Mədəniyyətdə milli və beynəlmiləl cəhətlər

Mədəniyyətin sadədən mürəkkəbə doğru inkişaf tarixi «varislik» deyilən ənənə üzərində mümkün olmuşdur. Bu, bəşəriyyətin daş çapacaqdan başlamış müasir kompüterə, qayaüstü rəsmlərdən başlamış məşhur təsviri sənət nümunələrinin yaranmasına, yaxud primitiv insan sürülərinin düşünülmüş, sistemli dövlət quruluşunadək keçdiyi tarixi mədəni inkişaf yoludur ki, bunun da əsasını varislik təşkil edir. Geniş mənada varislik yeni keyfiyyət və xüsusiyyətlər əlavə etməklə mədəniyyətin zamandan-zamana ötürülməsi deməkdir. Bu ötürülmə prosesi mənəvi və maddi sərvətlərin mexaniki surətdə istifadə edilərək çatdırılması deyil, onların nəsillər tərəfindən qiymətləndirilərək, yeni təcrübələr əlavə etməklə yeniləşdirilərək, təkmilləşdirilməsi formasında ötürülməsi deməkdir. Varislik əcdadlarımızın irsi dəyərlərinin tənqidi təhlili, yaradıcı dəyişdirilməsi formasında çatdırılması deməkdir.
Mənəvi sahədə varislik, ilk növbədə, dil və digər işarə sistemləri, o cümlədən bəşəriyyətin mövcud olduğu ilk mərhələlərdən təşəkkül tapan zəngin ikonoqrafiya (rəsm, şəkil, sxem və s.) ilə təmin edilir. Maddi mədəniyyətdə varislik bir çox nəsillərin hazırladığı əşyalar və mexanizmlərin ayrı-ayrı nümunələri vasitəsilə reallaşdırılır. Bir çox minilliklər bu varisliyin ötürülməsinə xidmət edən sosial institutlar fəaliyyət göstərmişdir. Müasir günümüzdə belə mədəniyyət müəssisələri məktəb, universitet, elmi-tədqiqat mərkəzləri, muzey, kitabxana və s.-dir. Onlar həm də mədəni dəyərlərin qoruyucusu və ötürücüləridir.
Varisliyin ən çox yayılmış vasitəsi tərbiyə və təhsil müəssisələri hesab edilir. Buraya həmin müəssisələrin bütün səviyyələrindən olan növlər daxildir.
Varisliyin ənənəvi məsələlərindən birini də mədəni irs anlayışı təşkil edir. Mədəni irsə bütün dəyər və normalar, o cümlədən müəyyən mərhələdə mədəni nailiyyətlərin bütün növləri daxildir. Burada bir məqama diqqət yetirmək yerinə düşərdi. Tarixdə elə mədəni nailiyyətlər əldə edilib ki, öz cəmiyyətində rədd olunub, la-kin sonrakı tarixi dövrlərdə özünə layiqli yer tutub.
Mədəni irs və varislik vəhdətdə olan iki kateqoriya kimi bir sıra ümumi cəhətlərə malikdir. Bunlar aşağıdakılardır:

  • Mədəniyyətin inkişafının ən ilkin çağlarında onun sinkretizmi, təsnif olunmaması, onların «elmlərin elmi» sayılan fəlsəfəyə aidliyi;
  • Müxtəlif dövr və xalqlarda, böyük mübahisəyə səbəb olan əbədi mövzuların (materializm ilə idealizmin mübarizəsi, şüurun həyata münasibəti, sosial ədalətlilik ideyaları və s.) nəsildən nəslə ötürülməsi;
  • Mədəni irsin ardıcıl toplanması və beynəlmiləlləşməsi. Onun təzahürü hər bir nəslin mədəni irsə yeni nəyinsə əlavə edilməsi ilə müəyyənləşir. Bu irs yazı, kitab nəşri, mətbuat, nəqliyyat və kütləvi informasiya vasitələrinin inkişafı nəticəsində ümumbəşəri xarakter kəsb edir;

