Tretyakov qalereyası

Tretyakovun 28 yaşı vardı.
O vaxtkı tacir dünyası ətalətin, acgözlüyün və cəhalətin təcəssümü idi. Amma tacir Tretyakovun duyğuları və fikirləri bu fonda açıq-aşkar ziddiyyət yaradırdı. Pavel Mixayloviç dörd il sonra ilk xarici səfərinə çıxarkən vəsiyyətnamə qoyub getmiş və yazmışdı: «Gümüş pulla yüz əlli min rublluq kapitalımı Moskvada rəsm muzeyinin və ya ictimai şəkil qalereyasının qurulması üçün vəsiyyət edirəm. Rəngkarlığı, həqiqətən, sevdiyimə görə mənim üçün çoxlarına fayda, hamıya zövq verən ictimai, hamı üçün açıq incəsənət xəzinəsinin əsasını qoymaqdan yaxşı arzu ola bilməz».

Cavan adamın qeyri-adi vəsiyyətnaməsində vətəndaş yetkinliyi və saf mənəvi duyğu adamı heyrətləndirir. Rus rəngkarlığının əfsanəvi toplusu məhz bu istəkdən doğdu. Böyük kolleksiyaçının vəfat etdiyi il külliyyatda təxminən 2000 incəsənət əsəri vardı. Özü də necə əsərlər! S.Şedrinin, V.Perovun, V.Tropininin və A.Venetsianovun, F.Vasilyevin şedevrləri, A.Savrasovun «Zağcalar uçub gəldi» dahiyanə peyzajı, İ.Repinin, V.Surikovun, A.Kuincinin, L.Polenovun lövhələri… Kolleksiyaçının aldığı sonuncu əsər İ.Levitanın "Əbədiyyət üzərində" şəklinə eskizi oldu.

Tretyakovun külliyyatında toplanmış rəsmlərin praktik olaraq hamısı rus incəsənətinin qızıl xəzinəsinə daxil olmuşdur. O, həqiqi kolleksiyaçı dahiliyi və yüksək zövq nümayiş etdirmişdir. Bu gün Valentin Serovun «Günəşin işıq saldığı qız» şedevri adamda heyrət doğurur, halbuki Tretyakov impressionistlərin təsiri görünən qeyri-adi tablonu almaq üçün rəşadət göstərməli olmuşdur. V.Mayakovski Tretyakovun bu əsəri almasından hiddətlənmiş və qışqıra-qışqıra demişdi: «Pavel Mixayloviç, nə vaxtdan siz qalereyanıza sifilis calamağa başlamısınız?»
Tretyakov heç kimin tanımadığı 18 yaşlı İ.Levitanın əsərini almış (özü də Repinin rəyinin əksinə olaraq) ilk şəxs idi. Vereşşaginin «Türküstan» silsiləsinə görə isə Tretyakov astronomik məbləğ — 92 min rubl ödəmişdi.
İlk vaxtlar şəkillər kolleksiyaçının Zamoskvoreçyedəki evində saxlanırdı. Ancaq Tretyakov kolleksiyasını Moskvaya hədiyyə etdikdən sonra 1892-ci ildə elə həmin Zamoskvoreçyedə qədim paytaxtın səyləri ilə böyük külliyyat üçün saray tikildi.
1917-ci il inqilabı və 70 illik sovet hakimiyyəti Tretyakovun külliyyatını dəfələrlə artırdı. 1970-ci ildə qalereyanın fondunda 40 mindən artıq incəsənət əsəri vardı. Dövlət Tretyakov Qalereyası dünyanın ən iri muzeylərinin sırasına daxil oldu.
Eksponatların bu qədər heyrətamiz sayı bir sıra ciddi problemlər doğurdu. Pavel Tretyakov kolleksiyasını təxminən bir məcrəda toplayırdı. Bu, ilk növbədə psixologizmlə, ustalıqla və təbiətə sədaqətlə seçilən realist rəngkarlığın panoramı idi. Praktik olaraq qalereya nəhəng bitkin incəsənət əsəri idi. Rus avanqardının qəflətən əlavə edilməsi külliyyatın bütövlüyünü sarsıtdı. Sonra külliyyata sosializm realizmi ustalarının işləri qoşuldu. Külliyyatın bütövlüyü birdəfəlik pozuldu. Halbuki XX əsrin əvvəllərinin və sosialist realizminin rəngkarlığını başqa külliyyatlarda yerləşdirmək daha məntiqi olardı.

Sovet dövrünün başa çatması və Rusiyanın kapitalizmə qayıtması ilə kolleksiyanın problemləri daha da kəskinləşdi. Məsələn, ikonaları hara qoymalı? Kilsə onları qanuni yerlərinə — məbədlərə qaytarmağı tələb edirdi. Muzey işçiləri isə etiraz edirdilər: ikona hər şeydən əvvəl incəsənət əsəridir, bu şedevrlərin dua edənlərin arasında yeri yoxdur.
Qalereyanın nəzdində Müqəddəs Nikolay ev kilsəsinin yaradılması kompromis qərar oldu. Rublyovun "Üçlük"ünü bundan sonra 1989-cu ildə bərpa edilib möminlərin istifadəsinə verilmiş məbəddə görmək olar.
Pavel Tretyakov yazırdı: «Mən rus məktəbini ardıcıl qaydada toplamaq istərdim». Deyəsən, bu sözlərdə qədim rus incəsənətindən tutmuş XIX əsrin rəssamlıq obyektlərinədək ekspozisiyanı qeyri-məhdud miqyasda artırmaq tendensiyası ifadə olunmuşdur. Amma əminəm ki, o, külliyyatı bu qədər ölçüsüz və başlıcası isə ziddiyyətli şəkildə böyütməyi qətiyyən qəbul etməzdi.
Məşhur qalereyanın yubileyi Dostoyevskinin unudulmaz sətirlərini yada salır: «Oh, rus adamı genişdir, olduqca geniş, daraltmaq lazımdır...»

Anatoli KOROLYOV,
RF Yazıçılar İttifaqının üzvü — «RİA Novosti» üçün
 

1 şərh

SemaFuadqizi
Qalereyadan videonu yerləşdirdiyiniz üçün təşəkkür edirəm. Watchlist-ə əlavə etdim. :)