında, energetik  konsepsiyasını yaratdı. O, mədəni elementlərin qarşılıqlı təsirini və ya bütövlükdə mədəniyyət sistemlərini  təhlil edərək, insan müxtəlif mədəni ənənələrin məcmuu kimi şərh edir. Bu isə,  insan mədəniyyəti inkişafının tarixi qanunauyğunluqlarının diqqətlə nəzərdən keçirilməsinə imkan verir. Mədəniyyəti bütöv, mütəşəkkil və inteqrativ sistem kimi nəzərdən keçirən  Uayt, bir-birinə qeyri-bərabər təsir gücü ilə  əlaqədar olan üç altsistem ayırır: texnoloji, sosial və ideoloji.
●     Texnoloji (ilkin,əsas,baza) insanın ətraf aləmə uyğunlaşması ilə şərtlənir. Bura əmək alətləri, aşayış vasitəsi, tikililəri üçün materiallar, mühafizə və hücum vasitələri  və s. daxildir.
●     İdeolojiyə - ideya, bilik və etiqadlar daxildir.
●     Sosiala - kollektiv davranış tipləri  daxildir. Mədəniyyətin artması və inkişafı üçün açar olan texnoloji subsistemlərin fəaliyyəti  dinamik və enerji xərcləri ilə əlaqədar olaraq, mədəniyyətin  materiya və enerji baxımından  izah edilməsinə  imkan yaradır. Uayta görə, həyati tələbatların ödənilməsindən ibarət  olan, mədəniyyət  funksiyası -  texnoloji  yolla  kifayət qədər  enerji  əldə edib,  insanın maraqlarına uyğun istifadə etməkdir.  Uayt   mədəniyyətin inkişafının  əhalinin il ərzində  adam başına  işlətdiyi enerjinin miqdarı ilə  və ya enerjinin  istifadəsinə  yardımçı olan  əmək alətlərinin  (texnologiyaların-F.M.) effektliyinin inkişafı ilə  düz mütənasiblik qanunauyğunluğunu meydana çıxarır. Uayt  mədəniyyətin inkişafını səciyyələndirən  üç universal faktor müəyyən edir: əhalinin adam başına  istifadə etdiyi  enerjinin miqdarı; insan inkişafı üçün  enerji istifadəsinə yardımçı olan  texnoloji vasitələrin  effektivliyi; insanın tələbatlarının ödənilməsi üçün yaradılmış xidmət və əşyaların həcmi. Bu faktorların təhlili nəticəsində, o , mədəniyyətin rolunu rifahın inkişafının texnoloji faktoru kimi aşkar edir, mədəniyyətin təkamül qanununu və ya "Uayt qanununu" formulə edir. Bu qanuna görə, tələbatını  ödəmək üçün,  adam başına düşən məhsul və xidmətlərin  miqdarı ilə ölçülən - mədəniyyətin inkişaf səviyyəsi , əhalinin adambaşına istehsal edilmiş enerji və  enerjinin istifadəsinə sərf edilən texnoloji vasitələrin effektivliyi ilə müəyyən edilir. Uayt  mədəniyyəti  ekstrosomatik (insanın bioloji təbiətindən yüksəkdə duran)  "yeni dünya"  kimi kəşf etməklə, elmdə yeni addım  atdı. Uaytın tədqiqatlarının fundamental nəticələrindən biri o idi ki, insanın mədəniyyəti dəyişdikcə, davranışı da dəyişir  (B = f (C)) . Müəllif  əmin idi ki, bu, nə zamansa, elm tarixində Kopernikin heliosentrik nəzəriyyəsi və ya  hüceyrənin kəşfi kimi yüksək dəyərləndiriləcəkdir. Uayt mədəniyyətin tədqiqi üçün, antik müəlliflərin, eləcə də Taylor, Morqan, İbh Həldun, Kant, Herder, Kont və s. alimlərin  sosial təkamül nəzəriyyəsinə aid  yanaşmalarına istinad edib,  özünün, ardıcıl pilləli  inkişaf prinsipinə əsaslanan,  yeni metodologiyasını yaratdı. O, təkamül, məntiqi və tarixi  təhlil prinsiplərini rəhbər tutaraq, bütöv sistem olan  mədəniyyətin tədqiqində  üç  prosesi ayırır:
●     Hadisələrin  nadir xüsusiyyətlərinin  xronoloji ardıcıllığını  əks etdirən  zamanla bağlı proses.
●     Hadisələrin funksional, struktur  və zamandan xaric  aspektdə təqdim edildiyi formal proses.

●     Hadisələrin ümumi xüsusiyyət , universallıqlarını aşkarlamağa imkan verən, proqressiv dəyişən formalarının  zaman ardıcıllığı şəklində təqdim edildiyi formal-zamani proses. Buna uyğun olaraq, o, mədəniyyəti üç üsulla  izah   etməyi  təklif edir: tarixi, funksional, təkamül. Həyat Uaytın kəşfinin  düzgünlüyünü və onun yaratdığı ənənəvi humanitar və sosial elmlərin  imkanlarından  kənara çıxıb, mürəkkəb elmi və praktik problemlərin  keyfiyyətcə  yeni səviyyədə  həll edilməsinə imkan verən kulturologiya  elminin yüksək dəyərini sübut etdi. Uayt  etnologiya, antropologiya, psixologiya  və sosiologiya üzrə materialların  məntiqi analiz və sintezi əsasında, lokal mədəniyyətlərin komparativ təhlilindən bəşəri mədəniyyətin  inkişaf qanunauyğunluqlarının aşkar edilməsinə doğru yol açdı. Amerika aliminin  xidməti ondan ibarətdir ki, o, kulturologiyanın predmet sahəsini müəyyənləşdirmiş,  mədəniyyət haqqında elm olan "kulturologiya"  termininin  istifadə edilməsini əsaslandırmış, təkamül prosesini yenidən qiymətləndirmiş, elmi tədavülə mədəniyyətin yeni anlamını gətirmiş və bəşəri mədəniyyətin  bütöv sistem kimi  tədqiq edilməsinə imkan verən,  sistemli yanaşma təklif etmişdir.

Camal Rzayev Kulturoloq

 

0 şərh