Bəşəriyyətin son yüzilliklərdə kommunikasiya imkanlarının sürətli artımı əldə edilən mədəni irsin varisliyini daha da inkişaf etdirir. Məsələn, fotoqrafiyanın, video, audio, kino və s. köməkliyi ilə ötən tarixi dövrlərin mədəniyyəti, mədəni irsi haqqında ətraflı məlumat və bilik əldə etmək olur;
Varislikdən danışarkən onu da qeyd etmək lazımdır ki, mədəniyyətin incəsənət və elm kimi sahələrində varislik müxtəlif cür həyata keçirilir. İncəsənətdə hər bir müəllif əsərinə nəticə verərək tamamlayır. Bu, rəsm, kitab, mahnı və s. ola bilər. Bunların hər biri ayrıca sənət nümunəsi olduğuna görə varislik özünəməxsus məzmun kəsb edir. Elm və texnikada isə, varislik bir başqa cür məzmuna malikdir. Məsələn, amerikalı alim Norbert Vinerin (1894-1964) hesablama texnikası haqqındakı nəzəriyyəsi «kibernetika» adlı elmin yaranmasına səbəb oldu. Beləliklə, mədəniyyətdə varislik özünü bu formada da nümayiş etdirir.
Elm və incəsənətdə varisliyi fərqləndirən iki əsas məqam haqqında da danışmağa dəyər; elmdə edilən hər bir dövri kəşf özündən əvvəlkilər üzərində çevriliş xarakteri kəsb edir; incəsənət əsərləri isə, əbədi yaşardır. Mədəniyyətin hərəkətverici amili kimi varislik iki formada – pozitiv və neqativ formada mövcuddur. Pozitiv formanın mahiyyətini əvvəl yaradılmış mənəvi dəyərlərin qorunması təşkil edir: 2500 il əvvəl yaradılan Pifaqor teoremi, Mikelancelonun heykəltəraşlıq nümunələri və s. Lakin tərəqqi yalnız əldə edilən nailiyyətlər üzərində deyil, həm də öz vaxtını keçirmiş, ötürmüş təcrübədən də yan keçmir. Bu da varisliyin mənfi formasını yaradır. Varisliklə əlaqədar mədəniyyətin əbədi problemlərindən biri də ənənə və novatorluq arasında əlaqənin yaradılmasıdır. Əslində varisliyin iki əsas tərəfi – ənənə və novatorluq mövcuddur. Ənənə və novatorluq arasında bərabərlik qorunur. Birincinin üstünlüyü konservatizmə, ikincinin üstünlüyü isə dağıdıcı nihilizmə gətirib çıxarır. İncəsənətdə ənənə və novatorluq məsələsi daha özünəməxsus məzmun kəsb edir. Ədəbiyyatda ənənə ilə novatorluq arasındakı mütənasibliyin qayəsini onun kommunikativlik funksiyası, rəngkarlıqda vizual-estetik, memarlıqda funksionallıq, musiqidə xüsusilə emosionallıq və s. təşkil edir. Əgər bu sənət nümayəndələrindən hər hansı biri öz ilkin təyinatını itirmişsə, deməli, onun bədiiliyindən danışmaq düzgün olmazdı. Varisliyin əsas aparıcı qüvvəsi nəsildir. Bu fikirdə əslində çox böyük elmi məna mövcuddur. Həqiqətən də, mədəniyyətin bir vəziyyətdən digərinə keçməsi birdən-birə baş verən hadisə deyil, o uzun tarixi bir prosesin nəticəsi hesab edilməlidir. Çünki mədəniyyətin yeni forma kəsb etməsi üçün cəmiyyətin strukturunda ciddi dəyişikliklərin olması qanunauyğundur. Bu dəyişikliklər isə, bir neçə nəslin yaradıcılığının məhsuludur. Ümumiyyətlə «nəsil» anlayışı ümumi ideallar, məqsədlər uğrunda birləşən insan qruplarıdır. Tarix belə nəsillərlə zəngindir. Bu zaman sinfi, təbəqə, zümrə, professional və digər fərqlər arxa plana keçir.
Aparılan hesablamalara görə «həyatın sahibləri» hesab edilən nəsillər hər 30 ildən bir yetişir. Gənc nəsil daim irəliyə can atır, daha doğrusu, ata-babaların qoyub getdiyi irsi daha da inkişaf etdirərək yeni-yeni cizgi və əlavələr edərək onu təkmilləşdirir. Bu da mədəniyyətin dinamikasının bir qanunauyğunluğudur.
Müəllif: Maral Manafova
Mənbə: Mədəniyyət tarixi və nəzəriyyəsi. Ali məktəblər üçün dərslik
M.J.MANAFOVA, N.T.ƏFƏNDİYEVA və S.A.ŞAHHÜSEYNOVANIN ümumi redaktəsilə. Bakı: Sabah nəşriyyatı (2008), 2010
İSBN 5-86106-104-1

0 şərh